06 Iyul 2019 00:44
664
İQTİSADİYYAT
A- A+

Ağstafa kümçüləri bu il 5,2 ton barama təhvil vermişlər


Ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində kənd təsərrüfatının strateji əhəmiyyətli və iqtisadi cəhətdən səmərəli istehsal sahələrinə daha çox diqqət yetirilir. Bu baxımdan ipəkçiliyin inkişafının da böyük potensialı var.

Həmin potensialdan Ağstafada daha geniş istifadə olunması üçün real tədbirlər həyata keçirilir. Rayonda ipəkqurdunun yem bazasının yaradılması məqsədilə son 3 ildə 34 mindən çox tut tingi əkilmişdir.

Baramaçılığın inkişafına verilən dövlət dəstəyi bu sahədə uğurların qazanılmasına imkan yaratmış, barama saxlamaq istəyənlərin sayı xeyli artmışdır. Nəticədə rayon üzrə 25 kənddə 34 kümçü ilə müqavilə bağlanmışdır.

2016-cı ildən baramaçılıqla məşğul olan rayon sakinləri qısa vaxt ərzində onun sirlərini dərindən mənimsəmiş və bu gəlirli sahənin inkişafını təmin etmişlər. Keçən il 104 qutu ipəkqurdu götürən kümçülər 3 min 752 kiloqram məhsul təhvil vermişdilər. Onlar bu il daha çox barama istehsal etmək üçün 125 qutu ipəkqurdu götürmüş, 5,2 ton barama təhvil vermişlər.

Rayon icra hakimiyyəti də kümçülərə daim dəstək olur. Son iki ildə rayonun Sadıxlı, Böyük Kəsik, Poylu qəsəbə, Zəlimxan və digər kəndlərin ərazisində yeni tut bağları salınmışdır.

Qıraq Kəsəmən kəndinin sakini Həmid Şükürov bu il 310 kiloqram barama təhvil vermişdir. Həmid Şükürov deyir ki, baramaçılıqda vacib məsələlərdən biri yemdir: "Bu sahədə elə bir çətinliyimiz yoxdur. Çünki əkin sahəmizdə illər öncə əkilmiş istənilən qədər tut ağacı var.

Baramanın yemləndirilməsində və ona nəzarət edilməsində 7 nəfərdən ibarət ailə üzvlərimiz də yaxından iştirak edir”.

Sadıxlı kəndinin sakini Ehtiram Əhmədov da təcrübəli kümçülərdəndir. Bu il 5 qutu ipəkqurdu götürərək 260 kiloqram barama təhvil verib. "Sağ olsun dövlət. Bizim üçün hər bir şərait yaradıb. Elə götürək baramaçılığı. İstehsal etdiyimiz hər kiloqram baramanı 4 manata satırıq. Bundan başqa, istehsal olunmuş bir kiloqram barama üçün dövlət 5 manat subsidiya ödəyir. Daha nə olmalıdır? Cəmi bir ay çəkdiyimiz əziyyətə görə pis qazanmırıq. Odur ki, hər il barama istehsalını artırmaq fikrindəyik. İndidən gələn il üçün barama saxlanacaq yeri müəyyənləşdiririk. Qərara almışıq ki, 2020-ci ildə 7 qutu ipəkqurdu götürüb 400 kiloqrama yaxın məhsul təhvil verək”.

Rayonun Köçəsgər kənd sakini Qabil Əliyev də bu il barama istehsalında yüksək göstərici əldə edib. 6 qutu ipəkqurdundan 300 kiloqramdan çox barama götürüb.

İlk dəfə barama saxlayan Böyük Kəsik kəndinin sakini Rövşən Əhmədovla söhbət zamanı dedi ki, tanışlarının barama istehsalında əldə etdikləri qazanc onu da həvəsləndirib: "Eşitdim ki, rayonumuzda baramaçılar üçün bir aylıq təlim kursları təşkil edilib. Mən də həmin kursa yazıldım. Barama mövsümü başlayanda ipəkqurdu götürdüm. İlk günlər çox narahat idim. Çünki birdən-birə 4 qutu ipəkqurdu götürmüşdüm. Vaxt-vədə yetişdi və gördüm ki, narahatçılığım nahaq imiş. 200 kiloqramdan artıq barama təhvil verdim. İndi sevinirəm. Ona görə ki, cəmi bir ayda yaxşı qazanc əldə etmişəm. Odur ki, gələn il daha çox barama istehsal etməyi qərara almışam”.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video