Alternative content

01:13 16 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
04:41 15.09.2019 Zəfər günü
04:32 15.09.2019 Bir sinfin qalibləri
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azərbaycan” qəzeti: tariximizin güzgüsü
“Azərbaycan” qəzeti: tariximizin güzgüsü
ANA SƏHİFƏ / Elm və texnika
01:15 04.07.2019


Bu mövzuda Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunda elmi konfrans keçirildi


Yüz il öncə olduğu kimi, "Azərbaycan” qəzeti yenə müstəqil Azərbaycandan yazır. Səhifələrində dövlətimizin bugünkü inkişafından, xalqımızın tərəqqisindən və ümidli gələcəyimizdən bəhs edən yazılar dərc olunur. Tariximiz də daim xatırlanır. Bu tarixdə "Azərbaycan” qəzetinin də adı var. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin verdiyi ilk qərarlardan biri də bu mətbu orqanını yaratmaq olmuşdu. Qəzetin ömrü tarixin mürəkkəb, ziddiyyətli vaxtlarına düşdü. Azərbaycan xalqı üçün çətin və məsuliyyətli bir dönəmdə müstəqil Cümhuriyyət hökumətinin problemlərindən, qayğılarından, xalqımızın azadlığının qorunması uğrunda mübarizəsindən, düşmən hiylələrindən və hücumlarından yazdı. Müstəqil hökumətin verdiyi qərarları, qanunları dərc etdi.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna nail olanlar "Azərbaycan” qəzetinin də fəaliyyətinə son qoydular. Lakin XX əsrin son onilliyindən "Azərbaycan” qəzeti yenidən işıq üzünə çıxdı və müstəqilliyinə qovuşan Azərbaycanın rəsmi mətbuat orqanı oldu. Ötən il - Cümhuriyyət ilində "Azərbaycan” qəzetinin də 100 illik yubileyi qeyd edildi. Bu münasibətlə dövlət başçısı İlham Əliyev redaksiya kollektivinə məktub ünvanladı, qəzetin əməkdaşlarını orden və medallarla, fəxri adlarla təltif etdi. Qəzetin ünvanına respublikamızın hər yerindən təbriklər gəldi. Ölkənin ictimai-siyasi həyatında "Azərbaycan” qəzetinin rolu barədə tanınmış ziyalılar, alimlər, araşdırıcılar məqalələr yazdılar. Həmin məqalələr bu günlərdə işıq üzü görmüş "100 yaşlı Azərbaycan” adlı kitabda da əksini tapdı.

Azərbaycan Milli Elmlər Akademiyası Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunda "Azərbaycan” qəzetinin 100 illiyinə və "100 yaşlı Azərbaycan” kitabının təqdimatına həsr olunmuş "Azərbaycan” qəzeti: tariximizin güzgüsü” mövzusunda elmi konfrans keçirildi.

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub MAHMUDOV tədbiri giriş sözü ilə açaraq "Azərbaycan” qəzetinin 100 ildə keçdiyi şərəfli inkişaf yolundan, əvəzsiz xidmətlərindən danışdı. O bildirdi ki, "Azərbaycan” qəzeti: tariximizin güzgüsü” mövzusunda keçirilən bu elmi konfransda "Azərbaycan”ın yaranmasından bugünədək tarixə elmi baxış öz əksini tapacaq, xalqımızın, vətənimizin tarixində qəzetin rolu ilə bağlı fikir mübadiləsi aparılacaq. Akademik "Azərbaycan” qəzetinin, onun adının bizə Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olduğunu dedi:

- Bütövlükdə Azərbaycan adını ölkəmizin şimalında Azərbaycan Xalq Cümhuriyyətinin böyük dövlət xadimləri əbədiləşdirdilər. Vətənin bu hissəsinə Azərbaycan möhürünü vurdular və yaranan müstəqil, müasir dövlətimizi, azad respublikamızı Azərbaycan adlandıra bildilər. Hər tərəfdən - şimaldan, cənubdan, şərqdən, qərbdən ağır basqılar olmasına baxmayaraq bu adı, vətənimizin adını bir dövlət adı kimi yazmağı, onu yaşatmağı bacardılar. Mən düşünürəm ki, dövlətimizin adı qədər bu qəzetin adı da bizim üçün müqəddəsdir. "Azərbaycan” bizə Cümhuriyyət xadimlərinin yadigarıdır.

Cümhuriyyət xadimlərinin hərəsi bir eldən, obadan, nəsildən, tayfadan olmasına baxmayaraq, onları müqəddəs Azərbaycan adı birləşdirirdi. Bu adın təntənəsi uğrunda mübarizə aparırdılar. Buna görə də ailələrini, nəsillərini, tayfalarını unudaraq, bütöv Azərbaycana xidmət edirdilər.

Böyük məmnuniyyət hissi ilə qeyd edirəm ki, ölkənin Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan təqvimini buraxmaq imkanı yarandı və 12 ay üçün 12 nəfəri seçərkən cümhuriyyətin görkəmli dövlət xadimlərinin sırasına Üzeyir bəy Hacıbəylinin də adı salındı. Təqvimdə Üzeyir bəyin portreti, tərcümeyi-halı verildi. Həqiqətən də, Üzeyir bəy Hacıbəyli Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimidir. O, iliyinə, qanınadək Azərbaycançıdır. Dahi Üzeyir bəy Hacıbəylinin adı var bu qəzetin üstündə. Bu qəzet həm də Üzeyir bəyin yadigarı olduğuna görə bizim üçün çox dəyərlidir.

Ensiklopediya araşdırmaları zamanı mən çox çalışsam da, arxiv sənədlərində parlamentin son iclasının gedişini tapa bilmədim. Həmin materialı da mətbuat səhifələrində tapdım. Yəni bizim qəzetimiz - "Azərbaycan” qəzeti o dövrü öyrənmək, araşdırmaq üçün son dərəcə qiymətli mənbədir. Çünki səhifələrində yer verilmiş məqalələrdə "Azərbaycan” deyən, bu ad, bu Vətən üçün canını qurban verən böyük dövlət adamlarımızın ürəyi döyünür. "Azərbaycan” qəzetinin o illərdəki nömrələri buna görə bizim üçün olduqca dəyərlidir.

"Azərbaycan” Xalq Cümhuriyyətinin yaşıdıdır. Cümhuriyyət tarixinin öyrənilməsində "Azərbaycan” qəzetində dərc olunmuş materialların ilk mənbə kimi əhəmiyyəti böyükdür. Qəzetin ilk nömrəsi 1918-ci il sentyabrın 15-də Gəncə qubernatorunun mətbəəsində çap edildi. Qəzetin Gəncədə Azərbaycan dilində buraxılmış səhifələrinin başında onun adı ilə yanaşı, "Türk və islamçılığa aid məqalələrə "Azərbaycan”ın səhifələri açıqdır” yazısı da verilmişdi.

"Azərbaycan” qəzeti: tariximizin güzgüsü” mövzusunda keçirilən bu konfrans həm də ona görə sıradan olan konfrans deyil ki, "Azərbaycan” dövlətin bütün məqamlarda vuran əlidir, ideologiyasıdır. Onun vasitəsilə biz zərbəmizi vururuq, ona baxıb düzlənirik. Əbəs deyil ki, Ulu Öndər Heydər Əliyev bu qəzetə xüsusi qiymət verirdi.

"Azərbaycan” qəzeti bütün dövrlərdə dövlətin, millətin ümumi sözünü deyib, hədəflərini müəyyənləşdirib və lazım gələndə, ümumi zərbə istiqamətlərini göstərib. Bu baxımdan da bizim üçün çox qiymətlidir.

Biz müstəqillik illərində Tarix İnstitutunda çətin olan bir işi həyata keçirdik. Bizim ən böyük nailiyyətimiz odur ki, tariximizə sahib çıxdıq. Azərbaycan tarixini olduğu kimi bu millətə təqdim etmək üçün əlimizdən gələni etdik. Konsepsiyaları dəyişdirdik, saxtalaşdırılmış məsələlərə münasibət bildirdik. Yeni xətlər, araşdırılmamış məsələlər, böyük Azərbaycanın bütün diyarlarının öyrənilməsi - Borçalısından, Dərbəndindən, İrəvan ellərindən, Zəngəzurundan tutmuş cənubunadək bütün ərazilərimizin tarixini əhatə edərək ona sahib çıxmaq üçün bacardığımızı etdik. Yazdığımız kitabları Latın Amerikasında, ərəb dünyasında, Rusiyada, Avropanın müxtəlif ölkələrində nəşr etdirdik. Respublikamızın təhsil ocaqlarında tədris olunan dərslikləri dəyişdirdik. Körpü yarandı. Əminik ki, bu körpüdən keçən gənc nəsillər artıq gələcəkdə onu əldən verməyəcəklər. Bu, böyük uğurdur. Amma biz bu uğura asanlıqla qovuşmamışıq. Təəssüf ki, biz həmin ağır addımları atanda, milləti öz tarixinə sahib çıxmağa çağıranda bu vətənin içərilərində də müəyyən maneələrə rast gəldik. Belələri bizə çox ciddi əngəllər törətdilər. Həmin əngəlləri, maneələri dəf etdiyimiz vaxtlarda, çətin məqamlarda "Azərbaycan” qəzeti Tarix İnstitutunun yanında oldu. Xalqımıza qarşı törədilmiş soyqırımların və itirilmiş torpaqlarımızın tarixinə, qədim dövrlərdən bugünədək baş verən hadisələrə prinsipial münasibətimizi əks etdirən yazılarımız "Azərbaycan”ın səhifələrində əksini tapdı.

Bu qəzet müntəzəm olaraq Tarix İnstitutunun tariximizin ən aktual, ən konseptual məsələləri ilə bağlı nəşr etdirdiyi kitabların təqdimatlarını, keçirdiyi digər tədbirləri vaxtında ölkə ictimaiyyətinə çatdırdı. Qeyd etdik ki, Tarix İnstitutu son illərdə Azərbaycan tarix elmini dünya miqyasına çıxarıb. Azərbaycan tarixçiləri çoxsaylı beynəlxalq konfranslarda uğurla iştirak edib, əsərləri dünyanın müxtəlif şəhərlərində - Nyu York, Los Anceles, London, Paris, Roma, Mexiko, Moskva, Kiyev və başqa yerlərdə işıq üzü gördü. "Azərbaycan” qəzeti bu barədə ölkə ictimaiyyətinə məlumat verdi.

Ermənilər öz saytlarından hər gün, ayrı-ayrı məsələlərlə bağlı bizə hücumlar edirlər. Onlardan fərqli olaraq bizim cavablarımız tutarlı tarixi faktlara əsaslanır. Bu yazıları digər mətbuat orqanları da verir. Amma "Azərbaycan” qəzetində dərc olunması o deməkdir ki, bu, dövlətin sözüdür. Bu baxımdan da "Azərbaycan” qəzeti bizim üçün çox dəyərlidir.

Təşəkkür edirəm ki, "Azərbaycan” qəzetinin elektron versiyasını bizə təqdim etdiniz. İndi Tarix İnstitutunun əməkdaşları bu mətbu orqanını öyrənmək, araşdırmaq üçün arxivləri, kitabxanaları axtarmalı olmayacaqlar. Çünki institutumuzun kitabxanasında həmin materiallarla tanış olmaq imkanları var. Bu, bizim üçün çox qiymətli hədiyyədir. Buna görə də sizə öz minnətdarlığımızı bildiririk.

Elmi konfransda "Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV məruzə etdi. O, əvvəlcə "Azərbaycan” qəzetinin 100 illiyinə həsr edilmiş tədbirin keçirilməsinə görə AMEA Tarix İnstitutunun rəhbərliyinə təşəkkürünü bildirdi:

- Çox hörmətli Yaqub müəllim, hörmətli alimlər, tarixçilər, xanımlar və cənablar! Bu gün biz sizinlə ikinci dəfədir ki, görüşürük və bu, həm də Yaqub müəllimin bildirdiyi kimi, mən də öz tərəfimdən deyirəm, bir minnətdarlıq görüşüdür. Biz 2017-ci ildə "Azərbaycan” qəzetinin 100 illik yubileyinə hazırlığa başlayanda ilk görüşü sizinlə keçirdik. Bu çətin yola, yəni yubileyin qeyd edilməsi yoluna sizinlə birlikdə başladıq. "Azərbaycan” qəzeti haqqında çox yazılmamışdı. Sovet hakimiyyəti dövründə "Azərbaycan” qəzetinin üzərinə həbs, qadağa qrifi qoyulduğuna, bir neçə dəfə əlifbamız dəyişdirilərək keçmişimizdən qırıldığına görə mümkün olmamışdı. Bunu ancaq siz tarixçilər edə bilərdiniz. Və mən bizə kömək etdiyinizə görə bir daha təşəkkürümü bildirirəm.

Yubileylə bağlı nəşr etdirdiyimiz "100 yaşlı Azərbaycan” kitabında siz tarixçilər, alimlər və mətbuat tədqiqatçıları maraqlı məqalələrlə çıxış etmisiniz. Bu, "Azərbaycan” qəzetinin yaşadığı o dövrün bütün qaranlıq məqamlarına işıq salan kitabdır. Buna görə mən sizin hamınıza təşəkkür edirəm. Gözəl bir deyim var: "Qayda budur, igid gedər ad qalar, yaxşıdan da, yamandan da ağızda bir dad qalar”. Siz tarixçilər, biz jurnalistlər... Tale qismət edib ki, sizdən sonra kitablar, əsərlər, bizdən sonra yazılar qalır. Həmin yazılarda biz həm baş verən hadisələr, həm də insanlar, şəxsiyyətlər haqqında informasiyalar yazırıq və bunlar qəzet səhifələrində, salnamələrdə yığılır. Sonra tarixçilər tərəfindən əsərlər, kitablar meydana gəlir, şərhlər yazılır. Bu mənada biz sizinlə birlikdə addımlayırıq.

"Azərbaycan” qəzeti haqqında bizim "Azərbaycan-90” adlı bir kitabımız da çıxmışdı. O kitabda cümhuriyyət dövrü "Azərbaycan”ına daha çox yer verilmişdi. "100 yaşlı Azərbaycan” isə bütövlükdə "Azərbaycan”a həsr olunub. Bilirsiniz ki, onun da 70 ili həbsxanada keçib. "Azərbaycan” qəzeti nədən yazıb, necə yazıb, hansı məsələlərə toxunub, həmin kitabda var.

"Azərbaycan” qəzeti həm də obyektiv bir salnaməçi olub. Bizim müstəqilliyimizin salnaməçisi. Həm də müstəqilliyimizin atributlarından birinə çevrilib, yəni 1918-ci ildə ölkəmiz müstəqilliyini qazandıqdan sonra "Azərbaycan” qəzeti nəşrə başlayıb. 1920-ci ildə müstəqillik əlimizdən alınıb, bu qəzetin üzərinə həbs qoyulub. Ötən əsrin 90-cı illərində isə müstəqilliyimizi bərpa etmişik, "Azərbaycan” qəzeti yenidən işıq üzü görüb.

"Azərbaycan” qəzeti müstəqillik dövrümüzün tarixini yazıb. Və "Azərbaycan” qəzeti obyektiv tarixçi olub. Niyə? Cümhuriyyət dövründə bu qəzetə də çox hücumlar olub. Ceyhun bəy Hacıbəylinin sözlərini mən sitat gətirirəm ki, "Azərbaycan” qəzeti nə bir firqə qəzeti, nə bir sinfin qəzeti, nə də bir kadastr qəzeti olub, "Azərbaycan” qəzeti milli orqan olub və qarşısında Azərbaycan hökumətinin gördüyü işləri işıqlandırmaq olub”.

Müstəqillik dövründə biz də bu işlə, bu sahə ilə məşğul olmuşuq. Və bununla bağlı bütün yazılar qəzetimizdə verilib. Yəni cümhuriyyət dövründə görülən bütün işlər, qəbul olunan qanunlar, qərarlar dərc olunub, parlamentin fəaliyyəti, stenoqramlar, şərhlər... bu qəzetin səhifələrində əksini tapıb. Müstəqillik dövründə də mərhələlər üzrə Ulu Öndər Heydər Əliyevin qayıdışı, Azərbaycanın yenidən parçalanmaqdan xilası, "Əsrin müqaviləsi”nin imzalanması, ölkədə sabitliyin yaranması, respublikamızın dünyaya inteqrasiyası... bütün mövzular, məsələlər, qanunlar qəzetdə işıqlandırılıb. "Azərbaycan” yeganə qəzetdir ki, rəsmi dövlət statusu daşıyır. Bilirsiniz ki, onun yükü nədir. "Azərbaycan” yeganə qəzetdir ki, Milli Məclisin orqanıdır. Yəni yaradıcı kollektivin orqanı deyil, yaradıcı kollektivin yaratdığı qəzet deyil.

Biz daim dövlətimizə, dövlətçiliyimizə xidmət etmişik. Sizinlə birlikdə olmuşuq. Artıq "Azərbaycan”ın 100 yaşını qeyd etdik. Mən bir daha Yaqub müəllim başda olmaqla hamınıza təşəkkürümü bildirirəm ki, lazım olan yazıların, materialların qələmə alınmasında, işıqlandırılmasında bizə dəstək oldunuz. Kimdən nə xahiş etdik, kim nə bacarırdısa, bu işdə bizə kömək etdi və ikinci kitabı buraxdıq. Eyni zamanda, biz daha bir çətin işin öhdəsindən gəldik. Cümhuriyyət dövründə "Azərbaycan”ın 443 nömrəsi çıxmışdı. Onun bütün nömrələrini əldə edə bilməmişdik. Arxivlərə, insanlara müraciət etdik. Nəhayət, müxtəlif yerlərdən "Azərbaycan”ın elektron versiyasını toplaya bildik. Bu gün "Azərbaycan” qəzeti nəşrə başlayandan indiyədək və cümhuriyyət dövrünün 443 nömrəsinin elektron variantını sizə hədiyyə edirik. Deyir, "çörəyi ver çörəkçiyə, birini də üstəlik”. Siz bununla işləyirsiniz. Bunları siz yaradırsınız, biz siz alimlərə kömək etməliyik.

"100 yaşlı Azərbaycan” kitabında Yaqub müəllim özü də "Tariximizin qan yaddaşı "Azərbaycan”ın səhifələrində” adlı dəyərli məqalə ilə çıxış edib.

Yaqub müəllim özü də xatırlatdı ki, son 15 ildə Tarix İnstitutu hansı işləri görüb, hansı kitabları nəşr edib. Biz onu qəzetdə dərc etdik. Bunu həm də tarix üçün etdik. Qəzet əsl yaşayan arxivdir. Biz özümüz "Azərbaycan” qəzetinin elektron variantını hər il saxlanılan yerlərə çatdırırıq. Əməkdaşlıq etdiyimiz dörd ünvan var. Biri Tarix İnstitutudur. Burada hökmən olmalıdır. Bir daha o kitabı vərəqləyəndə keçmişimizə (onda bugünümüz də keçmiş olacaq) səyahət edəsiniz.

Biz jurnalistlər günün tarixini yazırıq, siz tarixçilər isə illərin, qərinələrin, əsrlərin. İstəyirik ki, bu kitab siz tarixçilərin əlinin altında olsun və beləliklə, sizin işinizi asanlaşdırsın.

Çox sağ olun! Sizinlə başladıq, sizinlə başa vururuq. Bu, bizim mənəvi borcumuzdur.

"Son 15 ildə Azərbaycan tarixi məsələləri "Azərbaycan” qəzetinin səhifələrində” mövzusunda çıxış edən Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Tofiq NƏCƏFLİ qeyd etdi ki, müstəqillik illərinin mühüm nailiyyətlərindən biri tarix elmimizin inkişafı sahəsində əldə olunan böyük uğurlardır. T.Nəcəfli bildirdi ki, Azərbaycan tarixşünaslığını müstəqil inkişaf yoluna Ulu Öndər Heydər Əliyev çıxarmışdır:

- Dahi şəxsiyyət doğma xalqına, Vətən torpağına həsr olunmuş ömrünün bütün çağlarında tariximizin azərbaycançılıq məfkurəsi əsasında doğru-düzgün araşdırılmasını və gənc nəslin doğma vətənə sədaqət ruhunda tərbiyə olunmasını daim diqqət mərkəzində saxlayırdı.

Ulu Öndərin tarix elmimizin inkişafı ilə bağlı bütün ideyalarını, planlarını dönmədən həyata keçirən Prezident İlham Əliyev tarixçi alimlər qarşısına yeni və konkret vəzifələr qoydu. Müasir Azərbaycan tarixşünaslığında "İtirilmiş torpaqların tədqiqi” problemi elmi dövriyyəyə daxil edildi, bu istiqamətdə ciddi tədqiqatlar aparılmaqla obyektiv tarixi gerçəkliyi özündə əks etdirən bir sıra sanballı əsərlər nəşr olundu. Ölkə başçısının çağırışları, təşəbbüsü və birbaşa tövsiyəsi ilə ilk dəfə olaraq "Azərbaycan Tarixi Atlası”, mükəmməl tədqiqat əsərləri olan "Qarabağ: real tarix, faktlar, sənədlər”, "Naxçıvan: tarixi və abidələri”, erməni-daşnak quldur rejimləri tərəfindən Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilmiş soyqırımları barədə ayrı-ayrılıqda çoxsaylı kitablar nəşr olundu. Qeyd etmək lazımdır ki, Tarix İnstitutunun elmi tədqiqat fəaliyyəti ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. İnstitutda aparılan bütün mühüm araşdırmalar birbaşa ölkə başçısının çağırışları və tapşırıqları əsasında həyata keçirilir.

İnstitutda əldə olunan uğurlar yüksək qiymətləndirilmiş, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərə görə Tarix İnstitutunun 13 əməkdaşına Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı fəxri adı verilmişdir. Prezident İlham Əliyev Tarix İnstitutunu "ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi” adlandırmışdır.

Tarix İnstitutunun elmi fəaliyyətində əldə etdiyi uğurların geniş ictimaiyyətə çatdırılmasında müstəqilliyimizin atributu olan "Azərbaycan” qəzeti mühüm rol oynayır. İnstitutun rəhbərliyi başda olmaqla bütün kollektiv müntəzəm olaraq Azərbaycanın mühüm konseptual məsələləri - dövlət başçımızın tarix elmi qarşısında qoyduğu mühüm vəzifələr, tövsiyə və çağırışları, ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı cinayətləri, itirilmiş torpaqlarımızın tarixi, "Böyük Ermənistan” uydurması, qədim Alban dövlətinin tarixi, daşnak Şaumyanın anti-Azərbaycan fəaliyyəti, tarixi şəxsiyyətlərimizə qarayaxanlara qarşı mübarizə və s. kimi taleyüklü məsələlərin geniş ictimaiyyətə çatdırılması üçün qəzetlə sıx əməkdaşlıq edir. Azərbaycanın taleyüklü məsələləri "Azərbaycan” qəzeti səhifələrində işıqlandırılır.

2007-ci ildən Tarix İnstitutunda "Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi həyata keçirilməyə başlanmışdı. Dünyanın mühüm elm mərkəzlərində, arxivlərində saxlanılan tariximizlə bağlı çoxlu sayda sənədlər ölkəmizə gətirildi. Tarixçilərimiz ilk mənbələrə, o cümlədən zəngin arxiv sənədlərinə əsaslanaraq vətənimizin saxtalaşdırılmalardan, təhriflərdən təmizlənmiş yeni tarixini yazırlar. Yeni əsərlərlə bağlı rəylər və monoqrafiyalar barədə ilk məlumatlar məhz "Azərbaycan” qəzetinin səhifələrində cəmiyyətə çatdırılır.

Tarix İnstitutunda aparılan elmi tədqiqatların mühüm istiqamətlərindən biri də xalqımıza qarşı ermənilərin həyata keçirdiyi soyqırımlar tarixinin tədqiqidir. Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərin tarixini vərəq-vərəq izləmək və ən başlıcası - dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Tarix İnstitutu dünyanın tanınmış alimlərinin iştirakı ilə 5 beynəlxalq soyqırımları konfransı keçirmiş, erməni daşnakların Azərbaycan xalqına qarşı törətdiyi kütləvi soyqırımın gerçək tərəflərini üzə çıxarmışdır. Son illər institutda ermənilərin azərbaycanlılara qarşı Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, İrəvanda, Naxçıvanda, Urmiya gölü ətrafında, Şərqi Anadoluda həyata keçirdikləri soyqırımlarını sübut edən dəyərli tədqiqatlar aparılmış, çoxsaylı fundamental əsərlər, monoqrafiyalar və sənəd topluları işıq üzü görmüşdür. Bütün bu monoqrafiyalar haqqında məlumatlar, əməkdaşlarımızın Azərbaycanın müxtəlif bölgələrində ermənilərin türk-müsəlman əhaliyə qarşı həyata keçirdiyi soyqırımları ilə bağlı elmi məqalələri müntəzəm olaraq "Azərbaycan”ın səhifələrində dərc edilmişdir.

Tarix İnstitutu ermənilərin Azərbaycan xalqına qarşı informasiya müharibəsinin getdikcə daha kəskin xarakter aldığını və ölkə Prezidenti İlham Əliyevin milli maraqlara söykənən qətiyyətli xarici siyasətinə tələb olunan səviyyədə informasiya təminatı yaratmaq məqsədilə tarixi tədqiqatların miqyasını daha da genişləndirmişdir. Dövlətçilik tariximizin təhrif olunmasına, xalqımızın yaratdığı qədim və zəngin mədəniyyətə sahib çıxmağa çalışanlara və görkəmli tarixi şəxsiyyətlərimizə qarayaxanlara qarşı məhz "Azərbaycan” qəzetinin səhifələrində tutarlı elmi məqalələrlə cavab verilmişdir. Akademik Yaqub Mahmudovun "Azərbaycan” qəzetində çap olunan "Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” adlı məqaləsində xalqın yaddaşında yüz illər ərzində özünə layiqli yer tutmuş görkəmli dövlət xadimlərinə və digər tarixi şəxsiyyətlərə, o cümlədən Babək, Cavanşir, Şəmsəddin Eldəniz, Uzun Həsən, Şah İsmayıl Səfəvi, Şah Təhmasib Səfəvi, Şah Abbas Səfəvi, Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar və digər tarixi şəxsiyyətlərə qarşı saxta, elmdən uzaq, sağlam məntiqdən kənar fikirlərlə çıxış edənlər ifşa edilmişdir.

Azərbaycan Respublikasının rəsmi orqanı olan "Azərbaycan” qəzeti ölkəmizin həyatında olduqca mühüm hadisələrlə yanaşı, həm də tariximizin ən konseptual məsələlərini müntəzəm olaraq öz səhifələrində işıqlandırır.

"Dövlət müstəqilliyinin bərpa olunmasından sonrakı dövrdə Azərbaycan tarixi məsələləri "Azərbaycan” qəzetinin səhifələrində” mövzusunda çıxış edən Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi BƏHRAMOV 2018-ci ilin Azərbaycanın milli tarixinə "Cümhuriyyət ili” kimi daxil olduğunu dedi:

- Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə Prezident İlham Əliyev tərəfindən elan edilən həmin ildə bir çox mühüm hadisələr, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi dövlət qəzeti olan "Azərbaycan”ın nəşrə başlaması da qeyd olundu. "Azərbaycan” qəzeti XX əsr Azərbaycan milli mətbuat tarixində müstəsna yer tutur. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində süqut etdi və onun baş mətbu orqanı "Azərbaycan” qəzetinin nəşri dayandırıldı. Lakin 70 illik qadağadan sonra 1992-ci ildən "Azərbaycan” qəzeti rəsmi dövlət orqanı olaraq yenidən fəaliyyətə başladı. Qeyd etmək lazımdır ki, qəzet Azərbaycan xalqının XX əsr tarixinin 1918-1920-ci illər dövrünün siyasi, sosial-iqtisadi, mədəniyyət və hərb tarixinin tədqiqi üçün çox mühüm mənbə hesab edilir və Tarix İnstitutu VII cildlik "Azərbaycan tarixi”ni hazırlayarkən V və VII cildlərin yazılması üçün müəlliflər tərəfindən "Azərbaycan” qəzetinin materiallarından istifadə edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edildikdən sonra keçən illər ərzində nəşr olunan "Azərbaycan” qəzetinin materialları müstəqillik dövrü tarixinin yazılmasında mənbə rolunu oynamışdır. 2013-cü ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə institutun çapa hazırladığı ikicildlik "Heydər Əliyev” monoqrafiyasının yazılması zamanı və 2016-cı ildə dövlət müstəqilliyinin bərpasının 25 illik yubileyi münasibəti ilə çapa hazırlanan ikicildlik "Azərbaycan Respublikasının tarixi” monoqrafiyası qələmə alınarkən "Azərbaycan” qəzetində nəşr olunan materiallardan geniş şəkildə istifadə olunmuşdur. Bütün bunlarla yanaşı "Azərbaycan” qəzetində Tarix İnstitutunun elmi əməkdaşlarının məqalələri daim çap olunur. Həmin məqalələrdə tariximizin ən aktual problemlərinə həsr olunmuş məsələlər, ilk növbədə qədim, orta əsrlər, yeni və ən yeni tarixə dair müxtəlif problemlər öz əksini tapmışdır. Qeyd etmək lazımdır ki, "Azərbaycan” qəzeti Azərbaycan Respublikasının 1992-ci ildən başlayaraq bugünədək siyasi, sosial-iqtisadi, mədəni, hərbi, xarici siyasət, beynəlxalq münasibətlər və əlaqələr həyatına aid hadisə və faktların gündəlik əks olunduğu yeganə rəsmi dövlət orqanıdır. Burada müasir Azərbaycan dövlətinin bütün sahələrdəki fəaliyyətinin çox mühüm məqamları işıqlandırılır. Bütün bunlarla yanaşı "Azərbaycan” qəzetində xalqımız üçün mühüm əhəmiyyət kəsb edən dövlət sənədləri, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Milli Məclisin qəbul etdiyi qanunlar dərc olunur ki, bu da müasir dövr tarixinin siyasi, sosial-iqtisadi, mədəniyyət, hərbi məsələlərin araşdırılmasında tədqiqatçılar üçün çox geniş imkanlar yaradır.

Xüsusi qeyd etmək istərdim ki, son 15 il ərzində "Azərbaycan” qəzetində Tarix İnstitutunun alimləri tərəfindən Azərbaycanın XIX-XX əsrlər tarixinin ən qaranlıq səhifələri, arxiv sənədləri və dəqiq mənbələrə istinadən yazdıqları məqalələr geniş şəkildə işıqlandırılmışdır. Bu məqalələr içərisində XIX əsrin I yarısında Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalı və 1917-ci ilədək burada yeridilən ağır müstəmləkə siyasəti, 1918-1920, 1921-1991-ci illərdə Azərbaycan xalqına qarşı törədilən soyqırımı cinayətləri, 1918-ci ildə AXC-nin yaradılması və onun 1920-ci ildə Sovet Rusiyası tərəfindən süquta uğradılması, milli-dövlətçilik atributlarının ləğvi və qadağan edilməsi, 1941-1945-ci illər müharibəsində Azərbaycan xalqının faşizm üzərində əldə edilən qələbəyə verdiyi həlledici töhfə, Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, 1990-cı il 20 Yanvar və 1992-ci il Xocalı soyqırımı cinayətləri, 1988-1991-ci illərdə azərbaycanlıların öz tarixi torpaqlarından - Ermənistan SSR ərazisindən deportasiya olunmalarının işıqlandırılması məsələləri xüsusi yer tutur.

C.Bəhramov çıxışının sonunda Tarix İnstitutu ilə "Azərbaycan” qəzeti arasında yaranmış əməkdaşlığı alqışladığını və onun daha da genişləndirilməsini arzuladığını bildirdi.

Tarix elmləri doktoru Vaqif ABIŞOV konfransda "Türkiyə tarixinin (1918-1920-ci illər) öyrənilməsi ("Azərbaycan” qəzetinin materialları əsasında)” mövzusunda çıxış etdi. O, cümhuriyyət dövründə "Azərbaycan” qəzetinin, demək olar ki, bütün saylarında Türkiyə ilə bağlı müxtəlif mövzularda materialların dərc olunduğunu söylədi:

- Bu materiallar içərisində ən çox diqqəti cəlb edən Birinci Dünya müharibəsində məğlub olmuş Türkiyənin gələcək fəaliyyəti, Sultanın, Xəlifənin və İstanbulun taleyinə dünya müsəlmanlarının münasibəti, Türkiyə ərazisinin bölüşdürülməsinə cəhd göstərilməsi, Mustafa Kamal Paşa başda olmaqla Anadolu və Rumeli milli təşkilatının Antanta dövlətlərinin Türkiyəni bölüşdürmək siyasətinə qarşı güclü və barışmaz mövqedə duraraq xalqın müqavimətini təşkil etməsi və s. məsələlərdir.

Birinci Dünya savaşında qalib gəlmiş müttəfiq dövlətlər Türkiyə ilə sahibsiz və yox olmaq vəziyyətinə düşmüş bir dövlət kimi davranırdılar. Onun torpaqlarını necə bölüşdürmək, kimə nə qədər torpaq payı düşəcək, nəhayət, türk millətinin taleyi necə olacaq - bütün bunların yadlar tərəfindən "həll” olunması gündəmdə idi. Həmin dövrdə vaxtilə ABŞ-ın Türkiyədəki səfiri olmuş Henri Morqantaunun ABŞ-ın prezidenti Vudro Vilsona göndərdiyi yazılı məktubunda və memorandumunda vurğulanan fikirlərin təsadüf olmadığı təsdiq edilir. H.Morqantau yazırdı ki, Türkiyəni əsasən üç hissəyə bölmək olar: 1) Konstantinopol və onun ətrafı; 2) türk əhalisinin yaşadığı Anadolu; 3) Ermənistan.

Qərb dövlətlərinin planında Osmanlı dövlətini həm Asiyadan, həm də Avropadan uzaqlaşdıraraq, yalnız mərkəzi İstanbul olmaqla (İstanbul məsələsi də sual altında idi) kiçik bir ərazidə onun mövcudluğuna razılıq vermək fikri dururdu.

"Azərbaycan” qəzetinin səhifələrində Türkiyənin ərazi bütövlüyü, onun dünyanın müsəlman əhalisi tərəfindən müdafiə olunması, ayrı-ayrı bölgələrdə xalqın müqavimət hərəkatının başlanması və s. məsələlərə xüsusi yer verilmişdir. Məsələn, "Azərbaycan” qəzetinin 1919-cu il 3 aprel tarixli sayında qeyd edilirdi ki, bütün türk xalqı və müsəlman dünyası çox diqqətlə Osmanlı dövlətinin taleyini izləməkdədir. Onlar Türkiyə imperiyasına və Türk Sultanına özlərinin vahid xəlifəsi kimi baxırdılar.

"Azərbaycan” qəzetinin 1919-cu il 27 iyul tarixli sayında "Britaniya müsəlmanlarının qeydləri” başlığı altındakı bir yazıda Hindistan müsəlmanlarının İngiltərənin baş nazirinə göndərdikləri müraciətdən bəhs olunurdu. Həmin müraciəti Hindistanın bütün müsəlman nümayəndələrinin və Mədrəsə Qanunvericilik Şurası üzvlərinin adından Ağa xan, Yaqub Həsən, lord Hedle və başqaları imzalamışdılar. Britaniya təbəəsi olan müsəlmanların baş nazirə ünvanladıqları müraciətin əsas qayəsi Türkiyə ərazisinin parçalanmasına imkan verməmək və sultan hakimiyyətinin İstanbulda qalması idi. Bu dövrdə bütün müsəlmanlar arasında, Çindən Atlantik okeanına qədər, Malayziya yarımadasından cənubi Afrikaya qədər Türkiyəni təhdid edən təhlükə ilə əlaqədar ümumi narahatlıq özünü göstərməkdə davam etmişdir.

"Azərbaycan” qəzetinin 1920-ci il 10 fevral tarixli nömrəsində çap olunmuş başqa bir məqalədə isə Böyük Britaniya ilə Misir, Hindistan və ümumiyyətlə, bütün Asiyanın müsəlman əhalisi arasındakı qarşılıqlı münasibətləri tənzimləmək, eləcə də bu ölkələrdə antidövlət əleyhinə çıxışları birdəfəlik ləğv etmək üçün Türkiyə məsələsinin tezliklə həll edilməsi göstərilirdi. Həmin məqalədə qeyd olunurdu ki, məsələ həll olunarkən Türkiyə əziyyət çəkməməlidir. Əks-təqdirdə müsəlmanların narazılığı qarşısıalınmaz xarakter ala bilər.

Qürurverici haldır ki, bütün dünya türkləri də Böyük Türkiyənin bütöv olması və parçalanmaması üçün səslərini qaldırmışdılar. Məsələn, "Azərbaycan” qəzetinin 3 fevral 1920-ci il tarixli sayında çap olunmuş "Sovet Rusiyasından gəlmiş türk-tatar mühacirlərinin qətnaməsi” başlığı altındakı bir yazıda Volqa-Ural türk-tatar xalqlarının Antanta dövlətlərinə müraciət etmələrindən və Türkiyə dövlətinin parçalanmasına qarşı olmalarından bəhs olunmuşdur.

Hətta bəzi Qərb dövlətlərinin nümayəndələri Türkiyənin mövqeyini müdafiə etməkdən çəkinmirdilər. Məsələn, İngiltərənin İcmalar palatasının üzvü general Sirens palatanın iclaslarının birində Türkiyənin müdafiəsi və onun suveren hüquqları ilə bağlı böyük bir çıxış etmişdir. Onun bu çıxışına görə İngiltərədə Türkiyəni müdafiə edən cəmiyyət adı çəkilən deputata öz təşəkkürünü bildirmişdir.

"Azərbaycan” qəzetinin səhifələrində Türkiyə xalqının müqavimət hərəkatı haqqında materiallar da çap olunmuşdur. Həmin materiallarda Mustafa Kamal Paşa başda olmaqla Anadolu və Rumeli milli təşkilatının müttəfiq dövlətlərin Türkiyəni bölüşdürmək siyasətinə qarşı güclü və barışmaz mövqedə durması və xalqın müqavimətini təşkil etməsi məsələləri öz əksini tapmışdır.

"Azərbaycan” qəzetində çap olunmuş materiallarla yaxından tanış olduqdan sonra bir daha yəqin edirsən ki, istər Türkiyə hökuməti, istər türk xalqı vətənin taleyinə biganə qalmamış, hər nə olursa-olsun dövlətçiliyin və vətənin bütövlüyünü qoruyub saxlamağa çalışmışdılar.

Beləliklə, Qərb dövlətlərinin bütün cidd-cəhdlərinə baxmayaraq, Türkiyə xalqı Mustafa Kamal Paşa Atatürkün rəhbərliyi altında öz varlığını, dövlətçiliyini qoruyub saxlaya bilmişdir.

Tarix İnstitutunun "Azərbaycanın sovet dövrü tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlqar NİFTƏLİYEV elmi konfransda etdiyi "1918-1919-cu illərdə İrəvan quberniyasında azərbaycanlıların soyqırımı "Azərbaycan” qəzetinin səhifələrində” mövzusunda məruzəsini bu sözlərlə başladı:

- Azərbaycan mətbuatı tarixində 1918-1920-ci illər bütün əvvəlki dövrlərə nisbətən ən yüksək inkişaf mərhələsi sayılır. Bu dövrün mətbuatı həm keyfiyyət, həm də kəmiyyət baxımından ölkə həyatının canlı salnaməsinə çevrildi. Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan "Azərbaycan” qəzetinin başlıca məramı yenicə qurulmuş milli hökuməti müdafiə etmək, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatını əks etdirmək idi. Qəzetin səhifələrində rəsmi dövlət qərarları, analitik məzmunlu materiallar dərc edilirdi. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinə, onun əsas istiqamətini təşkil edən Azərbaycan-Ermənistan münasibətlərinə qəzetin səhifələrində geniş yer ayrılırdı. Bu mənada "Azərbaycan” qəzeti qiymətsiz mənbədir. 1918-1920-ci illərdə "Azərbaycan” qəzetinin səhifələrində İrəvan quberniyasında azərbaycanlıların soyqırımının sarsıdıcı mənzərəsi öz əksini tapmışdır. Minlərlə həmvətənimizin soyqırımını qarşısına məqsəd qoymuş ermənilərdən çəkdiyi qeyri-insani zülmü, çıxılmaz vəziyyətini təsvir edən qəzet səhifələrini həyəcansız oxumaq mümkün deyildir. Onların arxasında nə qədər müsibət, dəhşət, ölüm dayandığını təsəvvürə gətirmək qeyri-mümkündür.

1917-ci il Qafqaz təqviminin məlumatına görə İrəvan quberniyasında müsəlmanların sayı 423123 nəfər idi. 1918-ci ilin yanvarından may ayına kimi, yəni türk qoşunları İrəvan quberniyasına daxil olana qədər, burada ermənilər tərəfindən 300-dən çox müsəlman kəndi dağıdılmış, onların əhalisi isə qətllərə və zorakılıqlara məruz qalmışdı. İrəvan quberniyasında müsəlmanlara qarşı erməni hərbi hissələrinin həyata keçirdiyi etnik təmizləmələrin məqsədi həmin ərazilərdə Osmanlı İmperiyasından olan erməni qaçqınlarını yerləşdirmək və gələcəkdə Ermənistan dövləti yaratmaq idi. Bu hadisələrə öz münasibətini bildirən "Azərbaycan” qəzeti 1918-ci il 25 sentyabr tarixli sayında yazırdı: "Rus ordusunun gedişindən sonra daşnaklar Zaqafqaziya müsəlmanları ilə əlaqələrini yenidən nəzərdən keçirmək və onlarla yaxşı münasibətlər qurmaq əvəzinə köhnə siyasətlərini davam edirlər. Cəbhəyə getmək əvəzinə erməni hərbi birləşmələri İrəvan quberniyasının hüdudlarında qalır və yüzlərlə müsəlman kəndini atəşə tuturlar, erməni qaçqınları isə zorla təmizlənmiş ərazidə yerləşdirilir. Böyük Sürməli qəzası müsəlman əhalisindən təmizlənir. Naxçıvan şəhəri talana məruz qalır”.

29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti İrəvan şəhərini Ermənistan Ararat Respublikasına güzəştə getdi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Fətəli xan Xoyski İrəvan və ətrafındakı torpaqların ermənilərə verilməsi barədə Milli Şuranın 29 may 1918-ci il tarixli qərarından dərhal sonra Xarici işlər naziri Məhəmməd Həsən Hacınskiyə verdiyi rəsmi göstərişdə yazırdı: "Biz ermənilərlə bütün mübahisələri bitirdik, onlar ultimatumumuzu qəbul edəcəklər və müharibəni dayandıracaqlar. Biz İrəvanı onlara güzəştə getdik”.

1918-ci il iyunun 4-də Batumda Osmanlı dövləti ilə Ararat Respublikası arasında bağlanmış müqaviləyə əsasən sonuncunun ərazisi 9 min km2 müəyyən edildi. Yeni yaradılmış Ermənistan Ararat Respublikası Göyçə gölü ilə Osmanlı dövlətinin yeni sərhədləri arasındakı dar dağlıq ərazini əhatə edirdi, əhalisi isə cəmi 400 min nəfər idi. Onlardan təxminən 80 mini azərbaycanlılar idi. Müqavilənin VI bəndinə əsasən Ermənistan hökuməti öz ərazisində yaşayan müsəlman əhalisinin təhlükəsizliyini, azad inkişafını, ana dilində təhsil almaq, dini ayinlərin sərbəst icrasına şərait yaratmaq haqqında öhdəliklər götürürdü. Bu hadisəyə qiymət verən "Azərbaycan” qəzeti həmin ilin 25 sentyabr tarixli sayında yazırdı: "...ürək ağrısı ilə qədim müsəlman xanlığının mərkəzi - İrəvan şəhəri ermənilərə verildikdən sonra, daşnaklar nə qədər çətin olmasına baxmayaraq, Zaqafqaziya müsəlmanlarına qarşı düşmənçiliyini unutmalıdırlar, onlarla çalışıb yaxşı qonşuluq münasibətləri qurmalıdır”. Lakin sonrakı hadisələr onu göstərdi ki, erməni dövlətində hakimiyyətə gələn "Daşnaksütyun” partiyası keçmiş İrəvan quberniyasının ərazisində yaşayan müsəlman əhalisinə qarşı soyqırımı siyasətini dövlət səviyyəsində həyata keçirməyə başladı.

Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Rəşad RÜSTƏMOV "Azərbaycan” qəzetinin səhifələrində Azərbaycan Xalq Cümhuriyyətinin problemlərinin işıqlandırılması (müasir dövr)” mövzusunda məruzəsində diqqətə çatdırdı ki, "Azərbaycan” qəzetinin özəl xüsusiyyətlərindən biri onun Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət qəzeti kimi fəaliyyət göstərməsi olmuşdur. O, dedi:

- Ölkəmizin sovet qoşunları tərəfindən işğal edilməsi bu qəzetin nəşrini müvəqqəti olaraq dayandırmışdı. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qəzet yenidən fəaliyyətə başladı. Lakin tarixi yaddaşlarda "Azərbaycan” qəzeti uzun illər boyu Azərbaycan Xalq Cümhuriyyətinin simvollarından biri kimi qalmışdır.

Onu da qeyd etmək lazımdır ki, qəzet AXC tarixinin müasir dövrdə populyarlaşması sahəsində çox mühüm işlər görmüşdür. Səhifələrində cümhuriyyət tarixinə daim böyük diqqət ayırmışdır. Həm publisist, həm də elmi məqalələrə geniş yer vermişdir.

2018-ci ilin 26 sentyabrında "Azərbaycan” qəzetində dərc edilən "Azərbaycan ədliyyəsi ölkədə hüquqi dövlətin yaradılmasına xidmət edir” başlıqlı məqalə bu səpkidə olan maraqlı yazılardandır. Həmin məqalədə Azərbaycanda Ədliyyə Nazirliyinin və Məhkəmə Palatasının yaranma prosesi öz əksini tapmışdır. Burada müstəqil respublika hökumətinin dövlət orqanlarının təşkilində rastlaşdığı çətinliklər və onların aradan qaldırılması məsələlərinə geniş yer verilmişdir. Müəllif haqlı olaraq yazır ki, milli kadrların azlığı bu sahədə əsas çətinliklərdən biri olmuşdur. Məqalədə Azərbaycan hökumətinin hüquqi dövlətin yaradılması sahəsində fəaliyyətinə də toxunulmuşdur. Qeyd edək ki, bir sıra Avropa dövlətlərinin XX əsrin ortalarında, yaxud sonlarında qəbul etdiyi hüquqi dövlət ideyası artıq ötən əsrin əvvəllərində AXC liderlərinin diqqət mərkəzində olmuşdur.

Cümhuriyyət xadimləri hüquqi dövlət quruculuğuna müstəqil dövlətin yaradıldığı ilk gündən başlamışdılar. AXC-nin hüquqi dövlətin qurulmasına yönəlmiş bu fəaliyyəti Müseyib Kazımovun məqaləsində də öz əksini tapmışdır. Müəllifin göstərdiyi kimi, hüquqi dövlətin yaradılması üçün əsas İstiqlal Bəyannaməsi olmuşdur. Bu bəyannamədə elan edilmiş prinsiplər sonralar AXC vətəndaşlarının hüquqlarının müdafiəsini təmin edən bir çox qanunların işlənməsi üçün hüquqi baza rolunu oynamışdır. Bu proses Azərbaycanın bolşevik qoşunları tərəfindən işğal edilməsi nəticəsində dayandırılmışdır.

2008-ci il 27 avqust nömrəsində dərc olunmuş Şamil Əfəndinin "Taleyimizin aynası” adlı məqaləsi 1917-1920-ci illər Azərbaycan mətbuatının tarixinə həsr edilmişdir. Müəllif həmin dövrün mətbuat orqanlarının əsasən siyasi xarakter daşıdığını və əsas vəzifəsinin təmsil etdiyi siyasi ideologiyanın kütlələr arasında yayılmasından ibarət olduğunu diqqətə çatdırmışdır.

Məqalədə həmçinin AXC dövründə mövcud olmuş problemlərdən və onların həllində milli mətbuatın dövlət orqanları ilə birgə iştirakından bəhs edilmişdir.

Tarix üzrə fəlsəfə doktoru Akif VƏLİYEV "Qafqaz İslam Ordusu hərəkatı "Azərbaycan” qəzetində” mövzusunda məruzəsində tarixin çətin, ziddiyyətli və mübahisələrin meydan müharibələrində həll olunduğu I Dünya savaşının sonunda "Azərbaycan” qəzetinin yarandığını vurğuladı:

- Təkcə adının çəkilməsi uğrunda böyük mücadilə aparılan gənc, müstəqil dövlətin rəmzlərini səhifələrinə, sütunlarına daşıyan "Azərbaycan” ciddi çətinliklərlə ərsəyə gətiriləndə Qafqaz İslam Ordusu qoşunları, milli orkestr Güzdəkdən Bakıya nümayişə hazırlaşırdı.

Böyük zəfəri və qələbə sevincini sentyabrın 15-də "Azərbaycan” xəbər verdi. Mətbəədə kağız və hürufat çatışmazlığı qələbə müjdəli qəzetin ilk sayının çapını ləngidə bilmədi.

"Azərbaycan”ın bu sayı xalqın azadlıq ruhunu əks etdirən yazılarla, hərbi faktlar və informasiyalarla zəngindir. İlk sayda xeyli təbrik teleqramları dərc olunub ki, bu təbriknamələrdən ən önəmlisi Azərbaycan milli hökumətinin baş naziri Fətəli xan Xoyskiyə məxsusdur. F.Xoyski Qafqaz İslam Ordusu komandanlığına, əsgər və zabitlərə öz səmimi minnətdarlığını bildirirdi.

"Azərbaycan” sentyabrın 19-da dərc olunan ikinci sayında Türkiyədə danışıqlar aparan M.Ə.Rəsulzadənin baş nazir Fətəli xan Xoyskiyə ünvanladığı təbrik teleqramını xalqa çatdırdı.

Bakı azad olunduqdan sonra 31 mart soyqırımına görə nəşrini dayandırmış bir çox qəzetlər fəaliyyətlərini bərpa etdilər, Türkiyə və Gürcüstanla media əlaqələri, xəbərləşmə imkanları bərpa olundu. Azərbaycan mətbuatında Türkiyəyə, Türkiyə mətbuatında da Azərbaycan mətbuatına istinadən xəbərlər çap olundu və analitik yazıların, reportajların dərcinə üstünlük verildi.

Anadoluda nəşr olunan "Yeni gün” qəzetinin ilk səhifəsində dərc etdiyi Bakının azad olunması xəbərini "Azərbaycan” qəzeti öz səhifələrində əks etdirərək yazırdı: "Bakıda artıq Azərbaycan bayrağı dalğalanır. Azərbaycan hərbi hissələri Bakını azad etmişlər. Eyni dinə və eyni qana sahib olduğumuz qardaşlarımızı təbrik edirik. Bəlli olduğuna görə, axır vaxtlar Azərbaycanın paytaxtı olan Bakı kiçik bolşevik dəstələrinin, erməni avantüristlərinin əlində idi ki, onu da azərbaycanlıların milli-hərbi qüvvələri sıxışdırıb çıxardı”.

N.Y. imzası ilə "Azərbaycan gəncləri”nə müraciət edən İstiqlal savaşının əsas ideoloqlarından biri - "Tərcüman”, "Açıq söz” qəzetlərində yazıları ilə çıxış edən Nəsib bəy Yusifbəyli bu tarixi günə geniş məqalə həsr edərək gəncləri hərbi səfərbərliyə çağırırdı. O, gərgin hərbi-siyasi dönəmdə müstəqil Azərbaycanın istiqlalının qorunmasında ordu quruculuğunu əsas götürür, hər bir vətəndaşı bu yolda səfərbərliyə səsləyirdi.

Sentyabrın 17-də Bakıya daxil olan Azərbaycan hökuməti yaranan qarşıdurmanın milli qırğın səviyyəsinə qalxmasına imkan vermədi.

Xalqımızın bu bayram əhvali-ruhiyyəsinə toxunan "Azərbaycan” qəzeti yazırdı: "Bizim də həyatda yaşamağa hüququmuz vardı. Heç bir zirehli maşın, hidroplan, aeroplan, məftilli çəpər, mina və sair texniki qurğu, heç bir ingilis, heç bir qüvvə və onların havadarları tarixin təbii axarına mane ola bilmədilər. Bakının 50 minlik qoşun və texnika ilə birlikdə kiçik bir qüvvənin həmləsi qarşısında sükutu başqasının fəlakəti üzərində öz xoşbəxtliyini qurmaq istəyənlərə ibrət dərsi olmalıdır”.

Paytaxtın geri alınmasından sonra mətbəəsi 1918-ci ilin 31 martında dağıdılan "Açıq söz”, "Bəsirət”, "Kaspi” və bir çox qəzetlər öz fəaliyyətini bərpa etdi.

Azərbaycan paytaxtının türk əsgərinin köməyi ilə azad edilməsi Azərbaycan xalqına sonsuz sevinc gətirdi. Ordu komandanlığı sentyabrın 16-da bu təntənəli tarixi qeyd etmək üçün əmr verdi, hərbi hissələrin paradını, rəsmi keçidini təşkil etdi.

Qəhrəman əsgərlərin əhatəsində rəsmi keçidin təşkil olunduğu yerə gələn Xəlil və Nuru paşalar, Əliağa Şıxlınski, Həbib bəy Səlimov, Nazim bəy Ramazanov xalq tərəfindən böyük sevgi, sonsuz təşəkkür hissləri, həmrəylikdən doğan şüarlarla qarşılandı.

Qafqaz İslam Ordusu komandanı Nuru Paşa öz xatirəsində gənc Azərbaycan Cümhuriyyətində bir çox məsələlər kimi, mətbuatın vəziyyətinə də toxunaraq yazırdı: "Bakıda "Azərbaycan” namında bir türkcə (rəsmi hökumət qəzetəsi) və bir də rusca qəzet nəşr edilirdi. Bu qəzetlər mövqe komandanlığından bir senzor heyəti tərəfindən müraqiə edilirdi”.

Fətəli xan Xoyskinin rəhbərlik etdiyi milli hökumət üzvləri ilə yanaşı, Qafqaz İslam Ordusunun komandanlığı əhali ilə ünsiyyəti artırır, onların problemləri ilə yaxından tanış olur, hətta Nuru Paşanın qəbul saatları ilə bağlı qəzetlərdə elanlar dərc edilirdi.

Bütün bu tədbirlərlə yanaşı, ordu komandanlığı ətraf rayonlara səfər edir, xalqla birbaşa təmas qururdu. Nuru Paşanın növbəti səfərlərindən biri oktyabrın 5-də Qubaya oldu. Səfərlə bağlı reportaj dərc edən "Azərbaycan” qəzeti yazır ki, ruhanilər başda olmaqla bir neçə min əhali Paşa cənablarını böyük sevgi və coşqu ilə qarşılayıb.

Azərbaycanın istiqlala qovuşması üçün böyük fədakarlıqlar göstərən, Bakı azad olduqdan sonra "Baku” ləqəbini götürmüş Mürsəl Paşa qəzetlərin verdiyi məlumata görə, şəhər xəstəxanalarına gedib yaralı əsgərlərə baş çəkib, onlara tütün, təsbeh paylayıb, vəziyyətləri ilə maraqlanıb. Bütün bu addımlar insanlarda orduya inam, sevgi yaradır, əhali rahat dolanır, asudə fəaliyyət göstərirdilər.

Türk əsgəri ilə Azərbaycan oğullarının çiyin-çiyinə verib vətənin istiqlalını qorumağını, müstəqil milli ordumuzun formalaşmağını istəməyən qüvvələr isə şayiələr yayır, Türkiyə Ordusunun tezliklə geri çəkiləcəyi barəsində danışırdılar. Bu cür məlumatların yayılmasının qarşısını almaq üçün Nuru Paşa qəzetlərdə çıxış etməyə məcbur olurdu: "Mənə çatan məlumatlara görə bəd niyyətli insanlar Azərbaycandakı Osmanlı hökumətinin qoşunlarının geriyə - Türkiyəyə qaytarılmasına dair şayiələr yayırlar. Osmanlı dövlətinin hazırda Azərbaycan ərazisində olan bir qrup əsgərə ehtiyacı yoxdur. Hərbi hissələrin yeniləri ilə əvəzlənməsi, xidmət yerlərinin dəyişdirilməsi heç də qoşunların geri çəkilməsi demək deyil. Tanrıya şükür ki, Azərbaycan hər cür düşmən niyyətlərinə duruş gətirmək üçün kifayət qədər güclüdür və gələcəkdə də bu cür olacaqdır”.

Məqsədli şəkildə yayılan bu cür şayiələrə baxmayaraq Bakı öz rahat həyatını yaşayır, şəhərdə milli ab-hava hökm sürürdü.

Gəncədə milli zabit məktəbinin açılışına xüsusi diqqət yönəldən "Azərbaycan” qəzeti milli hərbi kadrların hazırlanmasının əhəmiyyətini xüsusi vurğulayır, tədbirdən irihəcmli reportaj çap edərək bu buraxılış mərasiminin tariximiz və millətimiz üçün nə qədər böyük əhəmiyyət daşıdığını qeyd edirdi.

Azərbaycanın müstəqilliyinin təmini üçün ordu quruculuğuna önəm verən milli mətbuat orqanlarında əsgərliyin hər bir insan üçün xüsusi əhəmiyyət daşıdığı, islamın da vacib şərtlərindən olduğu qeyd olunur, bu yöndə təbliğata önəm verilirdi.

Birmənalı qeyd etmək olar ki, cümhuriyyətin şərəfli tarixini özündə yaşadan "Azərbaycan”ın fəaliyyət istiqamətləri Qərb mətbuatının əsas prinsipləri üzərində qurulub. Müstəqilliyin qorunması qəzetin əsas qayəsi olub.

1920-ci il yanvarın 14-dən etibarən Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyinin Avropada təsdiqindən sonrakı dönəmlər "Azərbaycan” üçün yeni şanslar yaratdı. Amma təəssüf ki, bu dövr qısa oldu və 1920-ci il aprelin 28-i müstəqil Azərbaycan Rusiya tərəfindən işğal altına alındı.

Elmi konfransda Tarix İnstitutunun slaydında əksini tapmış "Azərbaycan” qəzeti ilə bağlı olduqca maraqlı, zəngin materiallar da nümayiş etdirildi. Həmin slaydı hazırlayan Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Elmar MƏHƏRRƏMOV dedi:

- Mən bu qəzetin daimi oxucusuyam. Düşünürəm ki, "Azərbaycan”ın fəaliyyətinin nə qədər geniş, mövzularının əhatəli olduğunu yalnız onu gündəlik oxuyanlar bilər.

Ona görə də slaydımızda yalnız institutumuza aid olan, fəaliyyətimizi əks etdirən, yaxud bu qəzetdə verilmiş ayrı-ayrı əməkdaşlarımızın məqalələrini yerləşdirmirik. Burada "Azərbaycan” qəzetinin bütün fəaliyyətini - həm bugününü, həm də öz tarixinə, öz kökünə münasibətini əks etdirməyə çalışırıq. Vaxtaşırı bu qəzetin ilkin nömrələrinə müraciət etməsi, çox maraqlı məlumatlar verməsi diqqətəlayiqdir. Bizim slaydda da "Azərbaycan” qəzetinin 1918-ci ildən bugünə qədərki bütün fəaliyyəti əhatə olunub. Mən çalışmışam qəzetin tarixi və bu günü haqqında təsəvvür yaradım. Slaydda cümhuriyyətin yaranması ilə bağlı sənəd, ölkəmizin o dövrdə çəkilmiş və Fransada da təqdim olunmuş xəritəsini yerləşdirmişəm. Həmin xəritə ki, ölkəmizin XX əsrin əvvəllərində geniş ərazilərə malik olduğunu göstərir. Sovet hökuməti Azərbaycanda hakimiyyəti ələ keçirdikdən sonra torpaqlarımızın bir hissəsində ermənilərə dövlət yaratdı, bir hissəsini Gürcüstana və bir hissəsini Rusiyaya verdi.

Slaydımızda "Azərbaycan” qəzetinin Azərbaycan, həm də sonra rus dillərində dərc olunmuş ilk nömrələri, ilk redaktorları Ceyhun Hacıbəyli, Şəfi bəy Rüstəmbəyov, Üzeyir bəy Hacıbəyli haqqında geniş məlumatlara yer verilib.

Bu mətbu orqan Azərbaycan yenidən müstəqilliyinə qovuşduqdan sonra fəaliyyətini davam etdirdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı, həmin dövrdə həyata keçirilən işlər, dövlətin həm xarici, həm də daxili siyasəti ilə bağlı "Azərbaycan” qəzetinin səhifələrində dərc olunmuş əhəmiyyətli yazılar və tarixi şəkillər qalır. Həmin materialları slaydımızda yerləşdirmişəm.

İlham Əliyevin hakimiyyətə gəlməsi və Ulu Öndər Heydər Əliyevin siyasətini davam etdirməsi, dövlətimizin istər beynəlxalq aləmdə qazandığı uğurlar, istərsə də sosial, iqtisadi, mədəni sahələrdə yüksək tərəqqiyə nail olması "Azərbaycan” qəzetində geniş işıqlandırılır. Tariximizi əks etdirən həmin materialları da slaydımızda əks etdirməyə çalışmışam.

Tədbirin sonunda Bəxtiyar SADIQOV Tarix İnstitutuna "Azərbaycanqəzetinin cümhuriyyət dövründə dərc edilmiş nömrələrini elektron variantda, Yaqub MAHMUDOV isə qəzetə institutun nəşrlərini - "Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən dahi sərkərdə”, "Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin dövlətçilik fəaliyyətinin Tiflis dövrü” və "Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Hindistan Milli Arxivinin sənədlərində” kitablarını təqdim etdi.


"AZƏRBAYCAN”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM