04 Iyul 2019 01:10
673
SİYASƏT
A- A+

Xalq-iqtidar birliyinin təzahürü


Azərbaycanın müstəqillik tarixində reallaşan iqtisadi və sosial layihələri, həyata keçirilən köklü islahatları müxtəlif baxış bucaqlarından nəzərdən keçirdikdə önəmli mənzərənin şahidi oluruq.

Müasir dünyada baş verən siyasi burulğanların, gərgin beynəlxalq münasibətlərin, aramsız iğtişaşların, alışan müharibələrin və səngimək bilməyən çəkişmələrin fonunda Azərbaycanın dinamik inkişafı, dünyada ən islahatçı ölkə imicini qazanması, nüfuzlu beynəlxalq reytinq agentliklərinin keçirdikləri rəy sorğularında öndə getməsi əslində öyrənilməsi zəruri olan fenomenal siyasi situasiyadır.

Ölkəmizin bədnam və işğalçı Ermənistan tərəfindən sonu görünməyən müharibəyə cəlb edilməsi, ərazilərimizin 20 faizinin işğalı, cəbhədə atəşkəs olsa da, təmas xəttində bu kövrək və etibarsız sülhün hər gün pozulması, dinc əhalinin aramsız atəşə tutulması və günahsız insanların, qadın və uşaqların qətlə yetirilməsi Azərbaycan dövlətçiliyini sarsıtmağa və çökdürməyə hesablanan məkrli erməni planıdır. Məqsəd Azərbaycan iqtisadiyyatına ağır zərbə vurmaq, onu dünyada gedən siyasi proseslərdən təcrid etmək, daxili siyasi sabitliyi pozmaq, iqtisadi böhran yaratmaq və onu siyasi xaosa sürükləməkdir. Faktiki olaraq ötən əsrin 90-cı illərində yaranmış vəziyyət buna yaxın və demək olar ki, Azərbaycanın düşmənləri istədiklərinə nail olmaq ərəfəsində idi. O zaman erməni işğalçılarını bu niyyətlərində dəstəkləyən, onlara dayaq duran super güclərin də siyahısı təsəvvür etdiyimizdən xeyli uzun idi. Faktiki olaraq belə bir ciddi təsir mexanizmi öz faydasını verməli və bir sıra Şərq dövlətləri kimi, Azərbaycanı da çökdürməli idi.

Lakin Azərbaycan bütün çağırışlara sinə gərə bildi, dünyanın siyasi müstəvisində tək olmasına, tarixi aylarla ölçülən diplomatik staja malik olmasına baxmayaraq, müstəqillik ideyalarına sadiqliyini qorudu, xalq və iqtidar birliyinin vəhdətindən doğan gücə söykənərək düşmənlərinin və siyasi rəqiblərinin məkrli planlarını darmadağın etdi.

O zaman Qafqazda geosiyasi vəziyyətin həddən artıq mürəkkəbləşməsinə baxmayaraq, Ulu Öndər Heydər Əliyev iqtidar-xalq birliyini monolit gücə çevirdi. Onun dəmir iradəsi, qətiyyəti və gələcəyə yönəlmiş addımları bugünkü Azərbaycan reallıqlarının özülünü təşkil etdi. Azərbaycan Prezidenti İlham Əliyev də hakimiyyətə gəldiyi gündən Heydər Əliyev siyasətini davam etdirməyi, insanların rifahı naminə çalışmağı, xalq-iqtidar birliyini qorumağı qarşısına məqsəd qoydu.

Dövlət başçısı fəxarətlə qeyd edir ki, Azərbaycanda sabitliyin təminatçısı xalqdır. "Dünya birliyinin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir və bu dəstək BMT Təhlükəsizlik Şurasında keçirilmiş səsvermədə özünü büruzə verdi, 155 ölkə bizi dəstəklədi. Yəni bu da tarixi nailiyyətimizdir. Bir çox beynəlxalq təşkilatlar bu dövrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətə əsaslanan, bizim mövqeyimizi müdafiə edən qərar və qətnamələr qəbul etmişdir, o cümlədən BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatlar. Bu, bizim böyük diplomatik və siyasi uğurumuzdur”, - deyə İlham Əliyev bildirmişdir.

Bütün görülən tədbirlərin, atılan addımların sırasında isə ən vacibi qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində atılan addımlar idi. Biz indi dövlət başçısının əhalinin sosial rifahının gücləndirilməsi üçün imzaladığı çoxsaylı sərəncamlardan danışırıq, artıq ikinci sosial paket medianın diqqət mərkəzindədir. Amma hər şey ənənələrdən başlayır. Heydər Əliyev müstəqilliyin ilk illərində necə məcburi köçkünlərin problemləri ilə maraqlanırdısa, onlara böyük qayğı, diqqət göstərirdisə, bu gün də həmin təbəqə dövlətin diqqət mərkəzindədir.

Son 15 il ərzində əməkhaqlarının, pensiyaların 10 dəfəyə yaxın artırılması, iqtisadiyyatın 3 dəfə güclənməsi daha çox qazanmağa, daha geniş çərçivədə sosial layihələri həyata keçirməyə imkan verir. Dünya Bankının hesablamalarına görə, biz bu göstərici üzrə dünya miqyasında 25-ci yerdəyik.

İlham Əliyev demişdir: "...islahatlar aparıldı və ölkə qarşısında duran problemlər həll olunmağa başlandı. Əgər biz buraya texnoloji inkişafı əlavə etsək, deyə bilərik ki, bu gün Azərbaycanın 3 peyki var, Azərbaycan kosmik klubun üzvüdür. Bu da böyük nailiyyətdir, tarixi nailiyyətdir. Enerji təhlükəsizliyi sahəsində görün nə qədər böyük işlər görüldü. Heydər Əliyevin öz əlləri ilə təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan artıq 13 ildir ki, fəaliyyət göstərir və ölkəmizə gəlir gətirir. Bu gəlir xalqın rifah halının yaxşılaşmasına, infrastruktur layihələrinin icrasına yönəldilir”.

Lakin bu gün Azərbaycan dövləti görülən işlərlə kifayətlənmir. Əsas məqsəd gələcəyə düzgün baxışın təyin edilməsi, yeni inkişaf yollarının üzə çıxarılmasıdır. Prezident İlham Əliyev vurğulayır ki, dünya dəyişir, yeni çağırışlar meydana çıxır, dünyanın geosiyasi mənzərəsi 10-15 il əvvəlkindən fərqlidir. Azərbaycanın maraqlarının təmin edilməsi və qorunması üçün çevik diplomatik səylər, sürətli gedişlər lazımdır: "Biz bundan sonra da çalışmalıyıq ki, Azərbaycanı mümkün olan risklərdən qoruyaq, necə ki, bu günə qədər qorumuşuq. Bu, asan məsələ deyil. Çünki hər birimiz yaxşı bilirik ki, dünyada gərginlik çoxalır, beynəlxalq hüququn normaları pozulur, bu normalara məhəl qoyulmur və ölkələr arasında gərginlik artmaqdadır. Ona görə bizim əsas məqsədimiz uğurlu xarici siyasətdən istifadə edərək ölkəmiz üçün mövcud olan və gələcək mümkün riskləri azaltmaqdır”.

Dövlət başçısı belə hesab edir ki, sabitliyin təminatçısı olan Azərbaycan xalqı dövlətə güc verir və islahatları dərinləşdirməyə yeni imkanlar yaradır. Məhz bu birlik Azərbaycanın uğurlu dayanıqlı inkişafını təmin etmək gücünə qadirdir.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video