04 Iyul 2019 01:04
597
SİYASƏT
A- A+

Ermənistanda daxili qarşıdurma daha gərgin mərhələyə keçir


İşğalçı ölkədə insan haqları kobud şəkildə pozulur, günahsız insanlar həbs olunurlar


Bu gün dünyada ən aktual məsələlərdən biri də insanların hüquq və azadlıqlarının etibarlı müdafiəsidir. Müxtəlif dövlətlərdə bu sahədə vəziyyət bir-birindən kəskin surətdə fərqlənir. Elə ölkələr var ki, orada insan hüquqları ilə bağlı durum getdikcə daha acınacaqlı xarakter alır. Məsələn, işğalçı Ermənistanda son hakimiyyət dəyişikliyindən sonra bu istiqamətdə dəhşətli bir vəziyyət hökm sürür.

İnqilabdan sonra Ermənistanda nəinki demokratiyadan, hətta qanunun aliliyindən belə bəhs etmək üçün səbəb yoxdur. Amma buna rəğmən, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın BMT-nin insan hüquqları şurasında çıxış edərək işğalçı ölkədə baş verən hadisələri demokratik keçid adlandırmağa cəhd göstərir. Halbuki artıq birmənalı həqiqətdir ki, BMT-nin insan hüquqları şurasının kuluarlarında Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra Ermənistanda baş verən hadisələr istehzalı şəkildə yakobin və ya bolşevik sayağı "inqilabi diktatura” adlandırılır.


"İnqilabi diktatura” rejimi quran bir ölkənin BMT-nin insan hüquqları şurasına seçilməsi qəbuledilməzdir


Digər tərəfdən nəzərə almaq lazımdır ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində ərazilərimizin 20 faizindən çoxu işğal edilib. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, qadınlar, uşaqlar, qocalar dəhşətli zorakılıqla qətlə yetirilib, minlərlə insan əsir və girov götürülüb, tarixdə analoqu olmayan Xocalı soyqırımı törədilib. Azərbaycan dövlətinin ərazisində "Dağlıq Qarabağ Respublikası” adlı qondarma bir qurum yaradılıb.

Bu mənada işğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı qanlı etnik təmizləmə törətmiş bir ölkənin BMT-nin insan hüquqları şurasında insan hüquqları və demokratiyadan danışması bu təşkilatın özünün təməl prinsiplərinə ziddir. Azərbaycanın haqlı tələblərinə, təcavüzkarlıq faktını dünyanın qətiyyətlə pisləməsinə baxmayaraq, Ermənistan işğalçılıq siyasətini davam etdirir. Bu işğalın nəticəsi olaraq, Azərbaycan dövlətinin ərazi bütövlüyü kobud şəkildə pozularaq Dağlıq Qarabağın və ətraf rayonların əhalisinin yaşamaq hüququ əlindən alınıb.

Buna baxmayaraq cari ilin payızında Ermənistan BMT-nin insan hüquqları şurasına seçilməyə çalışır. Amma qanlı etnik təmizləmə törədən, bir milyondan artıq azərbaycanlının fundamental hüquq və azadlıqlarını kobud şəkildə pozan və "inqilabi diktatura” rejimi quran bir ölkənin BMT insan hüquqları şurasına seçilməsinə haqqı çatırmı? Bu, sadəcə qəbuledilməzdir. Qeyd olunan hal BMT-nin təməl prinsiplərinin və dəyərlərinin tapdalanması anlamına gəldiyindən beynəlxalq ictimaiyyət buna imkan verməməlidir.

Beynəlxalq qurumlar Ermənistanda insan haqlarının kobud şəkildə pozulması, günahsız insanların həbs olunması, seçki prosesinin saxtalaşdırılması və digər məsələlər fonunda Yerevanın bu niyyətinin üzərindən birdəfəlik xətt çəkməlidirlər.


Etiraz aksiyaları səngimək bilmir


Ermənistanda mövcud hakimiyyətlə keçmiş hərbi xunta arasında qarşıdurma getdikcə daha kəskin xarakter almağa başlayır. Belə görünür ki, bu iki qüvvənin ortaq məxrəcə gəlməsi mümkünsüz olacaq və belə vəziyyət ölkədə qarşıdurmanın daha radikal xarakter almasına rəvac verəcək. İndiki durumda isə baş nazir Nikol Paşinyan hüquqi müstəvidə keçmiş hökumətin təmsilçilərini sıradan çıxarmağa çalışır və sabiq prezident Robert Koçaryanın yenidən həbsə atılması bunun daha bir təzahürüdür.

Xatırladaq ki, Ermənistanın Apelyasiya Məhkəməsi Robert Koçaryanın azadlığa buraxılması haqqında qərarı ləğv edib. Apelyasiya Məhkəməsi, həmçinin, Qarabağ separatçılarının liderlərinin Koçaryanın azadlığa çıxması üçün ödədikləri girovun onların özlərinə qaytarılması haqqında da qərar qəbul edib.

Məhkəmə qərarından sonra Koçaryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binasında yerləşən "Yerevan-Kentron” cəzaçəkmə müəssisəsinə gedərək təslim olub. Koçaryanın tərəfdarları onun həbsinə etiraz olaraq Milli Təhlükəsizlik Xidmətinin binası önündə davamlı aksiya keçirir. Aksiya iştirakçıları onun azadlığa buraxılmasını tələb edərək, əslində bu addımın hökumətin xalqın diqqətini sosial-iqtisadi problemlərdən yayındırmaq məqsədilə atıldığını bildirirlər. Onlar sonadək mübarizə aparacaqlarını bəyan ediblər.


"Paşinyanın hədəfi prezident idarə-üsuluna qayıtmaqdır”


Hesab olunur ki, baş verənlər fonunda keçmiş hərbi xunta Nikol Paşinyana qarşı daha aktiv şəkildə hərəkətə keçəcək. Onların əsas niyyəti Robert Koçaryanın həbsi fonunda yaranan gərginliyi daha da artırmaq, Paşinyanın hakimiyyətdə möhkəmlənməsinin qarşısını almaqdır.

"Jamanak” nəşri öz mənbələrinə istinadən yazır ki, Nikol Paşinyan keçmiş iqtidarı əzib prezident olmağı düşünür: "Ermənistan rəhbərliyi Vaqe Qriqoryanın Konstitusiya Məhkəməsinin rəhbəri təyin edilməsindən sonra konstitusiya islahatları keçirmək niyyətindədir. Onların məqsədi prezident idarə-üsuluna qayıtmaqdır. Baş nazir Nikol Paşinyan əmindir ki, ciddi rəqabətin olmadığı şəraitdə onu asanlıqla prezident seçəcəklər”.

Keçmiş iqtidar başa düşür ki, baş nazirdən sonra Paşinyan prezident postunu tutsa, bu klanın yenidən hakimiyyətə qayıtmaq şansı olmayacaq. Elə bu səbəbdən indidən Robert Koçaryanın ətrafında baş verənlərdən istifadə edib vəziyyəti daha da gərginləşdirməyi və Paşinyanı iqtidardan uzaqlaşdırmağı düşünürlər.


Keçmiş hərbi xunta daxildə vəziyyəti gərginləşdirir


Eyni zamanda Paşinyanın zəbt edilmiş Azərbaycan ərazilərində separatçı rejimin başına öz adamını gətirmək niyyətinə qarşı da genişmiqyaslı fəaliyyət həyata keçirilir. Deyilənə görə, Paşinyanın separatçı rejimin rəhbərliyi üçün namizədi qondarma qurumun keçmiş "müdafiə naziri”, Ermənistanın baş hərbi müfəttişi Movses Hakobyan ola bilər.

Məhz bu fonda məlum olub ki, Ermənistan Baş Prokurorluğu hakim David Qriqoryana Robert Koçaryanın cinayət işinə baxmaqdan könüllü olaraq çəkilməyi təklif edib. Lakin David bu təklifin verilməsi səbəbini açıqlamayıb. Buna rəğmən, bu istiqamətdə göstərişin Paşinyandan gəlməsi ehtimal olunur və görünən budur ki, baş nazir Koçaryanı azadlığa buraxmaq niyyətində deyil.

Ermənistanın "Qraparak” nəşri də yazır ki, belə vəziyyətdə Paşinyana qarşı keçmiş hərbi xunta Rusiyadan yararlanmağa çalışır: "Paşinyanın Rusiya ilə münasibətlərin parlaq olduğunu deməsinə baxmayaraq real siyasət bunun tam əksini sübut edir. Robert Koçaryanla Rusiya səfirinin görüşməsinin ardından Xarici İşlər Nazirliyi səviyyəsində hesabat tələb olunması ətrafında yaranan qalmaqal səngiməmiş erməni-rus münasibətlərində yeni "parıltı” qeydə alınıb. Bu özünü AŞ PA-da Ermənistan nümayəndə heyətinin Rusiya Federasiyasının nümayəndə heyətinin təşkilata qayıtması qərarının səsverməsi zamanı qərarın əleyhinə səs verməsi, yaxud səsvermədə iştirak etməməsi ilə büruzə verib. Avropa Şurası Krım yarımadasının anneksiyasından sonra rusları səsvermə hüququndan və bir sıra digər hüquqlarından məhrum edib. Maraqlıdır ki, Ermənistan nümayəndə heyətinin AŞ PA-da səsvermə hüququ olan 2 müxalifət deputatı Edmon Marukyan və Naira Zöhrabyan qərarın lehinə, nümayəndə heyətinin rəhbəri Rubinyan əleyhinə səs verib, digər nümayəndə Ovhanes İgidyan naməlum səbəbdən səsvermədə iştirak etməyib”.

Nəşr qeyd edir ki, bu qərar Rusiya səfirinin Koçaryanla görüş təşəbbüsünə cavab olaraq verilib: "Deyilənlərə görə, əslində Rubinyan səsvermə zamanı səhv etməyib. O, Paşinyan səviyyəsində qəbul edilən qərarı ifadə edib. Bu qərarın Rusiya səfirinin Koçaryanla görüş təşəbbüsünə cavab olaraq verildiyi bildirilir. Əslində, AŞ PA-nın tarixində ilk dəfə Ermənistan hakimiyyət nümayəndəsi Rusiyanın maraqlarına cavab verən təşəbbüsün əleyhinə səs verib”.

İndi hesab edilir ki, belə vəziyyətdə keçmiş hərbi xunta Rusiyadan yardım alaraq, ilk növbədə, Ermənistan daxilində vəziyyəti gərginləşdirməyə çalışacaq. Bunun üçün sosial-iqtisadi problemlər, Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verənlər yenidən qabardılır. Bütün bunlar fonunda Ermənistanda qarşıdakı dövr ərzində gərgin vəziyyətin davam edərək yeni qarşıdurma həddinə çatması isə istisna olunmur.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video