03 Iyul 2019 00:43
472
İQTİSADİYYAT
A- A+

“Star” - yaşı az, uğurları çox


Fəaliyyət göstərdiyi 9 ay ərzində zavod beynəlxalq standartlar səviyyəsində işlədiyini təsdiqləyib


"Star” Neft Emalı Zavoduna (NEZ) verilən üç mühüm sənəd müəssisənin beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini təsdiqləyib. Bunlar "İnteqrasiya edilmiş idarəetmə sistemi”, "Keyfiyyət idarəetmə sistemi”, "Ekoloji idarəetmə sistemi və Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi” üzrə olan sənədlərdir.

SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda inşa etdiyi "Star” Neft Emalı Zavodu cəmi 9 aydır fəaliyyət göstərir. Bununla belə, müəssisə bir sıra uğurlara imza atıb. Belə ki, bu ilin fevral ayında zavod "Petkim PetroKimya Holding A.Ş.”yə ilk məhsulunu satıb. Məhsul "Petkim”ə boru kəmərləri ilə çatdırılıb. İlkin mərhələdə "Petkim”ə satılan bu məhsul 1303 ton naftadan ibarət olub. Ümumiyyətlə, bundan sonra "Petkim”in naftaya olan tələbatını bütövlükdə "Star” ödəyəcək.

İndiyədək "Star” bir sıra önəmli mükafatlara da layiq görülüb. İlin əvvəlində zavod "Ən yaxşı maliyyə layihəsi idarəetmə” mükafatını alıb. "Star”a həmin mükafat "International Finance” jurnalı tərəfindən verilib.

Yanvar ayında "Star”ın, həmçinin "SAP S/4 HANA IS-OIL” layihəsi nümunəvi layihə seçilib. Zavodun sözügedən layihəsinə bu yüksək qiymət Frankfurtda keçirilən, 50-dən çox ölkədən 3000-dən artıq layihənin iştirak etdiyi "SAP S-KOM” konfransında verilib. Həmin tədbirdə "Star”ın strateji əhəmiyyətindən və rəqəmsal neftayırma zavodu olmaq yolunda atılan addımlarından da ətraflı bəhs edilib.

Aprel ayında isə müəssisə Ankarada keçirilən SAP Rəqəmsal Transformasiya Zirvəsinin "İlin ən yaxşı layihələri” mərasimində "Enerji sektorunda ilin rəqəmsal transformasiya layihəsi” mükafatına layiq görülüb.

Xatırladaq ki, "Star” Neft Emalı Zavodu keçən il oktyabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılıb. "Star”ın istifadəyə verilməsi Azərbaycanın qısa müddətdə investisiya yatırılan ölkədən sərmayə yönəldən ölkəyə çevrildiyini bir daha nümayiş etdirib.

Çünki bu müəssisə Türkiyədə ölkəmizin 6,3 milyard dollarlıq sərmayəsi ilə istismara verilib.

"Star” Avropa, Yaxın Şərq və Afrika bölgələrinin ən böyük müəssisələrindən biridir. Onun ümumi neft emalı gücü 10 milyon ton təşkil edəcək. Müəssisənin əsas xammal təchizatçısı SOCAR-dır.

"Star” NEZ Azərbaycanın və Türkiyənin indiyədək gerçəkləşdirdikləri qlobal layihələr sırasında önəmli yeri tutur. İki ölkənin digər tərəfdaşlarla birlikdə həyata keçirdikləri nəhəng işlərin təməlində isə Xəzər dənizi, Qara dəniz və Aralıq dənizini birləşdirən "polad kəmər” - Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri dayanır. BTC-dən sonra "Şahdəniz” qazını Bakı yaxınlığındakı Səngəçal terminalından Ərzurumadək nəql edən Bakı-Tbilisi-Ərzurum kəməri bu əlaqəni daha da möhkəmləndirdi. Nəhəng enerji layihələrinin gerçəkləşməsi digər sahələrdə də mühüm işlər görməyə imkan yaratdı. Nəqliyyat sektorunda önəmli layihə - Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi həyata keçirildi.

2018-ci ilin iyun ayında istifadəyə verilən TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) da Azərbaycanın və Türkiyənin işbirliyini, əməkdaşlıq və tərəfdaşlığını dünyaya nümayiş etdirdi. Bu, iki ölkənin birgə çəkdiyi 1900 kilometrlik boru xəttidir. "Cənub qaz dəhlizi”nin onurğa sütunu adlandırılan bu kəmər Azərbaycanla Türkiyənin təkcə işbirliyinin, iqtisadi əməkdaşlığının deyil, dünyaya nümunə olan dostluq və qardaşlığının bəhrəsidir. TANAP Azərbaycanın və Gürcüstanın ərazisindən keçən Cənubi Qafqaz Boru Kəmərinin daşıdığı qazı tikilməkdə olan TAP-a (Trans-Adriatik Qaz Boru Kəməri) ötürəcək. TAP isə 2020-ci ildə Azərbaycan qazını Avropaya çatdıracaq.

TANAP-ın açılışından cəmi dörd ay sonra "Star” kimi nəhəng müəssisənin istifadəyə verilməsi birgə həyata keçirilən işlərin miqyasını və dəyərini göstərir.

Prezident İlham Əliyev bununla bağlı demişdir: "Bunların hər biri özlüyündə nəhəng bir layihədir və nəinki ölkələrimiz, xalqlarımız üçün, bölgə, dünya, Avrasiya üçün çox böyük önəm daşıyır. Türkiyə və Azərbaycan birgə səylərlə güclü siyasi iradə nümayiş etdirərək Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır. Bunu biz edirik və bu yeni xəritələrin altında bizim imzamız var. Bütün bunları biz birgə səylərlə etdik. Bütün bu layihələr böyük maliyyə yatırımı tələb edən layihədir”.

"Star”ın təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Zavod Türkiyədə SOCAR-ın "Petkim” neft-kimya kompleksinin yerləşdiyi ərazidə inşa edilib. 2018-ci ilin avqust ayından müəssisədə sınaq məqsədilə xam neft emal olunmağa başlayıb. Zavoda ilk 80 min ton "Azeri Light” nefti də Azərbaycandan gətirilib.

"Star” zavodunda cari ilin sonuna qədər 8 milyon ton xam məhsul emal ediləcək. Ümumiyyətlə, müəssisədə ildə 5 milyon ton dizel yanacağı, 1,6 milyon ton təyyarə yanacağı, 1 milyon tondan çox digər məhsullar buraxılacaq.

Qeyd etdiyimiz kimi, layihənin ümumi sərmayə qoyuluşu 6,3 milyard dollar təşkil edir. Bu investisiyanın 90 faizi artıq yatırılıb. 2021-ci ilədək yönəldilməsi başa çatan investisiya ilə "Star”ın ümumi tutumu artırılacaq. Sonda investisiyanın həcmi 7 milyard dollara çatacaq.

"Star” Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan olunub. Zavod "Petkim” neft-kimya kompleksini nafta və qarışıq ksilenlə tam təmin edəcək. "Star” Türkiyənin dizel yanacağı idxalının 40 faizə düşməsinə imkan verəcək. Ölkənin təyyarə yanacağına olan tələbatını tam ödəyəcək. Həmçinin mayeləşdirilmiş neft-qazın idxal səviyyəsini 70 faizə endirəcək. Zavod neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq. Bir sözlə, bu müəssisə Türkiyədə sənayenin, ümumiyyətlə, iqtisadiyyatın inkişafına təkan verəcək.

"Star” NEZ-in yerləşdiyi Əliağa yarımadası daşımalar baxımından strateji əhəmiyyət kəsb edir. Burada "Star”la yanaşı, "Petkim” neft-kimya kompleksi, külək elektrik enerji stansiyası və Egey dənizinin ən böyük limanı olan "SOCAR Terminalı” vahid infrastruktur və dəyər zənciri çərçivəsində fəaliyyət göstərir.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video