03 Iyul 2019 00:23
1546
Mədəniyyət
A- A+

Tamerlan zirvəsi


Tamerlan Əziz oğlu Əliyev

1921-ci il oktyabrın 3-də Naxçıvanın Şahtaxtı kəndində dünyaya gəlib. 1940-1944-cü illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb. 1945-ci ildə institutun fakültə terapiyası kafedrasında işə başlayıb. 1970-1990-cı illərdə kafedranın professoru olub və ora rəhbərlik edib.

Həkimlik fəaliyyətinə başladığı ilk illərdə Naftalan neftinin orqanizmin reaktivliyinə təsirinin öyrənilməsinə böyük əmək sərf edən T.Əliyev endokrinologiya sahəsində də elmi tədqiqatlar aparıb.

T.Əliyevin şəxsi iştirakı və səyi nəticəsində 1975-ci ildə Fuad Əfəndiyev adına 4 nömrəli Bakı şəhər Klinik Xəstəxanası bazasında 90 çarpayılıq endokrinologiya şöbəsi fəaliyyətə başlayıb. Eyni zamanda Azərbaycanda ilk intensiv kardioloji yardım şöbəsi təşkil edilib, xəstəxanada müasir cihaz və avadanlıqlarla təmin edilmiş reanimasiya və intensiv terapiya bloku, funksional diaqnostika şöbəsi yaradılıb. T.Əliyevin Azərbaycan səhiyyəsində xidmətlərindən biri də onun təşəbbüsü və təşkilatçılığı ilə inşa edilərək fəaliyyətə başlayan C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu olub. Görkəmli alim uzun illər Səhiyyə Nazirliyinin baş terapevti, Bakı şəhər Səhiyyə İdarəsinin baş endokrinoloqu, ictimai əsaslarla Tibb İnstitutunun elmi işlər üzrə prorektoru vəzifələrini yerinə yetirib.

Professor T.Əliyev 250-dən çox elmi əsərin, o cümlədən 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, metodiki tövsiyələrin və səmərələşdirici təklif, ixtiraların, həmçinin çoxsaylı elmi-kütləvi məqalələrin müəllifi olub. Rəhbərliyi altında 25 elmlər namizədi, 5 elmlər doktoru hazırlanıb.

"Klinik-diaqnostik laborator tədqiqat üsulları” adlı monoqrafiyası Azərbaycan SSR Dövlət mükafatı ilə təltif edilib. 1981-ci ildə "Əməkdar elm xadimi” fəxri adına, müxtəlif illərdə "Şərəf nişanı” və "Oktyabr İnqilabı” ordenlərinə, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medalına, "Səhiyyə əlaçısı” döş nişanına, Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanına və digər təltiflərə layiq görülüb.

Tamerlan Əliyev 1997-ci il aprel 7-də dünyasını dəyişib, Fəxri xiyabanda dəfn edilib.

Bir insanın ən böyük xoşbəxtliyi nədir? Bu suala bəlkə də insanlıq var olandan cavab axtarılır. Hər kəs də öz düşüncəsindən çıxış edərək cavab verir. Kimisi üçün var-dövlət, kimisi üçün mal-mülk, vəzifə, kimisi üçün sadəcə sevdiklərinin əhatəsində sağlam və şad-xürrəm yaşamaqdır xoşbəxtlik... Amma ən böyük xoşbəxtlik bəlkə də bu dünyadan yaxşı insan kimi ad qoyub köçməkdir. O adı insan xasiyyəti, başqalarına münasibəti, əməlləri, əxlaqı, həyat tərzi ilə qazanır. Və bu, elə bir qazanca, var-dövlətə çevrilir ki, özü bu həyatda olmayanda belə, illərlə, qərinələrlə tükənmir.

Yaxşı insan olmaqla bərabər çalışdığın sahənin peşəkarı, bilicisi səviyyəsinə yüksəlmək xoşbəxtliyi isə heç bir ölçüyə, miqyasa sığmır. Bu da hər kəsə nəsib olmur. Yalnız seçilmişlərin qismət payına düşür. Tamerlan Əliyev də məhz belə xoşbəxtlərdən - seçilmişlərdən idi...

"Unudulmazlar”da Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, tibb elmləri doktoru, professor Tamerlan Əliyevin həyat kitabını vərəqləyəcəyik.


Tibb İnstitutuna imtahansız qəbul olunur


Tamerlan Əliyev 3 oktyabr 1921-ci ildə Naxçıvanın Şahtaxtı kəndində gələcəyin böyük dövlət və elm xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Ailənin ilk övlad payı idi. Onun dünyaya gəlməsindən 3 il əvvəl - 1918-ci ildə valideynləri əzəli Azərbaycan torpağı olan İrəvandan məcburi köçkün salınmış, gəlmə ermənilərin törətdikləri vandalizmin qurbanı olmuşdular. Əziz Əliyev 1923-cü ilin mayında ailəsi ilə birlikdə Naxçıvandan Bakıya köçəndə isə Tamerlanın 2 yaşının tamamına az qalırdı.

Tamerlan Əliyev sonrakı həyatının bütün dövrlərini Bakıda keçirmiş, bu şəhərdə böyüyüb kamilləşmişdi. O, ilk təhsilini Bakıdakı 3 nömrəli ibtidai məktəbdə alır, sonra isə 176 nömrəli orta ümumtəhsil məktəbini bitirir. Hələ uşaqlıq çağlarından alicənablıq, həssaslıq və ziyalılıq ruhunda tərbiyə almış Tamerlan atasının bütün müsbət keyfiyyətlərini özündə əxz etmiş, eləcə də həkimliyə olan sevgi genlə, qanla ona da keçmişdi. 1940-cı ildə orta məktəbi əla qiymətlərlə başa vuran yeniyetmə o dövrün qaydalarına görə qəbul imtahanlarından azad edilir, həkim olmaq arzusunu reallaşdırmaq məqsədilə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə birbaşa qəbul olunur.

Qaynar tələbəlik həyatı keçirən gənc Tamerlan institutun bütün ictimai işlərində fəal iştirak etməklə bərabər, dərslərini də əla qiymətlərlə oxuyur. O, tələbəlik illərində fakültənin divar qəzetinin redaktoru, institutun tələbə həmkarlar təşkilatının büro üzvü olur. Təhsildə əldə etdiyi uğurlara görə dövrünün ən yüksək tələbə mükafatı olan Stalin təqaüdünə layiq görülür. 1943-cü ildə isə təhsildə və ictimai işlərdə əldə etdiyi nailiyyətlərə görə o zamanlarda nadir hallarda rastlanan yüksək təltiflə - Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunur.

T.Əliyev müharibə illərində dərsdənkənar vaxtlarda hərbi hospitalda işləyir, yaralı əsgərlərə tibbi xidmət göstərirdi. Müharibə dövründə Tibb İnstitutunda təhsil müddəti 4 ilə qədər azaldıldığı üçün Tamerlan Əliyev artıq 1944-cü ildə institutu bitirərək əmək fəaliyyətinə başlayır. Lakin o, hələ 1943-cü ilin sentyabrında sonuncu kursda oxuyarkən artıq Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunda epidemioloq vəzifəsini yerinə yetirir, 1944-cü ildə isə Azərbaycan Dövlət İnstitutunun mikrobiologiya kafedrasında assistent kimi işləyir. Gənc məzun 1945-ci ildən etibarən Azərbaycan Dövlət Tibb İnstitutunun fakültativ terapiya (indiki II müalicə-profilaktika fakültəsinin daxili xəstəliklər kafedrası) kafedrasında əvvəlcə kliniki ordinator, sonra isə assistent, dosent, professor və kafedra müdiri vəzifələrində çalışır və ömrünü bütünlüklə bu kafedradakı əmək fəaliyyətinə həsr edir.


Bütün vəzifələrdən imtina etdi


Tamerlan Əliyevin qızı - ATU II müalicə-profilaktika fakültəsinin daxili xəstəliklər kafedrasının endokrinologiya şöbəsinin professoru, tibb elmləri doktoru Tamfira Əliyeva deyir ki, bu kafedradakı iş atası üçün çox doğma idi. Axı Əziz Əliyev də məhz o kafedrada çalışmışdı. Yəqin həm də bu səbəbdən Tamerlan Əliyev bu kafedranı heç bir yüksək vəzifəyə dəyişmir.

- Atam çox zəhmətsevər, işgüzar, çalışqan olub. Həm məktəb və tələbəlik illərində, həm də həkim kimi fəaliyyətində. Yəni atasının vəzifəsinə arxayın olmurdu. Heç nədən də çəkinmirdi. İstəmirdi desinlər ki, Əziz Əliyevin oğlu nədənsə çəkinir, uzaq durur. Bizə də nəsihət edirdi ki, "heç kimə arxayın olmayın, nəyəsə güvənməyin. Yalnız və yalnız oxuyun. Özünüz zəhmət çəkib nəyəsə nail olun ki, başım uca olsun”. Çünki özü bu məktəbi keçmişdi, bizdən də bunu tələb edirdi.

T.Əliyevin şəxsi iştirakı və səyi nəticəsində 1975-ci ildə Fuad Əfəndiyev adına 4 nömrəli Bakı şəhər Klinik Xəstəxanasının bazasında 90 çarpayılıq endokrinologiya şöbəsi yaradılır. Novator alimin təşəbbüsü ilə keçmiş SSRİ miqyasında ilk dəfə olaraq bu xəstəxananın nəzdində miokard infarktı və şəkərli diabeti olan xəstələrin distansion diaqnostikası, təxirəsalınmaz yardımı, həmçinin intensiv terapiyası təşkil olunur. Bununla yanaşı, daxili xəstəliklər kafedrasının bazasında Azərbaycanda ilk intensiv kardioloji yardım şöbəsi təşkil edilir, xəstəxanada müasir cihaz və avadanlıqlarla təmin edilmiş reanimasiya və intensiv terapiya bloku, funksional diaqnostika şöbəsi yaradılır. Tamerlan Əliyevin Azərbaycan səhiyyəsindəki xidmətlərindən biri də bilavasitə onun təşəbbüskarlığı və təşkilatçılığı ilə inşa edilərək fəaliyyətə başlayan C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu olur. Lakin Tamerlan müəllim orada heç bir vəzifə tutmaq istəmir.

- Çox təvazökar insan idi atam. İstəmirdi kimsə desin ki, vəzifədən istifadə edir. Yüksək vəzifələrdə olması üçün qarşısına çoxlu şanslar çıxmışdı. Hətta 80-ci illərdə atama yüksək vəzifə təklif edildi. Ancaq atam istəmədi. Dedi, "bu kafedraya necə gəlmişəmsə, elə də gedəcəm. Atam da burda işləyib. Bura mənə o qədər doğmadır ki, heç nəylə, heç bir vəzifə ilə əvəz edə bilmərəm. Öz işim mənə kifayət edir”. Atamın vida mərasimində çıxış edən zaman Heydər Əliyev bu faktı da açıqlamışdı. Demişdi, "Tamerlan Əliyevin vəzifədə, mal-dövlətdə gözü olmadı, şəxsi münasibətdən istifadə etmədi”. Atam həqiqətən də gözütox, sadə insan olub. Ömrünün sonuna kimi yaşadığı evi də dəbdəbədən uzaq, sadə bir mənzil idi. Deyirdi, "mənə heç nə lazım deyil, eləcə də vəzifə. Mən siyasi xadim deyiləm, həkiməm, insanlara kömək etməliyəm - bu, mənim borcumdur”.


"Deməsinlər ki, Tamerlan Əliyevin qızı bahalı geyimlər geyinir”


O, həkim kimi borcunu da layiqincə yerinə yetirirdi. Qızı deyir ki, atası olduqca xeyirxah insan idi. Yanına gələnləri heç vaxt naçar şəkildə geri qaytarmazdı. Qapısı həmişə hamının üzünə açıq olardı. Hər kəsə də əlindən gələn köməyi edərdi.

- Atamın kabineti 4 nömrəli xəstəxanada idi. Hər gün səhər saat 8-də işdə olurdu. Xəstələr pənah tapmaq üçün yanına axışırdı. Yanına gələn istənilən adamı dinləyir, bacardığı qədər yardım edirdi. Hamıya da yaxşılıq etməyə çalışırdı. Heç kəsə pislik etməzdi. İndinin özündə elə bir adam yoxdu desin ki, Tamerlan Əliyev nə vaxtsa onu incidib, xətrinə dəyib, pislik edib. Özünü göstərməyi, gözə soxmağı sevmirdi. Əziz Əliyev kimi şəxsiyyətin oğlu olduğunu nümayiş etdirməzdi. Hamı ilə eyni səviyyədə görünməyə çalışırdı. Dostlarından seçilməmək üçün əlindən gələni edirdi. Qrup yoldaşları ilə daim görüşürdülər. O, görüşlərin heç birindən qalmazdı. Deyirdi niyə başqalarından seçilməliyəm? Sakit, təvazökar, düzgün həyat sürüb atam. O, əsl insanlıq məktəbi idi. Məndən, bacım Nigardan, övladlarımızdan da o cür olmağı tələb edirdi.

Tamfira Əliyevanın tibb sahəsini seçməyi də əslində atasının təkidi ilə baş verib. Hələ orta məktəbdə oxuyandan pedaqoq olmağı arzulayırdı. Tibb nədənsə onu o qədər də özünə çəkmirdi. Hətta bir az qorxurdu da. Uşaq ağlı ilə düşünürdü ki, birdən xəstəsi ölər və onu həbs edərlər. Odur ki, məktəbi bitirəndə atasına öz seçimini bildirir. Lakin Tamerlan müəllim onu fakt qarşısında qoyur - "Tibb İnstitutuna girməlisən. Biz həkimlər nəsliyik, sən də bu nəslin yolunu davam etdirməlisən”. Beləcə, atasının qərarı ilə razılaşaraq Tibb İnstitutuna daxil olur. Və indi bu seçimindən peşiman da deyil...

- Ali məktəbə getdiyim gün atam məni yanına çağırıb məsləhətlərini verdi. İlk növbədə dərslərimi yaxşı oxumalı olduğumu tapşırdı. Dedi "geyiminə fikir verməlisən ki, başqalarından seçilməyəsən. Heç kim deməsin ki, Tamerlan Əliyevin qızı bahalı geyimlər geyinir. Dərslərini yaxşı oxu ki, məni utandırmayasan”. Mən də çalışırdım yaxşı oxuyum ki, atama şikayət etməsinlər, məndən razı qalsın. 1981-ci ildə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda işə düzəldim. Böyük nəvə kimi babamın adını daşıyan institutda işləməyimi bibim Zərifə Əliyeva da arzulayırdı. 14 il orda çalışdım. Müharibə illərində bütün ölkədə olduğu kimi, institutda da vəziyyət dəyişdi. 1995-ci ildə atama dedim institutdan getmək istəyirəm. Soruşdu harda işləmək fikrin var? Dedim Tibb Universitetində, tələbələrlə işləmək daha maraqlı olacaq. İndiyə kimi xatirimdədir. Bu söhbətimiz olanda şənbə günü idi. Razılaşdı. Vaxt itirmədən institutun rektoru Məmməd Cavadzadənin yanına getdim. Köçürülmə əmrimi imzaladı, uğur dilədi. Sonra da Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun qəbulunda oldum. Dedi ki, "Tibb İnstitutunun 4 nömrəli xəstəxanadakı kafedrasında işləyəcəksən. Baban, atan o kafedrada çalışıb, sən də orda işləməlisən”. Beləcə, atamın çalışdığı kafedrada işə başladım. Onda da tapşırdı ki, "heç kimdən seçilmə. İşə hamıdan tez gəl, hamıdan gec get”. Özü 8-də işdə olurdu deyə, məndən də bunu tələb edirdi. O vaxtdan indiyə qədər səhər 8-də işdə olmağı vərdiş halına gətirmişəm. İşə başlamazdan qabaq atamdan soruşdum ki, əvvəl həkimlərlə işləyirdim, amma indi tələbələrlə işləyəcəm. Onlarla necə davranım? Dedi mümkün qədər güzəştə get və kömək et. Birinci növbədə ədalətli olmaq lazımdır. Pislik, ziyanlıq etmək olmaz. İnsanları sevmək, kömək etmək lazımdı. Atam mənə bunları öyrətdi. Sonradan anladım ki, mən necə böyük məktəb keçdim. İndi həm həkiməm, həm də pedaqoq... Tələbələrə dərs verirəm.


"Atamla Zərifə bibim can bir, qəlb bir idilər”


Tamfira xanımın sözlərinə görə, atası övladlarına, nəvələrinə münasibətdə olduqca qayğıkeş, istiqanlı idi. Onları sevgi, diqqət və qayğı ilə əhatə edirdi. Eləcə də bacı-qardaşları ilə münasibəti çox gözəl, səmimi idi, hamısını çox istəyirdi. Amma bacısı Zərifə ona daha əziz və dəyərli idi. Zərifə xanım Tamerlan Əliyevdən iki il sonra dünyaya gəlmişdi. Bir yerdə oyunlar oynamış, deyib gülmüş, bir yerdə böyümüşdülər. Eyni institutda təhsil almışdılar. Üstəlik eyni xəstəxanada çalışırdılar.

- Atamla Zərifə bibim çox yaxın, mehriban idilər. Elə bil bir almanı iki yerə bölmüsən. Tələbə olanda tez-tez atamın yanına kafedraya gedirdim. Zərifə bibi də oftalmologiya şöbəsində professor kimi işləyirdi. Hər gün atamın yanına gəlirdi və ona yeməyə nəsə gətirirdi, məcbur edirdi mütləq yesin. Kefini, əhvalını soruşurdu. Ana kimi qayğısına qalırdı. Yaxşı olduğunu görüb, gedib rahat işləyirdi. Can bir, qəlb bir idilər... Bacı-qardaşdan daha çox sirdaş idilər. Atamın ürəyində nələr vardısa, bibim bilirdi, ona məsləhətlər verirdi. Atam onun məsləhətlərinə qulaq asırdı. Çünki çox ağıllı, müdrik qadın idi Zərifə bibim.

Elə yeznəsi Heydər Əliyevlə də atam çox yaxın idi. Bir-birlərinə hörmət edirdilər. Həmyaşıd sayılırdılar deyə söhbətləri yaxşı tuturdu. Ulu Öndər Heydər Əliyev kənardan, televiziyadan çox zəhmli, ciddi görünürdü. İclaslarda, çıxışlarda hamı ondan çəkinirdi. Şəxsən mən özüm də ondan çəkinirdim, baxışından əsirdim. Elə baxırdı, elə bil daxilimi, fikirlərimi oxuyur. Amma ailədə, həyatda tamam başqa insan idi. Onu evdə görəndə inana bilmirdim ki, bu, həmin insandı?! Zərifə bibimlə bir-birlərini çox sevirdilər. Hər dəfə evlərinə gedəndə bibimi mətbəxdə yemək hazırlayan görürdüm. Bir dəfə dedim "bibişka, gəl, otur da”. Dedi "yox, Heydərin yeməyini gərək özüm bişirib, qarşısına qoyum”. Yalnız onun əlindən çıxan yeməyi yeyirdi. Özü də bibim çox dadlı yeməklər bişirirdi. İrəvan mətbəxini gözəl bilirdi. Deyə-gülə bir süfrə arxasında yemək yeyirdik. Elə olurdu ki, bibim piano çalırdı, Heydər Əliyev mahnı oxuyurdu. Yaxud atamla zarafatlaşırdılar, lətifələr danışırdılar. Çox səmimi mühit olurdu...


"Atamı həyata bağlayan tellər qırılırdı tədricən...”


Bir-birinə ayrılmaz tellərlə bağlı olan bacı-qardaşı zamansız, amansız ölüm ayırır. 1985-ci ildə ana əvəzi saydığı Zərifə Əliyevanın vəfatı qardaşı Tamerlana ağır zərbə olur. O qədər dərindən sarsılır ki, heç cür özünə gələ bilmir. Və bu ölüm Tamerlan Əliyevin də ölümünü yaxınlaşdıran ilk səbəb olur.

- Zərifə bibimin ölümü atama o qədər pis təsir elədi ki, söz də tapmıram ifadə etməyə. O vaxtdan başladı fikrə getməyə. Həddindən çox dərd çəkirdi. Onsuz da çox danışan deyildi, bibimin ölümüdən sonra isə lap susqun oldu, içinə qapandı. Hər şeyi ürəyinə salırdı. Çox darıxırdı bacısı üçün. Hər yerdə gözü onu axtarırdı. Əsasən də işdə. İşdə olduğu müddətdə gözləyirdi ki, Zərifə yenə yanına gələcək. Zərifə bibim balaca bacısı olsa da, atam onu ana kimi sevirdi. Bütün mehrini ona salmışdı. Ona görə də yoxluğu ilə barışa bilmirdi. Heç kimə heç nə demirdi. Amma görürdük ki, həyat eşqi yavaş-yavaş sönür. Halbuki biz onu sevgiylə, diqqətlə, qayğıyla əhatələmişdik.

Beləcə, Zərifəsiz illər bir-birini əvəzləyir. Tək ailə üzvləri yox, iş yoldaşları da Tamerlan Əliyevin getdikcə həyatdan mənən qopduğunu görürlər. İllərini həsr etdiyi, çox sevdiyi işi də daha onu əvvəlki kimi özünə çox çəkmir. Artıq kafedraya da az-az getməyə başlayır. Özüylə, fikirləriylə baş-başa qalmağa üstünlük verir. Həyat da ona qarşı nainsaf davranır. Ana kimi bağrına basdığı Zərifədən sonra ölüm sevimli bacısı Gülarəni də zamansız və faciəvi şəkildə onun əlindən alır. Amma bu da hələ son deyildi...

- O dövr sanki əzizlərimizin itkilər dövrü idi. Zərifə, Ləzifə, Dilbər, Gülarə bibilərimin yoxluğu atamı çox incidirdi. Zərifə bibimdən sonra atam Dilbər bibimin yoldaşı Fərrux Məmmədovla bölüşürdü dərdini, kədərini. Sirdaş olmuşdular. Xasiyyətləri oxşar idi deyə, sözləri düz gəlirdi. Çox gözəl insan idi Fərrux əmi. Onun ölümü ilə atam daha bir zərbə aldı həyatdan və ayağa qalxa, toparlana bilmədi. Həyat maraqsız olmuşdu onun üçün. Biganələşmişdi sanki. Məsələn, əvvəllər gündə 2 dəfə bulvara gedirdi. Sonra səhhətinə görə gedə bilmədi. Buna görə də fikir edirdi ki, gör nə hala düşmüşəm. Getmək istəsə də, tək qoymurduq, mən, bacım, ya da oğlum Nadir onunla birlikdə gedirdi. Vaxt vardı hər il Kislovodska istirahətə gedirdi. Orda özünü yaxşı hiss edirdi, səhhətinə, əhvalına müsbət təsir edirdi. 90-cı illərdən sonra getmək çətinləşdi. Qaldı Bakıda. Bağı isə heç sevməzdi. Adətən səhər gedib, axşam qayıdardı. Məcbur olduqda isə bir gecədən artıq qalmırdı. Bunlar da atama istər-istəməz pis təsir etdi. Həm səhhətində, həm əhvalında. Bütün bəd hadisələr bir-birinin ardınca baş verirdi. Beləcə, atamı həyata bağlayan tellər qırılırdı tədricən...

Bircə niyə təəssüflənirəm? Atam doktorluq dissertasiyası yazmağımı istəyirdi. Mən o işi uzatdım, sağlığında görə bilmədi. Xəstə olanda mənə bu barədə heç nə söyləməmişdi. Amma incik olduğunu bilirdim. Ümumiyyətlə, mənə heç vaxt nəyisə irad tutmurdu. Bircə baxışı kifayət edirdi. Mən o baxışla qarşılaşmaq istəmirdim. Ona görə çalışırdım hər şeyi qaydasında edim ki, narazı qalmasın. Birdən nəsə xoşuna gəlməz. Mən, bacım, nəvələri indi də o cür yaşayırıq - atamın xoşuna gəlsin. Ona görə doktorluq dissertasiyamı həm də atamın xatirəsinə görə müdafiə etdim ki, qoy ruhu şad olsun.


"Yaşadığı kimi köçdü bu dünyadan - təmiz və sakit”


1997-ci il aprelin ilk günləriydi. Hərə öz işinin ardınca getmişdi. Evdə yalnız Tamerlan müəllim və həyat yoldaşı idi. Evin xanımı mətbəxdə yemək hazırlayırdı. Tamerlan müəllim isə kresloda oturub qəzet oxuyurdu. Birdən xanımı otağa girib gözləmədiyi mənzərə ilə qarşılaşır - həyat yoldaşının əlindəki qəzet yerə düşür, huşunu itirir. Demə, işemik insult keçirmişdi... Dərhal Mərkəzi Klinik Xəstəxanaya çatdırılır. Həkimlərdən ibarət xüsusi konsilium çağrılır. Lazımi müalicələrə başlanılır. Lakin xəstənin həyatını xilas etmək mümkün olmur. İki gün sonra - aprelin 7-də Tamerlan Əliyev gözlərini əbədi yumur.

- Atam çox səliqəli kişi idi. Geyiminə, təmizliyinə fikir verirdi. Kraxmallı köynək geyinərdi, ətir vurardı. İşdə atamın otağına gedirdim, elə gözəl ətir qoxusu gəlirdi ki... Başlayırdım onu öpüb qucaqlamağa. Zarafatla deyirdi ki, "tez elə, get burdan. Deyəcəklər, professorun yanına cavan qız gəlmişdi, onu öpürdü”. Heç vaxt görməzdin üzündə tük var. Hər gün üzünü təraş edərdi. Atam xəstəxanada yatdığı ikinci günü oğlum Nadir otağına gedib, üzünü təraş elədi, paltarını dəyişib, kraxmallı ağ köynək geyindirdi, ətir vurdu, üzündən öpdü. Bizə dedi "babam həmişə səliqəli olub, qoy elə belə qalsın. İstəmirəm onu başqa cür görsünlər”. Elə həmin gün atam bu həyatla vidalaşdı. Və yaşadığı kimi də köçdü bu dünyadan - təmiz, səliqəli şəkildə. Bütün ömrü boyu sakit, təvazökar, düzgün yaşadı. Öləndə də eləcə öldü - heç kimə əziyyət vermədən. İstədiyi kimi...

Tamerlan Əliyev Azərbaycanın fəxarət ünvanı olan Fəxri xiyabanda atası - həyat müəllimi Əziz Əliyevin və sevimli bacısı Zərifə Əliyevanın yanında torpağa tapşırılır.

- Atamın həyat müəllimi Əziz Əliyev olub. Bütün müsbət insani keyfiyyətləri ondan əxz edib. Mənim də həyat müəllimim atam Tamerlan Əliyev olub. Bu gün mən babamın, atamın yolunu davam etdirirəm. Artıq 24 ildir bu kafedradayam. Əməkdar həkim, elmlər doktoru, professoram. Və əldə etdiklərimin hamısına görə atama borcluyam. Oğlum Nadir Zeynalov da bu yolun yolçusudur. Tibb üzrə fəlsəfə doktoru, dosentdir. Azərbaycan Tibb Universitetində beynəlxalq əlaqələr üzrə prorektor idi. Fevral ayında Səhiyyə Nazirliyi aparatının rəhbəri təyin olunub. Yəni o da babalarının yolunu davam etdirir. Üstəlik, xarici görünüşcə, xasiyyətcə, danışığı ilə atama çox bənzəyir. Qızım Leyla Talışinski isə tarixçidi, elmlər namizədidir. Babam Əziz Əliyev haqqında dolğun, mükəmməl dissertasiya işi müdafiə etdi. Elə faktları araşdırıb tapdı ki, heç mən onları bilmirdim. Bacım Nigar isə musiqişünasdır. Hazırda ailəsi ilə birlikdə İngiltərədə yaşayır. Düşünürəm ki, atamın ruhu bizimlə fəxr edir. Hər zaman da ona layiq olmağa çalışacağıq. Tamerlan Əliyev kimi atam olduğuna görə özümü xoşbəxt hesab edirəm.

Ən böyük xoşbəxtlik elə bu deyilmi?! Bu dünyadan yaxşı insan kimi ad qoyub köçmək. Özü həyatda olmasa da, adı ilə yaşamaq. Peşəkarlığı, əməlləri, xidmətləri və insanlığı ilə adını ölümündən sonra belə yaşatmaq.

Və bir məktəb yaratmaq - HƏKİMLİK və İNSANLIQ məktəbi...

Bu xoşbəxtlik isə yalnız seçilmişlərin qismət payına düşür. Tamerlan Əliyev kimi...


Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video