02 Iyul 2019 11:03
760
CƏMİYYƏT
A- A+

Dini abidələrdə tarixin izləri - Bərdə İmamzadəsi


Bərdə təkcə Azərbaycanın deyil, bütövlükdə Yaxın Şərqin ən qədim yaşayış məskənlərindən və mədəniyyət mərkəzlərindəndir. V əsrdə Azərbaycanın qədim Qafqaz Albaniyası dövlətinin paytaxtı olmuş Bərdə şəhəri erkən orta əsrlərdən mühüm karvan yollarının qovşağında yerləşən Yaxın və Orta Şərqin iri ticarət-sənətkarlıq mərkəzi kimi inkişaf edib. Bu məkan eramızdan əvvəl II minillikdən başlamış son orta əsrlərə qədər geniş bir dövrü əhatə edən çoxlu maddi mədəniyyət abidələri ilə zəngindir. Bərdə şəhərinin ərazisində tarixi abidələr bu günədək qorunub saxlanılıb. VI əsrə aid köhnə şəhər divarlarının qalıqları, Tərtər çayı üzərində VII-IX əsrlərə aid iki körpü, 1322-ci ildə tikilmiş Bərdə türbəsi, XIV əsrə aid Axsadan baba türbəsi, VIII-IX əsrə aid İbrahim məscidi (İmamzadə) və qəbiristanlıq, XVII-XIX əsrlərə aid Şirvanlı hamamı, Güloğlular kəndində XVIII əsrə aid səkkizguşəli türbə maddi-mədəni irsimizin qiymətli nümunələri sırasındadır.

Bu abidələr arasında VIII əsrdə yaşamış beşinci imam Məhəmməd Bağırın qız nəvəsi İsmayılın dəfn olunduğu İmamzadə xüsusi yer tutur. Məhəmməd Bağırın oğlu İbrahim isə 739-cu ildə Gəncədəki İmamzadədə torpağa tapşırılıb. Əvvəlcə türbə kimi inşa edilmiş Bərdə imamzadəsi zaman keçdikcə ziyarətə çevrildiyindən onun ətrafında məscid inşa edilib, beləliklə də dini abidə kompleksi yaranıb. XIII-XIV əsrdə İbrahim adlı tacir öz vəsaiti hesabına İsmayılın qəbri üzərində minarəli türbə tikdirib. Odur ki, ziyarətgah "Tacir İbrahim” və ya "İbrahim məscidi" adı ilə tanınıb. 1868-ci ildə isə İmamzadə türbəsi şuşalı memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən bərpa olunub və 4 minarə inşa edilib.

Bərdə şəhər "İmamzadə" məscidi dini icmasının sədri Hacı Ramazan Hüseynov AZƏRTAC-a müsahibəsində bildirib ki, ilk dəfə tacir İbrahim tərəfindən tikilən Bərdə imamzadəsi müasir görünüşünü 1868-ci ildə alıb. "Həmin vaxt dövrünün görkəmli memarı olan, Ağdam və Şuşa şəhərlərindəki məscidləri inşa etmiş Kərbəlayi Səfixan Qarabaği Bərdədən keçərkən çaydaşlarından tikilmiş türbəni görür. Yerli sakinlər türbədə beşinci imam Məhəmməd Bağırın qız nəvəsi İsmayılın dəfn olunduğu bildirirlər. Beləliklə Kərbəlayi Səfixan Qarabaği türbə üzərində Azərbaycanda ilk dördminarəli məscidi inşa edir. Bu abidənin oxşarı XVI əsrdə Hindistanın Heydərabad şəhərində tikilmiş dördminarəli "Çar minar" məscididir. Digər məscid isə 1807-ci ildə Buxara şəhərində inşa edilmiş "Çor minor" mədrəsəsidir. Hər iki abidənin adı dörd minarə mənasını verir. Bərdə İmamzadəsi məscid adlandırılmasına baxmayaraq həmişə ziyarətgah kimi istifadə olunub. Abidənin içərisində mehrabın olmaması da onun məscid deyil, ziyarətgah olduğunu göstərir".

Hacı Ramazan qeyd edib ki, İmamzadənin yeraltı hissəsi də var. Türbənin yeraltı hissəsində bir neçə otaq olub. Deyilənə görə, otaqlarda başqa qəbirlər də var. Qarabağlılar buranı müqəddəs yer bilib ən nüfuzlu insanları türbənin ətrafında dəfn ediblər. İmamzadə ərazisində Fətəli Şah Qacarın oğlu Abbas Mirzənin böyük oğlu Bəhmən Mirzə və ailəsinin, Qarabağ xanlarının, bəyzadə və övliyalarının çoxlu nümayəndəsi, Bərdənin bir sıra nüfuzlu şəxsləri dəfn olunub. Bunu İmamzadə yaxınlığındakı daş və qəbirüstü yazılar sübut edir. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Dini abidələrdə tarixin izləri” proqramı çərçivəsində İmamzadə kompleksinin ümumi görünüşünə heç bir müdaxilə edilmədən yerli ustalar tərəfindən abadlaşdırma işləri aparılıb. XVII-XIX əsrlərə aid ərəb və fars dillərində qəbirüstü yazılar və daş kitabənin mətni dilimizə tərcümə olunaraq dəmir lövhəyə köçürülüb. Türbənin kümbəz tipli dam örtüyünün sıradan sıxmasının qarşısı alınıb, həyətdə tamet meydança, çaydaşından səkilər düzəldilib, yaşıllıqlar salınıb. Görülmüş işlər sayəsində Bərdə və ətraf bölgələrdən buraya ziyarətə gələnlər qəbirüstü yazılardakı Quran ayələrini, hikmətli söz və kəlamları oxumaqla yanaşı, burada dəfn edilən mərhumların kimliyini də öyrənirlər.

Bərdə Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Əhliyyət Əliyev bildirib ki, İmamzadə kompleksində kərpiclərinin fiqurlu düzülüşü, tikintidə daşla kərpicin üzvi əlaqələndirilməsi, kaşıdan istifadə Bərdə türbəsi (1322-ci ildə tikilib) memarlığının təsirini göstərir. İmamzadə kompleksinin turizm baxımdan da böyük əhəmiyyət daşıdığını deyən Əhliyyət Əliyev abidənin yerli və xarici turistlər tərəfindən ən çox ziyarət olunan məkanlardan olduğunu bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video