Alternative content

20:01 17 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Minsk-2019”: 5 qızıl, 10 gümüş, 13 bürünc medal
“Minsk-2019”: 5 qızıl, 10 gümüş, 13 bürünc medal
ANA SƏHİFƏ / İDMAN
00:41 02.07.2019


II Avropa Oyunları Azərbaycan idmançılarının növbəti zəfər meydanı oldu


Belarusun paytaxtı Minskdə təşkil olunan II Avropa Oyunlarına yekun vuruldu. Bir-birindən maraqlı idman yarışlarının şahidi olduq. Qitənin 50 ölkəsindən 4 mindən çox atletin qatıldığı bu möhtəşəm bayramda ədalətli idman mübarizəsi nəticəsində ən güclülər qalib gəldi.

9 gün ərzində 15 idman növü üzrə 200 dəst medal uğrunda təşkil olunan yarışlarda Azərbaycan 82 atletlə təmsil olunmuşdu. Komandamızın II Avropa Oyunlarında layiqli nəticə əldə etmək imkanı kifayət qədər yüksək, xüsusilə güləşçilərə, cüdoçulara, karateçilərə ümid böyük idi.

Sevindirici haldır ki, dövlətin idmançılara göstərdiyi daimi diqqət və qayğı növbəti dəfə özünü "Minsk-2019”da da doğrultdu. Belə ki, Azərbaycan 5-i qızıl, 10-u gümüş, 13-ü bürünc olmaqla 28 medal qazanaraq 50 ölkə arasında ilk onluqda yer tutdu.


İlk medal gimnastlardan gəldi


Ölkəmizə ilk medalları (2 gümüş, 1 bürünc) akrobatika gimnastlarımız qazandırdılar. Dinamik hərəkətlər üzrə qarışıq cütlüklərin yarışında 28,830 xal toplayan Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi gümüş medala sahib olublar. Balans hərəkətləri üzrə qarışıq cütlüklərin yarışında isə Ruhidil Qurbanlı- Abdulla Əl-Məşayxi cütlüyü 28,160 xalla bürünc medala layiq görülüb.

Bir gün sonra isə akrobatika gimnastlarımız II Avropa Oyunlarında üçüncü medalı qazanıblar. Akrobatika gimnastikası yarışında təmsilçilərimiz Ruhidil Qurbanlı-Abdulla Əl-Məşayxi cütlüyü qarışıq hərəkətlər üzrə qarışıq komandaların yarışında 29,540 xal toplayaraq oyunların gümüş medalına sahib olub.


Bir gümüş, dörd bürünc


Cüdoçularımız da II Avropa Oyunlarını uğurla başa vurublar. "Minsk-2019”da Azərbaycan yığmasının bayraqdarı olan Rüstəm Orucov mübarizəyə 1/16 final mərhələsindən başlayıb. İlk görüşündə monakolu Sedrik Bessini 57 saniyəyə ippona salan cüdoçumuzun 1/8 finaldakı rəqibi Rio Olimpiadasının qızıl mükafatçısı, italyan Fabio Bazile olub. Titullu rəqibinə də qalib gələn cüdoçumuz adını 1/4 finala yazdırıb. Bu mərhələdə erməni idmançısı Ferdinand Karapetyana vaza-ari xalı ilə qalib gələn idmançımız yarımfinala yüksəlib. Onun final yolunda rəqibi yunanıstanlı Georgios Azoidis olub. Görüşü ipponla başa vuran Rüstəm finala çıxıb. Həlledici mərhələdə isveçli Tommi Makiasa uduzan idmançımız II Avropa Oyunlarını gümüş medalla başa vurub.

Eyni çəkidə yarışan Hidayət Heydərov 1/16 finalda macarıstanlı Mikloş Unqvarini vaza-ari xalı, 1/8 finalda isə israilli Din Yaakov Gemeri ipponla məğlub edərək növbəti mərhələyə yüksəlib. 1/4 finalda yunanıstanlı Georgios Azoidisə ipponla uduzan Hidayət bürünc medal uğrunda təsəlliverici görüşdə ermənistanlı Ferdinand Karapetyanla qarşılaşıb. Rəqibinə ipponla qalib gələn cüdoçumuz bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Bu mərhələdə gürcüstanlı Laşa Şavdatuaşviliyə ipponla qalib gələn Hidayət "Minsk-2019”u bürünc medalla başa vurub.

90 kq çəki dərəcəsində yarışan Məmmədəli Mehdiyev 1/16 final mərhələsində Belarus təmsilçisi Yeqor Voropayevə qalib gələrək adını 1/8 finala yazdırıb. Bu mərhələdə fransalı Aurelien Disse ilə görüşən cüdoçumuz qələbə qazanaraq 1/4 finala yüksəlib. Növbəti mərhələdə türkiyəli Mikail Özerlərə uduzan Məmmədəli təsəlliverici görüşdə isveçrəli Ciril Qrossklaus ilə qarşılaşıb. Rəqibini məğlub edən cüdoçumuz mübarizəni bürünc medal uğrunda davam etdirib. Hollandiyalı rəqibi Noel Vant End ilə üz-üzə gələn idmançımız tatamini qələbə ilə tərk edərək oyunların bürünc mükafatçısı olub.

100 kq çəkidə yarışan Elmar Qasımov 1/16 finalda ukraynalı Anton Savitskiyə vaza-ari fəndi ilə qalib gələrək 1/8 finala yüksəlib. İdmançımız bu mərhələdə estoniyalı Qriqori Minaşkini ipponla məğlubiyyətə uğradaraq adını 1/4 finala yazdırıb. O, yarımfinala gedən yolda fransalı Siril Mane ilə görüşdə uduzub. Cüdoçumuz təsəlliverici görüşdə monteneqrolu Danilo Pantiçi mübarizədən kənarlaşdıraraq bürünc medal uğrunda qarşılaşmada Belarus təmsilçisi Daniel Mukete ilə üz-üzə gəlib. Maraqlı və gərgin keçən görüşdən qalib ayrılan Elmar "Minsk-2019”u bürünc medalla başa vurub.

Qadınların mübarizəsində +78 kq çəkidə İrina Kindzerska 1/8 finalda almaniyalı Yasmin Kuelbsi, 1/4 finalda isə britaniyalı Sara Adlinqtonu ipponla məğlub edərək yarımfinala adlayıb. Finala gedən yolda Belarus təmsilçisi Marina Slutskaya ilə qarşılaşan təmsilçimiz uduzaraq 3-cü yer uğrunda döyüşdə qüvvəsini sınayıb. Ukraynalı Qalina Tarasova ilə üz-üzə gələn təmsilçimiz qalib gələrək yarışın bürünc mükafatını qazanıb.

Beləliklə, cüdoçular II Avropa Oyunlarını bir gümüş və dörd bürünc medalla başa vurublar.


Pəhləvanlarımız etimadı doğrultdular


Bütün idmansevərlərin böyük maraqla və həyəcanla medallar gözlədiyi idman növləri sırasında güləş xüsusi yer tuturdu. Bundan əvvəlki yarışlarda qazandıqları nəticələrlə xalqımızı sevindirən pəhləvanlarımız bu dəfə də etimadı doğrultdular. Azərbaycan güləşçiləri "Minsk-2019”u ümumilikdə 10 medalla başa vurdular. Onlardan 3-ü qızıl, 3-ü gümüş, 4-ü bürünc olub.

Əvvəlcə mübarizəyə sərbəst güləşçilər qoşulublar. 57 kq çəki dərəcəsində çıxış edən Mahir Əmiraslanov mübarizəyə boqarıstanlı Georgi Vangelova qarşı görüşlə başlayıb. Gərgin mübarizədən 6:5 hesablı qələbə ilə ayrılan pəhləvanımızın 1/4 finaldakı rəqibi Vladimir Yeqorov (Şimali Makedoniya) olub. Təmsilçimiz qələbə seriyasını davam etdirərək rəqibini 4:0 hesabı ilə məğlub edib və yarımfinala vəsiqə qazanıb. Finala gedən yolda Mahirin rəqibi Rusiya təmsilçisi Zavur Uğuyev olub. Rəqibinə qalib gələn Mahir çempionluq üçün həlledici görüşdə serbiyalı Stevan Miçiçi də məğlub edərək qızıl medala yiyələnib.

Yığmamızın liderlərindən biri - Hacı Əliyev (65 kq) 1/8 finalda erməni Volodya Franqulyana göz açmağa imkan verməyib - 6:0. 1/4 finalda belaruslu George Koliyevlə güləşdə də idmançımız əzmkarlıq nümayiş etdirərək 7:5 hesablı qələbə qazanıb. Hacı yarımfinalda Ukraynanı təmsil edən Xor Ohanesyanla qarşılaşıb. Gərgin keçən görüşdən qalib ayrılan pəhləvanımız finala yüksəlib.

Qızıl medalın taleyi gürcüstanlı Vladimir Xinceqaşvili ilə görüşdə həll olunub. Görüş 10:2 hesabı ilə pəhləvanımızın xeyrinə başa çatıb. Rio Olimpiadasının qalibi olan rəqibini asanlıqla məğlub edən Hacı ölkəmizin hesabına 2-ci qızıl medalı yazdırıb.

97 kq çəkidə yarışan Nurməhəmməd Hacıyevin ilk rəqibi polşalı Radoslav Baran idi. Rəqibini 8:0 hesabı ilə üstələyən idmançımız 1/4 finalda Elizbar Odikadze ilə qarşılaşıb. Gürcüstan təmsilçisi də Nurməhəmmədlə bacarmayıb. Hacıyev bu dəfə 7:3 hesablı qalibiyyətlə yarımfinala yüksəlib. Onun final yolunda rəqibi Murazi Mçedlidze (Ukrayna) olub. Rəqibinə 7:0 hesabı ilə qalib gələn Hacıyev qızıl medal uğrunda mübarizədə rusiyalı Abdulraşid Sadullayevlə qarşılaşmaya zədə ucbatından çıxmadığı üçün gümüş medalla kifayətlənib.

74 kq çəki dərəcəsində yarışan Hacımurad Hacıyevin 1/4 final yolunu Türkiyə güləşçisi Soner Demirtaş kəsib - 3:4. Rəqibi finala qədər yoluna davam etdiyi üçün Hacımurad təsəlliverici görüşlərə qatılmaq hüququ qazanıb. Onun "bürünc” yolunda ilk rəqibi yunanıstanlı Kirillos Binenpaum olub. Rəqibi üzərində inamlı qələbə qazanan (10:3) pəhləvanımız mübarizəni davam etdirərək üçüncü yer uğrunda görüşdə ukraynalı Vasil Mixaylovu asanlıqla məğlub edib və bürünc medalın sahibi olub.

125 kq çəki dərəcəsində yarışan Camaləddin Məhəmmədov 1/8 finalda Belarus güləşçisi Vitali Pyasnyakdan üstün olub - 6:0. 1/4 finalda macarıstanlı Daniel Ligetini çətinliklə mübarizədən kənarlaşdıran (6:5) Camaləddin yarımfinalda gürcüstanlı Givi Matkaraşvili ilə üz-üzə gəlib. Rəqibinə 2:4 hesabı ilə məğlub olan idmançımız bürünc medal uğrunda Rares Çintoana qalib gələrək II Avropa Oyunlarını 3-cü yerdə başa vurub.

Qadınların mübarizəsində 50 kq çəkidə yarışan komandamızın lideri Mariya Stadnik yarışa 1/4 final mərhələsindən başlayıb. Polşalı Anna Lukasyakla güləşən təmsilçimiz 10:0 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəlib. Finala gedən yolda Evin Dəmirhana (Türkiyə) qalib gələn Mariya həlledici görüşdə ukraynalı Oksana Livaçı da məğlub edərək II Avropa Oyunlarının qalib olub.

62 kq çəki dərəcəsində yarışan Elmira Qəmbərova 1/8 finalda almaniyalı Luzi Mankeni, 1/4 finalda polşalı Katarzina Madrovskanı, yarımfinalda rumıniyalı Krişta İnçzeni mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Çempionluq uğrunda ukraynalı Yuliya Tkaçla qarşılaşmada uduzan Elmira II Avropa Oyunlarını gümüş medalla başa vurub.

57 kq çəkidəki təmsilçimiz Alyona Kolesnik oyunlara 1/8 finaldan başlayıb. Macarıstanlı Ramona Qalambos ilə üz-üzə gələn idmançımız 10:0 hesabı ilə qalib gəlsə də, 1/4 finalda bolqarıstanlı Mimi Xristova ilə bacarmayıb (0:6). Amma rəqibi finala yüksəldiyi üçün Alyonaya bürünc medal şansı yaranıb. İlk olaraq təsəlliverici görüşdə italiyalı Franseska İndelikatoyla güləşən idmançımız 12:1 hesabı ilə qalib gələrək bürünc medal uğrunda türkiyəli Bediha Günlə qarşılaşmadan qalib ayırlaraq 3-cü yeri tutub.

Yunan-Roma güləşçilərinin mübarizəsində isə İslam Abbasov (87 kq) gümüş, Sabah Şəriəti (130 kq) bürünc medala layiq görülüblər.


Karatedə 5 medal


"Minsk-2019”da karateçilərimiz də onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışdılar. Ölkəmizə bu idman növündə qızıl medalı +84 kq çəki dərəcəsində kumite yarışında Asiman Qurbanlı qazandırıb. O, A qrupunda Tirol Darnel Lardi (Hollandiya), Conatan Horne (Almaniya) və Alparslan Yamanoğlu (Türkiyə) ilə yarışıb. Hollandiya və Türkiyədən olan rəqiblərini müvafiq olaraq 2:0 və 1:0 hesabı ilə məğlub edən Asiman Almaniya idmançısı ilə heç-heçə edib. Bu nəticə ilə karateçimiz qrup birincisi kimi yarımfinala adlayıb. Gürcüstanlı Qoqita Arkaniyaya qalib gələn təmsilçimiz finalda xorvatiyalı Ancelo Kvesiçi məğlub edərək "Minsk-2019”un qızıl medalını qazanıb.

Kişilərin kata yarışında təmsilçimiz Roman Heydərov B qrupunda Türkiyə, İtaliya və Andorra idmançıları ilə yarışda 24.63 xal toplayıb 3-cü yeri tutaraq növbəti mərhələyə adlayıb. Lakin növbəti mərhələdə 25.40 xallıq göstərici final üçün kifayət etməyib. Heydərov bürünc medal uğrunda almaniyalı İlya Smorqunerlə mübarizədən qalib ayrılaraq "Minsk-2019”u 3-cü yerdə başa vurub.

Qadınların kumite yarışlarında 68 kq çəkidə mübarizə aparan İrina Zaretskanın A qrupunda rəqibləri Silviya Semeraro (İtaliya), Alize Aqier (Fransa) və Miroslava Kopunova (Slovakiya) olub. İtaliyalı ilə bərabərə qalan (0:0) təmsilçimiz digər iki rəqibinə müvafiq olaraq 7:2 və 6:0 hesab ilə qalib gəlib və qrup birincisi kimi yarımfinala yüksəlib. Finala gedən yolda ukraynalı Qalina Melnikə 1:0 hesabı ilə qalib gələn təmsilçimiz həlledici mərhələdə italiyalı Silviya Semeraro ilə qarşılaşıb. Görüşdə 1:5 hesabı ilə uduzan Zaretska gümüş medalla kifayətlənib.

60 kq çəki dərəcəsində yarışan Firdovsi Fərzəliyev B qrupunun ilk görüşündə İlya Bulatova (Belarus) aman verməyib. Emil Pavlova (Makedoniya) çətinliklə qalib gələn Fərzəliyev Ancelo Kreszento (İtaliya) ilə bərabərə qalıb. Bununla idmançımız qrup birincisi kimi yarımfinala adlayıb. Onun final yolundakı rəqibi rusiyalı Yevgeni Plaxutin olub. Bu görüşü də qalib başa vuraraq finala yüksələn Fərzəliyev həlledici mərhələdə latviyalı Kalvis Kalninsə uduzaraq "Minsk-2019”u gümüş medalla başa vurub.

75 kq çəki dərəcəsində mübarizə aparan Rafael Ağayev B qrupunda Co Kellavey (Böyük Britaniya) və Ərman Ərdəmiri (Türkiyə) müvafiq olaraq 3:2 və 1:0 hesabı ilə üstələyib. Qabor Harspataki (Macarıstan) ilə heç-heçə edən Ağayev qrup birincisi olub.

Həmyerlimiz yarımfinalda Estoniya idmançısı Pavel Artamanovdan güclü olub. Finalda Stanislav Xoruna (Ukrayna) ilə qarşılaşmada uduzan Rafael II Avropa Oyunlarında gümüş medalla kifayətlənib.

Beləliklə, karateçilərimiz II Avropa Oyunlarını 5 medalla (1 qızıl, 3 gümüş, 1 bürünc ) başa vurublar.


Boksçumuz Avropa Oyunlarının qalibi oldu


Boksda da idmançılarımız ölkəmizin hesabına 2 medal (1 qızıl və 1 bürünc) medal yazdırıblar. 81 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Alfonso Dominges müvafiq olaraq Stefan Xrekul (Ukrayna), Mixail Dauqalivets (Belarus), Ziad əl-Mohor (Belçika) və Simeone Fiorini (İtaliya) məğlub edərək finala yüksəlib. Həlledici qarşılaşmada Benjamin Vittakerə (Böyük Britaniya) 3:2 hesab ilə qalib gələn boksçumuz II Avropa Oyunlarının qalibi olub.

Azərbaycanı 69 kq çəki dərəcəsində təmsil edən Lorentso Sotomayor 1/8 finalda Adem Fetahoviçi (Bosniya və Herseqovina), 1/4 finalda kosovolı Patriot Behramini mübarizədən kənarlaşdırıb. Finala çıxmaq üçün böyük britaniyalı Pet Makkormakla qarşılaşan təmsilçimiz bu döyüşdə uduzaraq "Minsk-2019”u bürünc medalla başa vurub,


Samboçular "Minsk-2019”u 3 medalla başa vurdular


II Avropa Oyunlarında sambo yarışlarında ölkəmiz 3 medal qazanıb (bir gümüş, iki bürünc).

52 kq çəki dərəcəsində çıxış edən Ağasif Səmədov oyunları gümüş medalla başa vurub.

Bürünc medalları komandamızın aktivinə Mehman Xəlilov (57 kq) və Emil Həsənov (68 kq) yazdırıblar. Mehman Xəlilov 1/4 finalda belaruslu Vladislav Burdza uduzub. Lakin bu çəki dərəcəsində yeddi samboçunun mübarizə aparması idmançımızın təsəlliverici qarşılaşmaya qatılmadan bürünc medal uğrunda görüşdə iştirakına imkanı yaradıb. O, bürünc medal uğrunda görüşdə Ermənistan samboçusu Maksim Manukyanı 9:1 hesabı ilə məğlubiyyətə uğradıb.

1/4 finalda rumıniyalı Laslo Jolt-Sokeyə qalib gələn Emil Həsənov isə yarımfinalda gürcüstanlı Mindia Liluaşviliyə məğlub olub. Samboçumuz bürünc medal uğrunda qarşılaşmada Bolqarıstan təmsilçisi Martin İvanova qalib gələrək oyunları 3-cü yerdə başa vurub.

Təbii ki, "Minsk-2019”da qazanılmış bu möhtəşəm qələbələr hansısa təsadüfün nəticəsi deyil. Bu zəfərin təməlində dövlətin bu sahədə yeritdiyi siyasət, bədən tərbiyəsi və idmanın inkişafı naminə görülən ardıcıl tədbirlər, mütəxəssis və idmançıların peşəkarlığı və məsuliyyəti durur.

Təbriklər, Azərbaycan!

Elçin CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM