Alternative content

12:32 20 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:40 20.07.2019 Çoxmərhələli layihə
00:20 20.07.2019 Bu da 60
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bazar iqtisadiyyatı şəraitində ixtisaslı fəhlə kadrlarına ehtiyac gündən-günə artır
Bazar iqtisadiyyatı şəraitində ixtisaslı fəhlə kadrlarına ehtiyac gündən-günə artır
ANA SƏHİFƏ / Təhsil
00:35 02.07.2019


Keçən il Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzini 242 nəfər bitirib və onlardan 140 nəfəri işlə təmin edilib


İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda dinamik inkişafın təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi son illər ölkəmizdə sosial-iqtisadi sahədə nailiyyətlərin davamlılığını təmin etmişdir. Xüsusilə regionların inkişafı sahəsində həyata keçirilən tədbirlər uğurlu nəticələrə gətirib çıxarmış, bölgələr sürətlə inkişaf etməklə yanaşı, əhalinin sosial-rifah halı da xeyli yüksəlmişdir. Yeni açılan müəssisələr hesabına əhalinin məşğulluğunun təminatı istiqamətində uğurlu göstəricilərə nail olunmuşdur.

Qeyd etmək lazımdır ki, qeyri-neft sektorunun belə sürətli inkişafı ixtisaslı fəhlə kadrlarına da tələbatı artırır. Odur ki, dövlət siyasətində bu sahə daim diqqət mərkəzində saxlanılmaqla yanaşı, onun müsbət həlli istiqamətində də bir sıra uğurlu addımlar atılmışdır. Belə ki, son illər Azərbaycanda texniki peşə məktəblərinin fəaliyyəti canlandırılmış, bu məktəblərdə daha çox ehtiyac duyulan peşələrin öyrədilməsi ön plana çəkilmişdir. Nəticədə gənclər arasında peşə yönümünə maraq daha da artmış, öz gələcək həyatlarını müəyyənləşdirmək üçün onlarda böyük maraq oyatmışdır. "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və Peşə Təhsili və Təliminin İnkişafına dair Strateji Yol Xəritəsinə uyğun olaraq bu sahədə atılan addımlar bu gün də uğurla davam etdirilir. Xüsusilə əmək bazarında tələbatı yüksək olan prioritet sahələr üzrə ixtisaslı kadrlar hazırlaya biləcək pilot peşə təhsili müəssisəsi yaradılır. Gənclərin peşə təhsilinə cəlb olunması məqsədilə tez-tez "Açıq qapı” günləri keçirilir. Orta məktəb şagirdləri və valideynlər peşə məktəblərinə dəvət olunaraq tədris olunan ixtisaslar barədə onlara ətraflı məlumat verilir.

Respublikamızın ikinci böyük şəhəri olan Gəncədə də son illər sənaye müəssisələrinin sayı durmadan artır. Söz yox ki, bu müəssisələrin ixtisaslı fəhlə kadrları ilə təminatı ön plana çıxır. Bəs görəsən şəhərdəki peşə ixtisası verən məktəblər bunun öhdəsindən gələ bilirmi?

Bu sualla şəhərdəki 3 texniki peşə liseyini özündə birləşdirən Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzində olduq. Mərkəzin direktoru Şahin Məhərrəmov gəlişimizin məqsədini biləndə vacib bir məsələ ilə maraqlandığımızı söylədi. Dedi ki, son illər dövlətimiz bu sahənin inkişafına böyük diqqət yetirir. Artıq həyata keçirilən tədbirlər öz bəhrəsini verir. Hazırda mərkəzi əhatə edən 3 liseydə 972 nəfər gənc 53 qrupda 28 ixtisas üzrə peşə ixtisasına yiyələnir. Onların 65 nəfəri ödənişli, 907 nəfəri isə dövlət hesabına təhsil alır. Təhsil alanların 214 nəfəri qızlardır. Hər il tələbələrin sayında artım qeydə alınır ki, bu da peşə ixtisasına yiyələnmək istəyənlərin sayının çox olduğuna işarədir.

Mərkəzin əhatə etdiyi liseylərin maddı-texniki bazası zəngin olduğundan burada ixtisasların öyrədilməsində heç bir problem yaşanmır. Geniş və işıqlı auditoriyalar tədrisin təşkilində lazım olan bütün vəsaitlərlə təmin olunub. Nəzəri biliklərin təcrübə ilə birləşdirilməsi üçün 14 emalatxana fəaliyyət göstərir ki, bu emalatxanalar da lazım olan dəzgahlarla, qaynaq aparatları, transformatorlarla təmin edilmiş, otaqlarda interaktiv və elektron lövhələr quraşdırılmışdır. Mərkəz zəngin laboratoriyalarla təmin edilmişdir.

Bu günlərdə daha bir emalatxana - Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının (BMTİP) icra etdiyi "Azərbaycan Peşə Təhsili və Təlimi Mərkəzinin müasirləşdirilməsi” qrant proqramı çərçivəsində yeni emalatxana da istifadəyə verilmişdir. Burada quraşdırılmış avadanlıqlar imkan verəcəkdir ki, gələn ildən etibarən mərkəzdə məişətdə soyutma və istilik sistemlərinə xidmət üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlansın.

Mərkəzi əhatə edən liseylərdə gənclərə öyrədilən ixtisaslar demək olar ki, indiki dövr üçün çox aktualdır. Məsələn, telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operator, kimyəvi analiz laborantı, elektrik maşınlarının təmiri üzrə çilingər, istilik şəbəkəsi avadanlıqlarının təmiri ustası, kimyəvi bakterioloji analiz laborantı, dağ-mədən işləri üzrə mütəxəssis, elektrovoz maşinisti köməkçisi, uçan aparatların cihaz avadanlığı ustası və sair ixtisaslar üzrə peşələr öyrədilir ki, son illər bu sahələr üzrə ixtisaslı kadrlara böyük ehtiyac vardır.

Gənclər ən çox hansı peşələrə maraq göstərirlər sualına Şahin Məhərrəmov belə cavab verdi ki, əvvəlki illərdə olduğu kimi, indi də telekommunikasiyada kompüter texnikasının istismarı, avtomobil üzrə elektrik, avtomobil təmiri üzrə çilingər, plastik boru qaynaqçısı, kompüter operatoru, məişət soyuducusu və istilik sistemlərinə xidmət və elektrik maşınlarının təmiri ixtisaslarına daha çox maraq göstərilir.

Qeyd edək ki, keçən il mərkəzi 242 nəfər tələbə bitirib. Onlardan 140 nəfəri işlə təmin olunub. 12 nəfər isə burada aldığı peşəni orta və ali təhsil müəssisələrində davam etdirir.

Onu da diqqətə çatdıraq ki, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzi şəhərdə və ətraf rayonlarda fəaliyyət göstərən dövlət və özəl sənaye müəssisələri ilə sıx əlaqələr qurmuşdur. Hər il həmin müəssisələrin fəhlə kadrları ilə təminatı barədə müqavilələr bağlanır. Müqaviləyə əsasən mərkəzdə təhsil alan tələbələr tez-tez həmin müəssisələrdə olur, iş prosesi ilə bağlı təcrübə toplayırlar. Belə müəssisələrdən Gəncə Avtomobil Zavodunu, Gəncə Cihazqayırma Zavodu, "Neon” firması, Gəncə Dəmiryol Rabitə İdarəsi, "Azəravtoyol” ASC-nin Gəncə filialını misal göstərmək olar.

Kadr hazırlığı ilə bağlı müəssisələrin sifarişləri də olur. Belə müəssisələrdən Gəncə Cihazqayırma Zavodunu, Gəncə Avtomobil Zavodunu, "Nazim oğulları” ASC-ni, Gəncə Telekommunikasiya İdarəsini, 8 saylı Ərazi Maliyyə Hesablama Mərkəzini, "Teleradio” İstehsalat Birliyinin Gəncə radio-televiziya yayımı filialını, "İncə S” Tikiş İstehsalat Birliyini və sair müəssisələri misal göstərmək olar.

Mərkəzdə təhsil alan tələbələr üçün hər bir şərait yaradılmışdır. Burada 150 nəfərlik yataqxanada tələbələrin asudə vaxtlarının təşkili üçün geniş imkanlar vardır. Onlar yataqxanadakı zəngin kitabxananın xidmətindən istifadə edir, müxtəlif stolüstü idman yarışları keçirirlər.

Sabir ƏLİYEV,

"Azərbaycan”