Alternative content

21:31 16 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
17:19 16.07.2019 Fransalı akademik tutuldu
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan fəlsəfə tarixinin ən yeni səhifələri
Azərbaycan fəlsəfə tarixinin ən yeni səhifələri
ANA SƏHİFƏ / SİYASƏT
01:10 30.06.2019


Azərbaycan qədim tarixə, zəngin mədəniyyətə malik bir ölkədir. Əsrlər boyu bu torpağın alimləri, sənətkarları, mütəfəkkirləri yalnız öz millətinə deyil, bütün bəşəriyyətə töhfəsini veriblər.

Fərqli dövrlərdə, fərqli siyasi formasiyalarda bu millətin tək qayğısı yalnız öz mövcudluğunu təmin etmək olmayıb, o, mənsub olduğu bölgənin mədəniyyətində aparıcı qüvvə olmağı bacarıb, bölgənin siyasi-iqtisadi proseslərində həlledici məqama sahib olub, dövrün fəlsəfi təfəkküründə öz səhifəsini açıb.

Qədim dövrlərdə və orta əsrlərdə Çindən Orta və Ön Asiya ölkələrinə aparan karvan yolu, Şərqlə Qərb arasında şah damarı qədər vacib bir əlaqə olan Böyük İpək yolu məhz Azərbaycandan keçib, Şərqdə ilk demokratik respublika Azərbaycanda yaranıb, Zərdüşt Peyğəmbərdən başlayan və Əbülhəsən Bəhmənyardan, Şihabəddin Sührəvərdidən, Nəsirəddin Tusidən, Eynəlqüzat Miyanəcidən, Nizami Gəncəvidən, İmadəddin Nəsimidən keçib bugünə qədər uzanan hikmət nurunun vətəni Azərbaycandır, bir millətin təfəkkürünü, eposunu musiqi dili ilə ifadə edən də Azərbaycan muğamıdır.

Qısaca desək, torpağının altı da, üstü də Yaradanın bərəkəti və lütfü ilə mükafatlandırılan bir məkandır Azərbaycan. Məhz bu və qeyd etmədiyimiz daha neçə keyfiyyətləri nəzərə alan ölkə başçısı İlham Əliyev IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında vurğulayır: "Tarix, ənənələr və coğrafiyamız bizə onu diktə edib ki, Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkan ola bilər və bu, məhz belə də olmalıdır”.

Atalar deyib: "Bar verən ağaca daş atan çox olar.” Azərbaycan da tarixi boyu çox problemlərlə üzləşib, işğallara məruz qalıb, müharibələrə meydan olub, torpağı yağmalanıb, sənətkarları yad ellərə sürülüb. Ən böyük və amansız işğal isə, zənnimizcə, düşüncələrin işğalıdır. Yuxarıda da qeyd etdiyimiz kimi, millətin varlığı onun düşüncəsindən asılıdır. Mütəfəkkirləri, şair və filosofları dünyaya başqa millətin nümayəndəsi kimi tanıdılırsa, düşüncə tarixindən Azərbaycan adı silinməyə cəhd edilirsə, bu, birbaşa millətin varlığına təhdiddir. Bunun qarşısını alan tək və yenilməz qüvvə isə müstəqillikdir. Necə ki, müstəqil bir ölkənin sərhədləri ilə torpaqları, qanunları ilə vətəndaşları qorunur, eləcə də görünməz bir əllə öz mənəviyyatını, mədəniyyətini, təfəkkürünü qoruyub, sahib çıxa bilir. Yalnız bu gününə və sabahına deyil, dünəninə də! Azərbaycan mədəniyyətinə və fəlsəfəsinə görə, dünya tarixində həmişə əhəmiyyətli yer tutub, vacib rol oynayıb, onda belə bir iddia da irəli sürmək olar ki, bu torpağın müstəqilliyi, əmin-amanlığı yalnız bu millətə deyil, bəşəriyyətə lazımdır.

Tükənməz gücün və enerjinin mənbəyi - tarix, ənənə, mənəviyyat

Azərbaycan qədim məkandır və bu torpaqda əsrlər boyu yaranan, inkişaf edən mədəniyyət, damla-damla formalaşan mənəviyyat, kərpic-kərpic qurulan ənənə getdikcə böyük bir enerji mənbəyinə çevrilib. Bir-biri ilə sıx çulğalaşmaqla, bir-birini qarşılıqlı şəkildə tamamlayıb cilalamaqla ən çətin günlərində, işğal altında olanda belə Azərbaycanın varlığını qoruyub saxlayıblar. Zaman-zaman bu enerjiyə daxili inam, yaşamaq əzmi, qəhrəmanlıq hünəri, azadlıq arzusu adı verilib və zahiri sükutda belə milləti daxilən yaşadıb-yaratmağa həvəsləndirib. Müstəqil olan bir milləti isə bu enerji yalnız və yalnız inkişafa və yüksəlişə aparır. Öz daxili enerjisinə güvənən bir millətin hərəkətini və irəliləyişini heç bir qüvvə sıfırda saxlaya bilməz. Azərbaycan nümunəsində bu həqiqəti çox aydın şəkildə görmək mümkündür. Buna inanan və xalqı da inandıran ölkə rəhbəri İlham Əliyev üç il əvvəl bununla bağlı belə deyib: "Azərbaycan nisbətən gənc müstəqil dövlətdir. Böyük tarix, ənənə və mədəniyyətə malik olmağımıza baxmayaraq, müstəqil dövlət olaraq bizim 25 yaşımız var. Ötən il biz müstəqilliyimizin bərpasının 25-ci ildönümünü qeyd etdik. Bu illər onu nümayiş etdirdi ki, ölkənin taleyi öz əlimizdə olanda böyük uğur əldə etmək olar. Əsrlər boyu Azərbaycan müxtəlif dövlətlərin və imperiyaların tərkibində olub və 25 illik müstəqillik sübut edir ki, yalnız azad olan halda uğur qazanmaq olar. Dövlətimizin tarixində Azərbaycan bugünkü qədər güclü olmayıb”.

Cismin daxili enerjisini təmin edən atomlar, molekullar olduğu kimi, millətin də ən kiçik zərrəsi fərdlərdir. Kimsə öz milli kimliyini dərketmədən ömrünü başa vurur, bir başqası, özünü dərk etməklə kifayətlənməyib millətinin taleyinə öz xeyirli əməyi ilə bəhrə vermək, onun mədəniyyətini inkişaf etdirmək, rifahını yüksəltmək istəyir, bir başqası da millətinin "imzasını imzalar sırasına qatmaq” üçün çalışıb-vuruşur, onun universal, ümumbəşəri proseslərdə yerini və rolunu təyin edir. Hər kəs öz düşüncəsi səviyyəsində və bacardığı qədər. Özgüvəni güclü olan vətəndaşın Vətəni də güclü olar. Ölkə rəhbəri İlham Əliyev "Mən hər bir vətəndaşın Prezidenti olacağam”, - deyə məsuliyyətli bir vəd verir. O deyir: "Mən dəfələrlə demişəm ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz bütün işləri ona görə görürük ki, xalqımız daha da yaxşı yaşasın. Azərbaycanda bir çox sosial təşəbbüslər irəli sürülmüşdür, sosial infrastruktur layihələri geniş vüsət alıb. Eyni zamanda, Azərbaycan elə təşəbbüslər irəli sürür ki, bu, dünya üçün bir yenilikdir”.

Bunlarla yanaşı, qeyd etdiyimiz kimi, coğrafi mövqeyi sanki Azərbaycanı fərqli millətlərin təbii şəkildə birləşdiyi, bərabər əmin-amanlıq şəraitində, mehriban qonşuluqda yaşadığı bir məkana çevirib. Şərqlə Qərbin qovuşduğu, neçə müharibələrin, sürgünlərin şahidi olan, tən ortasından Böyük İpək yolu keçən Azərbaycan yaşayan, özünə sığınacaq qazanan, səadətini, gələcəyini tapan neçə millət üçün Vətən olub. Maraqlıdır ki, buranın torpaqları o dərəcədə münbitdir ki, hər kəs rahatlıqla buralarda "kök salıb” inkişaf edə bilib və buraları özünün tarixi vətəni sayır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, "bu gün Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir ki, burada bütün etnik qrup və dinlərin nümayəndələri sülh və harmoniya şəraitində yaşayırlar. Bizim tarixi abidələrimiz də Azərbaycanın mədəni müxtəlifliyini və onun qədim tarixini aydın şəkildə nümayiş etdirir. Fəxr edirik ki, dünyanın ən qədim məscidlərindən biri - 743-cü ildə inşa olunan Cümə məscidi Azərbaycanın qədim şəhərlərindən biri sayılan Şamaxıda yerləşir. Dünyanın ən qədim kilsələrindən olan Qafqaz Albaniyası dövləti dövrünə aid kilsə Azərbaycanın digər qədim şəhəri Şəkidə yerləşir. Bakının yaxınlığında yerləşən və atəşpərəstlik dininə məxsus olan Atəşgah məbədi də bizim tarixi və dini müxtəlifliyimizi nümayiş etdirir”. Bəli, Azərbaycanda ən qədim mədəniyyətlərin izlərini, fərqli dinlərin məbədlərini tapmaq mümkündür. Onu da xüsusilə əlavə edək ki, bu məbədlər dövlət tərəfindən qorunub saxlanır. Bu isə o deməkdir ki, fərqli millətlər və onların mədəniyyətləri Azərbaycanda eklektik deyil, məhz üzvi şəkildə birləşiblər. Bu yerdə görkəmli sufi mütəfəkkiri Mövlananın "Gəl, hər kim olursan ol, gəl”, - dəvəti yada düşür. Məsələ burasındadır ki, xoşgörü, tolerant olmağı yalnız güclülər bacarır. Söz sahibi, qüdrəti olmayan birinin başqasına olan mənfi və ya müsbət münasibəti, üstəlik ona göstərəcəyi mərhəmət, xoş rəftar kimin üçünsə nə maraqlı deyil, nə də bir əhəmiyyət kəsb eləmir. Zəiflik başqasından mərhəmət gözləmək, üstəlik özünün əzilmək, yox olmaq təhlükəsini yaşamaqdır. Xüsusilə vurğulayaq ki, söhbət burada özündən zəifləri "udmaq”, öz içində əritmək yox, məhz ən yüksək xüsusiyyətləri ilə birgə onlara yaşamaq hüququ verməkdir. Bəli, Azərbaycan xalqının ruhunda, düşüncəsində yaradılışdan bir xoşgörü, yadlara qarşı bir səmimiyyət, anlayış göstərmə vardır. Əlbəttə, bu xüsusiyyətinə görə Azərbaycan çox bəlalarla rastlaşıb, təhlükələrdən, savaşlardan keçib, ancaq öz fitrətinə naxələf çıxmayıb və yenə də daxili enerjisinə güvənib. Buna görədir ki, müharibə şəraitində yaşayan, 1 milyondan çox qaçqını olan, ən yaxın qonşusu tərəfindən əraziləri işğal olunan, əhalisi dönə-dönə terrora, hətta qətliama məruz qalan Azərbaycan öz simasını itirmir. Səbəb bu ruhun hədsiz dərəcədə böyüklüyündə, zəifə, yada qarşı mərhəmətində və sonsuz qüdrətindədir. XX əsrdə bu xüsusiyyətə multikultural adı verdilər. Təbii ki, buna görə Azərbaycan üçün də bu anlayış, ən vacibi isə yaşayış tərzi nəinki yad görünmədi, əksinə, öz siyasətində prioritet bir xətt kimi qəbul edildi. Cənab İlham Əliyev çox gözəl qeyd edir ki, "Milli dəyərləri möhkəm olan xalq həmişə uğur qazanacaq, inkişaf edəcək. Hesab edirəm ki, Azərbaycan modeli, o cümlədən bu istiqamətdə əldə etdiyimiz uğurlar bir çox ölkələr üçün çox cəlbedicidir. Həm ənənələr, tariximiz, mədəniyyətimiz, dinimiz bizim üçün müqəddəsdir, eyni zamanda biz dünyaya açığıq, müasirik, bütün ölkələrlə yaxşı münasibətlər qurmağa çalışırıq”.

Böyük bir təəssüflə qeyd etmək lazımdır ki, dünyada gedən proseslər ciddi narahatlıq yaradır. Söhbət yalnız müharibələrdən, artan terror aktlarından getmir. Əslində bunlar ciddi mənəvi və düşüncə böhranı yaşayan bəşəriyyətin bəlalarının görünən hissəsidir. XX əsri xarakterizə edən iki əsas faktlardan biri əgər elmin sürətli inkişafıdırsa, digəri, birmənalı olaraq mənəviyyatın, mənəvi dəyərlərin sürətlə deformasiyaya uğramasıdır.

Burada gedən prosesləri bir neçə qrupa bölmək olar: əvvəla, mərkəz nöqtəyə mənfi qəhrəmanlar keçirdi. Məsələn, qədim dövrdə, orta əsrlərdə, hətta yeni dövrün başlanğıcında da nümunə müsbət obyekt idi. Heykəltəraşlar, rəssamlar gözəlliyi təcəssüm etdirməyə, yazıçı-şairlər müsbət qəhrəmanları, fədakarlığı, cəsarəti, xeyirxahlığı tərənnüm etməyə çalışırdılar. Müasir dövrdə isə mənfilik əsas diqqət mərkəzi və tədqiqat obyektinə çevrilməyə başlayıb. Bu səbəbdən meyarlar dəyişərək istər-istəməz nümunə olaraq göz qabağında daim mənfi qəhrəmanlar durur. Hətta müsbət qəhrəmanların özlərinin də mənfiliyini tapmaq bir kəramətə çevrilib. Heç kimin ideal olmaması, ən nümunəvi şəxsiyyətin də naqis keyfiyyətlərə, uğursuzluqlara malik olmasını açıb göstərmək tədricən müsbət keyfiyyətlərin tərənnümünü ümumiyyətlə sıradan çıxardır. Bəşəriyyət həm mənəvi, həm də düşüncə böhranına düşüb. Belə bir güclü xarici təsirin qarşısında Azərbaycanda yenə də fərqli istiqamət qəbul edilib: qəhrəman, nümunə məhz millətinə xidmət edən şəxs ola bilər və olur. Azərbaycan müharibə şəraitində yaşayıb, inkişaf edən bir ölkədir. Millət öz canını, qanını onun yolunda qurban verən qəhrəmanını tanımaqla bir tərəfdən çox yüksək bir qəhrəmanlıq nümunəsi görür, digər tərəfdən, Vətənə olan sevgisi daha artır. 2010-cu ilin noyabrında Milli Qəhrəman Mübariz İbrahimov və Fərid Əhmədovun vida mərasimində iştirak edən Ali Baş Komandan İlham Əliyev belə bir məqamı vurğuladı: "Biz müharibə şəraitində yaşayırıq və Mübarizlə Fərid öz həyatı ilə, öz qəhrəmanlığı ilə düşmənə sübut etdilər ki, Azərbaycan xalqı, Azərbaycan gəncləri Vətən uğrunda canlarından keçməyə də hazırdırlar. Bu, böyük qəhrəmanlıq, hünər, vətənpərvərlik nümunəsidir. ... Mübarizin və Fəridin qısa və şərəfli həyatı Azərbaycan xalqını daha da birləşdirdi”. Bundan bir neçə il sonra, ölkə başçısı 2016-cı ildə Aprel döyüşlərini millətimizin "qəhrəmanlıq rəmzi” adlandırdı. Bəli, bütün dünyada hansı proseslər gedirsə, getsin, hansı böhranlar yaşanırsa, yaşansın, Azərbaycanın öz qəhrəmanlıq nümunəsi, öz vəhdət məqamı var.

Bununla yanaşı, yuxarıda da qeyd etdiyimiz kimi, öz milləti üçün xidmət göstərən hər bir kəs bu gün qəhrəman, müsbət nümunədir. Belə nümunələr həm də Azərbaycan bayrağını yüksəyə qaldıran, himnimizi hətta düşmən ölkədə də səsləndirə bilən idmançılarımızdır. Onların bu xidmətini yüksək dəyərləndirən Prezident qeyd edir: "Gənc nəsil, uşaqlar görəndə ki, dövlət idmançıları qiymətləndirir, onları mükafatlandırır, onlara bütün şəraiti yaradır, əlbəttə, idmana daha da böyük maraq olacaq. Bu da nəticə etibarilə Azərbaycan gəncliyinin, xalqının sağlamlığına xidmət göstərəcək. Əlbəttə ki, biz idmançılarımızın uğurları ilə fəxr edirik və bu, bizim ölkəmizin şöhrətini artırır. Ancaq, eyni zamanda bundan az əhəmiyyət daşımayan məsələ idmanın kütləviliyidir. İdman sağlam həyat tərzidir və biz hamımız çox istəyirik ki, Azərbaycanda sağlam həyat tərzi yanaşması üstünlük təşkil etsin. Bu gün bu, belədir, dövlət siyasəti də məhz bu istiqamətdə aparılır və eyni zamanda sizin qələbələriniz bizim siyasətimizi dəstəkləyir”. Bir daha qeyd edək ki, bu yalnız idmana qayğı deyil: bir millətin qəhrəmanı yalnız onun bayrağını yüksəyə qaldıran, onun üçün mübarizə aparan biri ola bilər.

İlk baxışda belə düşünmək olar ki, Azərbaycanda milli kökümüzü qorumaq üçün millətə düzgün qəhrəmanlarımızı tanıdırlar. İndi isə belə məlum olur ki, yalnız öz vətəndaşları üçün deyil, ümumiyyətlə dünya ictimaiyyətinə düzgün nümunə göstərməklə, mənəvi böhranın qarşısını almaq mümkündür. Çünki bu, yalnız mövcudluğun deyil, inkişafın, tərəqqinin təminatıdır. Ölkə başçısının da qeyd etdiyi kimi, "Azərbaycanda bundan sonra da millətlərarası, dinlərarası münasibətlər ən yüksək səviyyədə öz həllini tapacaq. Biz indi bir çox ölkələr üçün nümunəyik. Bunu artıq heç kim gizlətmir. Nəinki ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər, eyni zamanda Azərbaycanda mövcud olan vəziyyət bir çox ölkələr üçün nümunədir. Azərbaycanda bütün xalqların nümayəndələri bir ailə kimi, mehribanlıq, sülh, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Bu da bizim böyük sərvətimizdir, gücümüzdür və biz bunu qoruyuruq, qorumalıyıq. Şadam ki, bizim siyasət, bu istiqamətdə atılan addımlar xalq tərəfindən tam dəstəklənir. Ona görə, bu gün Azərbaycan dünyada multikulturalizmin mərkəzi sayılır.

Dialoq mədəniyyəti güclü təfəkkürün təzahürü kimi

Dialoq ən azı iki tərəfin bir-birini dinləməsi və anlamasıdır ki, məqsədinə görə onu müxtəlif növlərə ayırmaq mümkündür. Müasir dövrün şərtləri altında dialoqlar bəzən yeni bir mahiyyət qazanır. Tədqiqatçılar müasir dövrü şərh edəndə ilk vurğulanan fakt informasiya bolluğu və xaosudur. Bu baxımdan, kompüter texnologiyasının, informasiya ötürücülərinin artdığı və əsasən elektronlaşmış vasitələrin üstünlük qazandığı bir vaxtda dialoqdan daha çox, bir tərəfin qarşı tərəfi kəsilməz bir proses boyu informasiya ilə yükləməsindən söhbət gedə bilər. Düzdür, bu informasiya selinin axarına düşən bir şəxs guya bu dialoqa qoşulmuş olmur. Əslində isə, o, ən yaxşı halda, özü informasiya yükləyən və diktə edən tərəfə, yaxud daha güclü bir informasiya selinin vasitəçisinə çevrilə bilir. Belə bir "ünsiyyət” şəraitində insanlar nəinki qarşıdakını dinləməyə imkan tapa bilir, heç öz şəxsiyyətinə, özünüdərkə də vaxt ayıra bilmir. İnsan ancaq informasiya alıb-ötürür və nə onları, nə də özünü dərk edə bilir!

Dialoq bu gün məhz güclü, özünə güvənən tərəfin təklif edə biləcəyi bir ünsiyyət, ata biləcəyi addımdır. Bu gün Azərbaycan özü dialoq təklif edən bir ölkədir. Bu addımın tarixi isə 2008-ci ilin dekabrında "Bakı Prosesi” ilə başladı. Məhz Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına 10 islam ölkəsi dəvət edildi. Avropa və ona qonşu regionlardan 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksəksəviyyəli nümayəndələrinin iştirak etdiyi bu konfransda "Mədəniyyətlərarası dialoqunun təşviqinə dair "Bakı Bəyannaməsi” qəbul edildi. Alınan qərarlardan biri də konfrans çərçivəsində iştirak edən Avropa Şurasına üzv dövlətlər ilə İslam Konfransı Təşkilatına üzv dövlətlər arasında mədəniyyətlərarası dialoqların başlanması idi. Ölkə rəhbəri bu əhəmiyyətli hadisəni belə xarakterizə edir: "Bakı Prosesi” Azərbaycan Respublikasının təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülmüşdür. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması dayanır”.

Azərbaycanın Şərq və Qərb arasında dialoq təşəbbüskarı olması özündə vacib bir faktı da ehtiva edir. Bu gün dünyada islam dinini terrorçu və mürtəce bir din kimi tanıtmaq üçün cəhd edən çox təhlükəli qüvvələr var və onlar genişlənməkdədir. Qərb dövlətlərindən bəziləri islamla mübarizəni az qala prioritet istiqamətlərdən hesab edirlər. Belə bir narahat vaxtda Azərbaycan sanki islama sahib çıxır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bunu belə xarakterizə edir: "Bu gün dünyada narahatlıq doğuran bəzi tendensiyalar mədəniyyətlərarası dialoqla deyil, özgələşmə ilə nəticələnir. Biz mütəmadi surətdə bunun şahidi oluruq. Dünyanın müxtəlif yerlərində münaqişə, qarşıdurma və vətəndaş müharibələrinin səbəbi müxtəlif din və etnik qrup nümayəndələrinin arasında anlaşmanın olmamasıdır. Bizim multikulturalizm siyasətimiz xalqımız tərəfindən tam dəstəklənir və 2016-cı il Azərbaycanda "Multikulturalizm ili” elan edilmişdi. Bu il isə ölkəmizdə "İslam Həmrəyliyi ili” elan edilib. Azərbaycanda gündəlik həyatın bu hər iki çox vacib elementinin birləşməsi, ilk növbədə, cəmiyyətimizin vəziyyətini, dövlət siyasətimizi nümayiş etdirir, eyni zamanda regionda daha da yaxşı anlaşmaya səbəb olur”. Azərbaycan öz simasında bütün dünyaya islamın sülhsevər, tolerant, yardımsevər mahiyyətini nümayiş etdirir. İslam Həmrəyliyi Oyunlarının qalib idmançıları, onların məşqçiləri və idman ictimaiyyətinin nümayəndələri ilə keçirilən görüşdə Prezident məhz bu məqamı vurğuladı: "Biz açılış mərasimində İslam dininin mütərəqqiliyini göstərdik. Göstərdik ki, islam dini elm dinidir, mədəniyyət dinidir, sülh dinidir, mərhəmət dinidir. Biz Azərbaycan xalqının istedadlı nümayəndələrini açılış mərasimində göstərdik. Azərbaycanın zəngin, qədim tarixini, mədəniyyətini bütün islam aləminə, bütün dünyaya nümayiş etdirdik. Eyni zamanda bağlanış mərasimi də Azərbaycanı mütərəqqi, müasir ölkə kimi təqdim etdi. Yəni bu nadir vəhdət bu gün Azərbaycanı dünya miqyasında əvəzolunmaz ölkəyə çevirir. Biz öz milli, dini dəyərlərimizə sadiqik, onları qoruyuruq və qoruyacağıq. Eyni zamanda biz dünyaya açığıq, biz müasirik, biz inkişaf edirik və bu önəmli amillər bu gün əslində müasir Azərbaycan dövlətini təcəssüm etdirir. Biz dərin milli-mənəvi köklər üzərində müasir dövlət qururuq, o dövlət ki, indi hər bir vətənpərvər insan öz ölkəsi ilə fəxr edir”. İslam vəhdət dinidir, lakin kənar qüvvələrin təsiri, şəxsi maraqlar və bir çox neqativ hallar islam ölkələri arasında bir ayrı-seçkilik, düşmənçilik toxumu səpməkdədir. Müəyyən mənada bu, islam dininə deyil, məhz bəşəriyyətə bir zərbədir, onu sanki özünüməhv proqramı ilə fəlakətə aparmaqdır. Bu baxımdan, İslama sahib çıxmaqla bəşəriyyətin əmin-amanlığına sahib çıxmış olur. Ölkə başçısının da qeyd etdiyi kimi, "Azərbaycan apardığı siyasətə idman vasitəsilə əlavə töhfə verdi. Çünki bizim müsəlman aləmində siyasətimiz ondan ibarətdir ki, birlik, həmrəylik güclənsin, müsəlman ölkələri arasındakı bəzi ixtilaflara, müharibələrə son qoyulsun. Müsəlman aləmi birlik nümayiş etdirməlidir. Ancaq bu təqdirdə xalqlarımız gələcəkdə rahat və firavan yaşaya bilərlər. Ona görə, bizim apardığımız siyasət və bu oyunlarda verdiyimiz töhfə əminəm ki, müsəlman aləminin birləşməsinə gətirib çıxaracaq”.

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycana ünvanladığı ilk məktublarının birində Azərbaycanı Avropanın enerji mənbəyi kimi dəyərləndirmişdi. Son günlər 28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktubda isə sanki bu fikir bir daha təsdiqlənir: "Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri və "Cənub qaz dəhlizi” təşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində sizin liderliyinizi dəyərləndirirəm”. Bəli, Azərbaycan yalnız enerji mənbəyi deyil, həm də bu enerjinin gücləndirilməsində liderdir.

Biz yenə də söhbəti iqtisadiyyatdan fəlsəfi müstəviyə keçirərək qeyd etmək istərdik ki, Azərbaycan həqiqətən də bir enerji mənbəyidir. Əbu Turxanın kəsilməz tarix prinsipinə əsasən, "sivilizasiyanın ən mühüm şərtlərindən biri məhz kəsilməz tarixdir. Belə ki, cəmiyyətin inkişafında qazanılan hər hansı bir nailiyyət sonradan davam etdirilmirsə, o, böyük müddət intervalında tarixi prosesə daxil ola bilmir”. İlk baxışda, Azərbaycan öz tarixində həmin prinsipi qorumaqla millətin varlığını və rifahını qorumuş olur. Bununla belə, Azərbaycanın istər bölgədə, istər dünya mədəniyyətində yerini və rolunu nəzərə alsaq, onun həm də bəşəriyyətin varlığı üçün zəruri addımlar atdığını iddia etmək olar.

Könül BÜNYADZADƏ,

AMEA-nın müxbir üzvü



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM