29 Iyun 2019 01:36
1472
İDMAN
A- A+

Bir gündə 4 medal


Qadın güləşçilərimiz uğur estafetini davam etdiriblər


Belarusun paytaxtı Minskdə təşkil olunan II Avropa Oyunlarında 8-ci gün arxada qaldı. Bütün idman növlərində bir-birindən maraqlı mübarizələrin şahidi olduq. Sözsüz ki, bu günlərdə daha çox diqqət mərkəzində olan idman növü güləşdir. Güləşçilərimiz son 4 gündə qazandıqları medallarla dünya idman ictimaiyyətinin diqqətini özlərinə cəlb edə bilmişdilər. Sərbəst güləşdə idmançılarımız 5 (2 qızıl, 1 gümüş, 2 bürünc) medal əldə edərək möhtəşəm zəfərə imza atmışdılar. Bu, hələ son deyil. Çünki dünən "Minsk-2019”da qadın güləşçilərimiz də ölkəmizin aktivinə daha 3 medal (1 qızıl, 1 gümüş, 1 bürünc) yazdırdılar. Qadın güləşində 50 kq, 57 kq, 62 kq və 76 kq çəki dərəcələrində həlledici mərhələnin görüşləri keçirilib.


3-cü qızıl medal


İyunun 27-də 50 kq çəkidə mübarizə aparan komandamızın lideri Mariya Stadnik yarışa 1/4 final mərhələsindən başlayıb. Polşalı Anna Lukasiakla güləşən təmsilçimiz 10:0 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəlib. Finala gedən yolda Evin Dəmirhana (Türkiyə) qalib gələn Mariya dünən həlledici görüşə çıxıb.

Bu da final. Qızıl medalın taleyi həll olunur. Mariyanın rəqibi ukraynalı Oksana Livaçdır. Təmsilçimiz çempionluq məsələsini elə ilk dəqiqələrdən həll edir. 7:1 hesabı ilə qalib gələn Mariya qızıl medala yiyələnməklə dörd il əvvəl Bakıda keçirilən ilk Avropa Oyunlarında qazandığı nailiyyəti təkrarlayır. Bu qələbənin səbəbkarını alqışlayırıq! Dövlətimizin himni səslənir!

Final qarşılaşmasından sonra Mariya Stadnik deyir ki, ukraynalı güləşçi ilə rəfiqə olduğundan final görüşü psixoloji baxımdan onun üçün çətin idi: "Bir-birimizi yaxşı tanıyırıq, məşqləri birgə edirik. Daha təcrübəli olmağım finalda qalib gəlməyimə kömək etdi”.

İyunun 27-də 62 kq çəki dərəcəsində yarışan Elmira Qəmbərova 1/8 finalda almaniyalı Luzi Mankeni, 1/4 finalda polşalı Katarzina Madrovskanı, yarımfinalda rumıniyalı Krişta İnçzeni mübarizədən kənarlaşdıraraq finala yüksəlmişdi. Dünən isə çempionluq uğrunda ukraynalı Yuliya Tkaçla qarşılaşdı. Həlledici qarşılaşma təmsilçimiz üçün uğursuz oldu. Görüşü 0:4 hesabı ilə uduzan Elmira II Avropa Oyunlarını gümüş medalla başa vurdu.


Əzmkarlıqla qazanılan bürünc mükafat


57 kq çəkidəki təmsilçimiz Alyona Kolesnik oyunlara 1/8 finaldan başlayıb. Macarıstanlı Ramona Qalambos ilə üz-üzə gələn idmançımız 10:0 hesabı ilə qalib gəlsə də, 1/4 finalda bolqarıstanlı Mimi Xristova ilə bacarmadı (0:6). Amma rəqibi finala yüksəldiyi üçün Alyona üçün bürünc medal şansı yarandı. İlk olaraq təsəlliverici görüşdə italiyalı Franseska İndelikatoyla güləşən idmançımız 12:1 hesabı ilə qalib gələrək bürünc medal uğrunda dünən türkiyəli Bediha Günlə qarşılaşdı. İlk hissədə xal qazanan türkiyəli idmançı önə keçsə də, güləşçimiz əzmkarlıqla 5:3 hesablı qələbə qazanaraq bürünc medala yiyələndi.

76 kq çəki dərəcəsində güləşən Səbirə Əliyeva isə 1/8 finalda Aykaterinierini Pitsiava (Yunanıstan) ilə qarşılaşdı və 9:0 hesabı ilə qələbə qazanaraq 1/4 finala yüksəldi. Bu mərhələdə də Georgina Neltorpa (Böyük Britaniya) 8:2 hesabı ilə qalib gələn Səbirə yarımfinalda almaniyalı Frensi Rideltlə qarşılaşmadan məğlub ayrıldı. Bürünc medal uğrunda görüşdə norveçli İselin Solheymlə qarşılaşan güləşçimiz uduzaraq II Avropa Oyunlarını medalsız başa vurdu.

İyunun 28-də yunan-Roma güləşçilərinin mübarizəsinə də start verilib. Ölkəmizi iki çəki dərəcəsində güləşçilər təmsil ediblər. Hər iki təmsilçimiz yarışa 1/8 finaldan start verib. Təəssüf ki, hər iki güləşçimiz ilk görüşdəcə uduzub.

60 kq çəki dərəcəsində yarışan Sakit Quliyev xorvatiyalı İvan Lizatoviçə 0:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

67 kq çəkidə mübarizə aparan Kərim Cəfərov da Norveç təmsilçisi Haavard Yorgensenlə bacarmayıb - 1:4. Norveçli güləşçi növbəti mərhələdə uduzduğundan, Kərim üçün də mübarizə erkən bitib.


Boksçumuz finalda


Dünən "Minsk-2019”da boks yarışlarında yarımfinal görüşləri keçirilib.

Azərbaycanı 69 kq çəki dərəcəsində təmsil edən Lorenzo Sotomayor finala çıxmaq üçün böyük britaniyalı Pet Makkormakla qarşılaşıb. Lakin döyüşü uduzan təmsilçimiz bürünc medalla kifayətlənib.

81 kq çəki dərəcəsində yarışan digər yarımfinalçımız Alfonso Dominqez həlledici mərhələyə yüksəlmək üçün italiyalı Fiori Domingezlə üz-üzə gəlib. Görüşü qalib başa vuran idmançımız bu gün finalda böyük britaniyalı Benjamin Vittakerlə qarşılaşacaq.

Beləliklə, 8-ci yarış günündən sonra Azərbaycan 20 medalla (3 qızıl, 6 gümüş, 11 bürünc) 10-cu pillədə qərarlaşıb.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video