28 Iyun 2019 01:33
732
SİYASƏT
A- A+

Azərbaycanın beynəlxalq təşkilatlarda yüksək nüfuzu var


QDİƏT Parlament Məclisi Baş Assambleyasının 53-cü plenar sessiyasında ölkəmizlə bağlı həqiqətlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı


İyunun 20-21-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏT PM) Baş Assambleyasının 53-cü plenar sessiyası keçirildi. Milli Məclisin deputatı, Aqrar siyasət komitəsinin sədr müavini, QDİƏT PM-də Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyevlə söhbətimiz bu barədədir.


53-cü sessiyaya beynəlxalq miqyasda maraq böyük idi


Əvvəlcə Azərbaycan-QDİƏT əlaqələrindən danışan Eldar Quliyev bildirdi ki, QDİƏT regional əməkdaşlığın əsas istiqamətlərini müəyyən etmək və Qara dəniz hövzəsi dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə yaradılıb. QDİƏT-in təsisçi üzvlərindən biri kimi Azərbaycan onun regiondakı əhəmiyyətli rolunu yüksək qiymətləndirir və üzv dövlətlər arasında fəaliyyətə böyük töhfələr verir.

Ölkəmizin QDİƏT-in Parlament Məclisinin işində iştirakına gəldikdə Eldar Quliyev dedi: "Təşkilatın Parlament Məclisi Qara dəniz hövzəsi ölkələrinin ali qanunverici orqanları arasında dialoqu təmin edən nüfuzlu beynəlxalq strukturdur. Parlamentarilərin işindən ticarət-iqtisadi və investisiya mübadiləsinin dinamikası, sosial, elmi-texniki və humanitar sahələrdə əlaqələr çox asılıdır.

Parlament Məclisinin Baş Assambleyası ildə iki dəfə toplanır. Baş Assambleyanın 53-cü plenar sessiyası Bakıda Milli Məclisdə keçirildi. Bildiyiniz kimi, ötən ilin noyabrında Yerevanda keçirilən 52-ci sessiyada QDİƏT Parlament Məclisinə sədrlik Azərbaycana keçmişdi. Təşkilata sədrlik əlifba sırası əsasında, rotasiya qaydasına uyğun olaraq 6 ay çəkir. Buna görə Məclisə rəhbərliyi bu dövrdə Milli Məclisin Sədri Oqtay Əsədov həyata keçirdi”.

Eldar Quliyevin sözlərinə görə, Bakıda keçirilən 53-cü sessiyada QDİƏT PM-də təmsil olunan 12 dövlətdən 10-nun nümayəndə heyəti iştirak etdi. "Sessiyanın işində 10 dövlətdən 150-dən artıq parlamentar iştirak etdi. Gəlməyənlərdən biri Ermənistan nümayəndə heyəti idi. Onlara verilən zəmanətə baxmayaraq, Bakıya gəlməkdən imtina etdilər. Əslində bununla erməni tərəfi bir daha qeyri-konstruktiv mövqe ortaya qoydu. Halbuki keçən ilin noyabrında Yerevanda keçirilən 52-ci sessiyada Azərbaycan nümayəndə heyət iştirak etmişdi. Onu da qeyd edim ki, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının, ATƏT Parlament Assambleyasının, NATO Parlament Assambleyasının, MDB Beynəlxalq Parlament Assambleyasının, İƏT Parlament İttifaqının, Baltik Dənizi Parlament Konfransının, Almaniya Bundestaqının, İsrail Knessetinin, Fransa Milli Assambleyasının və Senatının, eləcə də Misir, Belarus, Slovakiya parlamentinin müşahidəçiləri iştirak edirdilər. Bütün bunlar QDİƏT PM-in 53-cü sessiyasının beynəlxalq miqyasda kifayət qədər maraqla qarşılandığını göstərir”.

QDİƏT PM Baş Assambleyasının 53-cü plenar sessiyasında giriş nitqi söyləyən QDİƏT PM-in fəaliyyətdə olan sədri, Milli Məclisin spikeri Oqtay Əsədov qeyd edib ki, Parlament Assambleyasının plenar sessiyasının 6 il sonra yenidən Bakıda keçirilməsinin rəmzi mənası var: "Bu 6 il Azərbaycanın yaxından iştirakı ilə həyata keçirilən nəhəng nəqliyyat-enerji layihələrinin köməyi ilə bölgənin iqtisadi mənzərəsinin dəyişdirilməsində mühüm bir dövr olub. Qara dəniz iqtisadi məkanında beynəlxalq və regional əməkdaşlığın gözəl nümunələri olan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum və TANAP qaz kəmərləri, digər transmilli layihələr nəinki bölgəmizin, həm də Avropa qitəsinin yeni iqtisadi xəritəsinin formalaşmasında mühüm rol oynayır, onun enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verir. Bu layihələr arasında 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmiryol xəttinin və reallaşdırılmaqda olan TAP qaz kəmərinin əhəmiyyəti xüsusi qeyd edilməlidir”.

İclasda Azərbaycanın və Bolqarıstanın xarici işlər nazirlərinin sessiyaya ünvanlanmış təbrik məktubları oxunub. Hər iki məktubda QDİƏT PM-in fəaliyyəti yüksək dəyərləndirilib. Hazırkı tədbirə evsahibliyi edən Milli Məclisin rəhbərliyinə təşəkkür bildirilib.


Ermənilərin qurumun Baş katibi vəzifəsi ilə bağlı iddiaları baş tutmadı


İclasda qurumun fəaliyyətində fərqlənən deputatlara medallar da təqdim edilib. Qurumun fəaliyyətində fərqlənmiş Otari Danelia (Gürcüstan), Mixail Yemelyanov (Rusiya), Cemal Öztürk (Türkiyə), Refat Çubarov (Ukrayna), Ramazan Can (Türkiyə), David Saqanelidze (Gürcüstan), Georq Vlad Nistor (Rumıniya), Ramaz Nikolaşvili (Gürcüstan) və Eldar Quliyev (Azərbaycan) Fəxri medala layiq görülüblər. Xatırladaq ki, təltif olunan Türkiyə, Ukrayna və Gürcüstandan olan deputatlar, o cümlədən Eldar Quliyev QDİƏT PM-in yaradılmasının 25 illiyi ilə bağlı medalı keçən il Yerevanda almaqdan imtina etmişdilər.

Eldar Quliyev dedi ki, sessiyada qurumun ötən payız keçirilmiş 52-ci plenar iclasının protokolu təsdiqlənib. Gürcüstanın Acarıstan Muxtar Respublikasının Ali Sovetinə QDİƏT PM-in tərəfdaşı statusu verilib. Sonra təşkilati məsələlərə baxılıb. Prosedur qaydalarına müvafiq olaraq Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin sədr müavinləri seçilib. Yeni seçilən müavinlərdən biri də Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyevdir.

QDİƏT Parlament Məclisinin Baş katibi vəzifəsinə isə gizli səsvermə ilə yenidən Asəf Hacıyev seçilib. Bu barədə danışan Eldar Quliyev dedi ki, Ermənistan nümayəndə heyəti Asəf Hacıyevin növbəti müddətə Baş katib seçilməməsi üçün əvvəlcədən cidd-cəhdlə iş aparırdı. Lakin istəklərinə nail ola bilmədilər və Bakıda keçirilən səsvermədə Asəf Hacıyev böyük səs çoxluğu ilə yenidən qurumun Baş katibi postuna layiq görüldü. O, qarşıdakı 5 il müddətində bu vəzifəni icra edəcək.


Prezident İlham Əliyev QDİƏT PM-in "Şərəf” medalına layiq görüldü


53-cü sessiyada QDİƏT PM-ə sədrlik 6 ay müddətinə Azərbaycandan Bolqarıstana keçdi. Milli Məclisin Sədri Oqtay Əsədov rəmzi çəkici Bolqarıstan Milli Assambleyasının sədri Tsveta Karayançevaya təqdim etdi. Estafeti qəbul edən T.Karayançeva çıxışında vurğulayıb ki, Azərbaycanın assambleyadakı 6 aylıq sədrliyi çox məhsuldar keçib və qurumun inkişafına layiqli töhfələr verib. Tsveta Karayançeva onu da bəyan etdi ki, Azərbaycan Prezidenti İlham Əliyev təşəbbüskarı olduğu irimiqyaslı enerji layihələrinə, neft-qaz kəmərləri və infrastruktur layihələrinə görə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin "Şərəf” medalına layiq görülüb. İclasda həmin ali mükafat Azərbaycan parlamentinin rəhbərinə təqdim olunub.

Sessiya çərçivəsində aparılan müzakirələrdən biri "QDİƏT regionunda dayanıqlı energetikanın inkişafında parlamentlərin rolunun möhkəmləndirilməsi” mövzusuna həsr edilib. İqtisadi, ticarət, texnoloji və ekoloji məsələlər gündəmdə olub. Məruzələrə dair tövsiyələr qəbul edilib. Yekunda parlament assambleyalarının və beynəlxalq təşkilatların nümayəndələri fikirlərini bölüşüblər.


Ermənistan status-kvonu saxlamağa çalışır


"Qara Dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrdə demokratiyanın möhkəmlənməsində ombudsman institutlarının rolu” mövzusunda məruzənin müzakirəsi zamanı çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev Azərbaycanda ombudsman institutunun yaranması, fəaliyyəti və ölkəmizin insan hüquqları sahəsində əldə etdiyi nailiyyətlər barədə məlumat verib. Eldar Quliyevin bildirdiyinə görə, daha sonra o, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunmasından və işğalın bu gün də davam etdirilməsindən danışıb. Diqqətə çatdırıb ki, hüquqları işğalçı dövlət tərəfindən pozulmaqda davam edən 1 milyondan çox qaçqın və məcburi köçkün Azərbaycanda yaşayır. Dövlət tərəfindən həmin şəxslərin bütün sosial məsələlərinin həlli diqqətdə saxlanılır, onlar üçün şəhərciklər salınır, işlə təmin olunur, övladlarının təhsil haqqı dövlət hesabına ödənilir və s. Buna baxmayaraq, onların ən böyük istəyi öz ata-baba yurdlarına qayıtmaqdır.

Eldar Quliyev xatırladıb ki, cəbhə bölgəsində atəşkəsin olmasına baxmayaraq, Azərbaycan itkilərə məruz qalır: "Bir neçə gün öncə Azərbaycan Ordusunun zabiti, tabor komandiri 36 yaşlı Aqil Omarov erməni snayperi tərəfindən qətlə yetirildi, onun ailəsi, o cümlədən iki azyaşlı uşağı başsız qaldı. Sonrakı günlərdə isə yaşı hələ 20-yə çatmamış bir əsgərimiz ermənilər tərəfindən öldürüldü. Amma dəhşətə bax ki, Ermənistan müdafiə naziri buna görə qatili medalla mükafatlandırdı və çıxışında öldürmək lazım gəldiyini xüsusilə vurğuladı”.

Deputat Azərbaycanın sülh tərəfdarı olduğunu bildirərək deyib: "Biz bu münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıyıq. Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, ərazilərimiz işğaldan azad olunmalı, bütün dünya tərəfindən tanınmış ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Yalnız məcburi köçkünlərimiz öz yurdlarına qayıtdıqdan sonra Dağlıq Qarabağa ən yüksək muxtariyyət verilərək ermənilərlə birgəyaşayış təmin oluna bilər. Təhlükəsizliyi isə sülhməramlı qüvvələr təmin edə bilər. Lakin Ermənistan tərəfindən nümayiş etdirilən qeyri-konstruktiv mövqe onların qəsdən vaxt uzatmağa çalışdıqlarını, mövcud status-kvonu saxlamağa cəhd etdiklərini göstərir”. E.Quliyev Baş Məclisin Yerevanda keçirilən iclasında Azərbaycan nümayəndə heyətinin iştirak etməsinə baxmayaraq, dövlətimiz tərəfindən təhlükəsizliklərinə zəmanət verilsə də, Ermənistan nümayəndələrinin toplantıya qatılmadıqlarını diqqətə çatdırıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Ermənistanda girov saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun məsələsinə də toxunub. "Ermənistan hələ də əsir götürdüyü Azərbaycan vətəndaşlarını girov saxlayır. Bir neçə il əvvəl erməni separatçılarının işğalı altında olan əzəli Azərbaycan torpaqlarına valideynlərinin və qohumlarının qəbirlərini ziyarət etmək üçün keçmək istəyən üç nəfər mülki Azərbaycan vətəndaşından biri öldürülmüş, iki nəfəri isə indiyədək girov saxlanılır. Azərbaycan rəhbərliyi Ermənistanın yeni hökumətinə girovları "hamının-hamıya” prinsipi ilə mübadilə etmək təklifi ilə müraciət etsə də, erməni tərəfi bunun əleyhinə oldu. Biz bütün girovları dəyişməyi təklif etmişik. Bu, bütün insan hüquqlarının pozulmasının birbaşa göstəricisi deyilmi?” - deyə Eldar Quliyev bildirib.

Yekunda Eldar Quliyev bildirdi ki, QDİƏT PM Baş Assambleyasının 53-cü sessiyası zamanı Azərbaycan həqiqətləri bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Sessiya həm də yüksəksəviyyəli təşkilatçılığı ilə yadda qaldı. Bir daha təsdiq olundu ki, Azərbaycan istənilən beynəlxalq tədbirə layiqincə evsahibliyi etməyə qadirdir.

Söhbəti yazdı:

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video