28 Iyun 2019 01:14
749
SİYASƏT
A- A+

Prezidentin islahat paketində elmimizə xüsusi diqqət yetirilib


Qloballaşan dünyada elmi intellektual potensial davamlı və sabit inkişafın əsas meyarına çevrilərək hər bir dövlətə qarşıya qoyduğu strateji məqsədləri inamla həyata keçirmək, dünya arenasında layiqli yer tutmaq imkanı yaradır. İqtisadi inkişaf strategiyasını elmi əsaslar üzərində quran, dövlət quruculuğu prosesində innovativ yeniliklərə istinad edən ölkələr milli tərəqqiyə nail olur, iqtisadi, sosial inkişaf müstəvisində rəqabətə davam gətirirlər. Reallıq göstərir ki, iqtisadi modernləşmə və demokratikləşməni təmin edən mühüm faktorlardan biri də məhz elmin səviyyəsinin durmadan yüksəldilməsi yolu ilə insan kapitalının formalaşdırılmasıdır.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, biz uzunmüddətli inkişaf strategiyamızı müəyyən edərkən mütləq güclü elmi bazaya arxalanmalıyıq: "Biz iqtisadi inkişafımızın gələcək istiqamətlərini müəyyən edərkən güclü elmi əsaslara söykənməliyik. Burada düzgün proqnozlar verilməlidir. Biz... uzaq gələcəyə baxmalıyıq - 20 ildən, 30 ildən sonra Azərbaycan hansı imkanlar hesabına inkişaf edəcəkdir?! Azərbaycanda elə güclü potensial yaradılmalıdır ki, ölkəmizin inkişafı uzunmüddətli, uğurlu və dayanıqlı olsun”.

Bu gün ölkəmizdə aparıcı alimlər nəslinin çoxalması və gənc nəslin elmə axınının gücləndirilməsi üçün kadr potensialının artırılmasına xüsusi diqqət yetirilir. Bütün bunlar Azərbaycan elminin dünya elm məkanına inteqrasiyasının təmin olunmasını sürətləndirmək məqsədi daşıyır. İyunun 11-də ölkə Prezidenti İlham Əliyev bütün elm ictimaiyyətinin səbirsizliklə gözlədiyi elmi adların verilməsi qaydası haqqında və elmi dərəcələrin verilməsi qaydası haqqında əsasnamələrin təsdiqi barədə fərman imzaladı. Bu fərman alqışlanmalıdır. Çünki həmin sənədlər Azərbaycan vətəndaşlarına elmi dərəcə və elmi ad verilməsində bugünkü reallığı əks etdirir və elmin inkişafına stimul yaradır və respublika elminin dünyada daha da tanınmasına geniş imkan açır.

Yeni əsasnamədə diqqəti cəlb edən və problemlərin həlli ilə bağlı mühüm məqamlar var. Əvvəla, elmi adların verilməsi qaydası haqqında əsasnamədə çox haqlı olaraq yalnız ixtisas üzrə dosent və ya professor elmi adının verilməsi nəzərdə tutulur. Əvvəllər isə həm ixtisas üzrə, həm də kafedra üzrə elmi adlar verilirdi və bu da bir çox hallarda narazılığa səbəb olurdu. Məsələn, texnika üzrə fəlsəfə doktoru hər hansı bir universitetin texniki fənlər kafedrası üzrə dosent elmi adına layiq görülürdüsə (həmin kafedrada tutaq ki, Nəzəri mexanika fənnini tədris edirdi), bu mütəxəssisin başqa bir universitetdə Nəzəri mexanika kafedrasında dosent vəzifəsində çalışmasına süni problemlər yaradırdı. Səbəb isə dosent elmi adı verilən sənəddə yazılan kafedranın adı olurdu. Belə hallar bütün ixtisaslar üzrə özünü göstərirdi və yüzlərlə alim bundan gileylənib, məsələyə aydınlıq gətirməyi və kömək göstərməyi xahiş edirdilər. (Qeyd edim ki, mən uzun müddət Ali Attestasiya Komissiyasında şöbə müdiri vəzifəsində çalışmışam).

İkinci məqam, əvvəllər ixtisas üzrə dosent olmayan şəxs professor elmi adına layiq görülürdü. İndi isə birmənalı olaraq göstərilir ki, professor elmi adı yalnız dosent elmi adı olan şəxslərə verilir. Bu təqdirəlayiq haldır və həm də burada artıq ədalət prinsipi həyata keçmiş olur.

Digər tərəfdən, əvvəllər dosent elmi adı almaq üçün müdafiədən sonra yalnız adi məqalələr tələb olunurdu. İndi isə yuxarıda yazıldığı kimi, Azərbaycan elminin beynəlxalq aləmdə tanınması məqsədilə, müdafiədən sonra mütləq beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə məqalə dərc olunması tələbi var. Bu da təqdirəlayiq məqamdır. Eləcə də professor elmi adının verilməsində də buna uyğun şərtlər mövcuddur.

Fikrimcə, bu tələblər həm də əsl elm adamına istiqamətlənmişdir və təsadüfi şəxslərə bu nüfuzlu elmi adların verilməsinin qarşısını alır.

Elmi dərəcələrin verilməsi qaydası haqqında əsasnamədə də diqqəti cəlb edən əsas amillər mövcuddur. Ən birinci və sevindirici hal odur ki, artıq elmlər doktoru üçün yazılmış dissertasiya işini yalnız müdafiədən sonra AAK-a təqdim etmək lazım gələcək. Əvvəllər isə elmlər doktoru elmi dərəcəsi almaq üçün yazılmış dissertasiya işi müdafiənin təşkili üçün AAK-a verilirdi və bu dissertasiya işlərinə AAK-da aylarla, hətta illərlə baxılırdı. Yəni müdafiənin təşkili üçün təqdim olunmuş dissertasiya işlərinin müəllifləri haqlı olaraq bundan narazı idilər. Bu halın aradan qaldırılması inqilabi addımdır və iddiaçıların qarşısında olan ciddi baryerlərin aradan qaldırılmasıdır.

Əvvəllər həmin dissertasiya işlərinə AAK-ın müvafiq ekspert şurasında baxılırdı, müsbət qərar verilirdi və müdafiədən sonra, prosedur qaydalarına uyğun olaraq, dissertasiya işinə yenə də həmin ekspert şurasında baxılırdı, hətta çox acınacaqlı olsa da, bəzi dissertasiya işlərinə mənfi rəylər verilirdi. Baxmayaraq ki, bir müddət əvvəl həmin ekspert şurası, hətta həmin tərkibdə bu dissertasiya işinə müsbət qərar vermişdi. Belə hallarda iddiaçılar haqlı olaraq şikayətlər edir və ölkə Prezidentinə müraciətlər ünvanlayırdılar. Bu da AAK-ın nüfuzuna ciddi xələl gətirirdi.

Yeni əsasnaməyə görə, fəlsəfə doktoru imtahanlarının sayı, haqlı olaraq, azaldılmışdır. Bu, iddiaçıların mənafelərinə uyğun və elmin inkişafı naminə verilən qərardır. Əvvəllər isə, informatika və fəlsəfə fənlərindən imtahan verilməli idi. Bu da narazılıqlara gətirib çıxarırdı. Müasir dövrdə kompüterdə işləmək bacarığına, hətta orta məktəb şagirdləri qadirdirlər. Fəlsəfə fənnindən imtahan verməyi isə bu sahənin mütəxəssisləri istisna olmaqla digər iddiaçılardan tələb etmək absurd idi. Yeni əsasnamədə neqativ hallara yol açan bu tələblərin azaldılması təqdirəlayiqdir.

Dissertasiya şuralarının fəaliyyət müddətinin üç ilədək uzadılması məqsədə müvafiqdir və bu hal AAK və elmi təşkilatlar arasında lazımsız məktublaşmanı kifayət qədər azaldır.

Dissertasiya şuralarında bir ay ərzində iki fəlsəfə doktoru və bir elmlər doktoru və ya dörd fəlsəfə doktoru dissertasiyanın müdafiəsinə icazə verilməsini də inqilabi dəyişiklik hesab etmək olar. Bu məqam, dissertasiya şuralarında olan növbəliliyin artmasının qarşısını alır və həmin növbəlilikdən neqativ hallar üçün istifadəni də aradan qaldırır.

Rəsmi opponentlərin sayının artırılması dissertasiya işlərinə baxılmasına daha çox mütəxəssislərin cəlb olunması siyasətidir. Və bu da düzgün siyasətdir. Dissertasiya işlərinə nə qədər çox mütəxəssis rəy yazırsa, iddiaçılar da bir o qədər məsuliyyətli olurlar. Çünki elm ictimaiyyəti yaxşı bilir ki, dissertasiya işlərini diqqətlə və ciddi oxuyan, əsasən elmi rəhbər, rəsmi opponentlər və rəyçilərdir. Buna görə həmin məqam da alqışlanmalıdır.

Yeni əsasnamədə son dövrlərdə yalnız formal xarakter daşıyan prosedurlardan biri olan dissertasiya işinin aparıcı təşkilatlarda müzakirəsi ləğv edilmişdir. Bu siyasət də iddiaçının maraqlarına istiqamətlənmişdir və əvvəllər, aparıcı təşkilatlarda müzakirə onlara süni problemlər yaradırdı. Məntiqi baxımdan da bu düzgün addımdır. Çünki adətən əksər hallarda dissertasiya işinin yerinə yetirildiyi elm-təhsil müəssisəsində ilkin müzakirə zamanı daha çox obyektiv fikirlər söylənilir, ciddi müzakirələr olur və burada iştirak edən mütəxəssislər dissertasiya işinin profilinə daha yaxındırlar. Aparıcı təşkilatların ləğvi ilkin müzakirəyə daha çox məsuliyyətli olmağı tələb edir.

Sənəddə diqqəti çəkən digər məqamlar da var. Bunlar elm ictimaiyyəti tərəfindən müsbət qarşılanır.

Hesab edirəm ki, Ali Attestasiya Komissiyasının yeni rəhbəri və kollektivi bu əsasnamənin hazırlanmasında ciddi əmək sərf etmişdir. Başlıca amil odur ki, əsasnamənin müddəaları iddiaçıların mənafeyinə zidd deyildir, əksinə, lazımsız baryerlərə səbəb olan köhnə əsasnamədəki məqamlar aradan qaldırılmışdır. Bir də xatırlatmaq istərdik ki, bəzi yeni tələblərin olması isə Azərbaycan elminin beynəlxalq aləmdə tanınmasına yönəlmiş siyasətdir.

Elm xadimləri inanır ki, Ali Attestasiya Komissiyası ölkə Prezidenti tərəfindən təsdiq olunmuş yeni əsasnamələrin hər bir maddəsinin həyata keçirilməsinə ciddi nəzarət edəcək.

Arif ƏLƏKBƏROV,

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video