27 Iyun 2019 12:29
2174
PARLAMENT
A- A+

Parlament qanun yaradıcılığı fəaliyyəti ilə Prezidentin islahatlar kursuna dəstək verir


İyunun 27-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirildi. İlk olaraq "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi üçüncü oxunuşda müzakirə edildi. Layihə ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi.


2018-ci il dövlət büdcəsinin icrası haqqında layihə üçüncü oxunuşdan keçdi


Qeyd edildi ki, layihə komitənin iclasında ətraflı müzakirə olunub. Xatırladaq ki, 2018-ci ildə ölkənin uzunmüddətli sosial-iqtisadi inkişafının prioritet istiqamətləri, o cümlədən, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və infrastruktur layihələrinin reallaşdırılması, əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsi, dövlətin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi, kənd təsərrüfatının stimullaşdırılması, dövlət borcu və beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi və digər zəruri dövlət tədbirlərinin icrası üçün maliyyə təminatının yaradılması diqqətdə saxlanılıb.

Təqdim olunmuş hesabata əsasən 2018-ci ildə dövlət büdcəsinin gəlirləri 22 milyard 149 milyon manat proqnoza qarşı 22 milyard 508,9 milyon manat və ya 101,6 faiz təşkil etmişdir. Bu da 2017-ci illə müqayisədə 36,3 faiz çoxdur. Ötən il dövlət büdcəsinin xərcləri 23 milyard 100 milyon manat proqnoza qarşı 22 milyard 731,6 milyon manat və ya 98,4 faiz icra edilib. Bu da 2017-ci ilə nisbətən 29,2 faiz çoxdur. Qanun layihəsi təsdiq olundu.


Sosial islahatlardan irəli gələn dəyişikliklər


"Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarıldı. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə dedi ki, nəzərdə tutulan dəyişikliklərin əsas məqsədi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) dövlət büdcəsindən ayrılan transfertin 150 milyon manat azaldılaraq, həmin vəsaitin xüsusi müdafiə təyinatlı tədbirlərin maliyyələşdirilməsinə yönəldilməsi, sosial paket çərçivəsində DSMF-in gəlirlərinin 350 milyon manat, xərclərinin isə 200 milyon manat artması nəticəsində qanunda müvafiq düzəlişlər edilərək, gəlirlərin xərclərdən artıq olan hissəsi (150 milyon manat) həcmində dövlət büdcəsindən transfertin azaldılması, DSMF-in xərclərinin 200 milyon manat, işsizlikdən sığorta fondunun xərclərinin isə 15 milyon manat artması səbəbindən icmal büdcə xərclərinin yuxarı həddinin cəmi 215 milyon manat artırılmasıdır. Qanun layihəsi birinci oxunuşda təsdiq olundu.

"Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi haqqında (birinci oxunuş) parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verdi. Qanun layihəsinə nəzərdə tutulan dəyişikliklər DSMF-ə dövlət büdcəsindən ayrılan transfertin 150 milyon manat azaldılması, DSMF-in xərclərinin 200 milyon manat, işsizlikdən sığorta fondunun xərclərinin isə 15 milyon manat artması səbəbindən icmal büdcə xərclərinin yuxarı həddinin 215 milyon manat artırılmasıdır. Qanun layihəsi birinci oxunuşda təsdiq olundu.

Müzakirələr zamanı deputatlardan Tahir Kərimli, Elmira Axundova, Fəzail Ağamalı, Əli Məsimli layihə ilə bağlı fikirlərini bildirdilər, təkliflərlə çıxış etdilər. Komitə sədri Hadi Rəcəbli qaldırılan məsələlərə aydınlıq gətirdikdən sonra qanun layihəsi birinci oxunuşda təsdiq edildi.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsini (birinci oxunuş) müzakirəyə təqdim etdi. Qanun layihəsi hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır. Layihəyə əsasən hakimlərin maddi təminatı yaxşılaşdırılır və onlara məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilməsi nəzərdə tutulur. Qısa müzakirədən sonra qanun layihəsi təsdiq olundu.

Deputatlar Vergi Məcəlləsində və "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələrinə də birinci oxunuşda müsbət münasibət bildirdilər.

Daha sonra iclasda "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihə (birinci oxunuş) müzakirə edildi. Komitə sədri Hadi Rəcəbli dedi ki, dəyişikliklərə əsasən əmək pensiyalarının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat müəyyən olunur. Eyni zamanda, layihədə pensiya kapitalının ildə bir dəfə indeksləşdirilməsi öz əksini tapıb. Layihə ilə bağlı deputatlardan Musa Quliyev və Musa Qasımlı fikirlərini bildirdilər. Qanun layihəsi birinci oxunuşda təsdiq olundu.

"İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” layihə haqqında (birinci oxunuş) məlumat verən Hadi Rəcəbli dedi ki, nəzərdə tutulan dəyişikliklər özünüməşğulluq tədbirlərinin təşkilinin maliyyələşməsi üzrə xərclərin artırılması məqsədi daşıyır. Qanun layihəsi birinci oxunuşda təsdiq olundu.

"Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi”nə qoşulmaq haqqında Azərbaycan Respublikası Qanununun layihəsi barədə Milli Məclis Sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verdi. Bildirdi ki, Beynəlxalq Hərbi Tibb Komitəsinin yaranması zərurəti Birinci Dünya müharibəsindən sonra ortaya çıxıb. Yeni Nizamnamə 1921-ci ildə qurum təsis edilərkən təməlini təşkil edən və bugünədək Beynəlxalq Komitənin bütün fəaliyyətini tənzimləyən fundamental prinsiplərə əsaslanır. Qanun layihəsi təsdiq olundu.

İclasda "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasına Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi barədə Protokolun təsdiq edilməsi haqqında” və "Azərbaycan Respublikası hökuməti ilə Koreya Respublikası hökuməti arasında qrant yardımına dair” Çərçivə Sazişinin təsdiq edilməsi haqqında qanun layihələri də təsdiq olundu.


Bir sıra qanun layihələri ikinci və üçüncü oxunuşlarda təsdiq olundu


Daha sonra iclasda üçüncü oxunuşda "Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, "Dövlət rüsumu haqqında”, "Baytarlıq haqqında”, "Ekoloji təmiz kənd təsərrüfatı haqqında” və "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi, "Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi, "Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi və "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi təsdiq olundu.

"Dövlət rüsumu haqqında” və "Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi haqqında (üçüncü oxunuş) Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verdi. Qanun layihəsi təsdiq olundu.

Ziyad Səmədzadənin məlumatından sonra isə "Azərbaycan Respublikasının Vergi Məcəlləsində” və "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində” dəyişiklik edilməsi haqqında” qanun layihəsi (üçüncü oxunuş), Əli Hüseynlinin məlumatından sonra isə "Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə, "Büdcə sistemi haqqında”, "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”, "Banklar haqqında”, "Mühasibat uçotu haqqında” və "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi (üçüncü oxunuş) təsdiq olundu.

Deputatlar "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi barədə”, "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, "Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında, "Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihələrinə də üçüncü oxunuşda müsbət münasibət bildirdilər.

İkinci oxunuşda isə İnzibati Xətalar Məcəlləsində, "Məhkəmələr və hakimlər haqqında” qanunda, Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Prosessual Məcəlləsində, Mülki Məcəllədə, Cinayət Məcəlləsində, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və "Bələdiyyələrin statusu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri təsdiq olundu.


ƏDV-dən azadolma kənd təsərrüfatı avadanlıqlarının istehsalına da tətbiq ediləcək


Parlamentin komitə sədri Əli Hüseynli Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (birinci oxunuş) məlumat verdi. Qeyd etdi ki, layihəyə əsasən Məcəlləyə 146.4-cü maddənin əlavə edilməsi təklif olunur. Bu maddəyə əsasən Dövlət Mənzil Fondunun bu məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir. Qanun layihəsi təsdiq olundu.

"Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş) isə "Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 aprel tarixli fərmanının icrasının təmin edilməsi məqsədi ilə hazırlanmışdır. Layihədə yol hərəkətinin səmərəli şəkildə təşkil edilməsi və yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin daha etibarlı şəkildə təmin edilməsi üçün mühüm müddəalar nəzərdə tutulmuşdur. Qanun layihəsi təsdiq olundu.

Milli Məclisin komitə sədri Ziyad Səmədzadə "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi barədə (birinci oxunuş) məlumat verdi. Bildirdi ki, Vergi Məcəlləsinin 164-cü maddəsi kənd təsərrüfatı sahəsində bir sıra malların, məhsulların ƏDV-dən azad edilməsini nəzərdə tutur. Eləcə də məcəllədə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışı ƏDV-dən azad edilmişdir. Bu qanun layihəsinə əsasən isə ƏDV-dən azadolma qeyd olunan qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışı ilə yanaşı, onların istehsalına da tətbiq ediləcək. Bütün bunlar son nəticədə aqrar sektorun dəstəklənməsinə xidmət edəcək. Qanun layihəsi təsdiq olundu.

"Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş) də qısa müzakirədən sonra təsdiq olundu. Qanunun qəbulu nəticəsində bank olmayan kredit təşkilatlarındakı inzibatçıların daha ixtisaslı kadrlarla əvəz olunması, sistemin sağlamlaşdırılması, istehlakçıların hüquqlarının qorunması üçün hüquqi əsas formalaşacaq. Qanun layihəsi təsdiq olundu.


Bəzi dəyişikliklər qanunlara uyğunlaşdırma məqsədi daşıyır


Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Milli Məclisə bir zərfdə təqdim olunmuş "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Gömrük Məcəlləsində, "Balıqçılıq haqqında”, "Yeyinti məhsulları haqqında”, "Taxıl haqqında”, "Üzümçülük və şərabçılıq haqqında”, "Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında”, "Çayçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” (birinci oxunuş) və "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, "Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, "Arıçılıq haqqında”, "Reklam haqqında” və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” (birinci oxunuş) layihələr haqqında məlumat verdi. Qeyd olundu ki, qanun layihələri "Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli qanununa uyğunlaşdırma məqsədi daşıyır. Qanun layihələri təsdiq olundu.

Bir zərfdə təqdim olunan "Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” (birinci oxunuş), "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” (birinci oxunuş) və "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, "Həmkarlar ittifaqları haqqında”, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, "Gənclər siyasəti haqqında”, "Əmək pensiyaları haqqında”, "Təhsil haqqında”, "Daşınar əmlakın yüklülüyü haqqında”, "İşsizlikdən sığorta haqqında” və "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” (birinci oxunuş) qanun layihələri də təsdiq olundu. Dəyişikliklər "Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli qanununa uyğunlaşdırmaq məqsədi daşıyır. Qanun layihələri təsdiq olundu.

Müzakirə olunan qanun layihələrindən biri də "Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” (birinci oxunuş) qanun layihəsi oldu. Təklif olunan dəyişikliklər publik hüquqi şəxslərin yaradılması, fəaliyyət göstərməsi və təşkili qaydalarını təkmilləşdirmək məqsədi daşıyır. Qanun layihəsi təsdiq olundu.

"Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsini (birinci oxunuş) diqqətə çatdıran Milli Məclis Sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov dəyişikliklərin məqsədi barədə məlumat verdi. Qanun layihəsinin məqsədi təbii su mənbələrindən götürülən suya görə güzəşt və azadolma hallarını müəyyən etmək, o cümlədən su obyektlərindən yanğından mühafizə ehtiyacları üçün istifadənin təkmilləşdirilməsidir. Qanun layihəsi təsdiq edildi.

Deputatlar "Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” (birinci oxunuş) qanun layihəsinə də müsbət münasibət bildirdilər. Qanun layihəsi avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının keyfiyyətinin yüksəldilməsi, bu sahədə fəaliyyəti həyata keçirən operatorun, onun məsul şəxsinin məsuliyyətinin artırılması məqsədi ilə hazırlanmışdır.


Lombard fəaliyyəti qanunla tənzimlənəcək


İclasda "Lombardlar haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi də (birinci oxunuş) müzakirə edildi. Layihə ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə ətraflı məlumat verdi. Qanunun qəbulunda məqsəd lombardlar tərəfindən kreditlərin verilməsi və əşyaların saxlamaya qəbul edilməsi, habelə lombardlar tərəfindən həyata keçirilən fəaliyyətin nizamlanması və ona nəzarətlə bağlı münasibətləri tənzimləməkdir. Qeyd olundu ki, qanun layihəsi Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunmuşdur. Qanun layihəsi 6 fəsil, 32 maddədən ibarətdir.

Qısa müzakirədən sonra qanun layihəsi birinci oxunuşda təsdiq olundu.

İclasda son olaraq "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi birinci oxunuşda müzakirə edildi. Bildirildi ki, qanun layihəsi "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 3 aprel 2019-cu il tarixli fərmanının icrası məqsədilə hazırlanıb. Həmin fərmana əsasən Ədliyyə Nazirliyinə birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi barədə təkliflər hazırlamaq tapşırılmışdır. Kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi bu məqsədlə ayrılmış vəsaitlərin daha məqsədli və təyinatlı xərclənməsinə xidmət edəcək. Qanun layihəsi təsdiq olundu.

Rəşad CƏFƏRLİ,

Fərman BAĞIROV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video