Alternative content

07:45 18 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azərbaycan” qəzetinin 100 illiyinə həsr olunan elmi konfrans
“Azərbaycan” qəzetinin 100 illiyinə həsr olunan elmi konfrans
ANA SƏHİFƏ / Elm və texnika
12:21 27.06.2019
İyunun 27-də "Azərbaycan” qəzeti: tariximizin güzgüsü” mövzusunda elmi konfrans keçirilib. Tədbir "Azərbaycan” qəzetinin 100 illiyinə həsr edilib. Elmi konfransın təşkilatçıları AMEA-nın Tarix İnstitutu və "Azərbaycan” qəzetidir.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov "Azərbaycan” qəzetinin Azərbaycan Xalq Cümhuriyyətinin yaşıdı olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, Cümhuriyyət tarixinin öyrənilməsində "Azərbaycan” qəzetində dərc olunmuş materialların ilk mənbə kimi əhəmiyyəti böyükdür. Qəzetin ilk nömrəsi 1918-ci il sentyabrın 15-də Gəncə qubernatorunun mətbəəsində çap edilib. Qəzetin Gəncədə Azərbaycan dilində buraxılmış səhifələrinin başında qəzetin adı ilə yanaşı "Türk və islamçılığa aid məqalələrə "Azərbaycan”ın səhifələri açıqdır” yazısı da verilib.

Yaqub Mahmudov qeyd edib ki, "Azərbaycan” qəzeti 1918-1920-ci illər ərzindəki saylarında Azərbaycanın dövlət, ictimai-siyasi, iqtisadi və mədəni həyatını geniş əks etdirib: "Qəzetdə erməni-daşnak qulduru Andronikin Zəngəzur, Naxçıvan və Qarabağda Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı, vəhşiliklər, Ermənistan respublikası ərazisində yaşayan azərbaycanlıların acı taleyi, onların kütləvi surətdə məhv edilməsi və ata-baba torpaqlarından qovulması haqqında çoxlu məlumatlar dərc edilmişdi”.

Akademik bildirib ki, Cümhuriyyət dövründə ölkənin böyük ziyalıları - Ceyhun bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Xəlil İbrahim və Üzeyir bəy Hacıbəyli "Azərbaycan” qəzetinin baş redaktorları olublar: "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nda "Azərbaycan” qəzeti və qəzetin ilk redaktorları barədə geniş məqalələr yer alıb. Cümhuriyyət tarixinin bəzi xadimləri ağır təqiblər şəraitində ölkəni tərk etsələr də, Üzeyir bəy onu nələr gözlədiyini bildiyi halda heç yana getmədi. Yəni vətən yolunda şəhid olmağı şərəf sayaraq, ölümün gözünə dik baxıb burada yaşadı”.

"Tarix İnstitutu ilə "Azərbaycan” qəzeti arasında çox sıx əməkdaşlıq mövcuddur. Qəzetdə tarixçilərimizin azərbaycanlıların soyqırımı, İrəvanın, Naxçıvanın, Qarabağın tarixi, müxtəlif dövrlərdə erməni millətçilərinin xalqımızın başına açdıqları qanlı olaylar barədə məqalələri dərc olunur”, - deyə tarixçi alim qeyd edib.

Elmi konfransda Milli Məclisin deputatı, "Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov "Dövrümüzün obyektiv salnaməçisi və etibarlı arxivi” mövzusunda məruzə ilə çıxış edib.

Bəxtiyar Sadıqov bildirib ki, müstəqil Azərbaycanın quruculuq və inkişaf dövrünün salnaməsini öz səhifələrində əbədiləşdirən "Azərbaycan” Cümhuriyyət dövründə çıxan "Azərbaycan”ın varisidir: "Azərbaycan” bizim müstəqilliyimizin qeyri-rəsmi simvoludur. Qəzetin ilk redaktoru Üzeyir bəy Hacıbəylinin kiçik qardaşı Ceyhun bəy Hacıbəyli olmuşdu. Qəzetin səhifələrində Üzeyir bəy Hacıbəylinin Azərbaycan tarixinə, siyasi vəziyyətinə, iqtisadiyyatına, sənayesinə, maarif və mədəniyyətinə və s. aid 100-dən çox məqaləsi dərc olunub”.

"Cümhuriyyət dövründə "Azərbaycan” qəzetinin dörd baş redaktoru olub. Onlardan yalnız Üzeyir Hacıbəyli özünün musiqi dühası ilə sovet repressiyasından xilas ola bilib. Ceyhun bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli ömürlərini qürbətdə, sıxıntılar içərisində başa vurublar. Xəlil İbrahimin isə heç qəbrinin harada olduğu məlum deyil. Sovet dönəmində Cümhuriyyətin qurucuları kimi, qəzetin də üzərinə qadağa qoyulmuşdu. Hətta BDU-nun Jurnalistika fakültəsində bu qəzetlə bağlı nəinki 5 dəqiqə, ümumiyyətlə, heç söhbət getmirdi. "Müsavat təmayüllü qəzet” deyib susurdular”, - deyə baş redaktor qeyd edib.

Deputat deyib ki, "Azərbaycan” qəzeti ölkəmizin tarixində, bugünkü inkişafında və xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında mühüm rol oynayıb və oynayır: "Ulu öndər Heydər Əliyev daim redaksiyamızla əlaqə saxlayıb, tövsiyə, məsləhət və iradları ilə bizi öyrədib, peşəkarlığımızın yüksəlməsinə şəxsi töhfəsini verib. Jurnalist yaradıcılığına bu qayğını Prezident İlham Əliyevdən də görürük. Ulu Öndər və Prezident İlham Əliyev "Azərbaycan” qəzetinin kollektivinə müxtəlif dövrlərdə təbrik məktubları göndəriblər”.

Bəxtiyar Sadıqov Tarix İnstitutuna "Azərbaycan” qəzetinin Cümhuriyyət dövründə dərc edilmiş nömrələrini elektron variantda, Yaqub Mahmudov isə qəzetə institutun nəşrlərini - "Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən dahi sərkərdə”, "Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin dövlətçilik fəaliyyətinin Tiflis dövrü” və "Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Hindistan Milli Arxivinin sənədlərində” kitablarını təqdim edib.

Konfransda, həmçinin "100 yaşlı "Azərbaycan” kitabının təqdimatı olub. Kitabda ölkənin tanınmış ictimai-siyasi xadimlərinin, elm adamlarının qəzet haqqında məqalələri dərc olunub və qəzetin bütün fəaliyyətinə işıq salınıb. Nəşrin redaktoru "Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, buraxılışa məsul şəxs isə Əməkdar jurnalist İxtiyar Hüseynlidir.

Tarixçi alimlər Tofiq Nəcəfli və Cəbi Bəhramov "Müstəqillik dövründə Azərbaycan tarixi məsələləri "Azərbaycan” qəzetinin səhifələrində”, Vaqif Abışov "Azərbaycan” qəzetinin səhifələrində Türkiyə tarixinin əksi (1918-1920-ci illər)”, İlqar Niftəliyev "1918-1920-ci illərdə İrəvan quberniyasında azərbaycanlıların soyqırımı "Azərbaycan” qəzetinin səhifələrində”, Rəşad Rüstəmov "Azərbaycan Xalq Cümhuriyyəti mövzusu "Azərbaycan” qəzetinin səhifələrində (müasir dövr)” və Akif Vəliyev "Qafqaz İslam Ordusu hərəkatı "Azərbaycan” qəzetində” mövzuları ilə çıxış ediblər.

Konfransda bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 1918-ci il dekabrın 7-də işə başladıqdan sonra "Azərbaycan” qəzeti onun fəaliyyətini geniş işıqlandırıb və parlamentin mühüm iclaslarından stenoqrafik hesabatları "Azərbaycan Məclisi-Məbusanında” rubrikasında dərc edib. Bundan başqa, qəzetdə "Rəsmi xəbərlər”, "Teleqraf xəbərləri”, "Rusiyada”, "Ermənistanda”, "Gürcüstanda”, "Türkiyədə”, "İrəvan müsəlmanlarının halı”, "Teatr və musiqi” və digər daimi rubrikalar da var idi.

Qeyd edilib ki, "Azərbaycan” qəzeti ölkəmizdə elmi və yaradıcı mühitin sanballı tərənnümçüsüdür.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM