26 Iyun 2019 01:27
835
SİYASƏT
A- A+

AŞ PA-da azərbaycanlı mülki girovların məsələsi müzakirə olunub


Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyası çərçivəsində Ermənistan tərəfindən girov götürülmüş azərbaycanlı mülki şəxslər məsələsinə həsr edilmiş "İki azərbaycanlı mülki şəxsin humanitar məsələsi: Dilqəm Əsgərov və Şahbaz Quliyev” adlı tədbir keçirilib.

Azərbaycanın Ermənistan tərəfindən 1993-cü ildə işğal edilən Kəlbəcər rayonuna beş il əvvəl doğmalarının qəbrini ziyarətə getmiş mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyev erməni hərbçilər tərəfindən girov götürülüb, Həsən Həsənov isə qətlə yetirilib. Bu şəxslər Ermənistanın Azərbaycan torpaqlarında apardığı etnik təmizləmə siyasətinin qurbanlarıdır.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov tədbiri açaraq məsələ ilə bağlı məlumat verib. Nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki (AİHM) səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova çıxış ediblər.

Natiqlər doğmalarının qəbrini ziyarətə getmiş iki mülki azərbaycanlının girov götürülmə şəraiti, onların girovluqdakı vəziyyətləri, səhhətləri ilə bağlı ətraflı məlumat veriblər. Ermənistan tərəfindən 1949-cu il Cenevrə Konvensiyasının, ona əlavə protokolların müddəalarının, eləcə də beynəlxalq öhdəliklərin kobud şəkildə pozulduğunu bildiriblər.

Qeyd ediblər ki, D.Əsgərov və Ş.Quliyev girovluqda işgəncələrə məruz qalırlar. Onlar qanunsuz məhkəməyə gətiriləndə gözləri bağlı şəkildə silahlı hərbçilərlə müşayiət olunublar. Bütün bunlar İşgəncə və digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının kobud şəkildə pozulması deməkdir.

Tədbirdə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzündən, nəticədə bir milyon azərbaycanlının tarixi doğma torpaqlarından didərgin düşdüyü diqqətə çatdırılıb. Qaçqın və məcburi köçkünlərlə bağlı həyata keçirilən dövlət proqramlarına, onlar üçün yaradılan infrastruktura baxmayaraq, bu insanların doğma yurdlarına qayıtmaq ümidi ilə yaşadıqları bildirilib.

Avropa Şurasının, onun Parlament Assambleyasının bu məsələyə laqeyd münasibətinə toxunularaq, azərbaycanlı girovların səhhətlərindəki problemlər nəzərə alınaraq təcili tədbir görülməsi ilə bağlı çağırışlar edilib.

Girov D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasının girov götürülməsindən, işgəncələrə məruz qalmasından, 2 ilə yaxındır ondan heç bir xəbər olmamasından danışıb. O, atasının səhhəti ilə bağlı ciddi problemlər olduğunu bildirərək, beynəlxalq təşkilatlara, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edərək atasının işi ilə bağlı tezliklə qərar qəbul etməyə çağırıb, əks-təqdirdə bu işə baxmağın gec olacağını bildirib.

Sonra Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə, eləcə də azərbaycanlı mülki girovlarla bağlı film nümayiş olunub.

Tədbir iştirakçıları insan hüquqları, demokratiya və qanunun aliliyi prinsipləri uğrunda mübarizə aparmağa çağırış ediblər. Bütün beynəlxalq təşkilatları, eləcə də Avropa Şurası və onun Parlament Assambleyasını girovlara yardım etməyə, separatizmə son qoymağa səsləyiblər.

Sonda azərbaycanlı girovlarla bağlı hazırlanmış və imzalanmış bəyanatın Avropanın bütün aidiyyəti institutlarına göndəriləcəyi bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video