26 Iyun 2019 01:24
820
İQTİSADİYYAT
A- A+

Azərbaycan fermerləri, birləşin!


Dünyanın inkişaf tarixinə nəzər yetirdikdə görürük ki, əkinçilik mədəniyyəti sivilizasiyanın ilk dövrlərindən formalaşmağa başlamışdır. Antik dövrdə əkinçiliyi inkişaf etdirmək üçün uzaq məsafələrdən su kanalları çəkilmiş, əkinçilik alətləri tədricən təkmilləşdirilmişdir. Bununla belə, kənd təsərrüfatı uzun müddət öz inkişafına görə sənayedən çox geri qalmışdır. Sənayedə yüksək texnika və texnologiyaların tətbiqi daim diqqət mərkəzində olsa da, aqrar sektorda bu, müşahidə edilməmişdir. Lakin XX əsrin ikinci yarısından aqrar sektorda yüksəksəviyyəli texnika və texnologiyalardan istifadəyə üstünlük verilməyə başlanıldı.

Bu gün dünyada kənd təsərrüfatında yüksək texnologiyaların tətbiqi sayəsində məhsuldarlıq ildən-ilə artır. Belə texnologiyaların tətbiqi nəticəsində sudan israfçılığın qarşısı alınır, torpaqların mühafizəsi gücləndirilir, məhsuldarlıq artır. Məsələn, taxılçılıqda bu gün məhsuldarlıq Danimarka və Çexiyada 50-55, Almaniya və Fransada 60-65 sentnerdir. Müqayisə üçün bildirək ki, Azərbaycanda orta ümumi məhsuldarlıq 30 sentnerdir. Bununla belə, müasir texnika və texnologiyalardan istifadə edilən iri fermer təsərrüfatlarında və aqroparklarda bu rəqəm 50 sentnerə çatıb. Deməli, mütərəqqi texnologiyaların tətbiqi məhsuldarlığın artmasında başlıca şərtdir.

Heyvandarlıqda da yüksək texnologiyaların tətbiqi özünün müsbət nəticəsini verir. Məsələn, bu hesaba Latviya, Estoniya və Almaniyada hər inəkdən il ərzində 5000-7000 kiloqram süd sağıldığı halda, Azərbaycandakı fərdi təsərrüfatlarda 1000-1100 kiloqramdan çox olmur. Müasir texnologiyaların tətbiqinin əhəmiyyətini sübut edən digər fakt: bir şərti mal-qara hesabı ilə Azərbaycanda illik ət istehsalı 50-52, Danimarkada 230, Baltikyanı ölkələrdə 150-160 kiloqramdır. Onu da qeyd edək ki, ölkəmizdə son dövrlər kənd təsərrüfatının müasir texnika və texnologiyalarla təmin edilməsində dövlət mühüm addımlar atır. "Aqrolizinq” ASC vasitəsilə fermerlərə güzəştli şərtlərlə belə avadanlıqlar satılır və ya xidmət göstərilir.

Dünyada aqrar sektorda yeni inkişaf üsullarından da istifadə edilir. Məsələn, inkişaf etmiş ölkələrdə fermerlərin kooperativləşməsi kənd təsərrüfatının inkişafında ən güclü amil hesab olunur. ABŞ-da, Kanadada, Yaponiyada və Avropa İttifaqı ölkələrində dövlət belə kooperativlərin inkişafına dəstək verir. Kooperativlərə güzəştli kreditlər verilməklə yanaşı, əlverişli vergilər tətbiq edilir, dövlət hesabına onların təkmilləşdirilməsinə aid müxtəlif proqramlar maliyyələşdirilir. Bununla fermerlərə məxsus geniş emal və ticarət müəssisələrinin şəbəkəsi yaradılaraq inkişaf etdirilir. Həmçinin belə ölkələrdə torpaq bankları, kredit və sığorta kooperativləri fəaliyyət göstərir, onlar fermerləri illik 8-10 faizlik kreditlə təmin edirlər. Bunlardan əlavə, aqrar sahənin inkişafı üçün kənd təsərrüfatı maşınları, yem, gübrə, dərman preparatlarının istehsalı üçün müxtəlif kooperativlərin assosiasiyaları, həmçinin elmi-tədqiqat kooperativləri yaradılır.

İnkişaf etmiş Qərb ölkələrində kənd təsərrüfatı kooperativlərinin iqtisadi mövqeyi və imkanları genişdir. Məsələn, Şimali Avropa ölkələrində kooperativlər heyvandarlıq məhsullarının satışına üstünlük verir. Həmin ölkələrdə ət məhsullarının və diri heyvanların 80, yumurtanun 65-75 faizi kooperativlər tərəfindən satılır, Norveç və Finlandiyada süd məhsullarının hamısı və qida sənayesinin 55 faizi onların nəzarətindədir. İsveçdə süd və süd məhsullarının 100, yumurtanın 75 faizini kooperativlər ixrac edir. Kooperativlərin aqrar sektorda belə yüksək nailiyyətlər qazanmasında mühüm rol oynayan amillərdən biri də onların birliyi sayəsində ortada olan vasitəçilərin bazardan sıxışdırılaraq çıxarılması, məhsulların satılmasından və emalından əldə olunan gəlirlərin özlərində qalmasıdır.

İnkişaf etmiş ölkələrdə fermer kooperativləri əmtəə istehsalçılarının inteqrasiya əlaqələrini geniş şəkildə formalaşdırmışdır. Bəzi hallarda bu inteqrasiyadan daha səmərəli istifadə etmək üçün tərkibində sənaye və ticarət müəssisəsi olan bir neçə iri kooperativ yenidən birləşərək güclü şəkildə bazara daxil olur. Bununla belə, bir sıra ölkələrdə kooperativlər yerli və regional olaraq müxtəlif sahələr üzrə ixtisaslaşmış şəkildə fəaliyyət göstərir.

Kənd təsərrüfatının gəlirlə işlədiyi ölkələrdə dövlət siyasətinin əsas məqsədi daha az torpaqdan səmərəli istifadə etməklə məhsul istehsalını artırmaqdır. Fermerlərin Yaponiyada 97, İtaliyada 76, Belçikada 33, Hollandiyada 28 faizi 5 hektardan az torpaq sahəsindən istifadə edir. Fransada isə 5 hektardan az torpaq sahəsi olan fermer yoxdur. Həmin ölkədə torpaq sahəsi 10 hektardan çox olan fermerlərin xüsusi çəkisi 80 faizdir. İsveçdə bu rəqəm 69, Hollandiyada 58, Belçikada 52, Danimarkada 84, Yeni Zelandiyada 79, İtaliyada 12 faiz təşkil edir.

Dünyada fermer təsərrüfatlarının inkişafında ümumi dəyərlərlə yanaşı, milli xüsusiyyətlərin də rolu var. Yaponiyada ötən əsrin 40-cı illərindən başlayaraq aparılan islahatlar nəticəsində torpaqlar kəndlilərə verilmiş və bununla aqrar sahədə bazar münasibətləri formalaşmışdır. İri kənd təsərrüfatı müəssisələrinin yaradılması üçün göstərilən bütün təşəbbüslər nəticəsiz qalmışdır. Bu onu göstərir ki, yapon fermerləri fərdiliyə üstünlük verirlər. Burada bütün fermer təsərrüfatları üzrə torpaq sahəsi orta hesabla 1,2 hektardır. Hətta bəzi hallarda bu torpaq sahəsi də bir neçə yerə bölünərək xırda təsərrüfatlara ayrılır.

Lakin bütün hallarda kooperasiya üzrə 150 illik dünya təcrübəsi sübut etmişdir ki, birləşmək və birgə fəaliyyət göstərmək fermerlərin işini asanlaşdırır, gəlirlərin artmasını təmin edir. Fermerləri kooperativlərdə yaxından iştirak etməyə vadar edən əsas səbəb gəlirlərini daha da artırmaq istəyidir. ABŞ-da bütün təsərrüfatların 50, İsveçdə 90 faizi müxtəlif kooperativləridə birləşib. ABŞ-da həm də kənd təsərrüfatları kooperativlərinin çoxu səhmdarlar kimi formalaşıb. Lakin kooperativlərin səhmləri alver obyekti deyil və fond birjalarında satılmır.

Avropa İttifaqı ölkələrində son illər müxtəlif xidmətlər göstərmək üçün ixtisaslaşmış kooperativlərin şəbəkəsi xeyli genişlənib. Almaniyada kooperativlər kənd təsərrüfatını istehsal vasitələri ilə təmin etməkdə mühüm rol oynayır. Burada bütün istehsalçılar, fermerlər kənd təsərrüfatı texnikasından birlikdə istifadə etmək üçün kooperativlərdə birləşirlər. Böyük Britaniyada tədarük və təchizat kooperativləri fermerləri yem, gübrə və digər zəruri istehsal vasitələri ilə təmin edir. Bu ölkədə maşın və texnika almaq, eləcə də birlikdə istifadə etmək üçün

2-20 nəfəri birləşdirən sindikatlar da fəaliyyət göstərir. Onlar 4 il müddətində geri qaytarmaq şərti ilə maşın və mexanizmlərin dəyərinin 80 faizi qədər kredit almaq hüququna malikdirlər. Texnikanın alınmasına qoyulan vəsait kooperativ üzvləri arasında becərilən torpaq sahəsinə və fermanın ölçüsünə mütənasib olaraq bölüşdürülür. Texnikanın saxlanması, təmiri və sığortalanmasına çəkilən xərclər də həmin qayda üzrə bölüşdürülür.

İsveçrədə fermer kooperativlərinə məxsus olan dövriyyənin 30-35 faizi satış və təchizat fəaliyyətinə sərf olunur. Bu ölkədə istehsal üçün zəruri vasitələrin 60 faizini kooperativlər təmin edir, əmtəəlik südün 98, taxılın 80, mal-qaranın və quşların 75 faizinin satışını onlar həyata keçirir. Süd sənayesinin hamısına, ət sənayesinin 80 və un sənayesinin 54 faizinə kooperativlər nəzarət edir. İsveçdə tədarük və təchizat kooperativlərinin fəaliyyəti kompleks xarakter daşıyır. Ölkənin hər yerində anbarlara, elevatorlara və təmir emalatxanalarına malik olan kooperativlər fermerləri istehsal vasitələri, habelə xidmətlərlə təmin edir. İsveçrədə isə satış kooperativləri həm də təchizat fəaliyyəti ilə məşğul olur. Bu ölkədə südçülük kooperativləri üzv təsərrüfatları sağım qurğuları, seperator və soyuducularla təmin edir. İsveçrədə 1988-ci ildə qəbul edilmiş müvafiq qanuna görə, gəlir müəyyən edilən maliyyə ehtiyatını formalaşdırmaq üçün lazım olan vəsaitdən artıq olduqda ondan 52 faiz vergi tutulur. Yeri gəlmişkən, Azərbaycanda fermerlər torpaq vergisindən savayı, bütün növ vergilərdən azad ediliblər.

Danimarkada da istehsal və emal edilən südün 91, mal ətinin 65, quşçuluq məhsullarının 51, meyvə-tərəvəz məhsullarının 60, qarışıq yemin 48, gübrələrin 47 faizi kooperativlərə məxsusdur. Burada kooperativlər konkret sahələr üzrə ixtisaslaşmışdır. 6 ay ərzində kooperativlərin xidmətindən istifadə etməyən fermer direktorlar şurasının qərarı ilə üzvlükdən azad olunur. Kooperativlər vergi güzəştlərindən istifadə edir və adi təsərrüfatlarda tətbiq edilən 52 faizlik gəlir vergisi onlar üçün cəmi 20 faizdir.

Fermer kooperativləri ölkənin siyasi həyatına da ciddi təsir göstərir. Aqrar siyasətin hazırlanmasında və qiymətlərin müəyyən edilməsində kooperativlərin rəyi nəzərə alınır. İstehsalçıların subsidiyalaşdırılması, kreditləşdirilməsi, xırda təsərrüfatlara kömək, ixracın subsidiyalaşdırılması və digər məsələlər birlikdə həll olunur.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video