Alternative content

07:33 17 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hollandiya təkcə qızılgüllər diyarı deyil
Hollandiya təkcə qızılgüllər diyarı deyil
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:09 26.06.2019


Avropanın bu kiçik ölkəsi kənd təsərrüfatı məhsullarının ixracında dünya ikincisidir


Son dövrlər dünyada kənd təsərrüfatının inkişafına maraq xeyli artıb. Bunun bir neçə səbəbi var. İlkin səbəb əsrlərboyu torpaqlardan səmərəli istifadə edilmədiyi üçün məhsuldarlığını itirməsi, həmin səbəbdən məhsuldar torpaq sahələrinin azalmasıdır.

Digər tərəfdən, dünya əhalisi sürətlə artdığından kənd təsərrüfatı məhsullarına olan tələbat çoxalıb. Yəni tələb və təklifi uyğunlaşdırmaq üçün məhsul istehsalının artırılması zərurəti yaranıb.

Bütün bunların fonunda dünyada neft və qazdan sonra ərzaq məhsulları da siyasi təzyiq vasitəsinə çevrilib. Xüsusilə ən çox tələbat olan taxıl satışından bu "qara” məqsəd üçün istifadə edilməsinə başlanıb. Bununla enerji resursları kimi, ərzaq məhsullarının da strateji əhəmiyyəti artıb. Odur ki, bütün ölkələr özünün ərzaq təhlükəsizliyinin qeydinə qalaraq zəruri tədbirlər görür.

Dünyada kənd təsərrüfatı məhsulları istehsalının artırılması üçün intensiv şəkildə müasir texnika və texnologiyalardan istifadə edilir. Bu yolla məhsuldarlıq artırılır, maya dəyəri aşağı salınır ki, istehsal edilən məhsul gəlirli olsun. İnkişaf etmiş ölkələrdə bu sahədə böyük nailiyyətlər qazanılıb.

Hollandiyanın ərazisi 42 min kvadratkilometrdir. Üstəlik, Avropanın şimalında yerləşdiyindən iqlimi kənd təsərrüfatı üçün əlverişli deyil. Lakin bu ölkə aqrar sektorda müasir texnika və texnologiyalardan istifadə edərək yüksək məhsuldarlığa nail olur. Kiçik ölkə olan Hollandiya aqrar sektordan ildə 100 milyard dollar gəlir əldə etməklə kənd təsərrüfatı məhsullarının ixracına görə dünyada ABŞ-dan sonra ikinci yeri tutur.

Hazırda Hollandiyada kənd təsərrüfatı sektorundakı müəssisələrin sayı 65 mindən çoxdur. Ölkənin ən böyük 5 aqrar ixrac məhsulunun ümumi dəyəri 34,8 milyard avrodur. Hollandiya bəzək bitkiləri və tərəvəz məhsulları ixracında dünyada liderdir, ət ixracında 4-cü, süd və süd məhsulları ixracında 3-cü, maye və qatı yağ ixracında 4-cü yerdədir. Müqayisə üçün deyək ki, bu, ərazisi bir neçə dəfə Hollandiyadan böyük olan Türkiyənin ixracatından 5 dəfə çoxdur.

Ölkə üzrə yüksək nailiyyətlər bununla bitmir. Avropanın bu kiçik ölkəsi həmin qitədən ixrac olunan kənd təsərrüfatı məhsullarının dörddə birinə sahibdir. Dünyanın ən böyük qida və içki şirkətlərindən 4-ü məhz bu ölkədədir. Ölkə quşçuluq və qırmızı ət emalı, çörək və pendir istehsalında qlobal bazarda da liderdir.

Digər fakt: aqrar sektorda məhsuldarlıq Hollandiyada Avropanın digər ölkələrindən 5 dəfə yüksəkdir.

Bəs Hollandiya buna necə nail olur? İlk növbədə uğurlu və məqsədyönlü aqrar siyasət sayəsində. Elm və texnologiyanın inkişafı nəzərə alınaraq bu sektorda innovativ məhsul və xidmətlər daim inkişaf etdirilir. Ötən onilliklər ərzində Hollandiya kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün məqsədyönlü istehsal zəncirinin yeniləşməsinə davamlı investisiya qoyaraq beynəlxalq rəqiblər üzərində liderliyini qoruya bilir. Yəni davamlı şəkildə aqrar sektora qoyulan investisiya onun rəqabətqabiliyyətliliyini artırır və bazarda mövqeyini möhkəmləndirir. Bununla holland fermerlər kənd təsərrüfatı istehsalı zəncirindən tam və effektli şəkildə faydalanırlar. Qeyd edək ki, bu üsul Hollandiyanın aqrar sektorda uğur qazanmasının ən əsas səbəblərindən biridir. Çünki istehsal zəncirinin məqsədi aqrar sektorda yenilikçi, sosial məsuliyyətli və davamlı üsullardan istifadə edərək daha səmərəli qiymət və keyfiyyət göstəriciləri ilə məhsul istehsal etməkdir.

Hollandiyada hər növ kənd təsərrüfatı və qida məhsullarından səmərəli istifadə etmək üçün yüksək emal sənayesi yaradılıb. Burada müasir dövrün tələblərinə cavab verən avtomatlaşdırılmış avadanlıqlardan istifadə edilir. Ölkə təkcə bu texnologiyalardan istifadə etməklə kifayətlənmir, eyni zamanda, onların istehsalını və ixracını da həyata keçirir.

Bu ölkədə kənd təsərrüfatının inkişafında aqrar sahə də mühüm rol oynayır. Bu baxımdan dünyanın ən yaxşı kadrları da Hollandiyada hazırlanır. Həmin kadrlar kənd təsərrüfatı sahəsində dünyanın ən uğurlu təhsil müəssisəi sayılan Hollandiyanın Wageningen Universitetinin yetirmələridir. Məhz belə kadrlar sayəsində ölkədə torpaq qıtlığı nəzərə alınaraq, dünyada ilk dəfə su üzərində üzən fermer təsərrüfatları yaradılacaq. "Floating Farm” adı verilən təsərrüfatların birində 40 inək, digər təsərrüfatda 6 min toyuq yetişdiriləcək.

Bizim ölkədə də aparılan uğurlu aqrar islahatları sayəsində məhsul istehsalı ildən-ilə artır. Çalışılır ki, dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən istifadə olunaraq uğurlar daha da artsın. Bu istiqamətdə yeni bir fakt: Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə Azərbaycan-Hollandiya İşgüzar Mərkəzi (Business Hub) arasında əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalanıb. Məqsəd elmi əsaslara söykənən birgə layihə və proqramların ölkəmizdə həyata keçirilməsidir. Azərbaycan kənd təsərrüfatı sahəsində zəngin təcrübəyə, mükəmməl idarəetmə sisteminə, müasir texnika və texnologiyalara sahib olan Hollandiya ilə əməkdaşlıq etməklə aqrar sektorda qazanılan uğurları daha da artıra bilər.

Rüstəm KAMAL,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM