24 Iyun 2019 12:26
580
İQTİSADİYYAT
A- A+

Dünya Neft Konqresinə səsvermədə Azərbaycan ikinci olub


Sankt-Peterburqda keçirilən Dünya Neft Şurasının iclasında 2023-cü ildəki 24-cü Dünya Neft Konqesinə ev sahibliyi edəcək ölkə müəyyənləşib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Dünya Neft Şurasının 41 üzv ölkəsinin iştirakı ilə keçirilən səsvermədə Azərbaycandan yalnız 1 səs fərqi ilə Kanada seçilib. Azərbaycanla yanaşı, Kanada, Argentina, Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstanın mübarizə apardığı səsvermə 4 mərhələdə keçirilib. Final mərhələsinə qalan Azərbaycan 20, Kanada isə 21 səs toplayıb.

Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Energetika naziri Pərviz Şahbazov bildirib ki, ilk dəfə namizədliyini irəli sürmüş ölkə olaraq Azərbaycanın belə yüksək səslə finala qədər gəlməsi Dünya Neft Şurası tarixində nümunə sayılacaq hadisədir.

"Təcrübə göstərir ki, Dünya Neft Konqresinə ev sahibliyi hüququ bir neçə dəfə namizədlik cəhdindən sonra əldə edilir. Türkiyə, ABŞ məhz üç dəfə namizədliklərini irəli sürdükdən sonra seçiliblər. Azərbaycandan fərqli olaraq Qazaxıstan, Kanada, Birləşmiş Ərəb Əmirlikləri və Argentina bir neçə dəfə namizəd kimi mübarizəyə qatılıblar. Dünya Neft Şurasında uzun illərdir təmsil olunmalarına və aktiv fəaliyyətlərinə baxmayaraq, bu ölkələrlə müqayisədə Azərbaycan ilk dəfədən belə bir səs çoxluğu qazana bildi”, - deyə nazir əlavə edib.

Energetika naziri kifayət qədər güclü namizədlər arasından ölkəmizə belə bir münasibəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət sayəsində Azərbaycanın artan beynəlxalq nüfuzu, enerji təhlükəsizliyinin etibarlı təminatçısı kimi güclənən strateji mövqeyi ilə izah edib.

"Bütün bu reallıqlara bugünkü prosesdə iştirak edən ölkələrin münasibətində bir daha şahid olduq”, - deyə nazir bildirib.

O qeyd edib ki, səsvermə prosesində namizəd kimi iştirak Azərbaycana daha bir təcrübə qazandırıb. Yanvardan aparılan kampaniya ölkəmizin dünya miqyasında bir daha tanıdılmasına, dəyərlərimizin təbliğinə xidmət edib. Eyni zamanda, Dünya Neft Şurası üzvləri ilə əməkdaşlıq əlaqələrimiz daha da möhkəmlənib.

Qeyd edək ki, Dünya Neft Şurası tarixində ilk dəfə olaraq səsvermə prosesi 5 namizədlə 4 mərhələdə keçirilib. Səsvermədən əvvəl ölkələrin təqdimatları dinlənilib.

Tədbirdə Energetika naziri P.Şahbazov çıxış edib. Neft ölkəsi kimi Azərbaycanın tarixi və müasir inkişafından bəhs edən videoçarx və təqdimatlar nümayiş etdirilib. Həmçinin Dünya Neft Şurası üzvlərini ölkəmiz barəsində daha ətraflı məlumatlandırmaq məqsədilə Azərbaycan xüsusi stendlə təmsil olunub.

1933-cü ildə yaradılan, 62 üzvdən ibarət Dünya Neft Şurasına Azərbaycan 2005-ci ildə üzv seçilərək "Milli Neft Komitəsi” İB-ni təsis edib və indiyə kimi bu mötəbər qurumun tədbirlərində fəal iştirak edib.

Dünya Neft Şurasının mühüm platforması kimi üç ildən bir keçirilən Dünya Neft Konqresi neft-qaz sahəsində baş verən proseslərin qlobal miqyasda müzakirəsi və yeni çağırışların birgə dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video