22 Iyun 2019 12:11
465
CƏMİYYƏT
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində dövlət qulluğuna yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq müsabiqə və müsahibə mərhələlərində uğur qazanaraq nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə yeni işə qəbul olunan əməkdaşların andiçmə mərasimi olub.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev tədbir iştirakçılarını qarşıdan gələn 23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə təbrik edib. Nazir qeyd edib ki, dövlət qulluğu sisteminin vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, əhaliyə xidmətin yüksək səviyyədə təşkili, vətəndaş məmnunluğuna nail olunması prinsipi üzərində qurulması Prezident İlham Əliyevin islahatlar proqramının əsas hədəflərindən biridir.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkəmizdə dövlət idarəetmə sisteminin bütün sahələrində müasir, innovativ, optimal mexanizmlərin tətbiqi istiqamətində aparılan islahatları diqqətə çatdıran S.Babayev dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi sahəsində də aparılan müvafiq işlərdən bəhs edib. Bildirib ki, dövlət başçısının bu günlərdə reallaşan növbəti sosial islahatlar paketi dövlət qulluqçularının da əməkhaqlarının 50 faiz artırılmasını nəzərdə tutur.

S.Babayev qeyd edib ki, nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbul dövlət qulluğu haqqında qanunvericiliyə uyğun şəkildə, Dövlət İmtahan Mərkəzi ilə birgə iş müstəvisində həyata keçirilir. Ötən bir il ərzində nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə 332 nəfər işə qəbul edilib. Əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan genişmiqyaslı islahatlar nazirlik sistemində işləmək arzusunda olanların sayının da artmasına səbəb olub. Bir sıra hallarda hətta bir vakant yerə iddiaçı sayı 10 nəfəri ötür. Kadrların nazirlik sisteminə qəbulu prosesində kadrların müvafiq sahədə bilik, dünyagörüş, müasir bilik və bacarıqlarla yanaşı, məsuliyyət hissinə və mənəvi keyfiyyətlərə malik olmaları da əsas seçim və işə qəbul meyarlarından biridir.

Nazir bildirib ki, yeni işə qəbul olunan əməkdaşlar Prezident İlham Əliyevin dövlət qulluqçuları qarşısında müəyyən etdiyi "Dövlət məmuru xalqın xidmətçisidir”, "Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır” kimi vacib prinsiplərə uyğun fəaliyyət göstərməlidirlər. Onlar nümunəvi xidmətləri, dövlət qulluqçularının etik davranış qaydalarına uyğun davranışları, əmək, məşğulluq, sosial müdafiə sahəsində dövlət siyasətinin icrasına töhfə vermək əzminə söykənən səmərəli fəaliyyətləri ilə seçilməlidirlər.

Sonra nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramova nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbul prosesinin nəticələri barədə məlumat verib.

Yeni işə qəbul olunan gənclər "Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq, Azərbaycan Respublikasına sadiq olacaqlarına, ölkəmizin Konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, dövlət qulluğunun verdiyi hüquqları və üzərlərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücləri ilə və vətənin mənafeyi naminə həyata keçirəcəklərinə and içiblər.

Andiçmə Azərbaycan Respublikasının Dövlət bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçirilib.

Sonra Azərbaycan Respublikasının dövlət himni səslənib.

Dövlət qulluğuna yeni işə qəbul edilən şəxslər çıxış edərək, bu gündən dövlət qulluqçusu kimi fəaliyyət göstərməyin onlar üçün böyük şərəf olduğunu, öz vəzifələrinin icrasına daim işgüzarlıq və məsuliyyətlə yanaşaraq, göstərilən inam və etimadı layiqli səviyyədə doğruldacaqlarını vurğulayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video