Alternative content

07:42 18 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünyanın dibi
Dünyanın dibi
ANA SƏHİFƏ / Elm və texnika
01:00 22.06.2019


Yer kürəsinin 70 faizini təşkil edən okeanlar hələ də çoxlu sayda sirlər gizlətməkdədir. Belə sirli yerlərdən biri dünya okeanının ən dərin çökəkliyi olan Marian çökəkliyidir. Dünyanın dibi sayılan Marian alimlərin diqqətini çoxdan maqnit kimi özünə cəlb edib.

Hələ ötən əsrin ortalarından bu nəhəng çuxurun sirrini açmaq, onu daha dərindən öyrənmək üçün müxtəlif tədqiqatlar aparılıb. Lakin bəzi naməlum məqamlar, açılmayan sirlər hələ də qalmaqdadır...

Elmə məlum olan çökəkliklərdən ən dərini - Marian çökəkliyi Sakit okeanın qərbində yerləşir. "Marian” adı isə yanında olan Marian adalarına görə verilib. Elm adamları tərəfindən aparılan araşdırmalar nəticəsində dünyanın ən dərin çuxurunun uzunluğu 2542 km, diametrinin 69 km olduğu təsbit edilib. Çökəklik Marian adaları boyunca 1500 km uzanıb. Onun V formalı profili var: dik yamaclar, eni 15 km olan yastı dib. Dibdə suyun təzyiqi 108,6 MP-yə çatır ki, bu da dünya okeanının səviyyəsində normal atmosfer təzyiqindən 1072 dəfə çoxdur.

Marian çökəkliyinin ən dərin nöqtəsi Challenger uçurumudur. Bu çökəkliyin dərinliyinin ilk ölçüsünü buranı tapan "Challenger” adlı Britaniya üç dor korveti 1875-ci ildə əldə etmişdir. O zaman dərinliyi ölçən lot aparatı vasitəsilə 8367 metr dərinlik müəyyənləşdirmişdilər. 1951-ci ildə ingilis ekspedisiyası "Challenger” elmi tədqiqat gəmisində əks-səda ilə işləyən alət vasitəsilə 10863 metrlik dərinlik qeydə almışdı. Sovet elmi tədqiqat gəmisi "Vityaz”ın 1957-ci ildə 25-ci reys zamanı əldə etdiyi ölçülərə əsasən, çökəkliyin dərinliyi 11023 metrdir. 1995-ci ilin araşdırmaları dərinliyin təxminən 10920 m, 2009-cu ilin tədqiqatları isə 10971 m təşkil etdiyini göstərdi. Ən son tədqiqatlar 2011-ci ildə həyata keçirilmişdir və dərinliyin ±40 m dəqiqliklə 10994 m olduğu təyin edilmişdir. Beləliklə, çökəkliyin ən dərin nöqtəsi Challenger uçurumu dəniz səviyyəsindən Everestdən daha aşağıda yerləşir. Bu da deməyə əsas verir ki, planetimizin ən yüksək dağı olan Everest Marian çökəkliyinin dərinliyinə asanlıqla yerləşə bilər.

2010-cu ilin avqustundan oktyabrınadək Nyu Hempşir Universitetindən Amerika okeanoqrafiya ekspedisiyası tərəfindən aparılan tədqiqatlar nəticəsində Marian çökəkliyi dibinin səthində hündürlüyü ən azı 2,5 kilometr olan 4 okeanik dağ silsiləsi də tapılıb.


Marian çökəkliyi necə əmələ gəlib


Zaman keçdikcə Yerin qabığını əmələ gətirən platformalardan bəziləri bir-birləri ilə toqquşub. Bu toqquşma nəticəsində platformalardan biri digərinin üstünə çıxıb, daha sürətlə gələn platforma digərinin altına keçib. Toqquşma nəticəsində baş verən şiddətli zəlzələlərin əmələ gətirdiyi dərinliklər lövhələrin böyüklüyündən asılı olaraq 700 km-ə qədər çata bilib. Marian çökəkliyi də Sakit okean platforması ilə Marian platformasının bir-birinə bu şəkildə yaxınlaşması nəticəsində yaranıb.


Dünyanın dibinə enən səyahətçilər


Təbii hadisə nəticəsində əmələ gəlmiş Marian çökəkliyinin dibinə ilk eniş 1960-cı il yanvarın 23-də ABŞ hərbi dəniz qüvvələri leytenantı Don Uols və tədqiqatçı Kaj Pikar tərəfindən "Triyest” batiskafında edilib. Batiskafı Jak Pikarın atası Oqust Pikard layihələşdirmişdi. Bu, çox yüksək təzyiqə davamlı, sərt poladdan hazırlanmış dairəvi şəkilli sualtı kapsul idi. Dalğıcların Yerin dibinə səyahəti 5 saat çəkib. Cihazlar 11521 metrlik rekord dərinliyi qeydə almışdılar. Həmin vaxt ərazidə lövbər salan "Qlomar Challenger” adlı elmi tədqiqat gəmisinin əməkdaşları dərinlikdən gələn qəribə səslərdən heyrətə düşmüşdülər. Sanki kimsə mişarla dəmiri kəsirdi. Kamera isə batiskaf ətrafında qeyri-adi kölgələri qeydə almışdı. Bunu görüb batiskafı suyun üzərinə qaldırırlar və məlum olur ki, ona quraşdırılan 4 kameradan 3-ü dağıdılıb, batiskafı qaldıran tros-burazlar isə yarıya kimi kəsilib...

"Kayko” adlı yapon zondu 24 mart 1995-ci ildə çökəkliyin maksimal dərinlik rayonuna endirilib və 10911,4 metr dərinliyi qeydə alıb. Zond tərəfindən nümunə kimi götürülən lildə foraminifera sayılan canlı orqanizmlər tapılıb.

31 may 2009-cu ildə Marian çökəkliyinin dibinə "Nereus” avtomatik sualtı aparatı dalıb. Aparat 10 902 metr dərinliyə enib, video, bir neçə fotoşəkil çəkib, həmçinin dibində çöküntülərinin nümunələri toplanıb.

"Titanik”, "Terminator”, "Avatar” kimi məşhur filmlərin prodüseri olmuş kinorejissor Ceyms Kemeron isə 2012-ci il 26 martda dünya okeanının ən dərin nöqtəsinə çatan üçüncü və bunu tək edən ilk insan olub. Bura enən ilk iki şəxsdən fərqli olaraq, Kemeron orada 3 saat qalıb. O, çökəkliyə "Deepsea Challenger” adında olan biryerli batiskafda dalıb. Batiskaf şəkil və video çəkmək üçün bütün avadanlıqlarla təchiz edilmişdi, hətta kino 3D formatda çəkildiyi üçün batiskafa xüsusi işıq avadanlığı qoşulmuşdu. Kinematoqrafçı suyun 10 898 metr dərinliyinə enib, canlı orqanizmlərin süxur nümunələrini götürüb və kino çəkmək üçün 3D kameraları istifadə edib. Rejissorun çəkdiyi həmin kadrlar əsasında "National Geographic Channel” kanalı da elmi-sənədli film çəkib.


Açılmayan sirlər


Müxtəlif illərdə Marian çökəkliyinin sirrini öyrənmək üçün çoxsaylı cəhdlər edilib. Lakin batiskaflar müxtəlif problemlərlə üzləşib, əksər hallarda onların daha dərinliklərə enməsinə hansısa naməlum güclər tərəfindən maneələr törədilib. Məsələn, Marian çökəkliyinin dərinliklərinə kimi enən "Nereus” avtomatik zondu orada tədqiqatçıları dəhşətə salan canlıları qeydə almışdı. Videoda əksini tapan ağzı olmayan metryarım uzunluğunda qurdlar, yapon cizgi filmlərinin personajlarını xatırladan tentakli və səkkizayaqlı ilbizlər, nəhəng dəniz ulduzlarının hərəkətləri görənləri vahiməyə salmışdı.

Alman tədqiqatçıları da gözlənilməz hadisələrin şahidi olmuşdular. Almaniya Elmi Tədqiqat İnstitutu tərəfindən hazırlanan "Xayfiş” adlı batiskaf Marian çökəkliyinin 7 kilometr dərinliyinə endikdə quraşdırılan videokameralar nəhəng varlıqları qeydə aldı. Bu varlıqlar batiskafı mühasirəyə alaraq onu dağıtmaq istəyirdilər. Alman tədqiqatçıları naməlum nəhəng varlıqları "dəniz əjdahaları” adlandırdılar. Bu nəhəng varlıqlar batiskafı sözün əsl mənasında gəmirməyə, poladı dişləri ilə kəsməyə cəhd edirdilər. Mütəxəssislər bunu öncədən nəzərə alaraq, batiskafın ətrafında güclü elektrik cərəyanı buraxan qurğu quraşdırmışdılar. Naməlum varlıqların batiskafı dağıtmasına mane olmaq üçün dərhal öldürücü cərəyan buraxıldı. Yalnız bundan sonra qorxan naməlum varlıqlar batiskafı sakit buraxdılar.

Yapon alimlərinin Marian çökəkliyindəki tədqiqatları da naməlum varlığın aşkar edilməsi ilə nəticələndi. Belə ki, 1997-ci ildə yaponiyalı tədqiqatçılar tərəfindən Marian çökəkliyinə endirilən batiskaf tərəfindən milyon il bundan əvvəl yaşayan köpəkbalığı-meqaldon aşkar edildi. 10-12 metr uzunluğunda olan meqaldon-köpəkbalığı batiskafa yaxınlaşaraq onu udmaq üçün bütün imkanlarını işə salmışdı. Yalnız yenə də ətrafa güclü elektrik cərəyanı buraxılandan sonra meqaldon batiskafı udmaqdan qorxaraq dərinlikdə gözdən itdi.

2012-ci ilin yayında pilotsuz "Titan” adlı dərinlik aparatı "Rik Mesenger” adlı elmi tədqiqat gəmisindən Marian çökəkliyini tədqiq etmək üçün dənizin dərinliyinə buraxıldı. Məqsəd 10 min metr dərinlikdə video-fotoçəkilişlər aparmaq idi. Bu zaman isə batiskafın kameraları onlarla işıq saçan obyekt qeydə aldı. Batiskafın ətrafında təxminən bir kilometr ərazidə 50-dən artıq kürə formasında, uçan naməlum obyektləri xatırladan əşyalar dolaşmaqda idi. Bundan bir neçə dəqiqə sonra "Titan”la əlaqə kəsildi və o, müəmmalı şəkildə yoxa çıxdı. Belə ehtimal edilir ki, dənizin dərinliklərində naməlum ağıllı varlıqlar yaşayır. Bu varlıqlar kimlərdir və onlar nə üçün dənizin dərinliklərində yaşayırlar? Hələlik bu suala cavab tapmaq mümkün olmayıb.

Bütün bunlara baxmayaraq, Marian çökəkliyinin sirrini öyrənmək üçün tədqiqatlar davam edir. Bu sirrin nə vaxt açılacağını söyləmək çətindir. Bəlkə də, gələcək tədqiqatlar zamanı müasir sivilizasiyanı heyrətləndirən və əsl sensasiyaya səbəb olacaq yeni varlıqlar aşkar ediləcək. Hələliksə dünyanın dibi sayılan Marian çökəkliyi sirlərini gizlətməkdə davam edir.

Xəyalə MURADLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM