21 Iyun 2019 02:19
1044
İQTİSADİYYAT
A- A+

“Abşeron” bloku “Total”ın Azərbaycandakı fəaliyyətini genişləndirdi


Fransanın tanınmış "Total” şirkəti 1996-cı ildə Bakıda ofisini açmış və həmin vaxtdan kəşfiyyat layihələrində iştirak etməyə başlamışdır. O vaxtdan şirkət iştirakçılarının hamısı üçün qarşılıqlı şəkildə faydalı olan strateji layihələrə qoşularaq Azərbaycanla uzunmüddətli tərəfdaşlığın təməlini qoymuşdur.

1997-ci ildə "Total” şirkəti "Lənkəran-Talış-Dəniz” blokuna daxil olmuş və "Abşeron”da kəşfiyyat işləri aparmaq üçün "Şevron”la tərəfdaşlıq qurmuşdur. Lakin ilkin kəşfiyyatın nəticələri müsbət olmamışdır.

Sonralar "Total” şirkəti "Şevron” tərəfindən təhvil verilmiş "Abşeron” blokuna yenidən qayıtmışdır.

2009-cu il fevralın 27-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR-la "Total” arasında Xəzərin dərin sularında yerləşən "Abşeron” bloku üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzalanmışdır. 2011-ci il sentyabrın 1-də isə "Abşeron”un Kəşfiyyat, İşlənmə və HPBS-yə uyğun olaraq kəşfiyyat dövrü ərzində operator qismində çıxış edən "Total E & P Absheron” Azərbaycanın bu dəniz blokunda iri qaz yatağının aşkarlandığını bildirmişdir. 2017-ci ilin fevralında layihənin işlənmə proqramı təsdiq edilmişdir.

"Abşeron” bloku Bakıdan 100 kilometr aralıda suyun 500 metr dərinliyində yerləşir. Birinci quyunun qazılmasından sonra aparılan araşdırmaların nəticələri burada zəngin qaz və kondensat ehtiyatlarının olduğunu təsdiq etmişdir. Ərazidə hərəkət edən layların, qaz tərkibli dayaz təbəqələrin, dərinliklərdə yüksək təzyiqin və palçıq vulkanlarının olması işlərin gedişinə texniki maneələr törədir. Təhlükəsiz istehsalat mühitinə nail olmaq üçün bu amillərlə bağlı tektonik hərəkətlər xüsusi dizayn və mühəndis işləri tələb edir. "Total” bu çətinliklərin öhdəsindən gəlmək üçün dünyanın müxtəlif ölkələrində topladığı bilik və səriştəsindən məharətlə istifadə edir.

Şirkət yatağın gələcəkdə işlənməsi üçün dəniz və quruda geotexniki və geofiziki, eləcə də meteoroloji və topoqrafik məlumatlar toplamağa başlamışdır. Bu araşdırmalar həyata keçirilərkən sosial sahəyə və ətraf mühitin mühafizəsinə dair tələblərə ciddi riayət edilmişdir.

Tədqiqatlar aparıldıqdan sonra "Abşeron” yatağının Erkən Hasilat Sxemi əsasında işlənməsi qərara alınmışdır. Bu sxem sualtı quyunun dayaz yerlərdə Neft Daşlarının yaxınlığındakı qəbuledici platformaya qoşulmasına əsaslanır. Burada qaz mayedən ayrılacaq, qaz və kondensat SOCAR-ın mövcud infrastrukturu ilə nəql olunacaq. Qaz yerli bazara göndəriləcək, kondensat BTC kəməri ilə xaricə ixrac ediləcək.

2018-ci ilin fevral ayında ümummilli lider Heydər Əliyevin adını daşıyan qazma qurğusu "Abşeron” yatağında işə başlamışdır.

"Total” şirkəti eyni zamanda üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin 11 səhmdarından biridir. Şirkət burada 5 faiz iştirak payına malikdir.

Xatırladaq ki, uzun illərdir Azərbaycanın mühüm layihələrində iştirak edən "Total” dünya bazarında yanacaq, təbii qaz, aşağı karbon tərkibli enerji istehsal edən və satan şirkət kimi tanınır. Onun 100 min nəfərdən çox işçisi insanlara təhlükəsiz, təmiz və sərfəli enerji çatdırmaq amalı ilə çalışır. 130-dan çox ölkədə fəaliyyət göstərən "Total”ın məqsədi ən məsuliyyətli və əsas enerji təminatçılarından biri olmaqdır.

Ən böyük təsdiqlənmiş ehtiyatlarının yerləşdiyi Rusiyada "Total” "Novatek” şirkətindəki payı və "Yamal” mayeləşdirilmiş təbii qaz layihəsi hesabına böyük həcmdə karbohidrogenlər hasil edir. Bu şirkət eləcə də Qazaxıstanın nəhəng "Kaşaqan” yatağının işlənməsi layihəsində əsas tərəfdaşlardan biridir.

"Total” Fransa, Almaniya, Belçika, Hollandiya və Lüksemburqda cəmlənmiş 9 mindən çox xidmət məntəqələri şəbəkəsini idarə edir. Şirkət həmçinin Qərbi Avropada emal məhsullarının ikinci ən böyük təminatçısıdır, 8 neft emalı zavodunun sahibidir. Avropa və Mərkəzi Asiyada "Total”ın qaz, bərpa olunan və elektrik enerjisi şöbəsi müştərilərə nümunəvi xidmət göstərir.

Çalışdığı ölkələrdə "Total” önəmli layihələrdə tərəfdaş olmaqla yanaşı, cəmiyyətin həyatında da fəal iştirak edir. Azərbaycanda da belədir. Məsələn, BTC-nin keçdiyi ərazilərdə yerli icmalara dəstək məqsədilə özünün təşəbbüs göstərdiyi sosial layihələri maliyyələşdirir.

"Total” ölkəmizdə təhsilə də dəstək verir. Belə ki, Azərbaycanın və Fransanın neft elmləri üzrə ixtisaslaşmış məktəb və universitetləri arasında əlaqələr yaradır. Şirkət bir neçə il SOCAR-ın mütəxəssisləri üçün fransız dilinin tədrisini maliyyələşdirib. Ölkəmizdə mədəniyyət və incəsənətə də biganə qalmır. Yerli və xarici ifaçıların iştirakı ilə klassik musiqi konsertləri təşkil edərək Bakının mədəni həyatına öz töhfələrini verir.

Bütün bunlar "Total”ın Azərbaycanla təkcə uğurlu layihələrinin deyil, həm də sıx əməkdaşlığının, etibarlı tərəfdaşlığının və mehriban dostluğunun nəticələridir.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video