Alternative content

23:00 23 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xanım maestro
Xanım maestro
ANA SƏHİFƏ / Mədəniyyət
01:50 21.06.2019


Firəngiz Əlizadə

1947-ci il mayın 28-də Bakıda anadan olub. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasının nəzdində xüsusi istedadlı uşaqlar üçün orta ixtisas musiqi məktəbində alıb. Daha sonra konservatoriyada bəstəkarlıq və fortepiano ixtisasları üzrə təhsil alıb. 1974-cü ildən konservatoriyada pedaqoji fəaliyyətlə məşğul olmağa başlayıb. F.Əlizadə 1994-cü ildə dissertasiya müdafiə edərək, sənətşünaslıq namizədi elmi dərəcəsinə, 1998-ci ildə professor elmi adına layiq görülüb.

F.Əlizadə 1974-cü ildən SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. 1979-cu ildən Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi, 2007-ci ildən isə sədri seçilib. F.Əlizadənin fəaliyyəti çoxşaxəli və genişdir, bəstəkar, pianoçu, dirijor, musiqiçi-ictimai xadim kimi beynəlxalq aləmdə böyük nüfuz qazanıb. F.Əlizadə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən "Muğam aləmi” beynəlxalq musiqi festivallarının, Azərbaycan Bəstəkarlar İttifaqının layihəsi əsasında Şəkidə və Bakıda keçirilən "İpək yolu” Beynəlxalq Musiqi Festivallarının bədii rəhbəri, "Üzeyir dünyası” layihəsinin baş redaktoru kimi səmərəli fəaliyyət göstərir.

"Şərəf” və "Şöhrət” ordeni ilə təltif olunub.

"İlk mahnımı 7 yaşında yazmışdım. Müəllimimə dedim ki, mən mahnı bəstələmişəm. Başladım pianoda ikiəlli coşqu ilə çalmağa. O isə heyrətlə qulaq asdı və söylədi ki, nə gözəl melodiyası var...

Sonra notları lövhədə yazaraq harmoniya ilə çaldı və bütün sinif mahnımı oxumağa başladı. 72 yaşım var, indi də o günü unuda bilmirəm. Bu hissi heç nə ilə müqayisə etmək olmaz. Onda ilk dəfə başa düşdüm ki, bəstəkarlıq nə deməkdir. Sənin qəlbində eşidilən musiqi birdən real həyatda ən gözəl formada duyulur... Həyəcanla evə gəldim və dedim ki, ana, mən bəstəkar olacam...”


Qəlbin səsi


Musiqinin dili yoxdur, zaman məhdudiyyətsizdir deyirlər, yetər ki, onu ruhunla dinləyəsən və yazasan. Yalnız belə olduqda musiqi dünyəviləşir, zaman məfhumundan çıxır, sonsuzlaşır...

Onun da ürəyinin döyüntüsü, qəlbinin səsidir musiqi - "Habilsayağı”, "Dərviş”, "Atəş”, "Bayatılar”, "Eşq havası” kimi...

Bəstələdiyi melodiyaların dünyanı heyran qoymasının, bu qədər sehirli olmasının səbəbi isə şirin ana laylasından, dərin muğamlardan, ecazkar azan sədasından süzülüb gəlməsidir...

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycanın əməkdar incəsənət xadimi, AMEA-nın müxbir üzvü, xalq artisti, UNESCO-nun Sülh artisti, dünya şöhrətli bəstəkarımız Firəngiz Əlizadə "Zəriflərin dünyası”nda şanlı-şöhrətli ömür təranələrini dilləndirir...


Babam məşhur azançı, atam isə tarzən idi...


- Atamın babası Əliqurban Lənkəranda məşhur azançı idi. Hətta son zamanlara qədər müasirləri babamın gur səsini, azan verib möminləri necə namaza çağırmasını xatırlayıb bu barədə şövqlə danışardılar. Atam Əliağa isə məktəb illərində Müslüm Maqomayevin Lənkəranda yaratdığı ansamblda tar çalmışdı. O, məktəbi bitirən kimi Leninqrada yollanır və burada melioratorluq üzrə ali təhsil alır. Atam Şəkinin və ətraf rayonların su təchizatı ilə məşğul olur, körpülər salır, borular çəkir, su anbarları tikirdi...

Atam yaraşıqlı, hündürboy, mavi gözlü, hər zaman dəblə geyinən kişi idi. O, Şəkidə Nəzirə Xədicə adlı özündən 7 yaş kiçik bir qıza vurulur və ailə qurur. Onlar evləndikdən sonra iş ilə əlaqədar Bakıya köçürlər və İçərişəhərdə Mir Mövsüm Ağanın yaşadığı evdə kirayənişin kimi qalırlar. O zaman Mir Mövsüm Ağa hələ sağ idi.1941-ci ildə böyük bacım Flora anadan olur. Flora bizdən böyük olduğu üçün hər zaman bizə kömək edib, ana qayğısı göstərib. Müharibə başlayan kimi atamı da müharibəyə aparırlar. Xoşbəxtlikdən o, sağ-salamat qayıdır və anam həmişə deyirdi ki, elə bil Allahın əli üzərimizdədir...

- 1947-ci ildə anadan olmuşam, sonra kiçik bacım və qardaşım dünyaya gəlib. 1949-cu ildə atama köhnə vağzalın yanında Puşkin küçəsindəki beşmərtəbəli binada 2 otaqlı ev verdilər.

Atam şəkili və lənkəranlı qohumlarının demək olar ki, hamısına kömək edirdi. Hər zaman rayondan gələn qonaqlar bizdə qalırdılar. Həmçinin bir-birindən gözəl 7 bibim də bizimlə qalırdı. Atamın qardaşı Xaliq əmim isə Arazın o tayında yaşayırdı. Hərdən atam lampa işığında ona əski əlifba ilə məktub yazanda təəccüblə gəlib baxırdıq. O isə sadəcə barmağını dodağının üstünə qoyub başa salırdı ki, bu barədə danışmaq olmaz...

Atamın xasiyyəti çox ciddi idi, hətta 84 yaşında vəfat edənə qədər biz hamımız ona siz deyə müraciət edir, gələndə ayağa qalxardıq. O, yeməyə başlamazdan əvvəl heç birimiz süfrəyə əl uzatmazdıq...

Atam da, anam da hər zaman istəyiblər ki, arzularımız həyata keçsin...


Bu royala Çaykovskinin barmaqları dəyib...


- Bağçaya gedəndən piano çalmağa başlamışdım. Müəllimimin ifa etdiyi mahnıları mən də dərhal çalıb oxuyurdum. Bir dəfə bağça müəlliməm anamdan soruşdu ki, sizdə piano var? Anam dedi ki, yox. Təəccüblə soruşdu ki, bəs kimdir sizdə musiqiçi ki, bu uşaq belə çala bilir?

5 yaşım olandan elə hey deyirdim ki, piano istəyirəm. Bir dəfə atam Leninqrada məzuniyyətə gedəndə orada öyrənir ki, yaşlı bir adam royalını satmaq istəyir. Hətta atama deyirlər ki, həmin pianoya Çaykovskinin barmaqları dəyib.

Alman markası "Bekker”-dən olan royalın içindəki işləmələrin hamısı gümüşdən idi. Atam o royalı çox böyük çətinliklə qatarla gətirmişdi mənim üçün...

İndi həmin royal Şəkidəki Musiqi Kollecinin səhnəsindədir. Özümə yeni royal alanda anamın xatirəsinə hədiyyə olaraq onlara bağışladım.


Elə bilirdilər ki, Niyazinin qızıyam...


- Lap kiçik yaşlarımdan simfonik musiqiyə qulaq asmaqdan zövq alırdım. Güllər qucağımda filarmoniyada ön sırada oturub heyranlıqla Niyazinin konsertlərinə tamaşa edirdim. Hətta çox zaman məni konsertlərə buraxmaq istəmirdilər ki, azyaşlıdır. Bacım isə deyirdi ki, ən gözəl dinləyici elə budur...

Konsertdən sonra gülləri Niyaziyə verirdim, ətrafdakılar Floradan soruşurdular ki, bu, Niyazinin qızıdır?

Opera və Balet Teatrında Qara Qarayevin "Yeddi gözəl”inə baxırdım. Hətta sayı-hesabı yoxdur ki, mən "Yeddi gözəl”ə neçə dəfə baxmışam... Radioda "Yeddi gözəl”ə qulaq asa-asa başlayırdım balet oynamağa, özümü onlara oxşatmağa çalışırdım və elə şövqlə yuxarı sıçrayırdım ki, anam deyirdi bəsdir, ayağını sındıracaqsan...

7-8 yaşım var idi...


Üzeyir Hacıbəylinin dəvət etdiyi "qırmızı professor”lar


- Valideynlərim musiqiyə hədsiz sevgimi görüb məktəb yaşına çatanda məni konservatoriyanın nəzdində xüsusi istedadı olan uşaqlar üçün məktəbə (indiki Bülbül adına) qoydular. Məni əvvəlcə violonçelə götürmək istəyirdilər, deyirdilər ki, sənin barmaqların violonçel üçün yaxşıdır. Amma mən fortepiano istəyirdim.

Sinfimizdə 17 uşaq var idi, onların yalnız 4-5-i azərbaycanlı idi, digərləri əcnəbi millətlərdən idi. Bizə fortepianodan dərs deyən müəllimlər böyük ənənənin daşıyıcıları idi və onlar şagirdlərə qarşı həddindən çox tələbkar idilər. O zaman deyirdilər ki, Üzeyir Hacıbəyli görün necə gözəl insan olub ki, "qırmızı professor”ları - Sankt-Peterburqda yəhudiləri bir vaxtlar sıxma-boğmaya salanda oradakı musiqi müəllimlərinin hamısını Bakıya dəvət etmişdi ki, bizə dərs desinlər. Dünyaşöhrətli Mstislav Rostropoviçin də Bakıda anadan olmasına bu vəsilə olmuşdu. Çünki onun atası Leopold Rostrapoviç də həmin professorlardan idi. Belə yaradıcı bir mühitdə böyümüş, dərs almışdım...


Bəstəkarlığa doğru ilk addımlar...


- Musiqi ilə yanaşı digər fənləri də əla qiymətlərlə oxuyurdum. Hətta riyaziyyat müəllimim deyirdi ki, bu qız riyaziyyatçı olmalıdır. 8-9-cu sinifdə Şekspirin "Hamlet”indən yazdığım inşanı nümunə kimi bütün məktəbə nümayiş etdirmişdilər.

Saatlarla oturub nəyisə öyrənməyi sevmirdim və indiyə qədər də bu, belədir. Çox inadkar idim və istəyirdim ki, hər şey bir dəfədən mənə təslim olsun. Fizikanı, riyaziyyatı dərhal qavrayırdım. Elə olurdu ki, artıq sinifdə hazırlayırdım ev tapşırıqlarını. Tənbəlliyi sevmirdim, gah musiqi yazırdım, gah piano çalırdım, teatra gedirdim...

Yeddi yaşım olanda məktəbdəki müəllimlərim valideynlərimə məsləhət gördülər ki, məni həm də bəstəkarlıq dərslərinə yazdırsınlar. Həm piano dərslərinə, həm də bəstəkar Ədilə Hüseynzadənin kurslarına gedirdim. Heç zaman unutmaram, biz Ədilə xanımın yanına gedəndə atam maşında mənə dedi ki, "Firəngiz, artıq sənin həyatında böyük bir mərhələ başlayır. Biz Üzeyir Hacıbəyovun tələbəsi Ədilə Hüseynzadənin yanına gedirik, bu sənin bəstəkarlığa ilk addımlarındır”. Atam elə təsirli sözlər deyir, elə ruh verirdi ki, mən artıq özümü dahi bəstəkar kimi hiss edirdim...

Ədilə xanımla görüşdə ona dedim ki, mən opera yazıram. Bunu deyəndə Ədilə xanım atama baxdı və üzündə gülüş yarandı, amma mənim ciddiliyimi görüb büruzə vermədi. Ona dedim ki, "Hamletin atasının ruhu” səhnəsini yazıram. Bəstəmi fortepianoda çalmağa başladım və ilk olaraq baslardan başladım, "ba-bam”, möhkəm bir səs çıxdı. Ədilə xanım isə gülərək dedi ki, yavaş çal, mətbəxdə işləyənlər qorxacaq... Bax, indi də bu anlar yadıma düşəndə gülürəm...


Məktəbli qızın nə qədər əsəri var?!


- Məktəbi əla qiymətlərlə bitirib sənədlərimi konservatoriyaya verdim. İmtahana Leninqraddan komissiya da gəlmişdi. Mən fortepianoda çalanda komissiya üzvü demişdi ki, İohan Baxı ən gözəl ifa edən Firəngiz Əlizadə oldu, bu, intellektual musiqidir.

Beləliklə, mən konservatoriyaya pianoçu kimi daxil oldum. Amma konservatoriyanın rektoru Cövdət Hacıyev bizə zəng vurub atamla danışdı. Dedi ki, eşitdiyimə görə sizin qızınız musiqilər bəstələyir. Bəlkə bəstəkarlığa daxil olsun? Atam isə seçimi mənim öhdəmə buraxmışdı. Beləliklə, mən imtahana getdim. Özümlə yazdığım bütün əsərlərin notlarını götürüb aparmışdım. İmtahanda Qara Qarayev, Cövdət Hacıyev və digər görkəmli şəxslər iştirak edirdilər. Onlar məni görəndə güldülər ki, məktəbli qızın nə qədər əsəri var...

Qara müəllim bunlar barədə soruşanda şəstlə dedim ki, əsərlərimdir. O isə "belə de, deməli, artıq sənin əsərlərinin külliyyatını nəşr etmək olar. Amma sonra. İndi isə onlardan lazım bildiyindən birini ifa et” deyə söylədi.

İmtahandan sonra mənim üçün istisna etdilər və iki fakültəyə qəbul etdilər. 2 il Cövdət müəllimin sinfində oxudum. Bununla yanaşı, mən Qara Qarayevin dərslərində də iştirak edirdim. Yəqin kimsə Cövdət müəllimə xəbər vermişdi ki, mən müntəzəm olaraq Q.Qarayevin dərslərində otururam. Buna görə də II kursda imtahanı verdikdən sonra Cövdət müəllim mənə dedi ki, istəyirəm səni Qara Qarayevin sinfinə keçirim. Onda hətta nigaran qalmışdım, bəlkə Cövdət müəllim məndən nəsə narazı qalıb deyə belə edir? O isə demişdi ki, yox, məndən nə lazımdırsa öyrəndin, indi də Qara müəllimin sinfində oxuyub ondan öyrənməlisən.

Beləliklə, III kursdan Qarayevin sinfində oxumağa başladım. Qara Qarayev bizə çox tapşırıqlar verirdi və onların hamısını etməyə çalışırdım. İstirahət vaxtı belə onun tapşırdığı əsərləri mütləq tapıb oxumağa çalışırdım. O deyirdi "kim indi vəzifələrini yerinə yetirmir, vaxt gələcək başa düşəcək. Onda isə heç nəyi dəyişmək olmayacaq və ondan bəstəkar olmayacaq. Musiqinin ətrafında olacaq, amma heç zaman mütəxəssis olmayacaq”. Müəllimimizin bu sözlərini yaşa dolduqca daha yaxşı dərk edir və başa düşürük ki, onların hər kəlməsi qızıl idi.

Mənə bir ildə iki diplom vermədikləri üçün əlavə olaraq iki il də Qara müəllimin sinfində oxumalı idim, amma bu, mənim üçün əvəzedilməz bir töhfə idi. Qara Qarayev tükənməz xəzinə idi və ondan on illərlə də öyrənsən çox olmazdı...


Cəsarətli çıxış


- O illərdə filarmoniyanın repertuarında müasir musiqiyə çox yer verilmirdi. Bu isə gənc bəstəkarların narazılığına səbəb olurdu. 1979-cu ildə bəstəkarların V qurultayı keçiriləndə mən söz alaraq bu barədə cəsarətli çıxış etdim. Çox cürətli idim və heç nədən qorxmurdum. Dedim ki, filarmoniyada səslənən musiqilər arasında bir dənə də müasir musiqi yoxdur. Azərbaycan hər zaman musiqi ənənələri öndə olan bir ölkə olub, indi bu ənənə pozulub, amma belə olmamalıdır. Sərt çıxışımı hamı alqışladı, görünür, hər kəsin ürəyindən xəbər vermişdim.

Həmin qurultayda məni Bəstəkarlar İttifaqının katibi seçdilər və bununla da 32 yaşında Sovet İttifaqında ən gənc katib oldum. Evə gələndə isə atam dedi ki, Firəngiz, sən musiqi yazansan, konsertlər verirsən, vəzifə sənə lazım deyil. Düşündüm ki, bu barədə namizədliyimi təklif edən müəllimim Qara Qarayevə deməliyəm. Gül dəstəsi alaraq Qarayevin evinə getdim və ona dedim ki, atam da, mən də qərara gəlmişik ki, katiblikdən imtina edim. O isə qətiyyətlə dedi ki, yox, mən sənə çox güvənirəm...


20 Yanvar faciəsinin kadrlarını əsərlərimin arasında Amerikaya apardım


- 1988-ci ildə və 1989-cu ildə iki dəfə ABŞ-da yaradıcılıq səfərində olmuşdum. Həmçinin 1990-cı ilin yay ayları üçün növbəti dəfə yenidən Amerikaya dəvət almışdım və ora getməyə hazırlaşırdıq. Tanınmış türkoloq Kamal Karpatın təşkil etdiyi simpoziumda konsert verməli və mühazirələr deməliydim.

Onu da qeyd edim ki, hələ sonuncu dəfə, 1989-cu ildə orada olanda mənə ilk qonorarımı vermişdilər. Həyat yoldaşım kinorejissor Cahangir Zeynalovla birlikdə Los Ancelesə gedib, həmin 2000 dollara videokamera almışdıq. Amma taleyin nə bədbəxt təsadüfi idi ki, həmin kamera ilə xoş günlərimizi yox, xalqımızın 20 Yanvar kimi bir faciəsini yaddaşa həkk etmək qismət oldu bizə...

Cahangir kamera ilə 20 Yanvar hadisələri zamanı törədilən vəhşilikləri lentə alırdı. Gecə saat 2-də gedib kazarmaları, küçələri çəkirdi. O, qayıdıb gələndə gördüklərinin dəhşətindən əsirdi.

Nəhayət, 1990-cı ilin may ayında Amerikaya getdik. Gedərkən isə qərara gəlmişdik ki, Cahangirin çəkdiyi görüntüləri də aparaq və dünyaya göstərək. Amma necə aparaq...

Böyük riskə getdik və həmin kadrları əsərlərimin arasında gizlətdik, guya ki, mənim əsərlərimdir. Bax, indinin özündə belə danışdıqca canıma üşütmə gəlir ki, biz necə keçmişik o yoxlamadan?! Hətta o zaman Şeyxülislam Hacı Allahşükür Paşazadə də orada idi və o da çox heyrətlənmişdi ki, bu materialları necə gətirə bilmisiniz?

Çox təhlükəli iş idi, əgər tutsaydılar, Allah bilir başımıza nələr gələrdi. Həmin kadrları Medisonda keçirilən simpoziumda nümayiş etdirdik. Orada belə bir dəhşətli epizod da var idi. Süngülənərək öldürülən oğlunun məzarı başında dayanan bir ata partiya biletini cıraraq rus dilində qışqırırdı ki, "Qorbaçov ubyitsa”. Bu zaman etiraz olaraq Sovet İttifaqının tərkibində olan türk xalqlarının nümayəndələri zalı tərk etdilər. Bizi belə "dəstəklədilər”. Amerikalılar Cahangirə yaxınlaşıb dedilər ki, siz artıq Sovet İttifaqına dönə bilməyəcəksiniz. Burda qalın, sizə vətəndaşlıq verəcəyik. Yoldaşım dedi ki, yox, biz Bakıya qayıtmalıyıq. Çünki ailəmiz və övladımız oradadır. Hər şeyi gözə alıb gəldik, amma bizə fikir verən olmadı, çünki Sovet İttifaqı dağıldı və bu da bizim xoşbəxtliyimiz idi.

Həmçinin biz o zaman Vaşinqtona gedərək Helsinki Watchda da həmin kadrları nümayiş etdirmişdik.


Həyatımda dönüş yaradan zəng və "Boş beşik”


- O dövrdə maddi baxımdan da həyatımız çətin idi. Hətta oğlumuzu belə güclə böyüdürdük. Kinostudiya bağlandığı üçün yoldaşım da işsiz qalmışdı, valideynlərimin köməyi ilə yaşayırdıq...

Yenə o çətin günlərdən biri idi və oturub qara-qara düşünürdüm ki, birdən telefon zəng çaldı. Dəstəyi götürəndə ingilis dilində danışan bir şəxs dedi ki, sizinlə danışan Amerikadan "Kronos” kvartetinin birinci skripkaçısı Devid Herrinqtondur...

Həyatda bəzən hər şey təsadüflər nəticəsində baş verir...

Mən əvvəllər hansısa jurnalın üz qabığında gördüyüm "Kronos” kvartetinin geyimləri, konsert zamanı işıqlandırma sistemlərinin qeyri-adiliyindən heyrətlə ətrafımdakılara danışmışdım. Buna görə də ilk anda elə bildim ki, kimsə yoldaşlarımdan biri mənimlə zarafat edir və dəstəyi yerinə asmışdım...

Onlar 1988-1989-cu illərdə Amerikadakı konsertlərimin səs yazılarını dinləmişdilər və mənə əsər sifariş etmək qərarına gəlmişdilər. Bu da Allahın lütfü idi. Mənə 10 min dollar qonorar təklif etmişdilər. Azərbaycanda o zaman bu məbləğ fantastik idi, amma o pulu burada gətirib istifadə etmək də mümkün deyildi...

1992-ci ildə isə Türkiyənin mədəniyyət naziri Fikri Sağlar mənə zəng vurub dedi ki, yaxınlarda Mərsində yeni Opera və Balet Teatrı açılacaq və ora üçün opera, yaxud balet yazmağımı istəyir. Mərsində "Boş beşik” baletini yazıb təhvil verdim, uğurla nümayiş olundu. 1992-ci ildən 1999-cu ilə qədər Mərsində yaşadıq, o müddətdə Mərsin Konservatoriyasının yaradılmasında da yaxından iştirak etdim.

1999-cu ildə isə Almaniyaya, Berlin İncəsənət Akademiyasının professoru vəzifəsinə dəvət olundum. 2007-ci ilə kimi burada bəstəkar, pianoçu və dirijor kimi fəaliyyət göstərdim.

2007-ci ildən isə Azərbaycan Bəstəkarlar İttifaqının sədriyəm...


"İthaf” və "İntizar”


Haşiyəyə çıxaraq bildirək ki, uzun müddət təmirdə olan Azərbaycan Dövlət Filarmoniyasının açılışı üçün ulu öndər Heydər Əliyev Mstislav Rostropoviçdən ilk konsert proqramına dirijorluq etməyi xahiş edəndə maestro Firəngiz Əlizadənin açılış üçün əsər yazmasını tövsiyə edir. Buna görə də Berlinə Firəngiz Əlizadəyə əsər yazmaq sifariş olunur, təəssüf ki, filarmoniyanın açılışında artıq ulu öndər dünyasını dəyişmişdi. Yazılan əsər də öz məzmununu dəyişərək "İthaf” adı ilə dahi insana iki görkəmli şəxsin - Firəngiz Əlizadə və Rostropoviçin vasitəsilə bütün xalqın ehtiramını əks etdirmişdi.

Firəngiz Əlizadənin akademik Nərgiz Paşayevanın librettosu əsasında yazdığı "İntizar” operası isə Azərbaycanın bugünkü reallığına görə ən aktual məqamlara toxunan və Qarabağ ağrısını dünyaya car çəkən əsərdir. Bu əsərdə Xeyir və Şər arasında daimi mübarizə, bunun nəticəsi olaraq günahsız insanların ölümü, yaxın qonşuların xəyanəti, Azərbaycan təbiətinin gözəlliyi kimi fəlsəfi duyğular öz əksini tapır. Bu mövzular musiqi dili ilə vəhdət təşkil edir...

Dünya şöhrətli bəstəkar Firəngiz Əlizadənin hər anı, hər səhifəsi dərin notlara köklənmiş musiqi dünyasına qısa səyahət etdik. Onun ömür yolunda o qədər örnək götürəcək, nümunə olacaq, qürurlanacaq, fəxr duyacaq anlar var ki...

Bu həyat yolundan Firəngiz Əlizadənin vətənpərvərliyi qırmızı bir xətt kimi keçir. Firəngiz xanımın musiqilərində ana yurdun hər daşının, torpağının ətrini, qüdrətinin, gücünün əzmini, ağrısının-acısının harayını duymaq olur...

Məşhur "Kronos” kvartetinin Firəngiz Əlizadənin əsərlərindən ibarət albom-diskinin üzərində bu sözlər yazılıb: "Biz Azərbaycanı Nizaminin "Leyli və Məcnun”u, dahi Rostrapoviç ilə tanıyırdıq, indi isə Firəngiz Əlizadənin musiqisi ilə sevdik”.

Bu bir cümlə də bəs edir deyək ki, Firəngiz Əlizadə artıq müqəddəs amalına çatıb, öz musiqiləri ilə Azərbaycanı dünyada təmsil etmək, onu tanıtmaq, səsini duyurmaq amalına...

Musiqi dünyanız hər zaman şaqraq, uğurlarınız bol olsun, fəxarət ünvanımız Firəngiz xanım!

Yasəmən MUSAYEVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM