Alternative content

23:06 23 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gülüstani-İrəmin Qüdsi təxəllüslü polkovniki
Gülüstani-İrəmin Qüdsi təxəllüslü polkovniki
ANA SƏHİFƏ / Mədəniyyət
01:45 21.06.2019


"Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollarını anladır... Bundan daha yaxşı nə ola bilər? Buna görə mən, günahkar bəndə, Qüdsi təxəllüsü ilə məşhur bakılı Abbasqulu Mirzə Məhəmməd xan Saninin oğlu yol göstərmək məqsədilə, işin çətinliyindən xəbərdar olduğum halda, müxtəlif dövrlərdə Şirvan, Dağıstan vilayətləri və ətrafında baş verən hadisələri toplayaraq bir kitab yazmağa başladım”.

Beləcə, XIX əsrdə Azərbaycanın dünyaya bəxş etdiyi ən görkəmli şəxsiyyətlərdən biri, Herodotla qiyaslanan Abbasqulu ağa Bakıxanov ilk tarixi əsərimiz sayılan "Gülüstani-İrəmi” qələmə alır...

Azərbaycanın ən keşməkeşli dövrlərindən birində dünyaya göz açan və cəmi 57 il ömür sürən Abbasqulu ağanın taleyində çətin məqamlar çox olur. Vətəninin parçalanmasına qərar verilən iki sülh müqaviləsində bilavasitə iştirak etmək düşür nəsibinə...


Bakı xanlarının kosmopolit varisi


Tarixçi, filosof, şair, yazıçı, jurnalist, çar ordusunun polkovniki, məşhur Bakı xanlarının varisi Abbasqulu ağa Bakıxanov 21 iyun 1794-cü ildə Bakının Xilə (Əmircan) kəndində dünyaya göz açmışdı. Kosmopolit multikultural ailədə böyüyən Abbasqulu ağanın atası Bakı xanı II Mirzə Məhəmməd xan, anası isə islam dinini qəbul etmiş gürcü Sofiya xanım idi. Onun əmisi, babası və ulu babası Bakı hökmdarı olmuşdular.

Abbasqulu ağanın ailəsi yaşayış yerlərini tez-tez dəyişir, gah Qubada, gah Tiflisdə yaşayırdı. Hətta ailə bir müddət Kazan və Həştərxanda da yaşamışdı. Bakıxanovun uşaqlığı Bakıda və onun nəslinə məxsus kəndlərdə - Maştağa, Əmircan, Balaxanı, Ramanı və digərlərində keçmişdi. Elə buna görədir ki. Bakıxanov söhbətlərində və sənədlərdə özünü qürurla "bakılı” adlandırırdı. O, Bakını sevir, onun tarixini öyrənir, şəhərətrafı bölgələri yaxşı tanıyırdı.

Uşaqlıqdan oxumağa böyük marağı olan Abbasqulu ağanın zəngin kitabxanası var idi. O, ərəb və fars dillərini mükəmməl öyrənmiş, bu dillərdə yazılmış xeyli ədəbiyyat oxumuşdu. Şərq dilləri ilə yanaşı ədəbiyyat, ilahiyyat və fəlsəfəni mükəmməl öyrənməyə səy göstərirdi. Dostu rus şərqşünası İvan Berezin Bakıxanovların İçərişəhərdəki evlərində Azərbaycan, fars və ərəb dillərində çox sayda kitabın olduğunu bildirir. İran-Rusiya müharibələri zamanı Bakıxanov İranda diplomatik xidmətdə olmuş, 1828-ci ildə Ərdəbildə məşhur Şeyx Səfi kitabxanasında tədqiqat aparmışdı. Bu kitabxana sonralar yazıçı A.S.Qriboyedovun "təşəbbüsü” ilə Tiflisə köçürülmüş, burada Bakıxanov onunla birlikdə həmin əlyazmalar üzərində böyük iş aparmış və onların kataloqunu tərtib etmişdi. Tədqiqatçılar Abbasqulu ağanın Axalsix kitabxanasının əlyazmaları üzərində işlədiyini də yazırlar.


Tərcüməçilikdən polkovnikliyə uzanan yol


Lap kiçik yaşlarından Azərbaycan xanlarının intriqalarının şahidi olan Abbasqulu hələ 8 yaşındaykən atası taxt-tac uğrunda əmisi oğlu Hüseynqulu xanla qanlı döyüşlərdən məğlub çıxdığından ailə məcbur olub Qubaya, Fətəli xanın bağışladığı Əmsar kəndinə köçür. 1819-cu ilədək burada yarımçıq qalmış təhsilini davam etdirən Abbasqulu ağa elə həmin il general Yermolovun dəvəti ilə Tiflisə gedir və Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri üzrə tərcüməçi kimi fəaliyyətə başlayır. Beləcə, o sərasər düz 26 il ərzində Azərbaycanda və bölgədə baş verən mühüm və taleyüklü hadisələrin şahidinə və iştirakçısına çevrilir. Çar Rusiyası ordusunda xidmət etdiyi müddətdə Azərbaycanı iki hissəyə parçalayan "Gülüstan” və "Türkmənçay” müqavilələrində tərcüməçi qismində iştirak edir.

Dəftərxanada tərcüməçi kimi xidmətə başlayan Abbasqulu ağa artıq 1820-ci ildə general-mayor knyaz Mədətovun komandanlığı ilə Qazıqumuq xanlığının işğal olunmasında iştirak edir və elə həmin il də ona "praporşik” rütbəsi verilir. Rusiyanın Qacarlar və Osmanlı ilə müharibələrində iştirak edən Abbasqulu ağa 1826-cı ildə "poruçik”, Abbasabadın mühasirəsi zamanı fərqləndiyinə görə "ştaps-kaptian”, "İranla sülh traktatının müzakirəsinə görə” 1828-ci ildə "kapitan”, 1829-cu ildə "Axalsıxın tutulmasındakı uğurlu səylərinə görə” "mayor”, 1831-ci ildə general-adyütant Pankratyevin komandanlığı ilə Dağıstan ekspedisiyasında iştirakına görə "podpolkovnik”, 1842-ci ildə isə "polkovnik” rütbəsi alır.


Puşkinlərə məktub...


Bu müddət ərzində böyük mütəfəkkir doğma xalqının maariflənməsi naminə də əlindən gələni edirdi. Məşhur şairlərdən tərcümələr edir, astronomiyaya, tarixə, coğrafiyaya, əxlaqa dair kitablar yazır, Bakıda ilk məktəbin açılmasının ideya müəllifi olur. Amma onun bu istəyinə müsbət cavab verilmir...

Abbasqulu ağa dövrünün işıqlı insanları ilə - A.S.Qriboyedov, F.Bodenştedt, Fazil xan Şeyda, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə və başqaları ilə dostluq edirdi. O, 1833-1834-cü illərdə Varşavada və Peterburqda yaşamış rus şairi A.S.Puşkinin ailəsi ilə tanış olmuşdu. Həmin ərəfədə məşhur şairin bacısının məktubunu Varşavadan Peterburqa Puşkinlər ailəsinə apardığı və bir gün ailənin qonağı olduğu tarixi faktdır. Puşkinin anası Nadejda Osipovna qızına onları belə bir insanla tanış etdiyinə görə təşəkkürünü bildirir: "Necə də maraqlı insandır, necə də özünü gözəl ifadə edə bilir. O, mənim çox xoşuma gəldi. Onu bizimlə tanış etdiyin üçün sənə təşəkkür edirik”. Dahi Puşkinin özü isə Bakıxanovla söhbətdən doymur: "Şərqin bu nadir övladı ilə çox maraqlı söhbətimiz oldu...”


1837-ci ildə baş vermiş Quba qiyamı Abbasqulu ağaya qarşı istifadə olunur


Amma təəssüf ki, şərəflə xidmət etdiyi çar hökuməti Abbasqulu ağaya inamsızlıq göstərirdi. Ona ard-arda rütbələr verilir, xidməti dəyərləndirilirdi, amma polkovnikə sonuna qədər etimad göstərilmirdi. Məsələn, baron Rozen Peterburqun gizli sorğusuna cavabında yazırdı: "Doğrudur, Bakıxanovların soyadı Rusiya hökuməti əleyhinə hansısa xəyanətdə, yaxud mənfi hərəkətlərdə hallanmayıb. Ancaq bu, onun bizə səmimi sədaqətinin təsdiqi kimi kafi deyil”.

Elə 1837-ci ildə baş vermiş Quba qiyamı da Abbasqulu ağaya qarşı istifadə olunur. Bu qiyamda onun qardaşı Cəfərqulu ağa Bakıxanovun da adı hallanırdı. Abbasqulu ağa hökümət nümayəndələrinin yerli əhaliyə qarşı apardığı zorakılıq siyasətini qətiyyətlə pisləyir, bu haqda Peterburqa onlarla raport göndərirdi. Amma uğrunda 26 il can qoyduğu quruluş ona Qubada da rahat yaşamağa imkan vermirdi və hər vəchlə çalışırdı ki, onu buradan və xalqdan ayırsın...


Brilyant qaşlı üzük, çap olunmayan "Gülüstani-İrəm” və I Nikolay


Ensiklopedik biliyə malik Abbasqulu ağa həmin dövrdə də dayanmadan elmi və bədii yaradıcılığını davam etdirir, yarımçıq əsərlərini tamamlayırdı. Azərbaycanda tarix elminin bünövrəsini qoyan "Gülüstani-İrəm” əsərini də elə bu dövrdə yazır. Bu qiymətli əsər hələ o dövrdə müasirlərinin diqqətini cəlb etmiş, alimlər, mütəxəssislər, hətta çarın özü tərəfindən heyranlıqla qarşılanmışdı. O zaman Rusiya imperiyasının Hərbiyyə naziri Çernışevin I Nikolaya göndərdiyi raportda yazılmışdı: "Abbasqulu ağa Bakıxanov qədim dövrlərdən 12 oktyabr 1813-cü ildə imzalanan Gülüstan sülhünə qədər Qafqazın şərq hissəsinin tarixini yazmışdır”. Bu raportla birgə əlyazma da çara göndərildikdən az sonra

I Nikolay müəllifin brilyant qaşlı üzük və 800 rubl gümüş pulla mükafatlandırılması barədə göstəriş verir.

Lakin Azərbaycan xalqının milli oyanışından, tarixi əsərlərin yayılmasından ehtiyat edən çar hökuməti "Gülüstani-İrəm”in çapından imtina edir. Belə olan təqdirdə Abbasqulu ağa əsərinin mətbuatda dərc olunmasına qərar verir və "Gülüstani-İrəm”i hissələrlə qəzetlərdə nəşr etdirir.

"Gülüstani-İrəm” ilk məxəzlər əsasında, müəllifin uzun illər bu sahədə apardığı ciddi tədqiqatlar nəticəsində yazılıb. Müəllif özü dövlət başçısına və müasirlərinə yazdığı müraciətnamələrində əsər haqqında "mənim uzun illər zəhmətimin məhsuludur” deyə qeyd edib. O, bu əsəri yazarkən bir neçə dəfə arxeoloji tədqiqat işləri aparmış, tarixi abidələrdən, köhnə binaların qalıqlarından, sikkələrdən, padşahların və xanların fərmanlarından, milli əfsanələrdən, dini kitablardan, "Avesta”dan, ahıl kişilərin nağıl və rəvayətlərindən, səyyahların verdiyi xəbərlərdən, gürcü və ləzgi salnamələrindən, çoxlu şərq mənbələrindən, qədim yunan, Roma, Azərbaycan, rus alimlərinin əsərlərindən istifadə edib.

Bakıxanovun bizə gəlib çatan qiymətli əsərləri içində "Qanuni-Qüdsi”, "Riyazül-Qüds”, "Mişkətül-ənvar”, "Əsrarül-mələkut”, "Kəşfül-Qəraib”, "Eynəl-mizan” və başqaları var. "Əsrarül-mələkut” əsərində Bakıxanov Yeri kainatın mərkəzi sayan geosentrik nəzəriyyəyə qarşı çıxaraq Kopernikin müdafiə etdiyi heliosentrik nəzəriyyəni dəstəkləyir. Bakıxanov Məkkə səfərinə çıxarkən 1832-ci ildə yazdığı bu əsərini də özü ilə aparır, 1846-cı ildə Osmanlıda Sultan Əbdülməcidə təqdim edir. Sultanın göstərişi ilə əsər türk dilinə tərcümə edilərək nəşr edilir.


İstədim, Qüdsi, deyim vəsfi-cəmalın dilbərin...


Abbasqulu ağa həm də poeziya aşiqi idi və Qubada "Gülüstan” adlı şairlər məclisi təşkil etmiş, özü də "Qüdsi” ləqəbi ilə qəsidə, qitə, qəzəl, rübai, məsnəvi, avtobioqrofik şeirlər, mənzum hekayələr, təmsillər yazmışdır:

Arizu eylər könül dildar gəlsin, gəlmədi,

Zülfü kafər, gözləri xunxar gəlsin, gəlmədi.

İstədim, Qüdsi, deyim vəsfi-cəmalın dilbərin,

Kuşiş etdim, zineti-göftar gəlsin, gəlmədi.


Allahla hökmdar arasında...


Həyatının çox hissəsini rus (xristian) təbəəliyində keçirməsinə baxmayaraq, Qüdsi ömrünün sonuna qədər islam dininə etiqad edib. Hətta onun biblioqrafiyasında belə bir maraqlı məqam da qeyd olunub. Günlərin birində Peterburqda imperator I Nikolay döyüşdə fərqlənən zabitlərlə görüşür. Görüşdə masanın müxtəlif şərablar və şampanlarla dolu olmasına rəğmən bir nəfərin spirtli içkilərə həvəs göstərməməsi imperatorun diqqətini çəkir. Bundan təəccüblənən və Bakıxanovu utandırmaq istəyən imperatriçə ona şərab təklif etmək qərarına gəlir. Qəbul zamanı Aleksandra Fyodorovna qızıl məcməidə bir qədəh şərabla Bakıxanova yaxınlaşır. Bu gözlənilməz jestdən çaşan Bakıxanov diz çökür, qədəhi yuxarı qaldırır, üzünü imperator Nikolaya tutaraq deyir: "Mənim ağam mənə içki təklif edir. Allahım isə mənə içməməyi əmr edib. Kimin dediyinə əməl etməliyəm?”. Dindar adam olan imperatorun cavabı belə olur: "Əlbəttə ki, Allahınızın”. Bakıxanov qədəhi yenidən məcməiyə qoyur, pərt olmuş imperatriçə isə çıxıb gedir.


Son səfər...


Abbasqulu ağa 1847-ci ildə müqəddəs torpaqlara üz tutur. Həcc səfərinə yola düşən 53 yaşlı Abbasqulu ağa həmin il may ayının 31-də Məkkədən Mədinəyə gedərkən Vadiyi-Fatimə adlanan yerdə vəba xəstəliyinə tutularaq vəfat edir və orada dəfn olunur...

Əsilzadə nəslin şəcərəsinin bir çox nümayəndələri kübar sələflərinə yaraşan ad-san yiyəsi olublar və onların aralarında müasirlərimiz də var.

Abbasqulu ağa general-leytenant Cəfərqulu ağa Bakıxanov və general Abdulla ağa Bakıxanovun qardaşıdır. Tarzən Əhməd Bakıxanovun babası, bəstəkar Tofiq Bakıxanovun, kamançaçı Tələt Bakıxanovun ulu babasıdır.

Bu gün Abbasqulu ağa Bakıxanovun anadan olmasının 225 ili tamam olur. Böyük mütəfəkkirimizin tarixdə, ədəbiyyatda, fəlsəfədə, maarif sahəsində, ictimai işlərdə və digər sadalamadığımız bir çox əhəmiyyətli məsələlərdə xalqımıza göstərdiyi əvəzsiz xidmətlərini ehtiramla yad edirik.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM