21 Iyun 2019 01:44
969
Mədəniyyət
A- A+

Karvanların ən əntiq yüklüsünün sarbanı


1930-cu illərin axırları... Azərbaycan musiqi mədəniyyətinin inkişafında olduqca əhəmiyyətli dövr yaşanır. Opera və Balet Teatrının səhnəsində "Nərgiz”, "Koroğlu” və başqa operalar göstərilir. Dünya şöhrətli bəstəkarlarımız musiqi xəzinəmizi yeni süitalar, simfonik və kamera instrumental, simfonik və başqa janrlı əsərlərlə zənginləşdirirlər. Ciddi sənət söhbətləri, səmərəli müzakirələr gedir. Azərbaycan musiqi sənəti bulaq kimi coşub-çağladığı bir vaxtda həm də gənc, istedadlı bəstəkarlar yetişməkdədir. Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmirov, Səid Rüstəmov... Üzeyir Hacıbəylidən ustad dərsi alırlar. Onların maraq dairəsi Azərbaycan xalq və bəstəkar musiqiləri ilə çərçivələnmir. Dünya musiqi ənənələrini dərindən öyrənir, bəhrələnirlər.

Soltan Hacıbəyov belə bir vaxtda musiqi sənətinə gəldi. Onun məsuliyyəti yaşıdları olan həmkarlarından bir az da böyükdür. Çünki Hacıbəyov soyadını daşımaq qürurverici olduğu qədər də məsuliyyətliydi...


Hacıbəylilər nəslinin layiqli nümayəndəsi


Soltan Hacıbəyov 1919-cu il mayın 8-də Azərbaycanın gözəl Şuşasında dünyaya gəlmişdi. Onun əsrarəngiz şəhərdə xalq musiqisinə, muğamlara yaranan sevgisi bütün həyatına, yaradıcılığına təsir göstərdi. 1930-cu ildə Bakıya köçdü. Bu şəhərdə orta məktəbdə oxudu. Bəxti bir də onda gətirdi ki, atasının əmisi oğlu Üzeyir bəyin evində boya-başa çatdı.

Gedəcəyi yol bəlli idi. Sanki musiqi sənəti özü Soltan Hacıbəyovu seçmişdi. Həyatının hər günü, hər anı musiqi ilə bağlıydı. Odur ki, orta məktəbi başa vurduqdan sonra musiqi texnikumunun truba sinfinə daxil oldu. Tələbə ikən Azərbaycan Musiqili Komediya Teatrında dirijor vəzifəsində çalışdı. Yaradıcılığa da həmin vaxtlar - 1930-cu illərin axırlarında başladı. İlk əsəri xor və simfonik orkestr üçün yazdığı "Pioner” kantatası oldu.

Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə, professor Zeydmanın sinfinə 1939-cu ildə qəbul edildi. O zaman konservatoriyanın rektoru olan Üzeyir Hacıbəyli həm də xalq musiqisinin əsaslarından dərs deyirdi. Üzeyir bəy Soltan Hacıbəyovun da müəllimi oldu.

İstedadlı gənc bəstəkarlar sırasında yerini tezliklə bəlli etdi. İkinci kurs tələbəsi Soltan Hacıbəyov "Qızılgül” adlı musiqili komediyasını yazdığı günlərdə hələ də Üzeyir bəyin evində yaşayırdı. Bu əsər 1940-cı ildə Musiqili Komediya Teatrında uğurla tamaşaya qoyuldu.

Konservatoriyada oxuduğu illərdə o, bəstəkarlıq sənətini dərindən öyrənir, müxtəlif janrlara müraciət edirdi. Gənc bəstəkar iki prelüd və fortepiano üçün sonata, "Çiçəklərin söhbəti”, "Neft haqqında nəğmə” mahnılarını, "Quşcuğaz”, "Tənha yelkən ağarır” romanslarını, simli kvartet, simfonik variasiyalarını yazdı.

Böyük Vətən müharibəsi illərində Soltan Hacıbəyov mərdliyi, qəhrəmanlığı təbliğ edən "Döyüşçülər nəğməsi”, 416-cı Taqanroq diviziyasına həsr edilmiş xalq çalğı alətləri orkestri üçün marş kimi əsərlər bəstələdi.

Ötən əsrin 40-cı illərində milli simfoniya janrı inkişaf etməyə başladı. İşğalçılara qarşı mübarizə, vətənpərvərlik bu əsərlərin əsas mövzusuna çevrildi. Bəstəkarın I simfoniyası da həmin dövrün diqqətçəkən əsərlərindən oldu. 1944-cü ildə Tiflisdə keçirilən musiqi ongünlüyündə Soltan Hacıbəyovun əsərlərini dinləyən görkəmli rus bəstəkarı R.M.Qliyer dedi: "Bu simfoniyalar tez yadda qalan, parlaq, maraqlı tematik materiala, yaxşı simfonik inkişafa malik bir əsərdir. Bunların hamısı onu göstərir ki, Soltan Hacıbəyov tezliklə böyük bəstəkar olacaq. Onun istedadlı olması şübhəsizdir, xüsusi məziyyətləri var, texniki biliyi aydındır. Ən başlıcası isə o, musiqinin milli mənbələri ilə sıx surətdə bağlıdır”.


Sənətə sevgi və bitib-tükənməyən arzular...


Gənc bəstəkarı artıq keçmiş Sovetlər İttifaqında tanıyırdılar. 1945-ci ildə Türkmənistan Opera və Balet Teatrı Soltan Hacıbəyova "Kəminə və Qazı” operasını yazmağı sifariş etdi. Opera başa çatdırılmasa da, bəstəkarın yaradıcılığının unudulmaz səhifələrindən birinə çevrildi. Bu əsər üçün yazılmış musiqi parçaları içərisində Orta Asya mənzərələrini təsvir edən orkestr lövhəsi var idi. 1945-ci ildə Soltan Hacıbəyov onun əsasında "Karvan” simfonik lövhəsini yaratdı. Orta Asiyanın ucsuz-bucaqsız, isti səhraları, karvanın ləngərli, ahəstə yerişi əsərdə böyük ustalıqla ifadəsini tapdı.

Bəstəkar 1952-ci ildə simfonik lövhənin yeni redaksiyasını işlədi. 1955-ci ildən əsər yenidən nəşr olunaraq müstəqil şəkildə repertuarlara daxil edildi. Elə həmin il son variant maestro Niyazinin dirijorluğu ilə lentə alındı. Və "Karvan”ın dünya səyahəti başladı. Müxtəlif ölkələrin möhtəşəm konsert salonlarında səsləndirilən əsər Azərbaycan musiqi sənətinə uğur gətirdi. Amerikanın məşhur skripkaçısı Sidney Hort istedadlı Azərbaycan bəstəkarının "Karvan”ını dinlədikdən sonra ona göndərdiyi məktubunda yazırdı: "Sizin "Karvan”ınız çox cazibədardır. Qədim dünyadakı karvanların ən əntiq yüklüsü hesab etdiyim bu gözəl əsərin gözəl instrumentovkası da müəllifə layiq bir aləmdir. Həyat eşqi ilə dolu, dərin məzmunlu bu əsəri Çikaqo şəhərində Evanston orkestri böyük məharətlə ifa etmişdir”.

Mütəxəssislər əminliklə bildirirlər ki, Soltan Hacıbəyov heç nə yazmasaydı, təkcə "Karvan” simfonik lövhəsi ilə musiqi tariximizdə əbədi qalacaqdı. Azərbaycan xalq musiqisinə, muğamlarına könüldən bağlı olan və dərindən bilən bəstəkar bu əsəri "Şur” muğamı üstündə bəstələdi. Soltan Hacıbəyov bir sıra mahnı və operettalarında, simfoniyalarında isə çox sevdiyi "Şüştər” muğamından istifadə etdi.

Soltan Hacıbəyov 1946-cı ildə II simfoniyasını təqdim etdi. 1950-ci ildə isə o, müasir mövzuda ilk Azərbaycan baletini - "Gülşən”i yazdı. Balet həmin il tamaşaya qoyuldu. Əsər Sovet İttifaqının musiqi mütəxəssisləri tərəfindən yüksək dəyərləndirildi. 1952-ci ildə SSRİ Dövlət mükafatına layiq görüldü. Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə "Gülşən”dən də müəyyən parçalar təqdim edildi.

Həmin illərdən vokal musiqisi sahəsində də çalışan bəstəkar 1950-1953-cü illərdə bir sıra xalq mahnı və muğamlarını xalq çalğı alətləri orkestri üçün işlədi, "Sarı bülbül”, "Leyla”, "Qarabağ şikəstəsi” kimi böyük maraqla qarşılanan əsərlər yaratdı. O dövrün ən məşhur əsərlərindən biri isə simfonik orkestr üçün yazdığı uvertüra oldu. Dövrün məşhur bəstəkarı Dmitri Şostakoviç Soltan Hacıbəyovun bu əsəri ilə bağlı dedi: "Əsərdə nurlu bir nikbinlik, ritm, məqsədəuyğunluq Motsartın bəzi opera uvertüralarını və ya Qlinkanın "Ruslan” uvertürasını xatırladır”.

1950-ci illərdə Bolqarıstan və Çexoslovakiyada səfərdə olan bəstəkar "Bolqar süitası” və "Çex rəqsi” əsərlərini yazdı.

Soltan Hacıbəyov uşaqları da unutmurdu. O, 1953-cü ildə "Oynaq topum”, "Lay-lay”, "Bənövşə”, "Bahar gəldi” "Yolka” və "Pioner marşı” uşaq nəğmələrini bəstələdi. Bakı Pionerlər evinin sifarişi ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin "İsgəndərnamə” poeması əsasında "İsgəndər və çoban” uşaq operasını yazdı. Balacalar üçün bəstələdiyi müxtəlif mövzulu və janrlı bu əsərlər indi də çox sevilir.

1964-cü ildə bəstələdiyi orkestr üçün "Konsert”i mətbuatda "milli simfonik musiqi mədəniyyətinə gözəl hədiyyə” kimi təqdim edildi.


Sonu olmayan ömür...


Soltan Hacıbəyovun çoxşaxəli yaradıcılığında teatr da xüsusi yer tutur. O, "Məhəbbət”, "Kəndçi qızı”, "İnsan”, "Eşq və intiqam”, "Əliqulu evlənir” və başqa tamaşalara musiqilər yazdı. Bu musiqilərin hər biri ayrı-ayrılıqda maraqlı əsər kimi sevildi.

Uğurlarının bəlkə də ən böyük sirri bu idi: o, yalnız istedadına güvənmir, çox çalışır, zəhmət çəkirdi. Bitib-tükənməyən arzularının, sənətə sevgisinin diqtəsi ilə bəstələyirdi hər bir əsərini. Bir sevimli peşəsi də vardı. Soltan Hacıbəyov 1948-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının müəllimi idi. Məsuliyyətli vəzifələrə təyin olunurdu. 1948-1956-cı illərdə o, Azərbaycan Dövlət Filarmoniyasının əvvəl bədii rəhbəri, sonra direktoru oldu. 1953-1968-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, 1969-cu ildən ömrünün sonunadək isə Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifələrində çalışdı.

Ona dövrünün ən yüksək mükafatları, fəxri adları verildi. Azərbaycan SSR əməkdar incəsənət xadimi (1958), Azərbaycan SSR xalq artisti (1960), Qırmızı Əmək Bayrağı ordeni (1959), Üzeyir Hacıbəyov adına dövlət mükafatı (1970), SSRİ xalq artisti adına (1973) layiq görüldü.

Hacıbəylilər nəslinin mədəniyyətimizə bəxş etdiyi böyük istedadlardan biri kimi tanındı Soltan Hacıbəyov. Nəslinin adlı-sanlı nümayəndələrinin yolunu layiqincə davam etdirdi. Ancaq bu dünyada öz ömrünü yaşadığı kimi, musiqi sənətində də öz yolunu seçdi. Azərbaycan musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutdu.

Bəstəkar, dirijor, pedaqoq, professor Soltan Hacıbəyovun ömür qədəri əlli beş il oldu. O, 1974-cü il sentyabrın 19-da dünyadan köçdü. O gündən əsərləri, yaddaşlarda qalan ad-sanı, əməlləri ilə ikinci ömrü başladı. Xatirələrdə, Azərbaycan musiqi mədəniyyəti tarixində qoyduğu izlərlə davam edən bu ömrün isə sonu yoxdur.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video