20 Iyun 2019 01:19
565
İQTİSADİYYAT
A- A+

İşə yeni yanaşma yeni uğurlara yol açır


İlin birinci yarısı sona çatır. Amma indidən demək mümkündür ki, ilə nikbin başlayan ismayıllılar bu ili də uğurla başa vuracaqlar. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov deyir ki, əvvəldən rayonun ərazisində aparılacaq əsaslı tikinti və abadlıq-quruculuq işlərinin həcmi sistemləşdirilib, görüləcək işlərin ardıcıllığı müəyyənləşdirilib və iş sxemləri hazırlanıb.

Həqiqətən də, İsmayıllıda quruculuq işləri geniş vüsət alıb. Şəhərin Heydər Əliyev prospektindəki beşmərtəbəli 4 ulduzlu hotel, "Nial Construction” MMC-nin hotel-biznes mərkəzi, Tircan kəndinin ərazisində "Bədo” sanatoriya-müalicə mərkəzi, Talıstan kəndinin ərazisində "İstirahət kompleksi” rayonun turizm potensialını hərəkətə gətirməklə yanaşı, yerli iqtisadiyyatın inkişafına müsbət təsir göstərəcək. Bunlarla yanaşı, İsmayıllı xalça emalatxanasında, 100 yerlik uşaq bağçasında, Basqal qəsəbəsində 432 şagirdlik tam orta məktəb binasında aparılan tikinti işləri, İvanovka Mədəniyyət Sarayının əsaslı təmiri, Qalacıq kəndinin qazlaşdırılmasının başa çatdırılması da görülən işlər sırasındadır.

Əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzindədir. İsmayıllı şəhərində istismar müddəti başa çatmış 3 ikimərtəbəli və 4 birmərtəbəli binanın sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün Prezident İlham Əliyevin 27 avqust 2018-ci il tarixli sərəncamına əsasən 48 mənzilli yaşayış binasının tikintisinə başlanılıb.

Müsahibimiz dedi ki, 2019-cu ilin fevralında rayonda baş vermiş zəlzələ müəyyən gərginliklər yaratmışdı. Bununla əlaqədar fərdi yaşayış evlərinə və sosial təyinatlı obyektlərə komissiya tərəfindən baxış keçirildi və 112 evin qəzalı vəziyyətdə, 344 evin bərpaya, 455 evin təmirə ehtiyacı olduğu müəyyən edildi. Bununla bağlı 76 fərdi yaşayış evinin tikintisinə başlanılıb.

Yol infrastrukturunda keyfiyyət dəyişikliyinə nail olunması da vacib məqamlardandır. Hazırda İsmayıllıda magistral yollarla yanaşı, kəndarası və kənddaxili yollarda da işlər gedir. Kəlbənd kəndi ərazisindəki körpünün tikintisi başa çatdırılıb, Qalacıq kəndinin giriş yolunda körpü əsaslı təmir edilib. Muğanlı-İsmayıllı avtomobil yolundan ayrılan Ağbulaq-Qoşakənd kəndinin və Qaraməryəm-İsmayıllı avtomobil yolundan ayrılan Quşencə-Zoğallıq kəndinin giriş yollarının yol yatağı işlənib və birinci qat asfalt örtük vurulub.

Cari ilin birinci rübündə rayon üzrə 2 milyon 424 min manatlıq sənaye məhsulları istehsal olunub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 852 min manat çoxdur. Lakin rayonda sənaye sahəsi zəif inkişaf edib. Son illərdə bir sıra sənaye müəssisələri istifadəyə verilsə də, birinci rübdə rayonun ümumi məhsul istehsalında sənayenin xüsusi çəkisi cəmi 6,3 faiz olub. Odur ki, gələcəkdə yeni sənaye sahələrinin yaradılmasına diqqətin artırılması nəzərdə tutulub.

Hazırda rayon iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir və birinci rübdə ümumi məhsul istehsalının 31 faizdən çoxu bu sahənin payına düşüb. Rayonun 207 min 372 hektar torpaq sahəsindən 113 min 973 hektarı kənd təsərrüfatı təyinatlıdır. Cari ilin məhsulu üçün 2018-ci ilin payızında 29 min 997 hektar sahədə şum çıxarılıb. 23 min 200 hektarda buğda, 6173 hektarda arpa əkilib.

Son illər rayonda örtülü torpaq-istixana tərəvəzçiliyi də inkişaf edir. Yaradılmış 80 istixanada - 8523 kvadratmetr sahədə göyərti, pomidor, xiyar, Diyallı kəndinin yaxınlığında yerləşən istixana təsərrüfatında isə böyürtkən və moruq yetişdirilir. Ənənəvi sahə hesab edilən meyvəçilik də unudulmayıb. Gəraybəyli kəndinin ərazisində 28, Qubaxəlilli kəndində 7 hektar badam, Kəlbənd kəndində 30 hektar alma bağı salınıb.

Heyvandarlığa gəldikdə, hazırda rayon üzrə 51,3 min baş qaramal, 1793 min baş davar var. İlk rübdə diri çəkidə 1330 ton ət, 8821 ton süd, 2 milyondan çox yumurta istehsal olunub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 8, süd istehsalı 216 ton, yumurta istehsalı 42 min ədəd artıb. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması sahəsində tədbirlər də davam etdirilir. 2019-cı ilin əvvəlindən 1000 başdan çox heyvanda süni mayalanma aparılıb və 761 baş sağlam bala alınıb.

Bütün bunlar yerli sakinlərin məşğulluq səviyyəsinə təsirsiz ötüşməyib. Əhalinin məşğulluğunun təmin edilməsi üçün 500-ə qədər iş yeri də yaradılıb. Həmin iş yerləri əsasən İsmayıllı Kommunal Müəssisələri Kombinatında, Elektrik Şəbəkəsində və Qaz Xidmət Sahəsində açılıb.

Əli SƏLİMOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video