Alternative content

14:18 18 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Göz cərrahı
Göz cərrahı
ANA SƏHİFƏ / Səhiyyə
01:27 15.06.2019


İnsan dünya işığını gözləri ilə görür. Ətraf aləm haqqında informasiyaların böyük qismini təfəkkürümüzə gözlərimiz ötürür. Əgər orqanizmimizi bütöv bir dünya kimi təsəvvür etsək, onun nur mənbəyi - günəşi gözlərimiz olacaq. Hərdən insan taleyindən şikayətlənir, maddi sıxıntıların, məişət qayğılarının onu əzdiyini, yaşamaqdan usandırdığını düşünür. Bu zaman bəlkə heç fərqində də olmur ki, sağlam gözlərlə dünyanı, həyatı, doğmaları görməkdən böyük xoşbəxtlik, var-dövlət yoxdur.


Gözlər həm də qəlbin aynasıdır deyirlər

Bir həkim haqqında söhbət açmaq istəyirik...

Elə bir həkim haqqında ki, bu müqəddəs peşənin bütün ali keyfiyyətlərini onun simasında tapmaq olar: yüksək bilik, səriştə, səmimiyyət, sadəlik, səbir, təvazökarlıq və bir o qədər də insanlara həssas münasibət, qayğı və yüksək məsuliyyət hissi...

Onunla ünsiyyətin elə ilk anlarından hiss etməyə başlayırsan ki, bu, təsəvvürlərdəki əsl həkimdir. Və həmin məqamda artıq həkimin adı-soyadı, vəzifəsi də şərti xarakter daşımağa başlayır. "Əsl həkim” ifadəsi bütün bunların hamısını əvəz edir.

Bədii ədəbiyyatdan fərqi olaraq, jurnalistikanın öz qaydaları var. Qəhrəmanının bədii obraz deyil, real həyatda olduğunu nəzərə alıb onu rəsmi kimliyi ilə təqdim edir: İltifat Firat oğlu Şərif, "Briz-L” (Brizol) göz xəstəlikləri klinikasının baş həkimi.

Bu həkimin əllərinin şəfasından bizə də pay düşüb. İndi dünyanı öz rəngində, həyatı öz gözəlliklərində uzaqdan, yaxından görür, qarşımızdakı ağ vərəqlər üzərində sıralanmış bu sətirləri maneəsiz, çətinliklərsiz izləyə bilirik.

Ömrümüzün böyük hissəsini bizimlə ayrılmaz yol yoldaşı olmuş eynəklərdən uğurla qurtulduğumuza görə məhz ona minnətdarıq.


İlk imtahanlar

Hələ orta məktəbin son siniflərində ikən qərara gəlmişdi ki, gələcəkdə həkimlik peşəsini seçsin. Bu, ağ xalatın romantikasından irəli gələrək o yaşda bir çox gəncin xəyalına hakim kəsilən arzu deyildi. Özündə belə bir potensialı görürdü. 1976-cı ildə doğulduğu Cəbrayıl rayonunun təhsil ənənələri onun yetişməsində sözünü demişdi. Yaşadıqları Qaracallar kəndindəki orta məktəbdə güclü müəllimlərdən dərs almışdı. Həkimlik ixtisasına qəbul olunmaq üçün xüsusilə gərəkli sayılan kimya, biologiya və s. bu kimi fənlər üzrə zəngin biliklərə malik idi. Ona görə də 1993-cü ildə orta təhsilini başa vurub ali məktəbə qəbul imtahanında iştirak üçün sənəd verərkən daxilində bir əminlik vardı. Bu çətin imtahandan uğurla adlaya biləcəyinə inanırdı.

1993-cü ilin yayında imtahanlarda iştirak üçün o vaxt artıq Bakıda yaşayan qardaşının yanına gəldi. Amma həyatın sərt imtahanı onu və doğmalarını bundan da tez haqladı. 1993-cü ilin 23 avqustunda o, sənədlərini təqdim edən zaman Cəbrayıl rayonu Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildi. Bundan bir neçə gün sonra - sentyabrın 15-də isə işğalın alovlu nəfəsi onların yaşadıqları Qaracallar kəndinə də çatdı. Yurdundan köçkün düşən ailənin bütün düzəni pozuldu.

"Çox çətin günlər idi... - İltifat həkim həmin dövrü indi də böyük ağrı hissi ilə xatırlayır. - Qardaşımın dostunun birotaqlı evi vardı. Orada altı nəfər ailə üzvümüzlə birgə qalırdıq. Qardaşım ali məktəbi bitirmişdi, artıq iş axtarırdı. Mən də ali məktəbə daxil olandan sonra ailəmizdə üç nəfər eyni vaxtda tələbə idi”.

Həyatın bu ağır imtahanı qarşısında o, mənən sınmadı, özünü itirmədi, gücünü, ruhunun müvazinətini qorudu. Çətinliklər, ağrı-acılar, çarəsiz anlarla dolu o günlərdə də yeganə güvənc yeri olan kitabları əlindən yerə qoymadı. Və illərin əziyyəti öz bəhrəsini verdi. İmtahanlardan müvəffəqiyyətlə keçib yüksək balla Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə qəbul edildi.

Burada da öz biliyi, yüksək hazırlıq səviyyəsi ilə seçilən tələbələrdən oldu. İlk günlərdən anladı ki, kimin nə deməsindən asılı olmayaraq, biliyə zaval yoxdur. Kimliyindən asılı olmayaraq, hər bir müəllim oxuyan, öyrənmək üçün əziyyətə qatlaşan, səy göstərən tələbənin əzminə hörmətlə yanaşır. Onun biliyini layiqincə qiymətləndirir.

Tibb Universitetində təhsil alarkən bu ali təhsil ocağının rektoru, hazırda Milli Məclisin komitə sədri olan görkəmli cərrah, akademik Əhliman Əmiraslanov idi və burada yaradılmış mənəvi mühit də İltifat həkim kimi əzmkar gənclərin yetişməsinə münbit şərait yaradırdı.


Həkim əqidəsi

Xəstəliklər qədər həkimlik ixtisasları da çeşidlidir. Bu ixtisasların hər birini insanın ağrı-acıları yaradıb. Adamların mübtəla olduqları mərəzləri daha dərindən öyrənib dərdlərinə şəfa vermək ehtiyacı meydana gətirib.

Hansı əzamız ağrıyırsa, bizə elə gəlir ki, bütün canımız oradadır. Ona görə həkimlik peşəsinin istənilən sahəsi əhəmiyyətlidir. Yetər ki, həkim özü işinin peşəkarı olsun. Hələ yolun başında ikən içdiyi "Hippokrat andı”na, bu sənətin ali dəyərlərinə sadiq qalsın. Onda ixtisasından asılı olmayaraq, böyük ümidlə yanına üz tutmuş və bu ümidi doğrultmuş xəstələrini şəfalı əlləri ilə həyata bağlayacaq. Qəlblərdəki ümidi, həyat işığını yenidən alovlandırıb onlara dünyanı bəxş edəcək.

Bir həkimlik ixisası da var ki, bu sənətin sahibləri xəstələrinə dünyanı məcazi mənada deyil, sözün əsl mənasında bağışlayırlar. Onlar göz həkimləridir...

Tibb Universitetinin son kurslarına doğru tələbələr arasında ixtisas seçimi olacaqdı. O isə qərarını qətiləşdirmişdi artıq. Göz həkimliyini seçəcəkdi. Belə də etdi. 1999-cu ildə ali təhsilin əsas hissəsini başa vurub 1 saylı şəhər xəstəxanasındakı Göz xəstəlikləri kafedrasında internatura keçdi. Sonra ikiillik hərbi xidmət dövrü gəldi. Onda ölkəmizdə nizami ordu quruculuğunun ilk mərhələləri olduğundan bəzən zabitlərin hərbi xidmət müddəti uzun çəkirdi. O da zabit kimi iki il orduda xidmət edib vətən qarşısındakı əsgəri borcunu yerinə yetirdi. Ordudan tərxis olunduqdan sonra yenidən 1 saylı şəhər xəstəxanasında fəaliyyətini davam etdirdi. Gənc həkim bu doğma kafedraya da, onun əməkdaşlarına da çox bağlanmışdı. Kafedranın tanınmış göz həkimi Paşa Qəlbinuru bu günə qədər özünə ustad sayır. "Ondan çox şeylər öyrənmişəm - deyir. - Paşa müəllim həkim və alimlikdən əlavə, insan kimi də böyük bir həyat məktəbidir. Çox mədəni ziyalıdır. Adi xəstə müayinəsindən tutmuş həyata, insanlara münasibətə qədər çox şeylər əxz etmək olar ondan. Gözəl də yol yoldaşlığı var”.

İltifat Şərif bu yüksək mənəvi keyfiyyətləri o nəslin nümayəndələri olan bir çox göz həkimlərində müşahidə edib. Onun fikrincə, bu keyfiyyətlər XX əsr Azərbaycan tibb tarixinin və oftalmologiya elminin ən görkəmli nümayəndəsi, akademik Zərifə xanım Əliyeva şəxsiyyətindən əxz olunmuş dəyərlərdən, bu böyük alimin yaratdığı əsl həkim və vətəndaş örnəyindən gəlir: "O, dünyadan köçəndə uşaq olduğumdan akademik Zərifə xanım Əliyevanı, əfsus ki, həyatda görə bilməmişəm. Amma alimin zəngin mənəvi irsi bugünə qədər yaşayır. Tələbəlik illərimizdə də, sonralar həkim kimi işləyəndə də vaxtilə Zərifə xanımla birgə çalışmış insanların onu nə qədər böyük sevgi hissi ilə xatırladıqlarına şahid olmuşam. O, çox böyük bir məktəbdir. Elmi tədqiqatlarına nəzər saldıqca akademikin öz dövründə oftalmologiya elminə nə qədər böyük töhfələr verdiyini görürük. Zərifə xanımın həkim etikasına həsr olunmuş "Yüksək əqidə” kitabından bu gün də nələrsə öyrənməyə çalışırıq”.


Üstünlüyü cərrahlığa verdi

Əmək fəaliyyətinin ilk illərində İltifat Şərifin elmi tədqiqatlara da böyük marağı olub. "Sadəcə elmi işlərin müdafiəsi üçün keçilməsi lazım gələn mürəkkəb prosedurları, bürokratik əngəlləri görəndən sonra bu fikrimdən daşınmalı oldum. Düşündüm ki, praktik həkim kimi daha çox fayda verə bilərəm. Əgər belə demək mümkünsə, nəzəriyyəyə deyil, müalicəyə, xüsusilə cərrahlıq fəaliyyətinə üstünlük verdim”.

2005-ci ildə o, 1 saylı şəhər xəstəxanasındakı Göz xəstəlikləri kafedrasından ayrılaraq "Xəzər” Qayğıkeşlik Layihəsi Humanitar Göz Klinikasında işləməyə başlayır. Amerika təşkilatları tərəfindən maliyyələşdirilən bu tibb müəssisəsində xaricdən gəlmiş həkimlərlə çalışır. Bu, İltifat Şərifə ixtisas istiqaməti üzrə müasir texnologiyaları, müalicə metodlarını mənimsəmək, təcrübə mübadiləsi mühitində özünü inkişaf etdirmək üçün əlverişli imkan yaradır.

İltifat həkim deyir ki, illər əvvəl göz həkimlərinin 80 faizi əməliyyat etmir, əsasən müalicə ilə məşğul olurdu. "Amma indi göz həkimi əməliyyatı da bacarmalı, müalicə işini də bilməlidir”. O özü əsasən gözün ön seqment əməliyyatları üzrə ixtisaslaşıb. Katarakta, el arasında buna "mirvari suyu” deyirlər, daha çox gözdə qara su kimi tanınan qlaukoma, ekzimer-lazer-eynək atma əməliyyatları, çəplik əməliyyatları və s. bura daxildir. Göz dibinin medikal retna adlanan əməliyyatları (torlu qişada yarana biləcək qanamalar) üzrə də böyük təcrübəyə malikdir. Şəkər xəstələrinin gözlə bağlı lazer əməliyyatlarını yüksək ustalıqla həyata keçirir.


15 mindən çox əməliyyat

İlk əməliyyatını 1999-cu ildə edib İltifat Şərif. O vaxtdan bəri apardığı müxtəlif əməliyyatların sayı isə 15 mini ötüb. 15 min əməliyyat - şəfalı əlləri sayəsində sağlamlığına qovuşan, gözünə işıq gələn 15 mindən çox insan...

43 yaşlı göz cərrahı üçün bu, çox parlaq və bir qədər də heyrətamiz göstərici sayıla bilər. Amma 43 yaşın bir həkim-cərrah üçün ən gözəl, məhsuldar yaş dövrü olduğunu düşünəndə buna təəccüblənmirsən. Bu nəticəni yaradan İltifat həkimin peşəkarlığıdır. İnsanların ona olan inamıdır.

Qəbuluna pasiyent cəlb etməkdən ötrü heç zaman özünüreklam barədə düşünməyib. Onun üçün önəmli olan apardığı əməliyyatların müsbət nəticəsidir. İnsanların inamını doğrultmaqdır. Bunun da yolunun mənasız təqdimatlardan deyil, hər zaman oxumaqdan, öyrənməkdən, təkmilləşməkdən, həkim səriştəsini artırmaqdan keçdiyini yaxşı bilir. Tez-tez xarici ölkələrdə, o cümlədən Türkiyədə keçirilən təlimlərdə, seminarlarda, fərdi inkişaf proqramlarında, konfrans və simpoziumlarda iştirakdan yorulmur. Hansısa xəstəsinin müalicəsi ilə bağlı tərəddüd etdiyi məqamları xarici və yerli həmkarları ilə birgə müzakirə etməyi şəninə kəsir bilmir. Elə buna görə də aldığı qərarlar, apardığı müalicə prosedurları, tətbiq etdiyi müasir metodlar hər zaman öz müsbət nəticəsini verir.

Hər min göz əməliyyatından bir neçəsinin problemlə sonuclanması oftalmologiyada normal qəbul edilən haldır. Amma onun indiyə qədər apardığı 15 mindən çox əməliyyatın heç biri ciddi fəsadlarla nəticələnməyib. Yaranan ani problemləri də gərgin zəhmət hesabına aradan qaldırmağı bacarıb. Çünki heç bir pasiyentini diqqətdən, nəzarətdən kənarda qoymayıb. Onlara xüsusi həssaslıqla yanaşıb, xəstələrinin üstündə əsib. Hər zaman nəticəyə yönəlib. Və pasiyentlərinin sağlıq durumunda müsbət nəticə əldə etməyi bir həkim kimi vəzifə borcu, həm də vicdan borcu bilib.

"Pasiyentlər də, xəstəliklərin xarakteri də bir-birinə bənzəmir. Bəzən çox çətin vəziyyətlə üzləşməli olursan. Gözləmədiyin problemlər çıxır qarşına. Çətinliyi həll etmək çox böyük gərginliklər, ağır stress bahasına başa gəlir. Amma vəziyyət yoluna düşəndən sonra bundan aldığın məmnuniyyət hər şeyə dəyər”, - söyləyir İltifat Şərif.


Fikri aydın, qəlbi təmiz

Onun bir özəlliyi də ədəbiyyata, sənətə, müxtəlif elmi biliklərə bələdliyi, insan psixologiyasını dərindən bilməsi, ünsiyyətcilliyidir. Əməliyyat gedişində həkimin xoş söhbətlərini dinləyən, onun suallarına həvəslə cavab verən xəstə həyəcanlı prosesin nə zaman başlanıb, necə tamamlandığının fərqində belə olmur. Yalnız həkim əməliyyatı bitirib nəticəni elan edəndə anlayır ki, göz əməliyyatı düşündüyü qədər də çətin və qorxulu deyilmiş.

İxtisasca həkim olan məşhur rus yazıçısı A.P.Çexov bir zamanlar yazırdı: "Həkimlik sənəti qəhrəmanlıqdır, hünərdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır”.

Biz İltifat Şərifin timsalında buna qadir olan əsl həkimi gördük və ən gözəl hisslərlə şəfalı əlləriniz var olsun dedik!

İradə ƏLİYEVA,
"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM