14 Iyun 2019 19:32
1268
Təhsil
A- A+

Cocuq Mərcanlı məktəbində 26 ildən sonra ilk məzun buraxılışı


Bu gün respublikamızın ümumtəhsil müəssisələrində dərs ilinin son günüdür. Bütün orta məktəblərdə "Son zəng” mərasimləri keçirilir. Elə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd tam orta məktəbində də.

AZƏRTAC-ın bölgə müxbiri Cocuq Mərcanlıda "Son zəng” mərasimində iştirak edərək, kənd sakinlərinin, müəllim və məzunların sevincinə şərik çıxıb, onların təəssüratlarını qələmə alıb.

Hələ iki dərs ili əvvəl bu məkanda - düşmən tapdağından azad edilərək yenidən qurulan Cocuq Mərcanlıda 24 ildən sonra ilk məktəb zəngi mərasiminə toplaşmışdıq. O zaman həyatlarının ən xoşbəxt günlərindən birini yaşayan Cocuq Mərcanlı sakinləri sevinc və coşqu ilə illərlə həsrətini çəkdikləri doğma kəndlərində inşa edilən məktəbdə ilk dərs gününü bayram edirdilər. Bu gün isə məktəbin ilk məzunları – ilk qaranquşları dövlətimizin hər cür qayğısı ilə əhatə edilmiş bu təhsil ocağından müstəqil həyata qədəm qoyurlar.

Bayraqlar, əlvan şarlar, çiçəklərlə bəzədilmiş məktəbin həyətində qələbəlikdir. Kənd sakinləri, müəllimlər, şagirdlər, valideynlər, hər kəs deyib-gülür. İnsanların çöhrəsində bir sevinc, həyəcan, iftixar və gələcəyə inam hissi duyulur.

Məktəbin direktoru Zamin Həziyev sevincini bizimlə bölüşərək deyir: "2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyi azad olunduqdan sonra Prezident İlham Əliyevin sərəncamları ilə kəndimiz yenidən quruldu. Kənd sakinləri 24 illik məcburi köçkünlük həyatından sonra ata-baba yurdlarına qayıtdılar. Cocuq Mərcanlı kənd tam orta məktəbi üçün gözəl yaraşıqlı bina tikildi və təhsil ocağı 24 illik fasilədən sonra - 2017-ci ilin sentyabrından doğma kəndimizdə fəaliyyətini davam etdirməyə başladı. Ötən il məktəbimizin 11-ci sinifi olmadığı üçün məzunlarımız da olmayıb. Bu gün isə Cocuq Mərcanlıda ilk məzunlar məktəbdən yola salınır. Məzunlarımızdan ali və orta ixtisas məktəblərinə qəbul olanlar da var. Bu, bizi sevindirir. Arzu edirəm bizim kimi bütün məcburi köçkünlər də bu sevinci yaşasınlar. Hazırda işğal altında olan digər torpaqlarımız azad olunsun, Cocuq Mərcanlıda olduğu kimi, Qarabağımızın bütün yaşayış məntəqələrində gözəl məktəblər tikək, belə "Son zəng” mərasimləri keçirilsin”.

Müəllimlərdən ən çox sevinən, duyğulanan isə 11-cilərin sinif rəhbəri Sitarə Həsənovadır. "Bu gün mən çox sevinirəm, fərəhlənirəm. Ona görə ki, doğma torpağımda, doğma məktəbimizdə ilk məzunlarımızı yola salırıq. Eyni zamanda kədərliyəm, çünki dərs keçdiyim, övladlarım kimi sevdiyim şagirdlərimdən ayrılıram. Mən bir müəllim kimi onlara ən xoş arzularımı bildirir və həyatda uğurlar arzulayıram”, – deyə Sitarə müəllim bildirib.

Cocuq Mərcanlı kənd tam orta məktəbini bu il 6 şagird bitirir. Hamısı duyğuludur. Çünki doğma məktəblərindən ayrılırlar. Ancaq onların hər birinin öz arzusu, öz gələcək planı var. Onlardan biri - Nərmin Quluzadə təhsilini tibb texnikumunda davam etdirmək və tibb bacısı kimi doğma kəndlərində fəaliyyət göstərmək istədiyini deyib.

"Son zəng” mərasimi Dövlət himninin səsləndirilməsi ilə başlanıb. Tədbirdə çıxış edənlər məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıblar. Məzunlar isə onlara göstərilən etimadı layiqincə doğruldacaqlarına söz veriblər.

Mərasimlərdə birinci və on birinci sinif şagirdləri bir-birilərinə gül dəstələri və hədiyyələr təqdim ediblər. Müxtəlif kompozisiyalar, musiqili nömrələri iştirakçılarda xoş və kövrək anlar yaradıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video