Alternative content

18:10 21 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV MİLLİ QURTULUŞ və davamlı inkişaf yolunun başlanğıcı
MİLLİ QURTULUŞ və davamlı inkişaf yolunun başlanğıcı
ANA SƏHİFƏ / SİYASƏT
01:28 14.06.2019


Tarixən cəmiyyətdəki siyasi prosesləri düzgün istiqamətləndirməyə nail olmuş liderlər təmsil etdikləri xalqları zamanın sərt fırtınalarından, sınaqlarından üzüağ çıxarmış, milli xilaskara çevrilmişlər. Belə müdrik dövlət xadimləri ən çətin vəziyyətlərdən çıxış imkanı yaradan optimal qərarlar qəbul etmiş, xalqlarının mənafeyi naminə həyatlarını riskə atmaqdan belə çəkinməmişlər.

Azərbaycan xalqının müasir tarixində əvəzolunmaz yeri və xidmətləri olmuş dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyev də məhz xilaskarlıq və quruculuq missiyası ilə hələ sağlığında xarizmatik liderə çevrilmişdir.

Yüksək idarəçilik keyfiyyətləri, hadisələrin gələcək inkişaf axarını böyük uzaqgörənliklə duymaq bacarığı, sözünü məqamında deməyi bacarması, bütöv və prinsipial xarakteri sayəsində ulu öndər hadisələrin fövqünə qalxaraq idarəçilik qabiliyyətini reallaşdıra bilmiş, lider imicini qorumuşdur. Böyük strateq məhz bu keyfiyyətləri sayəsində milli liderə çevrilmiş, hər bir vətəndaşın maraq və mənafeyini uca tutmuşdur. Ulu öndər Heydər Əliyev həm də müstəqil Azərbaycan dövlətçiliyinin xilaskarı və qurucusu kimi çağdaş tariximizə möhürünü vurmuşdur.

Tale 1993-cü ildə Azərbaycanı növbəti dəfə çətin sınaqlarla üz-üzə qoyanda xalqın yeganə xilaskar kimi Heydər Əliyevi hakimiyyətdə görmək istəyi də məhz bu gerçəklikdən qaynaqlanırdı. Əgər bu həlledici mərhələdə tarixə Milli Qurtuluş Günü kimi daxil olmuş əlamətdar hadisə baş verməsəydi, xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, tərəqqi edən, yeniləşən və demokratikləşən Azərbaycan dövlətindən danışa bilməzdik.

Bu gün 1991-1993-cü illərin o böhranlı, ağrılı-acılı, faciəli günlərini qəlbində vətən, millət sevgisi olan hər bir azərbaycanlı böyük təəssüf, dərin kədər hissi ilə xatırlayır. Hakimiyyəti ələ keçirərək inanılmaz bir hərisliklə ölkənin sərvətlərini çapıb-talayan, iqtisadi-siyasi və mənəvi böhranın qarşısını almaqda aciz olan məlum qüvvələr xalqın inamından sui-istifadə etməklə, əslində, özlərini uçuruma yuvarladılar. Bir daha təsdiqləndi ki, xalqın inam və etimadına söykənməyən, onun iradəsini, istəyini nəzərə almayan hər hansı siyasi qüvvə Azərbaycan cəmiyyətində uzun müddət duruş gətirə bilməz. Belə acınacaqlı şəraitdə xalqın üzdə olan ziyalıları, sadə və zəhmətkeş insanları daxili inamlarına söykənərək respublikanı xaos və anarxiya mühitindən, parçalanma təhlükəsindən, sosial-iqtisadi tənəzzüldən, bir sözlə, böyük fəlakətlərdən qurtaracaq, onu möhkəm sabitlik, davamlı sosial-iqtisadi tərəqqi və yüksəliş yoluna çıxaracaq yeganə düzgün ünvanı göstərdilər. Əksəriyyət yaxşı başa düşürdü ki, məhz ulu öndər Heydər Əliyev kimi müdrik strateq və siyasət ustadı xalqın inamını doğrultmaq, respublikanı üzləşdiyi böyük faciələrdən hifz etmək iqtidarında ola bilər.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya qayıdan Heydər Əliyev yorulmaq bilmədən, qətiyyətlə və böyük bacarıqla Azərbaycanın başı üstünü almış vətəndaş müharibəsi alovunu söndürmüş, ölkədə baş alıb gedən qanunsuz silahlı dəstələr zərərsizləşdirilmişdir. İctimai-siyasi sabitliyin tam bərpasına, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə, cəbhə bölgəsində atəşkəs rejiminə nail olmuş, habelə demokratik inkişaf kursu ilə uzlaşan sosial-iqtisadi siyasət strategiyasını ortaya qoymuşdur. Ulu öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratmışdır.


Sosialyönümlü bazar iqtisadiyyatı


Ümummilli lider mərkəzi planlaşdırma və bölgü sistemindən sərbəst bazar münasibətlərinə əsaslanan iqtisadi modelə keçid prosesinin aztəminatlı təbəqənin maraqlarına toxunmaması üçün dövlət büdcəsində sosial müdafiə tədbirlərinə geniş yer ayrılmasını da təmin etmişdir. Həmin dövrdə respublikanın məhdud maliyyə imkanları və zəif büdcəsi ilə qarşıya qoyulmuş strateji məqsədlərin yaxın gələcəkdə reallaşdırılmasının qeyri-mümkünlüyünü nəzərə alan, sosial-iqtisadi inkişaf prosesində xarici kapital və sərmayə amilinin təkanverici rolunu düzgün olaraq önə çəkən Heydər Əliyev xarici şirkətlər ilə Xəzərin Azərbaycan sektorundakı zəngin neft ehtiyatlarının mənimsənilməsini nəzərdə tutan müqavilələrin imzalanmasına da vacib məsələ kimi yanaşmışdır. İqtisadi inkişafın sürətləndirilməsinin, səmərəli sosial-iqtisadi islahatlar aparılmasının, investisiya layihələrinin həyata keçirilməsinin ümdə şərti kimi müstəqil Azərbaycanın yeni neft strategiyası işlənib-hazırlanmış, 1994-cü ildən etibarən mərhələlərlə həyata keçirilmişdir.

Ümummilli lider respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində məhz özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirmiş, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışmışdır. 1997-2003-ci illərdə respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmış, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdırılması məsələsi diqqət mərkəzində saxlanılmışdır.

1998-ci ildə keçirilmiş prezident seçkilərində ümümmilli liderin vəkili olmuş şəxs kimi deyə bilərəm ki, həmin dövrdə investisiyaların təşviqi üçün respublikada daha münbit şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini regionların, qeyri-neft sektorunun inkişafına yönəltmək, habelə maddiləşən işgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilmişdir. Dövlət sahibkar münasibətlərinin institusionallaşdırılması, daha səmərəli və çevik mexanizmlər əsasında qurulması məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurasının yaradılması da mühüm addımlardan biri olaraq biznes mühitinin liberallaşmasına öz müsbət təsirini göstərmişdir.

Ümumiyyətlə, 1993-2003-cü illərdə ölkədə həyata keçirilən siyasət iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni - Azərbaycan modelinin formalaşmasına zəmin yaratmışdır. Son 15 ildə tam şəkildə formalaşan və dünyada tanınan bu modelin fərqləndirici xüsusiyyətini isə inkişaf üzrə müəyyən olunmuş istiqamətlərin sahəvi proqramlarla əlaqələndirilməsi, iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə alan, gələcəyə hesablanan və cəsarətli qərarların qəbul olunması, sosialyönümlülüyün gözlənilməsi, milli mentalitetin nəzərə alınması və mütərəqqi dünya təcrübəsinə arxalanması təşkil etmişdir.

2003-cü ildən ümummilli liderin siyasətini uğurla həyata keçirən və yeni çalarlarla zənginləşdirən möhtərəm Prezident İlham Əliyevin son 15 ildə həyata keçirdiyi siyasət Azərbaycanı regionda ən sürətlə inkişaf edən, məqsədlərinə doğru inamla irəliləyən dövlətə çevirmişdir. Dövlət başçısının bəyan etdiyi kimi, "İkinci belə ölkə tapılmaz ki, qısa müddət ərzində iqtisadiyyatı üç dəfədən çox artsın və bütün başqa statistik göstəricilər də ən yüksək səviyyədə olsun. Hər bir ölkə üçün bu, nümunə ola bilər”.

Son 15 ildə iqtisadi inkişaf göstəriciləri ilə dünyanı heyrətləndirən, 2025-ci ilədək istehsal etdiyi ümumi daxili məhsulu 2 dəfə artırmaq, inkişaf etmiş dövlətlər sırasına yüksəlmək niyyətini bəyan edən Azərbaycan bu istiqamətdə sistemli tədbirlər həyata keçirir. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə son illərdə ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin istifadəyə verilməsi, yeni yolların, su, qaz, elektrik, rabitə xətlərinin çəkilişi "Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası və Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrindən irəli gələn hədəflərin reallaşdırılması üçün yaxşı imkanlar açır. Regional inkişafa xidmət edən proqramların həyata keçirilməsi, sənayeləşmə prosesinin sürətləndirilməsi və sahibkarlığın dinamik inkişafı diqqət mərkəzindədir.


Modernləşmə azad sahibkarlığın inkişafından keçir


Keyfiyyətcə yeni mərhələdə, eyni zamanda, Azərbaycanın modernləşməsi mərhələsi uğurla başa çatdırılmalıdır. Şübhəsiz, modernləşmə dedikdə, kosmetik deyil, keyfiyyətcə təkmilləşdirməni, iqtisadiyyatın xarakterinin mahiyyətcə dəyişdirilməsini başa düşmək lazımdır. Bu, ilk növbədə, iqtisadiyyatı bazar prinsiplərinə keçirməkdən, sərt bürokratik nəzarətdən xilas etməkdən, sərmayə mühitini yaxşılaşdırmaqdan, büdcə siyasətini sağlamlaşdırmaqdan ibarətdir. Eyni zamanda, cəmiyyətin varlı və yoxsul təbəqələri arasında aralıq mövqe tutan orta sinfin yaradılması üçün dövlətin məqsədyönlü səyləri olmadan modernləşmə mümkün deyil.

Demokratik inkişaf və modernləşmə yalnız yüksək maddi rifah şəraitində özünə möhkəm ictimai dayaqlar tapa bilir. Təsadüfi deyildir ki, Prezident cənab İlham Əliyevin fəaliyyətində iqtisadiyyat həyata keçirilən islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir. Dövlət başçısının iqtisadi siyasəti nəticəsində son illər vətəndaşların yaşayış tərzində, sosial rifah halında özünü qabarıq göstərməyə başlayan müsbət keyfiyyət dəyişiklikləri, hər bir hüquqi dövlətdə ictimai-siyasi sabitliyin başlıca təminatçısı sayılan orta təbəqənin - milli sahibkarlar ordusunun mövqelərinin ildən-ilə möhkəmlənməsi ümumbəşəri xarakter daşıyan demokratik-hüquqi normaların ictimai rəydə düzgün dərk olunmasına, qavranılmasına və qiymətləndirilməsinə əlverişli şərait formalaşdırır. Orta burjuaziyanın formalaşması cəmiyyətdə ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsi və ictimai münasibətlər sisteminin sivil məcrada tənzimlənməsi, situasiyanın səmərəli idarə olunması, inkişafın dayanıqlı və davamlı olması baxımından son dərəcə mühüm amillərdir.

Son 15 ildə Azərbaycanda həyata keçirilən islahatların insan və vətəndaş amilinin yüksəlişinə xidmət etdiyini xüsusi vurğulamağa ehtiyac yoxdur. Respublikanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətə çevrilməsi məqsədinin özü də, ilk növbədə, ölkə vətəndaşlarının sosial rifah səviyyəsinin yüksəldilməsinə hesablanmışdır. Üstəlik, sosialyönümlülük respublikanın milli iqtisadi inkişaf modelinin əsas xüsusiyyətlərindən biridir. Bu baxımdan Azərbaycanın inkişaf modeli İsveç modelinə daha yaxındır. İsveç modelində sosial siyasət vacib yer tutur və işçi qüvvəsinin (əsasən yüksək ixtisaslı) təkrar istehsalı üçün qismən normal şəraitin yaradılmasını təmin etməklə, sosial gərginliyin azaldılmasında, sinfi antoqonizm və münaqişələrin neytrallaşdırılmasında mühüm rol oynayır.

Ümumiyyətlə, müasir dövrdə sosial ədalət meyarını rəhbər tutan hər bir dövlətin qarşıya qoyduğu ən ali məqsəd vətəndaş amilinin tərəqqisi, insanlar üçün maksimum firavan yaşayış şəraitinin təmin edilməsidir. Neft gəlirlərinin iqtisadiyyatın vacib sahələrinə, xüsusən də qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Azərbaycanda həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin ana xəttini təşkil edir. Dövlət başçısı iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymayaraq tarazlı və davamlı tərəqqi naminə qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsinin vacibliyini önə çəkir.

Qeyri-neft sektorunda müşahidə edilən yüksək artım tempi hökumətin ortamüddətli perspektivdə qarşıya qoyduğu strateji hədəflərə əsaslanaraq, ilk növbədə, makroiqtisadi sabitlik amili ilə şərtlənir. Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclası respublikamızın dinamik inkişaf yolunda olduğunu təsdiqləmişdir. İclasda səslənən statistik rəqəmlər dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatların səmərəliliyini və insan amilinin yüksəlişinə xidmət etdiyini bir daha göstərir. Hesabat dövründə dövlət büdcəsinə vergi və gömrük orqanlarının xəttilə 200 milyon manatdan çox əlavə vəsait toplanmış, ümumi daxili məhsul 3 faiz, sənaye istehsalı 4,4 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz artmışdır. Hesabat dövründə kənd təsərrüfatının 3,6 faiz, əhalinin gəlirlərinin 5,5 faiz artması, inflyasiyanın aşağı həddə - 2,1 faiz civarında olması, ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayənin qoyulması inkişafdakı pozitiv dinamikanın əyani göstəriciləri kimi qeyd olunmalıdır.

Ölkə rəhbərinin 2019-cu il 29 yanvar tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” regionların, o cümlədən qeyri-neft sektorunun inkişafı sahəsində 2004-cü ildən başlanmış tədbirlərin uğurlu davamına təminat yaradır. Dövlət Proqramı ölkədə makroiqtisadi sabitliyin təmin olunması, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yeni müəssisə və iş yerlərinin yaradılması, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, əhalinin rifah halının daha da yaxşılaşdırılması və yoxsulluq səviyyəsinin azaldılması kimi prioritetləri özündə ehtiva edir.

Ümumilikdə, dövlət proqramlarının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artmışdır. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir.

Son illər ölkəmizdə sahibkarlıq subyektlərinin dövlət qeydiyyatının sadələşdirilməsi, bu sahədə müasir informasiya kommunikasiyalarının mütərəqqi yeniliklərinin tətbiqi istiqamətində kompleks tədbirlər həyata keçirilmiş, e-xidmətlərin geniş tətbiqi biznes mühitinin yaxşılaşdırılmasına şərait yaratmışdır. Ölkə rəhbərinin 2014-cü il 3 mart tarixli "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı isə bu sahədə ötən illərdən başlanmış islahatların mütərəqqi davamını təmin etmişdir. Fərman Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması və ən qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə, sahibkarlığın inkişafına geniş imkanlar açmışdır.

Bu və digər faktlar göstərir ki, ölkədə bazar iqtisadiyyatı prinsiplərinin cəmiyyətdə möhkəm dayaqlar tapması, iqtisadiyyatın liberallaşdırılması sosial himayəyə ehtiyacı olan vətəndaşların maraqları ilə qətiyyən ziddiyyətə girmir. Əksinə, əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. 2018-ci ilin 11 aprel seçkilərindən sonra sosialyönümlü islahatlarda keyfiyyətcə yeni mərhələnin başlanması, xüsusən də bu ilin əvvəlindən başlayaraq əhalinin aztəminatlı və imtiyazlı təbəqələrinin sosial müdafiəsinin gücdəndirilməsinə xidmət edən kompleks tədbirlərin həyata keçirilməsi Azərbaycanın "sosial dövlət” konsepsiyasına sadiqliyinin bariz göstəricisidir.

Yürüdülən uğurlu iqtisadi siyasət - çevik və şəffaf vergi-gömrük islahatları nəticəsində son aylarda ölkəmizin maliyyə imkanlarının daha da artması ilə paralel dövlət başçısı uğurlu sosial islahatlar paketinin reallaşdırılmasını təmin etmişdir. Qeyd etmək lazımdır ki, bu prosesin əyani təzahürü olaraq, əhalinin sağlamlığı naminə 2020-ci ildən bütün ölkədə icbari tibbi sığorta sisteminin tətbiqi nəzərdə tutulmuşdur. Bundan əlavə, İşsizlikdən Sığorta Fondunun yaradılması, məşğulluq strategiyasının qəbulu, ünvanlı sosial yardımın əhatə dairəsinin genişləndirilməsi, özünüməşğulluq proqramlarının təmin edilməsi sosial islahatların mühüm tərkib hissəsidir.

Son aylarda Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı şəhid olmuş insanların ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəniş edilmiş, minimum əməkhaqqı, sosial müavinət, pensiya və tələbə təqaüdləri artırılmış, zəlzələdən ciddi zərər çəkmiş vətəndaşlar üçün evlərin inşasına başlanılmış, devalvasiya nəticəsində banklara borcu yaranmış vətəndaşların borcları müəyyən şərtlər civarında kompensasiya edilmiş, yanğından zərər çəkmiş sahibkarlara kompensiya ödənilmiş, mavi yanacağa görə nəzərdə tutulmuş limit artırılmışdır. Bu və digər sosialyönümlü addımlar da vətəndaşlar tərəfindən rəğbətlə qarşılanır.

Qazanılan uğurlar Azərbaycanın ən iri sənaye şəhərlərindən olan Sumqayıtda da qabarıq hiss olunur. Bu gün Bakı ilə yanaşı, paytaxta məsafə baxımından o qədər də uzaqda yerləşməyən Sumqayıt şəhərinin də son illərdə əsaslı şəkildə müasirləşdiyini qeyd etmək olar. Azərbaycan Prezidenti cənab İlham Əliyev şəhərin respublikanın iqtisadi və ictimai-mənəvi həyatındakı rolunu yüksək dəyərləndirir, onun paytaxtla bərabər səviyyədə inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirir. Nəticədə respublikanın və paytaxtın bütün güşələrində müşahidə edilən abadlıq, tərəqqi və yüksəliş tarixən gənclər şəhəri kimi tanınmış Sumqayıt şəhərində də özünü qabarıq göstərir. Xüsusilə şəhər rəhbərliyinin qısa zaman çərçivəsində əldə etdiyi uğurlar - inkişafın əsasını müəyyən edən idarəetmənin elmi əsaslarla düzgün təşkilatlanması istər funksional, istərsə də situasiyaların səmərəli idarə olunması baxımından düzgün istiqamətləndirilir və qarşıya qoyulan vəzifələrin icrasına imkan yaradır.


Heydər Əliyev ideyalarını yaşadan fond


Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və son 15 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən tərəqqi və inkişaf kursunun həyata keçirilməsində ulu öndərin adını daşıyan fondun müstəsna xidmətlərini də xüsusi qeyd etmək lazımdır. Yarandığı gündən dahi öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan, millətin gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondu son 15 ildəki fəaliyyəti ilə Azərbaycan cəmiyyətində bir çox insanların ümid yerinə çevrilmişdir.

2019-cu ilin mayında fəaliyyətə başlayan, yaranmasının 15 ili tamam olan Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti vətəndaşların hüquq və azadlıqlarının yüksək səviyyədə təminatına, milli genefondun qorunmasına, fərqli sivilizasiyaların dialoquna, keçmişlə gələcək arasında mənəvi körpünün salınmasına, sülh və tərəqqiyə xidmət edən mütərəqqi, sağlam ideyaların təbliğinə yönəlmişdir. Qarşıya qoyduğu bu kimi xeyirxah məqsədlərlə mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan, saf idealların ictimai şüurda möhkəmlənməsinə çalışan fond 15 ildə nəinki respublikada, eləcə də beynəlxalq aləmdə böyük nüfuz və etimad qazanmışdır.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın qarşıya qoyduğu xeyirxah missiya yıxılanı ayağa qaldırmaq, köməksizə əl tutmaq, çarəsizdə ümid yaratmaq, bir sözlə, insanlara səmimi diqqət və qayğı istəyindən qaynaqlanır.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə demişdir: "On beş il bundan əvvəl fond yaradıldı və bu illər ərzində bir çox sahələrdə - mədəniyyət, incəsənət, təhsil və digər sahələrdə çox böyük işlər gördü. Təhsil sahəsində deyə bilərəm ki, fondun təşəbbüsü ilə başlanan "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı ölkə miqyasında geniş vüsət aldı və ondan sonra dövlət xətti ilə 3 min 200-dən çox məktəb tikildi, təmir edildi. Fond səhiyyə sahəsində çox böyük işlər görür və bir çox hallarda bu işlər haqqında heç məlumat da verilmir. Yəni ictimaiyyət bəlkə də məlumatlı deyil ki, nə qədər böyük işlər görülür, nə qədər insana kömək göstərilir, nə qədər insanı - uşağı, xəstəni fondun xətti ilə aparılan müalicə normal həyata qaytarıb. Fondun çoxşaxəli fəaliyyəti Azərbaycanı dünyada tanıdır. Fondun dünya miqyasında çox böyük hörməti var. Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində - bizim musiqimizi, xalçaçılıq sənətini, muğam sənətini, digər mədəniyyət incilərimizi dünyaya çatdırmaq, təqdim etmək üçün fond çox böyük işlər görür. Kitablar çap olunur, disklər hazırlanır, sərgilər, elmi-praktik konfranslar, simpoziumlar keçirilir. Mən fondun əməkdaşlarını əldə edilmiş uğurlar münasibətilə təbrik edirəm və eyni zamanda, bildirmək istəyirəm ki, fond ulu öndərin siyasi irsini təbliğ etmək üçün də böyük işlər görür”.

Heydər Əliyev Fondu Azərbaycanda mədəniyyət diplomatiyasını mütəşəkkil, sistemli, təşkilatlanmış, müasir dövrün çağırışlarına uyğun, ən əsası, təkcə lokal çərçivədə deyil, qlobal miqyasda həyata keçirən ilk və ən böyük təşkilatdır. Bu mənada fondun fəaliyyətini bir çoxları Almaniyanın Höte İnstitutu və ya Böyük Britaniyanın Britaniya Şurası kimi təşkilatlarla müqayisə edirlər. Adı çəkilən qurumlar kimi, bu fond da təkcə Azərbaycanın deyil, Şərq dünyasının mühüm simvollarından birinə, milli dəyərlərin əsas təbliğatçısına çevrilmişdir. Fond yarandığı vaxtdan bəri digər sahələrdəki nailiyyətləri ilə yanaşı, bütün dünyada mədəniyyət diplomatiyasınının da mükəmməl örnəyini yaradır.

Heydər Əliyev Fondunun başlıca məramlarından biri ulu öndərin mənəvi irsinin, ideyalarının öyrənilməsi və təbliğidir. Bir çox tədqiqatçılar bu məqsədi fondun mədəniyyət diplomatiyası sahəsindəki novatorluğu kimi qiymətləndirirlər: Fond xalqın mədəni və mənəvi dəyərlərini özündə təcəssüm etdirən bir şəxsiyyəti təbliğ etməklə, əslində, bütünlükdə Azərbaycan xalqının dəyərlərini təbliğ edir. Çünki Heydər Əliyev elə bir şəxsiyyətdir ki, Azərbaycan xalqının bütün mədəni dəyərlərini öz şəxsiyyətində və fəaliyyətində əks etdirir. Buna görə də Heydər Əliyev şəxsiyyətini təbliğ etmək eyni dərəcədə Azərbaycan mədəniyyətini təbliğ etmək, onu dünyada tanıtdırmaq və beləliklə, xalqın öz liderinə olan beynəlxalq rəğbət və ehtiramdan ölkənin dünya birliyinə inteqrasiyasında və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bəhrələnmək deməkdir.

Müasir dünyanın insanı kifayət qədər realist və praqmatik olduğundan həyata keçməyən ideyalarla, şüarlarla onun diqqətini uzun müddət hansısa məsələlərə cəlb etmək, düşüncəsini, fəaliyyətini yönləndirmək mümkün deyil. Bu mənada ən cəlbedici ideyaları da sadəcə müzakirələr səviyyəsində saxlamaqla qısa müddətdə gözdən salmaq olar. Çünki insanları real iş və nəticə daha çox maraqlandırır. Heydər Əliyev Fondunun 15 illik fəaliyyətinin diqqətçəkən uğuru da ondadır ki, təşkilat ictimai fəaliyyət müstəvisinə irəli sürdüyü ideyaların real icra mexanizmləri ilə birgə qədəm qoymuşdur. Fond özünü Azərbaycan cəmiyyətinə fəaliyyətinin başlanğıc mərhələləri üzrə müəyyən etdiyi tədbirlərin real nəticələri ilə təqdim edə bilmişdir. Ölkə vətəndaşları təşkilatın məqsədi, məramı barədə hər hansı yazılı proqramlardan, mətbu materiallardan deyil, fondun real fəaliyyət istiqamətlərindən, gördüyü işlərin mahiyyətindən öyrənmişdir. Bütün bunlar isə, bir qədər geniş çevrədə götürsək, dünyada Azərbaycana bağlı hər kəsin Heydər Əliyev Fonduna, təşkilatın rəhbəri Mehriban xanım Əliyevaya dərin rəğbətini, dəstəyini qazandırmışdır. Beləliklə, Azərbaycanın sabahı naminə addım-addım reallaşdırılan strateji əhəmiyyətli layihələr Heydər Əliyev Fondunu Azərbaycanın milli dövlətçilik tarixinə ən parlaq faktlardan biri kimi daxil etmişdir.

Heydər Əliyev Fondunun qarşıya qoyduğu məqsədləri incələyərkən aydın görünür ki, əslində onların heç biri əlahiddə səciyyə daşımır. Bu məqsədlərin hər biri Azərbaycanı qəlbən sevən bütün fərdlərin arzularıdır. Sadəcə, hər hansı fərd bu arzuları məqsədə çevirərək qarşıya qoymaq, onların reallaşmasına nail olmaq gücündə deyildir. Lakin fərdi güclər birləşəndə, ümumun gücü qarşıya qoyulmuş hədəflərə doğru istiqamətlənəndə həmin məqsədlər reallaşır. Bu mənada Heydər Əliyev Fondu fərdlərin arzuları kimi güc və imkanlarını da bir araya gətirmiş, mövcud potensialın Azərbaycanın gələcəyi üçün ən vacib istiqamətlər üzrə aşkarlanmasına, məqsədə doğru hərəkətinə nail olmuşdur. Ümumi hədəflərə doğru yürüyənlərin, bu prosesin iştirakçılarına çevrilmək istəyənlərin, kiçicik dəstəklə də olsa bu prosesə töhfə vermək arzusunda olanların sırası gündən-günə genişlənməkdə davam etdir. Bu yolda addımlayan hər kəs Heydər Əliyev Fondunun timsalında ölkənin gələcəyinə, özünün, ailəsinin, övladlarının sabahına töhfə verdiyinin fərqindədir.

Fond ictimai təşkilat kimi cəmiyyət həyatında fəal rol oynamaqla yanaşı, həm də onun potensialına, hərtərəfli dəstəyinə güvənir; həmfikir və əqidə yoldaşlarını bir araya gətirərək ümumi səyi, fəaliyyəti lazımi məcraya yönəldir. Əgər fondun müxtəlif sahələrdə həyata keçirdiyi layihələrə nəzər salsaq, etibarlı tərəfdaşların ümumi işdə böyük payının şahidi olarıq. Bu da təbiidir - çünki Heydər Əliyev Fondu fəaliyyətini xeyirxah insanların dəstəyinə arxalanaraq həyata keçirir.


Xeyriyyəçilik missiyası


Fondun ilk gündən cəmiyyətə aşılamaq istədiyi mühüm dəyərlərdən biri də xeyriyyəçiliklə bağlıdır. Fondun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva hesab edir ki, xeyriyyəçilik insani münasibətlərin son dərəcə incə, nəzakətli, həssas sahəsidir və fəaliyyətin bütün iştirakçılarından - xeyriyyəçilərin özlərindən, bu fəaliyyətdən bəhrələnənlərdən və vasitəçilərdən ümumbəşəri əxlaq, etika, nəzakət normalarına dönmədən riayət olunmasını tələb edir. Xeyriyyəçilik yoluna doğru ilk addımlarını atan hər kəs başlanğıcda anlamalıdır ki, "xeyriyyəçilik” sözünün arxasında müəyyən səbəblərə görə müxtəlif hallar üzündən həyatda çətin vəziyyətə düşmüş insanların problemləri dayanır: xeyriyyəçilik fəaliyyətində iştirak məsələsi insanın rütbəsindən, dərəcəsindən, vəzifəsindən, maddi vəziyyətindən asılı olmamalıdır. İnsan öz xeyirxah niyyətlərini, istəklərini, imkanlarını və qabiliyyətlərini tətbiq etmək sahəsini həmişə tapa bilər. "İctimai əxlaqa xas olan bəzi naqisliklər - şəxsiyyətlərarası etimadın, insanların bir-birinin kədərinə şərik olması və təmənnasızlıq kimi keyfiyyətlərin qıtlığı onların öz vəsaitlərini, qüvvələrini və vaxtını başqalarının naminə, bütövlükdə cəmiyyətin naminə qurban verməyə könüllü hazır olması ruhunun tam üzə çıxmasına mane olur. Təəssüflə deməliyik ki, bütövlükdə xeyriyyəçilik, könüllülük bizdə hələ sözün həqiqi mənasında kütləvi hal almamışdır” - deyə Heydər Əliyev Fondunun prezidenti vurğulayır.

Heydər Əliyev Fondunun fəaliyyətində ümummilli liderin humanist ideyalarını rəhbər tutaraq hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşması isə ölkədə fəaliyyət göstərən digər qeyri-hökumət təşkilatları, o cümlədən hakimiyyət orqanları üçün nümunə sayıla bilər. Ən müxtəlif hakimiyyət strukturlarının laqeydliyi, biganəliyi ilə üzləşən, dərdinə əlac tapmayan köməksiz insanlar sonuncu "ümid qapısı” kimi məhz bu ünvana gəlirlər. İnsanlar onların problemlərini, sözün əsl mənasında, həll edənlərə üz tuturlar. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın özünün də bəyan etdiyi kimi, fondda hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşılır, mümkün qədər vətəndaşların problemlərinin həllinə qayğı göstərilir. Bu mənada, fond həm də insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı hamisi, müdafiəçisi statusunda çıxış edən ictimai qurumdur. Fondun prezidenti özü bu barədə belə deyir: "Mən demək istəmirəm ki, biz dərhal onun bütün problemlərini həll edirik. Amma o insan burada nə biganəliklə, nə soyuq münasibətlə rastlaşmaz və hökmən onun probleminin həlli üçün mümkün olan bütün vasitələrdən istifadə ediləcəkdir. Yəqin ki, xeyriyyəçilik, insansevərlik, mərhəmət Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, əsrlər boyu formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətlərdən biridir və bu gün biz Heydər Əliyev Fondu olaraq, bu ənənələri davam etdirməyə çalışırıq”.

Fondun humanizmə və insanpərvərliyə əsaslanan fəaliyyəti təhsil və səhiyyə sahəsində həyata keçirilən layihələrdə də parlaq təcəssümünü tapır. Ötən illər ərzində bu istiqamətlər üzrə vətəndaşlara böyük sevinc bəxş edən bir sıra humanitar aksiyalar həyata keçirilmiş, səhhətindəki problemlər üzündən əziyyət çəkən minlərlə insan yenidən sağlam həyata qaytarılmışdır. Heydər Əliyev Fondunun təhsillə bağlı layihələri isə vətəndaşların Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş təhsil hüquqlarının daha etibarlı təminatı məqsədinə xidmət edir.

Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dövlət rəhbərinin 2017-ci il 21 fevral tarixli sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması da postneft dövründə Azərbaycanda həyata keçirilən çoxşaxəli islahatların davamlılığını və dövlət idarəçiliyinin səmərəliliyini yüksəltmək məqsədinə xidmət etmişdir. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi uğurlu fəaliyyəti bu posesin sürətlənməsini təmin etmiş, idarəçiliyə yeni nəfəs gətirmişdir. Cəmiyyətdə mütləq çoxluğun qənaəti bundan ibarətdir ki, Heydər Əliyev Fondunun prezidenti kimi vətənpərvər fəaliyyəti, humanizmə, mərhəmətə, nəcibliyə söykənən layihələri ilə böyük nüfuz qazanmış və yüksək idarəçilik keyfiyyətlərini təsdiqləmiş Mehriban xanım Əliyeva üzərinə götürdüyü məsuliyyətli missiya ilə ölkə rəhbərinin və xalqın etimadını inamla doğruldur.

Bütün bunlar təsdiqləyir ki, Azərbaycan xalqı bu gün özünün uğurlu inkişaf yoluna görə qüdrətli liderinə - ulu öndər Heydər Əliyevə borcludur. Məhz Heydər Əliyev siyasətinin ötən illərdə uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın dövlət müstəqilliyi hər bir vətəndaş üçün qürur mənbəyinə çevrilmişdir. Bu gün müstəqil Azərbaycan dövlətinin yürütdüyü siyasət tam mahiyyəti ilə vətəndaş amilinin mənafeyinin təmin olunmasına, insanların rifah halının yüksəlməsinə xidmət edir. Müstəqilliyin bəhrələrini zaman keçdikcə Azərbaycan vətəndaşı öz taleyində, həyatında daha qabarıq hiss edir. Və həm də ürəkdən inanır ki, Prezident cənab İlham Əliyev yürütdüyü praqmatik siyasətlə qarşıda müəyyənləşdirdiyi milli ideyanı - müstəqil Azərbaycanın müasir və qüdrətli dövlətə çevrilməsini inamla təmin edəcəkdir.

Qüdrət KƏRİMOV,

"Xəzər” QSC-nin sədri, iqtisad elmləri doktoru



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM