Alternative content

11:17 16 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Məhkəmə-hüquq sistemində islahatlar təkmilləşdirilir
Məhkəmə-hüquq sistemində islahatlar təkmilləşdirilir
ANA SƏHİFƏ / PARLAMENT
01:16 14.06.2019


Prezident İlham Əliyevin kommersiya məhkəmələrinin yaradılması ilə bağlı Milli Məclisə göndərdiyi sənəd müsbət qarşılandı


Milli Məclisin növbədənkənar sessiyasının dünən keçirilən plenar iclasında bir neçə mühüm qanun layihəsinə təklif olunan dəyişikliklər təsdiq edildi, bəzi sənədlərə edilən əlavələr, düzəlişlər ilk dəfə müzakirəyə çıxarıldı.

Parlamentin Sərdi Oqtay Əsədov növbədənkənar iclası açandan sonra Dövlət himni səsləndirildi və Milli Məclis öz işinə başladı. Spiker diqqətə çatdırdı ki, iyunun 13-də və 14-də keçiriləcək iki iclasın gündəliyinə 36 məsələ daxil edilib. Onların arasında birinci, ikinci və üçüncü oxunuşda müzakirəyə çıxarılan sənədlər var.

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və "Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə Konstitusiya qanunu layihəsini ikinci oxunuşda təqdim edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, 2004-cü ildən indiyə qədər Ombudsmanın qanun layihəsi və qanunvericiliyə dəyişikliklə bağlı 25 təklifi parlamentdə qəbul edilib. Yeni dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır.

Deputat Tahir Kərimli Ombudsmana yeni səlahiyyət verilməsi təklifi ilə çıxış etdi. Onun fikrincə, Ombudsmanın qanunvericilik təklifinin məcburi olaraq parlamentin komitəsində müzakiəryə çıxarılması qanunvericilikdə əksini tapmalıdır.

Spiker Oqtay Əsədov Əli Hüseynliyə deputatın təklifinə qanun layihəsinin üçüncü oxunuşunda baxılmasını tövsiyə etdi və sənəd səsverməyə çıxarılaraq qəbul olundu.

İclasda həmçinin "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda təsdiqləndi. Deputatlar həmçinin "Hesablama Palatası haqqında”, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, "Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə üçüncü oxunuşda müsbət münasibət bildirdilər.

"Yol hərəkəti haqqında”, "Milli arxiv fondu haqqında”, "Avtomobil yolları haqqında” və "Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi də üçüncü oxunuşda müzakirəyə çıxarıldı. Komitə sədri Əli Hüseynli bildirdi ki, layihə adıçəkilən qanunlar arasında mövcud olan ziddiyyətin aradan qaldırılması məqsədilə hazırlanıb. Layihə səsverməyə çıxarılaraq qəbul edildi.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) və "Qiymətli kağızlar bazarı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi də müzakirəyə çıxarılaraq təsdiqləndi.

"Banklar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, yeniliyə əsasən Azərbaycanda fəaliyyət göstərən xarici bankların yerli filialları Maliyyə Bazarlarına Nəzarət Palatasına haqq ödəyəcək. Belə ki, qanunun 46-1-ci maddəsinə (Maliyyə bazarlarına nəzarət orqanına ödənilən haqlar) təklif edilən dəyişikliyə əsasən, banklar və xarici bankların yerli filialları maliyyə bazarlarına nəzarət orqanına həmin orqan tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyir.

Birinci oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə əsasən isə maliyyə bazarlarına nəzarət orqanına haqların ödənilməməsinə görə cəza müəyyənləşib. Sənəddə qeyd edilir ki, banklar və xarici bankların yerli filialları, bank olmayan kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, poçt rabitəsinin milli operatoru, kredit büroları, idman mərc oyunlarının operatorları, qiymətli kağızlar bazarında fəaliyyəti lisenziyalaşdırılan şəxslər və mərkəzi depozitar, lotereya təşkilatçısı, investisiya fondları və onların idarəçiləri tərəfindən qanuna uyğun olaraq müəyyən edilən məbləğdə və qaydada haqların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödənilməməsinə görə - vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 3000 manat məbləğində cərimələnir.

Sənədlər səsverməyə çıxarılaraq qəbul edildi.

"Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, "Dövlət rüsumu haqqında”, "Baytarlıq haqqında”, "Ekoloji təmiz kənd təsərrüfatı haqqında” və "Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), həmçinin "Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi ikinci oxunuşda təsdiqləndi.

Komitə sədri Ziyad Səmədzadə "Dövlət rüsumu haqqında” və "Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim edərək bildirdi ki, ilk oxunuşdan sonra sənədə dəyişikliklər edilib. Belə ki, qanuna əlavə edilən 31-1 maddəsinə əsasən, akkreditasiyadan keçmək üçün məktəbəqədər təhsil müəssisələri 2 000 manat, ümumtəhsil müəssisələri 5 000 manat, məktəbdənkənar təhsil ocaqları 5 000 manat, peşə təhsili müəssisələri 10 000 manat, orta ixtisas təhsili müəssisələri 12 000 manat, ali təhsil müəssisələri 20 000 manat, əlavə təhsil müəssisələri 12 000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr də 12 000 manat dövlət rüsumu ödəməlidir. Xatırladaq ki, birinci oxunuşda bu rəqəmlər bir qədər çox idi.

Müzakirələrdə çıxış edən parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirdi ki, ödənişli təhsil alan tələbənin birillik ödənişi təxminən 3000-4000 manatdır. Özəl bağçaya gedən uşaqlar üçün isə aylıq 250-300 manat ödənir. Komitə sədrinin fikrincə, yeni rüsumlar heç bir problem yaratmayacaq.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edildi.

Sonra "Aqrar sığorta haqqında” qanun layihəsini parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov ikinci oxunuşda təqdim etdi. 4 fəsil, 21 maddədən ibarət olan sənədin üzərində müvafiq strukturlarla birlikdə təkmilləşdirmələr aparılıb. Qanun layihəsində 30-a qədər dəyişiklik edilib, 14 yeni bənd əlavə olunub. Layihənin birinci oxunuşu zamanı deputatlar tərəfindən bir sıra təkliflər irəli sürülüb. Həmin təkliflər də ikinci oxunuşda nəzərə alınıb.

Layihənin mütərəqqi olduğunu deyən Eldar İbrahimov bildirdi ki, bu qanunun qəbulu Azərbaycan iqtisadiyyatının, kənd təsərrüfatının, sahibkarlığın inkişafına müsbət təsir göstərəcək. Sənədin qəbulu həm ölkə iqtisadiyyatı, həm iş adamları, həm də fermerlər üçün uğurlu olacaq. Çünki iş adamları zərərə düşəcəkləri halda, özlərinin hüquqi təminatını əldə etmiş olacaqlar. Özü də aqrar sığorta sahibkarlar, fermerlər üçün könüllü əsaslarla həyata keçiriləcək. Komitə sədri vurğuladı ki, yeni qanun aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

Qanun layihəsi əvvəlcə fəsil-fəsil, sonra isə ümumilikdə yekdil sənəd kimi səsverməyə çıxarılaraq qəbul edildi.

İclasda həmçinin "Sığorta fəaliyyəti haqqında”, "Dövlət rüsumu haqqında”, "Vergi Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqından” qanun layihələri ikinci oxunuşda təsdiq edildi.

Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında sənədi ikinci oxunuşda təqdim edən komitə sədri Əli Hüseynli bildirdi ki, dəyişiklik Azərbaycanda fəaliyyət göstərən banklara müddətli zəmanət müqaviləsi əsasında azı 100 min manat məbləğində pul vəsaiti qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsinin verilməsi və digər güzəştlərlə bağlıdır. Məcəllənin 45-ci maddəsinə edilən əlavəyə əsasən, Azərbaycanda fəaliyyət göstərən banklara müddətli zəmanət müqaviləsi əsasında azı 100 min manat məbləğdə pul vəsaiti qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsi verilir. Banka müddətli əmanət müqaviləsi əsasında pul vəsaiti qoymaqla Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə alan şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində aidiyyəti banka göndərilir. Həmin siyahıda göstərilən şəxslərin müddətli əmanətinin məbləği azaldılaraq 100 min manatdan aşağı düşdükdə və ya əmanət müqaviləsinə xitam verildikdə bank bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat verir.

Dəyişikliklə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadıldığı halların sayı artırılıb. Məcəllənin 40-cı maddəsinə edilən əlavəyə əsasən, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin atasının, anasının, ərinin (arvadının), övladının, qardaşının, bacısının Azərbaycanda müvəqqəti müddəti uzadıldıqda həmin şəxsin də müvəqqəti olma müddəti uzadılır. Layihə səsverməyə çıxarılaraq qəbul edildi.

Deputatlar "Dövlət rüsumu haqqında” və "Kredit ittifaqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə ikinci oxunuşda müsbət münasibət bildirdilər.

Komitə sədri Əli Hüseynli gündəlikdəki 4 sənədi - "Məhkəmələr və hakimlər haqqında”, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində və İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrini birinci oxunuşda təqdim edərək ətraflı məlumat verdi.

Bildirdi ki, layihələr ölkə Prezidenti tərəfindən imzalanmış Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında 2019-cu il 3 aprel tarixli fərmanın icrası ilə əlaqədar hazırlanıb. Belə ki, həmin fərmanın 3.1-ci bəndi sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mabahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik, təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması barədə normativ hüquqi aktların layihələrinin hazırlanmasını nəzərdə tutur.

"Məhkəmələr və hakimlər haqqında” qanuna yeni "Kommersiya məhkəmələri” adlı VIII-I fəsil əlavə olunur. Burada Kommersiya məhkəməsi və onun səlahiyyətləri, Kommersiya məhkəməsinin təşkili, tərkibi, məhkəmə sədrinin, sədr müavininin səlahiyyətləri kimi məsələlər təsbit olunub. Əlavədə deyilir ki, Kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır. Eyni zamanda, məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, qanunla ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir. Kommersiya məhkəməsi sədrdən və hakimlərdən ibarətdir. Tərkibində 12 və daha çox hakim olan Kommersiya məhkəməsində sədr müavini vəzifəsi təsis edilir.

"İctimai müzakirələr zamanı belə təəssürat yaranırdı ki, "Məhkəmələr və hakimlər haqqında” qanuna edilən dəyişiklikdə məqsəd bütövlükdə sahibkarlıqla bağlı məsələlərə bir məhkəmədə baxılmasıdır. Bu, belə deyil. İnzibati məsələlərə inzibati məhkəmələrdə baxılacaq. Amma o yerdə ki, sahibkarlıq münasibəti var, ona kommersiya məhkəmələrində baxılacaq. Sənəddə bunun anlayışı da verilib” deyə Əli Hüseynli bildirdi.

Müzakirələr zamanı çıxış edən deputat Tahir Kərimli yeni yaradılacaq məhkəmələrin Kommersiya məhkəməsi adlandırılmasını doğru hesab etmədiyini söylədi. Onun fikrincə, yeni orqan "İqtisadi məhkəmə” adlandırıla bilər.

Deputat Qüdrət Həsənquliyev isə vurğuladı ki, sahibkarlıqla bağlı bütün məsələlərə yalnız Kommersiya məhkəməsində baxılmalıdır. Müzakirələrdən sonra sənədlər ayrı-ayrılıqda səsverməyə çıxarılaraq qəbul edildi və bununla da növbədənkənar sessiyanın ilk iclası başa çatdı.

Rəşad BAXŞƏLİYEV,

Fərman BAĞIROV (foto),

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM