Alternative content

02:33 21 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
01:50 21.06.2019 Xanım maestro
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın məhkəmə sistemi yeni çağırışlara adekvat olaraq müasirləşir
Azərbaycanın məhkəmə sistemi yeni çağırışlara adekvat olaraq müasirləşir
ANA SƏHİFƏ / SİYASƏT
01:42 13.06.2019


İnkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuş müstəqil Azərbaycan Respublikası şəffaflığa və hesabatlılığa əsaslanan vətəndaş cəmiyyəti quruculuğu istiqamətində inamlı addımlar atır. Respublikamız demokratik və hüquqi dövlət quruculuğu yolunun dönməzliyini özü üçün tam yəqinləşdirərək xalqın gələcək inkişafında bu mütərəqqi dəyərlərin rolunu və əhəmiyyətini daim önə çəkir. Bu mərhələnin ən səciyyəvi cəhəti səmərəli dövlət idarəçiliyi sisteminin yaradılması məqsədilə vətəndaş cəmiyyəti institutlarının inkişafı, liberal siyasi mühitin formalaşması, insan hüquq və azadlıqlarının aliliyinə xidmət edən kompleks tədbirlərin həyata keçirilməsidir.

Xüsusilə qeyd etmək lazımdır ki, 2018-ci ilin 11 aprel seçkilərində inamlı qələbə qazanaraq səlahiyyətlərinin icrasına başlamış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilk günlərdən əsaslı yeniliklərə start verməsi ölkəmizdə sistem xarakterli islahatların başlandığını deməyə ciddi əsaslar verir. Məqsəd islahatların miqyas və tempini sürətləndirmək, xidmət sahələrində vətəndaş məmnunluğunu, idarəçilikdə səmərəliliyi və şəffaflığı təmin etmək, eləcə də ədalət mühakiməsinin səmərəliliyini yüksəltmək, məhkəmələrin müstəqilliyini möhkəmləndirməkdir.

İdarəçiliyin müasirləşdirilməsi, bütün fəaliyyət sferalarında ictimai rəy amilinin ciddiliklə nəzərə alınması, vətəndaşları narahat edən problemlərin operativ qaydada aradan qaldırılması, şəffaflıq, hesabatlılıq - bütün bunlar yeni mərhələdə dövlət başçısı İlham Əliyevin qarşıya qoyduğu ciddi tələblərdir. 2019-cu il 20 mart tarixində xalqa ənənəvi müraciətində İlham Əliyev cəmiyyətin digər sahələri ilə yanaşı, məhkəmə-hüquq sistemində də islahatların davam etdiriləcəyini demişdir: "İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır - təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub. Azərbaycan yeniləşir, Azərbaycan güclənir və müasirləşir”.

Məhkəmə hakimiyyətinin özünüidarə funksiyasını uğurla həyata keçirən Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının məqsədyönlü fəaliyyəti nəticəsində bu sahədə infrastrukturun müasirləşdirilməsi, yeni regional məhkəmələrin yaradılması, habelə hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məsələləri xüsusi diqqət mərkəzində olmuşdur. Son 10 ildə məhkəmələrə müraciət imkanlarının yaxşılaşdırılması, bölgələrdə hüquq institutlarının inkişafı məqsədilə 20-dək yeni məhkəmələr, o cümlədən, regional apelyasiya, ağır cinayətlər məhkəmələri, habelə dövlət orqanları tərəfindən vətəndaşların pozulmuş hüquqlarının bərpası məqsədilə 7 inzibati-iqtisadi məhkəmə yaradılaraq fəaliyyətə başlamışdır.

Hakimlərin seçiminə diqqət gücləndirilmiş, 2 çoxmərhələli, şəffaf və obyektiv imtahanlar nəticəsində uğur qazanmış 400-dək namizəd hakim vəzifəsinə təyin olunmuşdur. Məhkəmə islahatları nəticəsində hakimlərin ən yüksək həddədək - müddətsiz təyinatı müəyyən olunmuş, habelə seçim prosedurları təkmilləşdirilmişdir. Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) Azərbaycanda hakimlərin seçimi prosesini bilavasitə izləməklə ölkəmizin təcrübəsini digər Avropa dövlətlərinə örnək kimi göstərmişdir.

Son illər məhkəmələrin fəaliyyətində müasir informasiya texnologiyalarının tətbiqi - "Elektron məhkəmə informasiya sistemi”nin yaradılması, məhkəmələr üçün yeni inzibati binaların inşası, mövcud binaların əsaslı təmir olunması, ölkədə ədalət mühakiməsinin səmərəliliyinin daha da yüksəldilməsinə xidmət etmişdir.

İnsan amilinin hökumətin fəaliyyətində daim prioritet olması həyata keçirilən islahatların davamlılığını və səmərəliliyini təmin edir. Dövlət başçısının qanunvericilik təşəbbüsü ilə 2018-ci ilin 28 dekabrında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və "Məhkəmələr və hakimlər haqqında” qanununda dəyişikliklər edilərək iqtisadi mübahisələr üzrə işlərə kağızsız, elektron qaydada baxılmasına keçilmiş, hakim və sahibkar arasında münasibətlərin tamamilə elektron qaydada tənzimlənməsi təmin edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 aprel 2019-cu il tarixli "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanı keyfiyyətcə yeni mərhələdə məhkəmə sisteminin müasirləşdirilməsi, hakimlərin müstəqilliyinin daha da möhkəmləndirilməsi ilə bağlı yeni hədəflər müəyyən etmişdir. Fərmana əsasən, Azərbaycan Respublikasının bütün məhkəmə sədrlərinə və hakimlərinə məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi kimi prinsiplərə dönmədən riayət etmək tövsiyə edilmişdir.

Hazırkı mərhələdə qarşıda duran aktual çağırışlardan biri də Azərbaycanın digər sahələrlə yanaşı, məhkəmə-hüquq sistemində insan amilini önə çəkməklə reallaşdırdığı islahatların mahiyyətini yerli və beynəlxalq ictimaiyyətə dolğun şəkildə çatdırmaq, respublikamız haqqında obyektiv təəssüratların daha da möhkəmlənməsini təmin etməkdir. Azərbaycanda ümumi məhkəmə hakimlərini birləşdirmək, onların müstəqilliyinin daha da möhkəmləndirilməsinə kömək etmək, müsbət meyilləri təbliğ etmək, habelə hüquqi maarifləndirmə işi aparmaq məqsədilə 2002-ci ildə yaradılmış Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimlərinin İctimai Birliyi (Assosiasiyası) ötən dövrdə Azərbaycanda məhkəmə sisteminin inkişafı və müasirləşdirilməsi sahəsində görülən tədbirlərlə bağlı beynəlxalq səviyyədə təbliğat işi aparmış, bu sahədə ixtisaslaşmış mötəbər təşkilatlarla səmərəli əlaqələri genişləndirməyə çalışmışdır.

Müxtəlif ölkələrə səfərlər zamanı respublikamızın beynəlxalq nüfuzunun artdığının böyük qürur hissi ilə şahidi olmuşuq. Xüsusilə də Beynəlxalq Hakimlər Assosiasiyasının (BHA) və onun regional qrupu olan Avropa Hakimlər Assosiasiyasının (AHA) illik toplantıları ümumən dünyada respublikamız haqqında obyektiv rəyin formalaşdığına şübhə yeri qoymur.

AHA-nın bir qayda olaraq hər ilin may-iyun aylarına təsadüf edən yaz iclası bu dəfə Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçirildi. Avropa qitəsinin özünəməxsus ənənə və mədəniyyətə malik dövləti olan Danimarka təşkilatçı kimi toplantının yüksək səviyyədə keçirilməsini təmin etmişdi.

AHA-nın yaz iclasının iştirakçıları ilk olaraq Kopenhagen Universitetinin binasında toplaşmışdılar. Danimarka Hakimlər Birliyinin sədri, bu ölkənin Ali Məhkəməsinin hakimi Mikael Sjöberq qonaqları tədbirin proqramı ilə ətraflı tanış etdikdən sonra sözü AHA prezidenti Joze Manuel İgreja Matosa verdi. Cənab Joze Manuel İgreja Matos öz növbəsində tədbir iştirakçılarını səmimi salamlayaraq "Siyasilər və məhkəmələr - dəyişən münasibətlər?” mövzusunda məruzə etdi. İsveçrəli hakim Tomas Stadelman, danimarkalı parlamentar və digər nümayəndələr məruzə mövzusu ətrafında maraqlı çıxışlar etdilər. Çıxışların əsas məzmunu siyasətçilərlə məhkəmə hakimiyyəti arasındakı münasibətlər, yeni dünyada dəyişən qaydalar, hakimlərin cəmiyyətlə daha çox ünsiyyətdə olmasının zəruriliyi ilə bağlı idi.

Daha sonra söz "Amnesty İnternational” təşkilatının Danimarka üzrə nümayəndəliyinin başçısı Trine Kristenşenə verildi. O, təmsil etdiyi təşkilatın Avropanın bir sıra ölkələrinin məhkəmə hakimiyyətləri ilə sıx əlaqə saxladığını bildirərək xüsusilə Rusiya və Polşada durumun ürəkaçan olmadığını vurğuladı.

Sonra Danimarka Milli Araşdırmalar Fondları Mərkəzinin nəzdində yaradılmış beynəlxalq məhkəmələrin təcrübələrini araşdıran "iCourts” mərkəzinin rəhbəri Mikael Rask Madsen məruzə etdi. Araşdırma Mərkəzinin Kopenhagen Universitetində yerləşdiyini bildirən sədr beynəlxalq məhkəmə təcrübəsini dərindən araşdırdıqlarını və əsas diqqəti "Siyasilər və məhkəmə hakimiyyəti” mövzusunun tədqiqinə, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi və geniş coğrafiyada yayılması vacibliyinə yönəltdiklərini bildirdi. Albaniya, Azərbaycan və İngiltərə təmsilçiləri məruzəçiyə mövzu üzrə suallar verdilər və səmərəli müzakirələr aparıldı.

AHA-nın yaz iclasının rəsmi açılışı da Kopenhagen Universitetinin binasında oldu. İclasda 44 üzv ölkədən 35-ni təmsil edən hakimlər iştirak edirdilər. Azərbaycanı iclasda Ümumi Məhkəmə Hakimləri Birliyinin sədri olaraq bu sətirlərin müəllifi və Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Sənan Hacıyev təmsil edirdilər.

Danimarka Hakimlər Birliyinin sədri, bu ölkənin Ali Məhkəməsinin hakimi Mikael Sjöberq qonaqları salamlayaraq sözü BHA prezidenti cənab Pagoneyə verdi, sonuncu öz növbəsində iclas iştirakçılarına səmimi arzu və istəklərini çatdırdı.

AHA prezidenti Joze İgreja Matos da ev sahiblərini və konfrans iştirakçılarını salamladıqdan sonra gündəliyə müvafiq olaraq Mərakeş protokolunun təsdiqlənməsini təklif etdi. Konfrans iştirakçıları adıçəkilən sənədi yekdilliklə təsdiq etdilər.

Daha sonra cənab Joze İgreja Matos AHA-nın il ərzində gördüyü işlər barədə məlumat verərək məruzəyə münasibət bildirilməsini xahiş etdi. O, çıxışında Avropa məkanında hakimlərin müstəqilliyinin təmini sahəsindəki mövcud problemlərdən və bu problemlərin həlli yolunda beynəlxalq əməkdaşlığın zəruriliyindən söz açdı. Eyni zamanda, Polşa, Rumıniya və Macarıstanda məhkəmə hakimiyyəti ilə bağlı ciddi problemlərin və gərginliyin hələ də qaldığını, bununla belə, Avropa məkanında milli assosiasiyalarla əməkdaşlığın daha gücləndirildiyini diqqətə çatdırdı. Sədr hesabat ili ərzində AHA daxilində keçirilmiş tədbirlər, təşkilatın Avropa və dünya səviyyəsində məhkəmə hakimiyyəti ilə bağlılığı, tədbirlərdə iştirakı, habelə digər təşkilatlarla əməkdaşlığı və birgə layihələr barədə ətraflı məlumat verdi.

Sədr, həmçinin hesabatdakı "Üzv assosiasiyaların statusu üzrə İşçi Qrupunun işi”, "Müxtəlif Avropa ölkələrində qarşıya çıxan çətinliklər”, "AHA-nın büdcəsi”, "AHA Dünya Hakimlər Assosiasiyası sırasında” mövzuları üzrə məlumatlar verdi. Sədrin məruzəsində əsas diqqətçəkən məqam "Müxtəlif Avropa ölkələrində qarşıya çıxan çətinliklər” məsələsi idi. İşveçrə, İtaliya, Albaniya, Fransa və Avstriya nümayəndələri söz alaraq mövzu ətrafında fikirlərini bölüşdülər. Müzakirələrdən sonra məruzə qəbul edildi.

Sonra iclasda Polşada məhkəmə hakimiyyətinin üzləşdiyi problemlər ətraflı müzakirə edildi. Cənab Matos ölkədə gedən siyasi proseslərin məhkəmə hakimiyyətinə mənfi təsir göstərdiyini, məhkəmələr və hakimlərlə bağlı qəbul olunmuş müvafiq qanunun hakimlərin müstəqilliyini təmin edə bilmədiyini təəssüflə diqqətə çatdırdı. AHA-nın iclasına dəvət olunmasına baxmayaraq Polşa Ali Məhkəməsinin sədrinin iclasda iştirak etmədiyi də bildirildi. Polşalı hakim Krystian Markieviç söz alaraq dəstək üçün AHA və BHA rəhbərliyinə, eləcə də Polşaya dəstək verən milli birliklərə minnətdarlığını bildirdi. Eyni zamanda, etiraf etdi ki, Polşa Hakimlər Assosiasiyası beynəlxalq əməkdaşlıqdan yetərincə yararlana bilmir. Bildirdi ki, ölkəsində məhkəmə hakimiyyətinə hücumların əsas səbəbi onun müstəqil olmasına yol verməməkdir. Müzakirələrdən sonra Polşada məhkəmə hakimiyyətinin vəziyyəti ilə bağlı qətnamə qəbul edildi.

Sonra AHA-nın üzv assosiasiyalarındakı vəziyyəti ilə bağlı məlumatı dinlənildi. İclas iştirakçıları İşçi Qrupu sədrinin məruzəsi ilə əvvəlcədən tanış olduqları üçün sənədin geniş müzakirə olunmadan qəbulu məqbul sayıldı. Məruzədə, həmçinin Türkiyə, Polşa, Macarıstan və Sloveniyada hakimlərin problemlərinin olduğu xatırlandı. Sonra "Brüsselə gedən yollar” İşçi Qrupunun üzvü, fransalı hakim Selin Parisot qrupun işi ilə bağlı məlumat verdi və onun hesabat xarakterli məlumatı müsbət dəyərləndirildi.

Onu da bildirim ki, iclasda qardaş Türkiyə ilə yanaşı, Azərbaycanla bağlı da bəzi reallığa uyğun olmayan qərəzli iddialar səslənsə də, bu iddiaların əsassızlığını konkret faktlar əsasında ortaya qoyduq. Azərbaycan Ümumi Məhkəmə Hakimləri Assosiasiyasının təmsilçisi olaraq BHA və AHA-nın tərkibində 10 il səmərəli fəaliyyət göstərməyimizi, bir çox ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq və dostluq münasibətləri qurmağımızı iştirakçıların nəzərinə çatdırdım. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Sənan Hacıyev iclasda çıxış edərək ölkəmizdə məhkəmə hakimiyyətinin mövcud vəziyyəti, aparılan mütərəqqi islahatlar, habelə məhkəmələrlə digər hakimiyyət qolları arasında qanuna əsaslanan sivil münasibətlər barədə ətraflı məlumat verdi. O, ötən iclasda Helsinki Komissiyasının Azərbaycan Hakimlər Assosiasiyası ilə bağlı qaldırdığı məsələlərə toxunaraq həmin komissiyanın suallarına ətraflı cavab verildiyini, cavabın BHA-nın katibliyi tərəfindən bütün üzv assosiasiyalara paylandığını diqqətə çatdırdı.

Helsinki Komissiyasının Azərbaycan Ümumi Məhkəmə Hakimləri Birliyinə ünvanladığı iradların müdafiəçisi, Niderland Hakimlər Assosiasiyasının nümayəndəsi Sənan Hacıyevin çıxışına münasibət bildirərək Azərbaycanda Məhkəmə Hakimiyyəti sahəsində görülən işləri razılıqla vurğuladı, eyni zamanda, guya müəyyən problemlərin olduğunu da iddia etdi. Niderlandlı nümayəndənin Azərbaycan təmsilçisinə ünvanlanmış sual və replikalarına münasibət bildirən BHA prezidenti cənab Pagone birmənalı şəkildə bildirdi ki, hansısa kənar təşkilatlar üzv assosiasiyalar barəsində intizam problemi qaldıra bilməzlər. O, həmçinin Qazaxıstan, Polşa və Macarıstandan fərqli olaraq, Azərbaycanda məhkəmələrin fəaliyyəti və hakimlərin müstəqilliyi üçün hansısa ciddi problemin olmadığını vurğuladı. Cənab Matos bu baxımdan BHA prezidenti cənab Pagonenin fikirlərinə dəstək verərək Niderland nümayəndəsinin replikasını yersiz hesab etdi.

Daha sonra Yunanıstan, Rumıniya və İslandiya nümayəndələri öz ölkələrindəki durumla bağlı məlumat verdilər. Sonda AHA-nın növbəti iclasının 2020-ci ilin may ayında Portuqaliyanın Porto şəhərində keçiriləcəyi bildirildi və Portuqaliya nümayəndəsi təqdimatla çıxış etdi. AHA-nın yaz iclasının iştirakçıları Danimarka Ali Məhkəməsinin fəaliyyəti ilə də yaxından tanış oldular.

Ümumilikdə AHA-nın Kopenhagen şəhərində keçirilmiş yaz iclası Avropa ölkələrinin ölkəmizin məhkəmə hüquq-sistemində həyata keçirilən mütərəqqi islahatlar barədə məlumatlandırılması, ümumilikdə Azərbaycanla bağlı obyektiv rəyin formalaşdırılması, bəzi qərəzli iddiaların tamamilə zərərsizləşdirilməsi baxımından mühüm platforma oldu.

Ələddin CƏFƏROV,

Nizami Rayon Məhkəməsinin sədri, Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının sədri



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM