13 Iyun 2019 01:40
1072
İQTİSADİYYAT
A- A+

İlin sonunadək daha 13 aqropark yaradılacaq


İlham ƏLİYEV: "Azərbaycanda kənd təsərrüfatının inkişafına göstərilən diqqət və dəstək hesab edirəm ki, dünya miqyasında ən yüksək səviyyədədir və təqdirəlayiqdir”


Ölkəmizdə digər sahələrdə olduğu kimi, aqrar sektorda da dərin və hərtərəfli islahatlar aparılır və bu çərçivədə sahənin idarə edilməsində, kadrların hazırlanmasında, fermerlərə maliyyə və texniki dəstək göstərilməsində mühüm dəyişikliklər baş verib.

Məqsəd kənd təsərrüfatında daha səmərəli üsullardan istifadə edərək məhsul istehsalını artırmaqla həm ölkənin ərzaq təhlükəsizliyinə, həm də məhsul ixracına nail olmaqdır.

Bugünədək fermerlər torpaq vergisindən savayı bütün növ vergilərdən azad edilib. Üstəlik, fermerlərə istifadə etdikləri yanacaq və sürtkü yağlarına görə dövlət büdcəsindən subsidiya ödənilir. Eyni zamanda, kənd təsərrüfatında sahibkarlıqla məşğul olanlara güzəştli şərtlərlə gübrə, toxum, ağac tingləri və damazlıq heyvanlar satılır. Yaranan fərq dövlət büdcəsindən ödənilir. Bununla yanaşı, fermerlərə müasir və mütərəqqi texnika və texnologiyalardan istifadə etmək üçün "Aqrolizinq” ASC tərəfindən xidmətlər göstərilir.

Dövlətin əsas hədəfi kiçik və orta kəndli təsərrüfatlarına yardım etməkdir. Bu məqsədlə hər il dövlət büdcəsindən fermerlərə milyon manatlarla güzəştli kreditlər verilir.

Dövlət güzəştli kreditlərlə fermerlərin maliyyə problemlərinin həllinə kömək edir ki, onlar yaradılan imkandan bəhrələnərək öz təsərrüfatlarını genişləndirsinlər.

Son dövrlər aqrar sektorda məhsul istehsalının artırılması məqsədilə iri fermer təsərrüfatları və aqroparklar da yaradılır. Qeyd edək ki, inkişaf etmiş ölkələrdə də aqroparklardan geniş istifadə edilir. Ona görə ki, aqroparklar iri torpaq sahələrinə malik olur. Burada yüksək texnika və texnologiyalardan istifadə etmək daha asandır. Eyni zamanda, belə təsərrüfatlara kapital qoymaq istəyən iş adamları çoxdur. Çünki istehsaldan emala, emaldan satışa qədər bütün proseslər bir mərkəzdən idarə olunur. Belə hal investorlara gəlir və çıxarlara nəzarət etməyə imkan yaradır.

Ölkəmizdə də aqroparklara maraq böyükdür. Belə müəssisələrin yaradılmasına dövlət yardımçı olur. Aqroparklar üçün dövlət vəsaiti hesabına infrastruktur yaradılır. Bu məqsədlə ümumilikdə büdcədən 219 milyon manat investisiya yatırılıb. İndiyədək investisiya dəyəri 469 milyon manatdan çox olan 17 aqroparkın yaradılmasına 111 milyon manat güzəştli kredit verilib. Bununla yanaşı, 15 aqropark üzrə dəyəri 564 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib, cari ilin sonunadək daha 13 aqroparkın istifadəyə verilməsi nəzərdə tutulub. Ümumilikdə isə ölkə üzrə 45 aqroparkın yaradılması planlaşdırılıb. Bunlardan 28-i bitkiçilik, 17-si heyvandarlıq üzrə ixtisaslaşacaq. Sözügedən aqroparkların sahəsi 192 min hektardır. Həmin təsərrüfatların yaradılması kənd təsərrüfatı məhsullarının istehsalını artırmaqla yanaşı, bölgələrdə on milyonlarla insanın işlə təmin olunmasına imkan verəcək.

Prezident İlham Əliyev aqrar sektorda aparılan islahatları və alınan nəticələri yüksək dəyərləndirərək demişdir: "Əminəm ki, kənd təsərrüfatının sürətli inkişafı, subsidiyaların verilməsi, fermerlərin texnika ilə təchiz edilməsi, yanacağın, gübrənin güzəştli şərtlərlə verilməsi, kompleks tədbirlər, üstəgəl ciddi islahatlar yaxın gələcəkdə çox gözəl nəticələrə gətirib çıxaracaq. Artıq biz nəticələri görürük... İnsanların məşğulluğu artır, rifah halı yaxşılaşır, bütün ölkədə böyük infrastruktur layihələri icra edilir”.

Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı, Şamaxı, Yevlax, Ağdaş, Şəmkir, Siyəzən, İsmayıllı, Samux və Şəmkir rayonlarında 44 min hektar sahədə 22 sahibkarlıq subyekti tərəfindən 32 iri fermer təsərrüfatı yaradılıb. Ümumi dəyəri 162,4 milyon manat olan bu təsərrüfatların yaradılmasına Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 61,6 milyon manat güzəştli kredit verilib. Hazırda fəaliyyətdə olan təsərrüfatlarda müasir suvarma sistemləri qurulub, hər hektardan 58-60 sentner arpa və buğda, 120 sentnerədək dənlik qarğıdalı götürülür.

Son illər təkcə dövlətin maliyyə dəstəyi ilə müasir texnologiyalara əsaslanan 43 quşçuluq təsərrüfatı, 23 cins heyvandarlıq kompleksi, 8 süd və 6 ət emalı müəssisəsi, 39 intensiv bağçılıq və üzümçülük təsərrüfatı, 43 müasir istixana kompleksi, 16 meyvə-tərəvəz emalı müəssisəsi, 51 logistik mərkəz və 22 taxıl anbarı kompleksi yaradılıb. Bu da istehlak bazarının sabitləşməsində, ixrac potensialının artmasında, idxaldan asılılığın azalmasında, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video