12 Iyun 2019 22:33
704
SİYASƏT
A- A+

Azərbaycanın Xarici İşlər naziri Almaniya Bundestaqının vitse-prezidenti ilə görüşüb


Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Almaniya Federativ Respublikası Bundestaqının vitse-prezidenti Tomas Oppermannın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Tomas Oppermann Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini və dövlət başçısı ilə maraqlı müzakirələrin aparıldığını bildirib.

Tərəflər Bakıda keçirilən Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament Konfransının və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının təsis konfransının parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətini vurğulayıblar. Azərbaycan və Almaniya arasında mövcud ikitərəfli münasibətlərdən danışaraq, siyasi, iqtisadi, mədəni və s. sahələrdə mövcud olan əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin hazırkı vəziyyəti, keçirilmiş son görüşlərlə bağlı, eləcə də Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş son qanlı təxribat əməlləri haqqında həmsöhbətini geniş məlumatlandırıb. Bölgədə sülh, təhlükəsizlik və davamlı inkişafa nail olmaq üçün beynəlxalq tanınmış sərhədlərə hörmət edilməsinin və işğalın nəticələrinin aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Öz növbəsində Tomas Oppermann bölgədə rifah və tərəqqinin vacibliyini qeyd edərək, vəziyyəti gərginləşdirəcək bəyanat və əməllərin gərəksiz olduğunu bildirib.

Daha sonra, tərəflər qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər haqqında geniş fikir mübadiləsi aparıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video