Alternative content

02:31 21 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
01:50 21.06.2019 Xanım maestro
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Uğura aparan Nicat yolu
Uğura aparan Nicat yolu
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:19 12.06.2019


Hər bir gəncin həyatda qazandığı nailiyyəti onun uğur hekayəti adlandırmaq olar. Bu, həm də digərləri üçün örnək kimi təbliğ olunmalı, motivasiya nümunəsi kimi səciyyələnməlidir.

Psixoloqlara görə, həyatda uğur qazanmaq üçün məsuliyyətli, səbirli və özünə inamlı olmaq lazımdır. Bu gün qürur hissi ilə demək olar ki, Azərbaycanda uğur hekayətinin müəllifi olan yetərincə gənc var. Onlar müxtəlif sahələrdə çalışmaqla həm özlərinə gələcək karyera imkanları qurur, həm də dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində öz töhfələrini verirlər.

Təqdim edəcəyimiz gənc - Nicat Hacızadə də onlardan biridir. Çoxları Nicatı gənc iqtisadçı-ekspert, analitik kimi tanıyır. Tələbəlik illərindən başlayaraq ictimai fəaliyyətlə məşğul olan Nicat mütəmadi olaraq müasir dünya iqtisadiyyatında baş verən proseslər, bu proseslərin Azərbaycan iqtisadiyyatına təsiri, milli iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyası və eləcə də, müxtəlif iqtisadi münasibətlərlə bağlı analitik təhlillər edir. Rəy və təhlilləri ölkənin müxtəlif elektron və çap mətbuatında dərc olunur.

1992-ci ildə Ağdaş rayonunda anadan olan Nicatın uşaqlıq illəri paytaxta keçib. Amma şəcərəsi qədim Lahıc qəsəbəsinə dayanır. Böyük babaları Lahıcdandırlar və uşaqlığının əksər hissəsi də Lahıcda keçib. Abdulla Şaiq adına 54 saylı tam orta məktəbdə təhsil alıb, 2009-cu ildə orta məktəbi bitirərək Azərbaycan İqtisad Universitetinə qəbul olub. Bakalavr pilləsini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Cəbhənin Füzuli rayonu istiqamətində döyüş tapşırığını icra edən hərbi hissədə xidmət edib. Vətənə olan borcunu yerinə yetirdikdən sonra yenidən universitetə üz tutub və magistr təhsilini davam etdirib. Hazırda isə bu ali məktəbin doktorantıdır. Eyni zamanda, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəzdində yaradılan "Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin rəhbəri vəzifəsində çalışır.

Qazandığı nailiyyətləri şərtləndirən amillər isə uğurlu karyerası naminə yorulmadan çalışması və irəliyə doğru inamla addımlamasıdır. 27 yaşlı gəncin uğur hekayətini öz dilindən eşitsək, daha maraqlı olar...

- Hələ orta məktəbdə oxuyarkən gələcəkdə iqtisadçı olmağı qarşıma məqsəd qoymuşdum. Artıq məktəbi bitirməyə iki il qalmış düşünürdüm ki, bir neçə ilə iqtisadçı kimi formalaşmalıyam. Bu səbəbdən də çox çalışmağa başladım. Riyaziyyat fənnini çox sevirdim və bir neçə dəfə olimpiadalarda bu fənn üzrə qalib olmuşam. Bu biliklər mənə iqtisadçı kimi formalaşmağa böyük imkan yaratdı.

Ali məktəbə qəbul olarkən ictimai fəaliyyətə başladım. Bir sıra layihələrin həm rəhbəri, həm də təşkilatçılarından oldum. Xüsusən qeyd etmək istərdim ki, 2009-2011-ci illərdə aktiv ictimai fəaliyyətə başlayanda Azərbaycanda ilk dəfə gənclər üçün böyük iqtisadi təşəbbüs olan və o zaman üçün unikal model sayılan "müasir iqtisad məktəbi” layihəsinin təməlini qoydum. Bundan əlavə, Gəncə şəhərində həyata keçirilən "Dünya Gənclər Festivalının” təşkilat komitəsinin üzvü olaraq da çalışmışam.

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə yaranan könüllülər institutunun tərkibində yer aldım. Bir sözlə, həm universitet daxili elmi fəaliyyətim çoxşaxəli olub, həm də ictimai fəal kimi müxtəlif gənclər təşkilatlarının tərkibində fəaliyyət göstərmişəm.

Mərkəzi Asiya və Şərqi Avropanın ən böyük beyin mərkəzi sayılan İqtisadi və Sosial İnkişaf Mərkəzində təcrübəçi kimi fəaliyyətə başlayıb qısa müddətdə mərkəzin təhlil və tədqiqatlar üzrə əsas ekspertlərindən biri olmuşam. Mərkəz olaraq ictimai-siyasi təkliflərin verilməsi və o cümlədən, Avropa ölkələri arasında müxtəlif siyasi proseslərə tövsiyələrimizi irəli sürürdük. Qısa zamanda təqdiqat və təhlil layihələrinin həmmüəllifi, eləcə də müxtəlif layihələrə töhfə verən şəxs oldum. Bundan əlavə, beynəlxalq iqtisadi təşkilatların layihələrində aparıcı ekspert olaraq çalışmışam. Xarici səfərlər zamanı dünya görüşüm və iqtisadi biliklərim daha da inkişaf etdi. Təvazökarlıqdan kənar da olsa qeyd etməliyəm ki, mən sözügedən beyin mərkəzində çalışan zaman bakalavr təhsilimi tam yekunlaşdırmamışdım. Amma buna baxmayaraq, məni daimi Azərbaycan telekanalları, habelə yerli və xarici beyin mərkəzləri iqtisadi müzakirələrə dəvət edirdilər. Bununla yanaşı, biz Azərbaycan hökumətinin apardığı siyasətə töhfələrimizi vermək üçün təkliflər hazırlayırdıq.

2016-cı ildə Prezidentin fərmanı ilə İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yaradıldı və mən mərkəzə dəvət edildim. Dövlətin yürütdüyü strateji xəttə uyğun olaraq iqtisadi proseslərin tərkib hissəsinə çevrildik. Həmin zaman dövlət başçısı "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərman imzaladı. Mən də strateji yol xəritələrinin hazırlanma prosesinin iştirakçısı oldum. Yəni bu sənədlərin hazırlanmasında birbaşa töhfəm var. Xüsusilə qeyd etməliyəm ki, "Milli İqtisadiyyat Perspektivi” və "Kiçik və orta sahibkarlıq üzrə Strateji Yol Xəritələri”ni xüsusi qeyd etməliyəm. Sevindirici hal odur ki, mərkəzin gənc kollektivinin gərgin əməyi sayəsində ortaya qoyulan töhfələr bu gün Azərbaycanda icra olunur və demək olar ki, ideyalarımız parlayır.

Bundan əlavə, Prezident İlham Əliyevin ölkəmizdə biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə mövqeyimizin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncamına uyğun olaraq komissiya yaradılıb. Mən də bu komissiyanın katibliyində fəaliyyət göstərirəm. Katiblik çərçivəsində beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə əlaqədar islahat tədbirlərinin hazırlanmasında iştirak edirik. Buna misal olaraq, "Doing Business 2019” hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub.

Ümumiyyətlə, düşünürəm ki, bu gün Azərbaycan Prezidentinin yürütdüyü sosial-iqtisadi siyasətə azacıq da olsa töhfə verə bilirəmsə, demək dövlətimə xeyrim dəyir. Bu proseslər mənə çox böyük motivasiya və ilham verir.

İslahatların Təhlili və Kommunikasiya Mərkəzində çalışdığı müddətdə öz bacarığımı nümayiş etdiydiyim üçün rəhbərliyin etimadını qazandım və 2017-ci ildə qurumun nəzdində yaradılan "Bir Pəncərə” İxraca Dəstək Məkrəzinə rəhbər təyin olundum. Bu gün mərkəzimizdə 6 dövlət qurumu və onların xidmətləri fəaliyyət göstərir. İdxal-ixrac əməliyyatlarında sahibkarın böyük hamisi hesab olunan mərkəzdə cəmi bir neçə saata müxtəlif dövlət icazələri (sertifikatlar) verilir. "Bir Pəncərə” İxraca Dəstək Mərkəzi Azərbaycanda həyata keçirilən ixracın 10-15 faizi intervalında hissəsinə dəstək göstərir. Bundan əlavə, mərkəz beynəlxalq hesabatlarda da islahat tədbiri kimi, xüsusilə şəffaf və hesabatlı bir xidmət olaraq vurğulanıb.

Prezident İlham Əliyevin hər zaman sahibkarlara göstərdiyi qayğı və onların fəaliyyəti ilə bağlı söylədiyi fikirlər bizim üçün tapşırıqdır. Bu mərkəzdə ilk növbədə vicdanlı, dürüst fəaliyyət ana xətti təşkil edir. Heç bir sahibkar bizdən incik halda binanı tərk etmir. Dövlət başçısının qarşımızda qoyduğu tələblər doğru istiqamətlərdə yerinə yetirilir.

Bu gün sahib olduğu dəyərləri yüksək qiymətləndirən Nicat hesab edir ki, istənilən gənc bundan da böyük uğurlara nail ola bilər. Yetər ki, heç vaxt mənfəət ardınca qaçmasınlar, şəxsi inkişaf barədə düşünsünlər.

- Bəzən də gənclər getdikləri yolda büdrədikləri zaman geri çəkilir, sonadək mübarizə aparmırlar. Bunun da səbəbləri olur - yorğunluq və ya ailə vəziyyəti, maddi durum arzuların gerçəkləşməsinə maneələr yaradır. Məndə də belə vəziyyətlər olub. Bəzən tənbəlliklər etmişəm, hətta əziyyət çəkib bəhrəsini görmədiyim vaxtlar da olub. Ancaq sarsılmamışam. Ayağa qalxıb yenidən yoluma davam etməyə başlamışam. Həyat zatən mübarizədən ibarətdir və ona görə də zəhmət çəkmək, çətinliklərə sinə gərmək lazımdır.

Uğurlarımın əsas faktorlarından biri də odur ki, özümə qarşı çox tələbkaram. Daim öz üzərimdə işləməyi, boşluqlardan istifadə etməyi xoşlayıram. Planlamanı da çox sevirəm. Ətrafımdakı insanlar da bilirlər ki, bir işi görmədən əvvəl hadisələri daha dərindən təhlil edib bir qədər irəlidə baş verə biləcək prosesləri düşünürəm. Yəni qarşıda baş verə biləcək hadisələri analiz edib proqnozlarımı ona uyğun qururam. Fikirləşirəm ki, uğur qazanmaq üçün hər bir gəncə zəhmət, çalışqanlıq və bir az da təvazökarlıq gərəkdir. Asan iş yoxdur. Sadəcə zəhmət çəkmək, işini sevərək yerinə yetirmək, kompüter arxasında səmərəli vaxt keçirmək, qənaət etmək və ən əsası da iradəli olmaq insana uğur gətirəcək. Əgər insan möhkəm iradəyə sahibdirsə, artıq uğurun yarısını qazanıb demək...

Vaxtilə könüllü olan bir gənc kimi tam məsuliyyətimlə deyirəm ki, çəkdiyim əziyyətin bərhəsini görmüşəm. Kimsə könüllülüyü vaxt itkisi hesab edirsə, yanılır. Bu təcrübə hər bir gəncin gələcək uğurlu karyerasının açarıdır. Elm, bilik paylaşdıqca artır.

Məqsədim bir gənc kimi tutduğum vəzifənin öhdəsindən layiqincə gəlmək, bu istiqamətdə öz töhfələrimi vermək və cənab Prezidentin sosial-iqtisadi siyasətinə bacardığım qədər dəstək olmaqdır. Həmçinin Azərbaycan dövlətçiliyinin gücləndirilməsi istiqamətində öz töhfəmi verməkdir. Arzum isə öz sahəmdə müəyyən vaxtdan sonra ən yaxşılardan biri olmaqdır.

Gənclərə tövsiyəm ondan ibarətdir ki, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi üçün ulu öndər Heydər Əliyev ideyaları ətrafında sıx birləşməli və Prezident İlham Əliyevin yürütdüyü siyasətə dəstək olmalıdırlar. Çünki uğurlu gələcək gənclərin əlindədir və bu gün gənclərin uğur qazanması üçün hər cür şərait var. Cənab İlham Əliyev gənclərin ən böyük dayağıdır. Məhz buna görə də Azərbaycan gəncliyinin mütləq əksəriyyəti birlik nümayiş etdirərək hər zaman prezident seçkilərində birmənalı olaraq İlham Əliyevin yanında olduqlarını bəyan edirlər.

Nicatın uğur hekayəti bir çox gənclər üçün nümunədir desək, yanılmarıq. Gənc analitik və departament rəhbərinin səmimi fikirləri bir daha təsdiq edir ki, dövlət intellektual, təşəbbüskar gənclərə öz bacarıqlarını nümayiş etdirmək üçün lazımi dəstək göstərir. Əsas odur ki, gənclər çətinlikdən qorxmasınlar, geri çəkilməsinlər. Mübarizədən sonra əldə olunan nailiyyət insanı qürurlandırır, deyirlər. Odur ki, özünə, istedadına, bacarığına güvənən hər bir gənc potensial imkanını ortaya qoymalı və uğurlara aparan yolda həvəsdən düşməməlidir.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM