11 Iyun 2019 15:23
767
CƏMİYYƏT
A- A+

Çin səddindən sonra dünyada ikinci nəhəng müdafiə istehkamı olan Çıraqqala bərpa edilir


Şabran rayonunun ərazisində, dəniz səviyyəsindən 1232 metr yüksəklikdə yerləşən Çıraqqala abidəsinin bərpasına hazırlıq işləri görülür. Dünya əhəmiyyətli tarix və mədəniyyət abidəsində möhkəmləndirmə, bərpa-konservasiya işləri Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən aparılacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilk növbədə "Çıraqqala” Tarixi Qoruğunun ərazisinə tikinti materiallarının daşınması üçün yolun abadlaşdırılmasına ehtiyac var. Şabran və Siyəzən rayonlarından "Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinə kimi yeni yol çəkilib. Buradan "Çıraqqala” abidəsinin yerləşdiyi qayanın ətəyinə kimi dağlıq relyefli ərazidən keçən təxminən 2-3 kilometrlik yolda hazırda xüsusi yolsuzluq avtomobilləri ilə hərəkət etmək mümkündür. Bu yolun sonundan Çıraqqala abidəsinədək daha 500 metrədək məsafəni isə yalnız piyada getmək olar. Bərpa işləri çərçivəsində tarixi məkanda inzibati binanın tikintisi də planlaşdırılır.

Möhkəmləndirmə, bərpa-konservasiya işləri başa çatdıqdan sonra "Çıraqqala” Tarixi Qoruğunu ziyarət edən həm yerli, həm də xarici turistlərin sayının dəfələrlə artacağı gözlənilir.

Qoruğun baş fond mühafizəçisi Əfruz Fərzəliyeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, çətin keçilən relyefə malik olsa da, il ərzində Çıraqqala abidəsini mindən çox turist ziyarət edir. Turistlər arasında Avropadan, ABŞ, Rusiya, Hindistan, Pakistan və ərəb ölkələrindən gələn əcnəbilər də var.

Böyük İpək yolunun qorunması məqsədi daşıyan Gilgilçay müdafiə səddinin ən yüksək nöqtəsi olan Çıraqqala dünya əhəmiyyətli tarix və mədəniyyət abidələri sırasındadır. Alimlərin araşdırmalarına görə, qala Sasani hökmdarları tərəfindən IV-VI əsrlərdə tikilib və Gilgilçay səddinin baş qarovulxanası olub. Deyilənə görə, o, Xəzər dənizindən Baba dağın ətəklərinə qədər uzanan səddin üç böyük qalasından biridir. İki qala və səddin böyük bir hissəsi uçub dağılsa da, Çıraqqala müasir dövrümüzədək gəlib çatıb.

Bələdçi Aysel Meylaverdiyeva AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, Çıraqqala, mərkəzi qala da daxil olmaqla, 17 bürcdən ibarət düzbucaqlı formasındadır. Hazırda bu bürclərdən 4-ü salamat qalıb. Hündürlüyü 120 metr olan sıldırım qaya üzərində ucalan baş qüllə uzaqdan daha əzəmətli və möhtəşəm görünür. Bu qüllə müşahidə və işarəvermə məqsədilə tikilib. Burada dayanan keşikçilər Dərbənddən Beşbarmaq səddinədək dəniz sahili boyu təxminən 100 kilometrə qədər ərazini nəzarətdə saxlaya biliblər. Düşmən ordularının hücumları zamanı qalada tonqallar qalanar və həyəcan siqnalı digər qala və məntəqələrə çatdırılardı.

Çıraqqalanın yerləşdiyi möhtəşəm Gilgilçay səddi, bəzi mənbələrə görə, məşhur Çin səddindən sonra dünyada ikinci nəhəng müdafiə istehkamıdır.

Azərbaycanın tarixi irsinin memarlıq ənənələrinin mühüm nümunələrindən olan "Çıraqqala" tarixi abidələr kompleksinin gələcək nəsillər üçün saxlanılmasının, bərpasının və mühafizəsinin təmin edilməsi məqsədilə 2003-cü il iyunun 23-də ümummilli lider Heydər Əliyev tərəfindən sərəncam imzalanıb. Sərəncama əsasən "Çıraqqala" tarixi kompleksi tarixi qoruq elan edilib və onun qorunması və bərpası üçün tədbirlər müəyyənləşdirilib.

Ölkəmizin qədim tarixi-mədəniyyət abidələrindən olan Çıraqqalanı növbəti illərdə daha çox turistin ziyarət edəcəyi gözlənilir. Bunu şərtləndirən əsas səbəb qalanın yaxınlığında, sıldırım qayanın altında yerləşən "Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin yerləşməsidir. 2015-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan müasir müalicə-istirahət kompleksi regionun turizm imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən yeni kompleks məşhur "Qalaaltı” kurortunun bazasında inşa edilib. Kompleksdə 354 nəfəri qəbul edə biləcək otel, villa və kotteclər var.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video