11 Iyun 2019 10:01
733
SİYASƏT
A- A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyənin Milli Müdafiə naziri ilə görüşüb


Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərində iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar ilə görüşüb.

Ali Məclisin Sədri Naxçıvana səfərlə bağlı qəbul etdiyi qərara görə Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara hörmət və ehtiramını bildirib, bu tarixi səfəri muxtar respublikanın həyatında mühüm hadisə kimi dəyərləndirərək deyib: Azərbaycan-Türkiyə əlaqələrinin əsası xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərliyi dövründə qoyulmuşdur. 1993-cü ildən isə münasibətlərimiz bir millətin, iki dövləti səviyyəsinə yüksəlmiş, ötən dövrdə ölkə Prezidentlərinin iradəsinə uyğun olaraq strateji tərəfdaşlığımız daha da möhkəmlənmişdir.

Ali Məclisin Sədri deyib: Ölkələrimiz arasındakı əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının mühüm yeri vardır. Xüsusilə muxtar respublika ilə qardaş ölkə arasındakı hərbi əməkdaşlıq məmnunluq doğurur. 1997-ci ildən bugünə qədər Naxçıvan Muxtar Respublikasında 600-ə yaxın Türkiyə hərbiçisi xidmət keçib. Eyni zamanda Heydər Əliyev adına Hərbi Liseyi bitirən 80-ə yaxın kursant Türkiyənin ali hərbi məktəblərində təhsillərini davam etdirib. Türkiyə Silahlı Qüvvələri Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərdə dəstəyini əsirgəməmiş, muxtar respublikadakı ordu, birləşmə və hissələrin ərzaq, geyim, əşya, texnika, tibbi avadanlıqlar və dərman vasitələri ilə təminatında təmənnasız köməklik göstərmişdir.

Ali Məclisin Sədri göstərilən dəstəyə görə Türkiyə dövlətinə və Türkiyənin Milli Müdafiə nazirinin şəxsində Türkiyə Silahlı Qüvvələrinə minnətdarlıq edib.

Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Naxçıvana səfərini və göstərilən qonaqpərvərliyi yüksək dəyərləndirərək deyib: Naxçıvan qədim tarixi və müasir inkişafı ilə tamamilə fərqli bir məkandır. Burada olmaqdan böyük məmnunluq duyur və özümüzü doğma vətənimizdəki kimi hiss edirik. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin də dediyi kimi, Naxçıvanda "Bir millət, iki dövlət” olduğumuzun bir daha şahidi olduq.

Hulusi Akar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Ali Məclisin Sədrinə çatdırıb, Naxçıvanın inkişafının qardaş ölkədə məmnunluqla qarşılandığını vurğulayıb.

Böyük öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, - fikirlərini xatırladan Hulusi Akar Moskva və Qars müqavilələrinə toxunub, Türkiyənin daim qardaş ölkə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib, ikitərəfli əlaqələrdən və qarşılıqlı etimaddan danışıb. Qeyd olunub ki, Türkiyə ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında ordu quruculuğu sahəsində əlaqələr hər iki tərəfin səyləri ilə inkişaf etdirilir.

Ali Məclisin Sədri Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlıq edib, onun da salamlarını Türkiyə Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov, ölkəmizin Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ərkan Özoral və Azərbaycandakı hərbi attaşesi İsmail Hakkı Köseali görüşdə iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video