Alternative content

01:55 18 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistandan növbəti təxribat
Ermənistandan növbəti təxribat
ANA SƏHİFƏ / SİYASƏT
01:42 11.06.2019


İşğalçı ölkə rəhbərliyinin təcavüzkar və qəbuledilməz siyasəti Qarabağ danışıqlarını pozmağa yönəlib


Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə çözümünə çalışsa da, Ermənistanın son addımları, xüsusən də cəbhədə işğalçı ölkənin ordusunun törətdiyi təxribatlar konfliktin hərbi həllini bu gedişlə qaçılmaz edəcək.

Yerevan rəsmilərinin, o cümlədən baş nazir Nikol Paşinyanın sözdə bir şey deyib, əməldə başqa addımlar atması hadisələrin məhz bu istiqamətdə inkişafını zəruri edir.

Söhbət konkret olaraq Ermənistanın müdafiə naziri David Tonoyanın əmrilə Azərbaycan hərbçilərinin qətlə yetirilməsindən gedir. Belə ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, David Tonoyan "Azərbaycan Silahlı Qüvvələrinin açdığı atəşlə vurulmuş hərbi qulluqçu Sipan Melkonyanın ölümünə görə cəza tədbirlərini həyata keçirən” hərbçilərə yüksək mükafatlar təqdim edib. Məlumata görə, hərbçilər onlara verilmiş tapşırığı yüksək səviyyədə yerinə yetiriblər.

Bütün bunlar son günlər işğalçı ölkə qüvvələrinin təmas xətti boyu bir-birinin ardınca həyata keçirdiyi təcavüzkar əməllərin məhz Ermənistan rəhbərliyinin şəxsi göstərişləri ilə baş verdiyini birbaşa təsdiq edir.

Xatırladaq ki, bu günlərdə Dağlıq Qarabağdakı Ermənistan silahlı birləşmələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi Elşən Xəlilov həlak olub.

Ötən ayın sonunda ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri ərəfəsində mayor Aqil Ömərovun qətlə yetirilməsi də sübut edir ki, Ermənistan atəşkəs rejiminin qorunub saxlanmasını, sülh danışıqlarının konstruktiv məcrada davam etdirilməsini istəmir.

Bütün mühüm parametrlərdə, o cümlədən hərbi müstəvidə Ermənistan üzərində böyük üstünlüyə malik Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yollarla həllində maraqlı olduğunu dəfələrlə bəyan edib. Bu, eyni zamanda Azərbaycanın indiyədək işğalçı ölkəyə etdiyi ən böyük güzəşt sayılır. Amma ölkəmiz Ermənistanın işğal siyasətini uzatmasını da qətiyyən qəbul etmək niyyətində olmadığını ən yüksək səviyyədə beynəlxalq ictimaiyyətin, o cümlədən münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin diqqətinə çatdırıb. Azərbaycan tərəfinin tələb olunacağı təqdirdə güc yolu ilə ərazilərini işğaldan azad etmək iqtidarında olmasını isə dünya ictimaiyyəti, o cümlədən işğalçı Ermənistan yaxşı bilir.

Lakin Ermənistanın baş naziri Nikol Paşinyanın ötən həftə Sankt Peterburqda forum zamanı işğalçı ölkənin rəhbərliyinin cəbhə xəttində təxribatlara hər hansı aidiyyətinin olması barədə sualı təkzib etməsi, sonra isə bu ölkənin müdafiə nazirinin belə açıqlama verməsi göstərir ki, ya baş nazir ölkəni idarə edə bilmir, ya da bütün bunlar yalandır və sülh danışıqlarının imitasiyasıdır. Belə bir qənaət yaranır ki, Paşinyan hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışır. Belə olan təqdirdə bütün məsuliyyət Ermənistan tərəfinin və şəxsən baş nazirin üzərinə düşəcək.

Azərbaycan tərəfi məsələni kifayət qədər konkret və sərt şəkildə qoyub. Bakının mövqeyi bundan ibarətdir ki, Ermənistanın mövcud rəhbərliyinin təcavüzkar və qəbuledilməz Qarabağ siyasəti danışıqları pozmağa yönəlib. Belə vəziyyət öz növbəsində münaqişənin alternativ yolla həllini aktuallaşdırır. Eyni zamanda o da danılmaz faktdır ki, Azərbaycan ərazilərinin gücdən istifadə edərək hərbi işğalının davam etdirilməsinə görə məsuliyyət daşıyan tərəf Ermənistandır.

BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə görə isə Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmayana qədər Ermənistan bu məsuliyyətdən qaça bilməz. Digər tərəfdən ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təqdim olunan və hazırda müzakirə edilən bütün sənədlərdə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisi kimi erməni və azərbaycanlı icmaları müəyyən edilib. Rəsmi Bakı Ermənistanın baş nazirinə ziddiyyətli açıqlamalarla çıxış etmək əvəzinə həmin sənədləri oxumağı tövsiyə edir. Amma Paşinyan bütün bunların əvəzinə təxribat xarakterli və ziddiyyətli açıqlamalarla yanaşı, cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə və danışıqlar prosesinin pozulmasına yönəlik addımlar atır.

Görünən budur ki, Ermənistanın siyasi-diplomatik başbilənləri müasir geosiyasi proseslərin sürətli yeniləşməsi qarşısında reallığı qəbul etməkdə acizdirlər. Bu səbəbdən də hələlik rəsmi Yerevan heç bir konstruktiv qərar qəbul edə bilmir. Belə vəziyyət öz növbəsində sürətlə Ermənistanın əleyhinə işləyərək onun üzləşdiyi problemlərin miqyasını daha da dərinləşdirir. Ekspertlər hesab edirlər ki, yaxın zamanda Ermənistan rəhbərliyi münaqişənin substantiv danışıqlar yolu ilə həllində, regionda davamlı sülhün və sabitliyin təmin olunmasında əməli addımlar atmasa, onda Azərbaycanın işğalçı ölkə üçün Aprel dərslərini təkrarlaması qaçılmaz olacaq.

Beynəlxalq ictimaiyyət Ermənistanın təxribatlarına sərt reaksiya verməli və bu ölkənin işğalçı siyasətinin, sülh danışıqlarını sabotaj etməsinin qarşısını almalıdır. Göründüyü kimi, vəziyyətin gərginləşməsinə görə məsuliyyət tam şəkildə Ermənistan və onun rəhbərliyinin üzərinə düşür.

İndi seçim qarşı tərəfindir. Ermənistan rəhbərliyi bundan əvvəl iqtidarda olan səhra komandirlərinin siyasətini davam etdirərsə, onda ordumuz tərəfindən sərt zərbələrə məruz qalacaq. Bu, işğalçı ölkə üçün həm də əlavə yeni problemlər deməkdir.

Elçin CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM