11 Iyun 2019 01:23
660
İQTİSADİYYAT
A- A+

Ölkə üzrə süni mayalanmadan 90 min baş bala alınıb


Azərbaycanda heyvandarlığın inkişafını təmin etmək məqsədilə həyata keçirilən tədbirlər nəticəsiz qalmır. Xüsusilə ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər çərçivəsində heyvan mənşəli məhsulların istehsalını artırmaq, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirmək məqsədilə çox işlər görülür.

Prezident İlham Əliyevin 2014-cü ildə Respublika Süni Mayalanma Mərkəzinin yenidən qurulması ilə bağlı verdiyi sərəncam bu gün heyvandarlığın sürətli inkişafi istiqamətində öz səmərəsini verir.

Sərəncama uyğun olaraq Göygöl rayonu ərazisində 3,26 hektar torpaq sahəsi ayrılmış və burada qabaqcıl texnologiyalara əsaslanan müasir Süni Mayalanma Mərkəzi yaradılmışdır. Mərkəzin fəaliyyəti üçün inşa edilmiş ikimərtəbəli binada laboratoriya, təlim mərkəzi, toxumun alınması üçün manej, eləcə də heyvanların saxlanması üçün yer və digər xidmətlər fəaliyyət göstərir.

Hər ili uğurlu göstəricilərlə başa vuran Respublika Süni Mayalanma Mərkəzinin kollektivi keçən il də yüksək göstəricilərə nail olmuşdur. Mərkəzin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Ramiq Abbasovla söhbətdən məlum oldu ki, keçən il ölkə üzrə 157 min 139 baş buzov süni yolla mayalandırılmış və nəticədə 90 min bala alınmışdır. 60 min nəfərə hər balaya görə dövlət tərəfindən 100 manat subsidiya verilmişdir.

Mərkəzdə bütün işlər şəffaflıqla həyata keçirilir. Məsələn, hər bir fermer əldə olunmuş toxumun keyfiyyəti barədə qabaqcadan məlumat almaq imkanına malikdir. Belə ki, mərkəzdə quraşdırılmış "İVOS-II” cihazı vasitəsilə süni mayalanmada istifadə edilən toxumun mənşəyi və keyfiyyəti barədə hər bir fermerə ətraflı məlumat verilir. Hətta aparat rayonlara göndərilən toxumların tərkibi haqqında da fermerlərin mobil telefonuna məlumatlar ötürür. Bundan başqa, mərkəzə alınmış yeni səyyar laboratoriya, həmçinin maye azotu daşımaq üçün ixtisaslaşdırılmış "MAN” avtomaşını da fermerlərin ixtiyarına verilmişdir.

Hazırda mərkəzdə 6 cins üzrə 37 törədici buğa var. Həmin buğalar Almaniyadan və Avstriyadan gətirilib. Buğalardan götürülən toxumlar xüsusi cihazlarda saxlanılır ki, bu da onların keyfiyyətinə zəmanət verir.

Hazırda süni mayalanmada istifadə olunan maye azot mərkəzin özündə istehsal olunur. Halbuki əvvəllər maye azot müxtəlif yerlərdən alınırdı ki, bu da çox xərc tələb etməklə yanaşı, bəzi hallarda keyfiyyətsiz olduğundan toxumun uzun müddət saxlanmasına imkan vermirdi.

Mərkəzin direktoru onu da əlavə etdi ki, əhali ən çox ətlik istiqamətində doğulan balalara üstünlük verir. Bu istəyi nəzərə alaraq yaxın vaxtlarda mərkəzə ətlik istiqamətində olan "Aberzun-anqus” və "Şarole” cinsli buğaların gətirilməsi üçün danışıqlar aparılır. Eyni zamanda gələcəkdə Zebu cinsindən olan buğaların, eləcə də Bolqarıstandan "Murrah” cinsli camışların alınması da diqqətdə saxlanılır.

Mərkəzdə heyvanların yem rasionuna xüsusi diqqətlə yanaşılır. Bunun üçün mərkəzə ayrılmış 60 hektar əkin sahəsinin 45 hektarında arpa, 9 hektarında buğda, 6 hektarında qarğıdalı əkilir. Məhsulun saxlanması üçün anbar və yemin emalı üçün sex də inşa edilmişdir.

Kadr hazırlığına da ciddi yanaşılır. Buradakı təlim mərkəzində təşkil olunmuş kurslarda mütəxəssislər öz biliklərini artırırlar. Bu yaxınlarda FAO təşkilatının (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) xətti ilə növbəti təlimlərə başlanacaq. Kursda bütün bölgələrdən 50 nəfərədək zootexnik və baytar iştirak edəcək.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video