09 Iyun 2019 02:17
724
İQTİSADİYYAT
A- A+

Dövlət proqramlarının icrası regionlarda sahibkarlığın inkişafını stimullaşdırır


Güzəştli kreditlərin 68 faizi aqrar sektorun, ümumilikdə isə 75 faizi regionların payına düşür


Ölkənin hərtərəfli və dayanıqlı inkişafı üçün müxtəlif dövlət proqramları icra edilir, struktur islahatları aparılır. Azərbaycanın bu yolla hərtərəfli inkişafını təmin etməyinin bir məqsədi də neft asılılığına son qoymaqdır. Qeyd edək ki, bu çalışmalar hədər getməyib, sözügedən istiqamətdə mühüm irəliləyişlərə nail olunub.

Qeyri-neft sektorunda məhsul istehsalının ildən-ilə artması bunu təsdiq edir. Və sözsüz ki, bu artımda, bu uğurlarda özəl sektorun, sahibkarlığın rolu daha çox olub.

Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda ölkədə sahibkarlığın inkişafı ilə bağlı verilən dövlət dəstəyi barədə demişdir: "Sahibkarlıqla bağlı siyasətimiz davam edəcək. Sahibkarlara dövlət tərəfindən böyük dəstək verilir - həm mənəvi dəstək, siyasi dəstək, maddi dəstək. Fermerlərə kreditlər, subsidiyalar verilir. Bu sahədə də təkmilləşmə gedəcək, texnika, gübrələr, yanacaq güzəştli şərtlərlə verilir. Bu sahədə də Azərbaycan nadir ölkələrdəndir ki, öz sahibkarlarına, öz fermerlərinə bu qədər diqqət göstərir. Əlbəttə ki, biz sahibkarlardan daha böyük nəticələr gözləyirik. Gözləyirik ki, onlar bundan sonra da ölkə iqtisadiyyatına öz töhfələrini verəcəklər”.

Həqiqətən, regionların inkişafına dair dövlət proqramlarının qəbulu sayəsində sahibkarlığın inkişafına dövlət dəstəyi daha da güclənmiş, güzəştli kreditlərin həcmi əhəmiyyətli dərəcədə artmışdır. Özəl sektorun fəaliyyətinin dəstəklənməsi və bu sahəyə dövlət qayğısının artması məqsədilə Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına bugünədək ölkə üzrə layihələrinin ümumi dəyəri 5 milyard manat olan 35600-dən çox sahibkara 2,3 milyard manat güzəştli kredit verilmişdir.

Bu kreditlər hesabına reallaşan layihələr nəticəsində 165 mindən çox yeni iş yeri açılmışdır. 68 faizi aqrar sektorun, 32 faizi müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilən kreditlərdə regionların payı 75 faiz olmuşdur.

Dövlət güzəştli kreditlərlə yanaşı, aqrar sektorda fəaliyyət göstərən sahibkarlara digər vasitələrlə də kömək edir. Məsələn, kənd təsərrüfatının inkişafında əhəmiyyətli mexanizmlərdən olan "Aqrolizinq” ASC vasitəsilə 2004-cü ildən bəri kənd təsərrüfatı texnikası lizinqə verilir, pestisidlər, texnoloji avadanlıqlar, tinglər, toxumlar, cins damazlıq heyvanlar güzəştli şərtlərlə istehsalçılara çatdırılır, onlara aqrotexniki xidmətlər göstərilir.

Regionlarda sahibkarlıq fəaliyyətinə yeni başlayanların dəstəklənməsi üçün isə Xaçmazda və Yevlaxda yerləşən Regional İnkişaf mərkəzlərində biznes inkubatorlar yaradılmışdır. Lazımi şərait və avadanlıqlarla, eləcə də tədris materialları ilə təmin olunmuş biznes inkubatorlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə biznesin sirləri öyrədilir.

Bunlardan əlavə, investisiya fəaliyyətinin genişləndirilməsi və təşviqi, ölkə iqtisadiyyatına sərmayə qoyuluşunun stimullaşdırılması üçün sahibkarlara investisiya təşviqi sənədlərinin verilməsinə başlanmışdır. 2016-2018-ci illər ərzində 292 sahibkarlıq subyektinə 333 investisiya təşviqi sənədi təqdim edilmişdir. Bu hesaba yerli istehsala 2,8 milyard manat investisiya yatırılacağı, 22 minədək yeni iş yerinin açılacağı nəzərdə tutulur. Aqrar sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin əlaqələndirilməsi, müvafiq sahənin inkişafı ilə bağlı təkliflərin hazırlanması məqsədilə meyvə-tərəvəz, şərab, fındıq, nar, xurma, tütün, tekstil, çay, zeytun, süd və süd məhsulları istehsalçıları və ixracatçılar, arıçılar, qablaşdırma sənayesi, qadın sahibkarlığının inkişafı üzrə assosiasiyalar, eləcə də İxracatçılar Klubu yaradılmışdır.

Bütün bunların sayəsində xüsusilə ölkənin kənd təsərrüfatı məhsulları ilə təminatı ildən-ilə yaxşılaşır, ixrac imkanları genişlənir. Təkcə 2017-ci illə müqayisədə ötən il meyvə-tərəvəz ixracı 11 faiz artaraq ölkəyə 530 milyon dollar həcmində gəlir gətirmişdir. Həmin dövrdə kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi 4,6, o cümlədən bitkiçilik məhsullarının istehsalı 6,8, heyvandarlıq məhsullarının istehsalı 2,7 faiz artmışdır. Bu nailiyyətlər müstəqillik dövründə qazanılan ən yüksək nəticədir.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video