09 Iyun 2019 02:16
536
İQTİSADİYYAT
A- A+

Rusiya şirkətləri Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır


Azərbaycan mükəmməl beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq formatı yaradıb. 25 il əvvəl "Əsrin müqaviləsi”nin imzalanması ilə neft-qaz sektorunda başlanmış birgə layihələr ölkəmizin getdikcə şaxələnən iqtisadiyyatının digər sahələrini də əhatə etməkdədir. Azərbaycanla iqtisadi əlaqə qurmaq istəyən ölkə və şirkətlərin sayı ildən-ilə artır. Bu da Azərbaycanın etibarlı tərəfdaş olmasından, ölkədə investisiyaların tam və şəffaflıqla qorunmasından, imzalanmış müqavilələrin şərtlərində bircə müddəanın belə dəyişdirilməməsindən qaynaqlanır.

Ölkəmizin Rusiya Federasiyası ilə də sıx iqtisadi əlaqələri var. Təqdirəlayiq haldır ki, yeni-yeni Rusiya şirkətləri Azərbaycanla əməkdaşlıq etmək məqsədindədir, bunun üçün əməli addımlar atır. Cari il 29 may-1 iyun tarixində Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində bu, bir daha təsdiqləndi. Tədbirdə Rusiya şirkətləri geniş tərkibdə təmsil olunmuşdu. Bu gəliş təkcə nailiyyətlərin nümayişi üçün deyildi. Rusiya müəssisələrinin ətraflı təqdimatı əslində özlərinə tərəfdaşlar, istehsal etdikləri məhsullara, təklif etdikləri xidmətlərə müştəri tapmaq idi.

Moskva şəhərində yerləşən "Enerqokontrakt” Şirkətlər Qrupu iqtisadiyyatın müxtəlif sahələrində çalışan işçiləri termiki risklərdən qoruyan geyimlərin Avropadakı iri istehsalçılarındandır. "Enerqokontrakt”ın əsas məhsulları neft-qaz və energetika sektoru üçün istehsal olunur. Bununla yanaşı, yanğınsöndürənlər və ayrı-ayrı sahələrdə çalışan qaynaqçılar üçün də geyimlər buraxılır. Bir sözlə, yüksək temperaturun risk yarada biləcəyi hər yerdə işləyənlər şirkətin məhsullarından istifadə edirlər. Bunlar müxtəlif kombinezonlar, gödəkçələr, plaşlar və digər geyimlərdir. Burada yağışdan, qardan, küləkdən, həşəratlardan qoruyan paltarlar da istehsal edilir. Müəssisənin bir sıra məhsulları isə qəza və axtarış-xilasetmə əməliyyatlarında çalışanlar üçün nəzərdə tutulub.

"Enerqokontrakt”ın Beynəlxalq Biznes Şöbəsinin rəhbəri Maksim Qolovanov Azərbaycanla indiyədək işgüzar əlaqələrinin olmadığını təəssüflə bildirdi. Azərbaycana ikinci dəfədir məhz bu əlaqələri qurmaq məqsədilə gəldiklərini söylədi:

- Neft və qaz sərgisində qurduğumuz stendə çoxsaylı şirkət və müəssisələrin nümayəndələrinin yaxınlaşması göstərir ki, qarşıya qoyulmuş bu məqsədə nail olacağıq. Əməkdaşlıq əlaqələri yaransa, Azərbaycanın neft, qaz, tikinti və digər sahələrdə çalışan işçiləri məhsullarımızdan çox razı qalacaqlar.

Tatarıstan Respublikasının Buqulma şəhərindəki Mühəndis-İstehsalat Mərkəzi də neft-qaz diyarı olan Azərbaycanın müvafiq müəssisə və təşkilatları ilə qarşılıqlı, faydalı münasibətlər yaratmaq istəyir. Belə ki, bu mərkəz 30 ildən çoxdur müxtəlif boru, boru hissələri və digər avadanlıqların istehsalı üzrə ixtisaslaşıb. Müəssisədə buraxılan çoxsaylı cihazlar neft, qaz, texniki su, lay suları, kimya məhsulları nəql edən boru kəmərlərinin "ömrünü” uzatmağa imkan verir.

Mühəndis-İstehsalat Mərkəzi eləcə də boru kəmərlərinin korroziya əleyhinə örtüklənməsi, boruların qaynaqsız birləşdirilməsi sahəsində texnologiya və xidmətlər təklif edir. Müəssisənin məhsulları "LUKoyl”, "Qazprom”, "Rosneft”, "Tatneft”, "Udmurtneft”, "Surqutneftqaz” kimi nəhəng şirkətlər tərəfindən müvəffəqiyyətlə istifadə olunur.

Mərkəz direktorunun inkişaf məsələləri üzrə müavini Dmitri Ayduqanov deyir ki, Rusiyadan başqa Belarusa və Qazaxıstana da məhsul göndəririk. Məqsədimiz bu coğrafiyanı genişləndirməkdir:

- Düşünürəm ki, Azərbaycana səfərlərimiz, sərgilərdə iştirakımız işgüzar əlaqələr qurmaq üçün bir körpü olacaq. Buna nail olsaq, Azərbaycanın tərəfdaşlıq etdiyi digər ölkələrin şirkətləri ilə də əməkdaşlıq körpüsü yarada bilərik. Təəssüf ki, Bakıya cəmi bir dəfə gəlmişik. Bununla belə, əməkdaşlığımızın relsə düşəcəyinə inanırıq. Çünki Azərbaycanın neft, qaz və ixrac layihələrində borulardan geniş istifadə olunur. Bizim fəaliyyətimiz isə boru kəmərlərinin etibarlılığına, möhkəmliliyinə, uzun müddət, həm də qəzasız istismarına xidmət edir.

Perm vilayətində yerləşən "Bittexnika” Açıq Səhmdar Cəmiyyəti 23 ildir fəaliyyət göstərir. Rusiyanın hər tərəfində əməkdaşlıq etdiyi şirkətlər var. Bundan əlavə, Azərbaycan, Qazaxıstan, Belarus, Ukrayna ilə də işgüzar əlaqələr qurmağa nail olub.

Müəssisənin əsas məhsulu neft-qaz avadanlığı, o cümlədən quyuların təmiri zamanı qəzaların qarşısını alan müxtəlif cihazlardır. ASC Azərbaycanın neft-qaz sektoru ilə də əməkdaşlıq edir. Hər il Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində iştirakın məqsədi bu əlaqələri daha da genişləndirməkdir.

"Bittexnika”nın satış meneceri Aleksandr Svirepov deyir:

- Müəssisəmiz məhsullarının istismarı zamanı onlara mühəndis-texnoloji xidmət göstərilməsini də təklif edir. Yüksək ixtisaslı mütəxəssislərimiz çalışdıqları sahədə ən mürəkkəb işləri yerinə yetirməyə qadirdirlər. Onlar istehsal etdikləri cihazların xarakteristikasını dərindən bilirlər, məhsulların istehsalata tətbiqi zamanı zəngin təcrübə toplayıblar.

"Bittexnika” daim öz məhsullarının çeşidini artırmağa, keyfiyyətini yüksəltməyə çalışır. Eləcə də yeni tərəfdaşlar axtarır və neft-mədən avadanlıqları bazarında öz mövqelərini möhkəmləndirmək üçün yeni yollar arayır.

Ardatov İşıq-Texnika Zavodunun 70 illik zəngin tarixi və təcrübəsi var. Müəssisə 1949-cu ildə Mordova Respublikasında yaradılıb. Həmin vaxtdan Rusiyanın işıqlandırma sistemi ilə bağlı tələbatını ödəyən məhsullar buraxır. Zamanın tələbləri baxımından bu məhsullar getdikcə təkmilləşir, onların yeni növləri yaradılır.

Ardatov rayonunda yerləşən müəssisə hazırda ölkənin məktəb, xəstəxana, uşaq bağçaları, yaşayış evləri, sənaye müəssisələri üçün işıqlandırıcılar istehsal edir. Zavodun marketinq şöbəsinin müdiri Vladimir Zavodov deyir ki, məhsullarımızın hamısının təyinatı işıqlandırma olsa da, onların ayrı-ayrı növləri bir-birindən çox fərqlənir. Məsələn, elə cihazlar var ki, verdiyi işıq sabitdir. Elələri də var ki, onlarda işığın rəngini dəyişmək mümkündür. Hər kəsin öz əhvali-ruhiyyəsinə uyğun işıq yandırması mümkündür. Yəni xəstəxanada müalicə alanlar, ofisdə iş başında olanlar, yaxud sadəcə, evində dincələnlər bu cihazlarda işığı azaldıb-çoxalda, rəngini dəyişdirə bilər. Bir sıra məhsullarda ağ işıqdan başlayaraq qırmızının ən müxtəlif çalarlarınadək müxtəlif rəngli işıqlar almaq olur. Lakin söhbət böyük istehsalatlardan, məsələn, mədənlərdən gedirsə, bu yerlər üçün nəzərdə tutulan məhsulun xarakteri tamamilə başqadır.

Zavodun ən çox diqqəti cəlb edən məhsulları sırasında istilikxanalar üçün buraxılan geniş çeşidli işıqlandırıcılar da var. Onlar bitkilər üçün günəş işığını maksimum əvəz edir. Eləcə də bitkilərin tez yetişməsinə, məhsuldarlığın 7-10 faiz artmasına təkan verir. Bu cür işıq yetişdirilən bitkilərdə nitratların 20-40 faiz azalmasına səbəb olur, yəni keyfiyyətin yüksəlməsinə xidmət edir. Onlar həm də qənaətcildir, enerjidən səmərəli istifadə edir və istismarda təhlükəsizdir.

Müəssisənin kiçikhəcmli işıqlandırıcıları da var ki, onlardan evdar xanımlar mətbəxlərdə istədikləri məhsulları az miqdarda özləri bitki yetişdirmək üçün istifadə edə bilərlər. Qadınlar bu məhsula çox maraq göstərirlər.

Ardatov İşıq-Texnika Zavodu Azərbaycanda özünə istehlakçılar, məhsuluna alıcılar axtarır. Zavodun nümayəndəsi V.Zavodov deyir ki, işıqlı cənub şəhərinizin, günəşli respublikanızın sakinlərini - istər neft-qaz, istərsə də digər sahələrdə çalışan insanları - ən gözəl, keyfiyyətli və gərəkli işıqlandırıcılarla təmin etməkdən məmnunluq duyarıq.

Bu, əslində, Azərbaycanla əməkdaşlıq etmək, tərəfdaşlıq olmaq istəyənlərin hər birinin ürəyindən gələn sözlərdir.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video