09 Iyun 2019 02:07
1283
İQTİSADİYYAT
A- A+

Almaniya vətəndaşı olan soydaşımız Ağstafada nümunəvi aqroservis yaradılıb


Azərbaycanda qeyri-neft sektorunun əsasını təşkil edən aqrar sahə inkişaf etdikcə sosial və istehsal infrastrukturlarının inkişafına, regonal proqramların yerinə yetirilməsinə, eləcə də kənd və qəsəbələrin müasirləşdirilməsinə və insanların həyat şəraitinin yaxşılaşmasına geniş imkanlar açılır. Bu baxımdan son illər Ağstafada müxtəlif tədbirlər həyata keçirilmiş, onların sayəsində daxili tələbatın ödənilməsinə yönələn istehsal sahələri genişlənmiş, əhalinin məşğulluğu təmin edilmişdir. Belə müəssisələrdən biri "Ağstafa Aqroservis” MMC-dir.

2012-ci il aprel ayının 12-də Prezident İlham Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamış MMC-nin sayəsində rayonda məhsuldarlığın artmasına və torpaq ehtiyatlarından daha səmərəli istifadə olunmasına geniş imkanlar yaranmışdır. Tikintisinə 2010-cu ildə başlanmış müəssisəni Almaniyanın "Wolf System” şirkəti ilə "Akkord” Şirkətlər Qrupu inşa etmişdir. Almaniyanın aparıcı şirkətlərinin istehsalı olan və müasir standartlara cavab verən texnika və avadanlıqların köməyi ilə 14 min hektar sahəyə xidmət göstərmək gücünə malik müəssisədə qazanılan uğurlar burada ikinci layihənin gerçəkləşməsinə və bununla da aqrosənaye kompleksinin yaradılmasına imkan vermişdir. Belə ki, aqrosənaye kompleksinin nəzdində Taxıl və un iəmulatları istehsalı kombinatı inşa edilmişdir. Burada saatda 1 ton istehsal gücünə malik çörək zavodu, 30 min tonluq taxıl, 2 min tonluq un rezervuarları, mədəniyyət mərkəzi, 300 yerlik konfrans zalı, hazır məhsul anbarı, "fast food” iaşə obyektləri, müasir standartlara cavab verən 140 yerlik yeraltı avtomobil dayanacağı tikilmişdir. Ümumi sahəsi 2 min kvadratmetr olan "fast food” iaşə obyektində kompleksin istehsal etdiyi çörək, un və qənnadı məhsulları satılır.

Kompleksdə Avropa, əsasən Almaniya və İsveç texnologiyalarından istifadə olunur. Layihəyə 6 min hektar torpaq sahəsini əhatə edən taxılçılıq təsərrüfatı da daxildir. Burada inşa edilmiş taxıl dəyirmanının emal gücü sutkada 120 tondur. Qabaqcıl texnologiyaların tətbiqi dəyirmanın məhsuldarlığını artırmışdır. Yəni burada həm yüksək keyfiyyətli, həm də minimum itki ilə un məhsulları hazırlanır. Üstəlik, tullantılardan da istifadə olunur. Dəyirmanda emala verilən taxıl yuyulmur. Proses nəmləndirici xüsusi texnologiya ilə həyata keçirilir, un keyfiyyətli olur, vaxt və məhsul itkisinin qarşısı alınır. Emal zamanı yaranan kəpək və digər qırıntılardan heyvandarlıq üçün yem istehsal edilir.

36 min tonluq anbarı olan müəssisənin emal sexində buğda çeşidləndikdən sonra saflaşdırılaraq qablaşdırılır. Çeşidlənən buğda müəssisədəki hər birinin tutumu 5 min ton olan 6 çənə yığılır. Buğda üyüdüldükdən sonra keyfiyyətinə görə çeşidlənir. Çeşidlənmiş unun bir hissəsi 50 kiloqramlıq kisələrə doldurularaq 1-ci nov un kimi satışa çıxarılır. Bir hissəsi isə çorək və yarımfabrikatların, eləcə də şirniyyat məmulatlarının hazırlanmasında istifadə olunur.

Burada əhaliyə yarımfabrikat şəklində çörək də təklif edilir. Həmin çörəklər havası çıxarılmış xüsusi sellofan paketlərdə, vakuum şəraitində saxlandığı üçün uzun müddət qala bilir. İstehsal edilmiş bu çörəklərin daxili bazarla yanaşı, xaricə də ixrac olunması üçün danışıqlar aparılır. Artıq bununla bağlı Almaniyanın "ALDU” və "LİDL” ticarət şirkətləri ilə müqavilələr bağlanmışdır.

Ağstafa Aqrosənaye Kompleksi müşahidə şurasının sədri Rəsul Orucov deyir ki, müəssisəni daha da genişləndirmək fikrindədirlər. Növbəti mərhələ Ağstafanın Böyükkəsik qəsəbəsində 2400 başlıq cins inək fermanın tikintisi ilə davam etdiriləcək. Burada sutkalıq gücü 50 ton olan kərə yağı istehsalı sexinin tikintisi nəzərdə tutulur. Hazırda layihənin icrası ilə bağlı işlər gedir. Burada heyvandarlıq iki istiqamətdə ətlik və südlük istiqamətində inkişaf etdiriləcək.

Qazax rayonunda müəssisənin loqistik mərkəzi də inşa olunur. Mərkəzin yaradılmasında məqsəd Azərbaycan və Gürcüstan ərazisindən keçən Avropa istehsalı olan maşın və mexanizmlərinə servis xidməti göstərməkdir.

Almaniya vətəndaşı, kənd təsərrüfatı sahəsində zəngin təcrübəyə malik olan Rəsul Orucov söhbət zamanı digər maraqlı məqamlara da toxundu. Dedi ki, Avropada aqrar sektor "tarladan istehlakçıya” prinsipi ilə fəaliyyət göstərir. Fermerlər kənardan toxum almırlar. Onlar toxumu özləri istehsal edirlər. Bitkini növbəli əkirlər. Bu, həm səmərəliliyi yüksəldir, həm də məhsulun maya dəyərinə müsbət təsir göstərir: "Avropa təcrübəsini "Ağstafa Aqrosənaye” Kompleksində də tətbiq etməyə başlamışıq. Biz də növbəli əkin sisteminə keçmişik. Xüsusilə taxıl biçinindən sonra paxlalı bitkilərin əkinini aparırıq. Doğrudur, paxlalı bitkilərin toxumunu hələ xaricdən gətiririk. Həmin toxumların keyfiyyətliliyinə təminat məqsədilə ultrabənövşəyi şüa ilə seçirik. Lakin qərara almışıq ki, yaxın vaxtlarda yonca, qarğıdalı, günəbaxan toxumları kimi paxlalı bitkilərin toxumunu da özümüz istehsal edək.

Müşahidə şurasının sədri onu da bildirdi ki, Avropa ölkələrində artıq kiçik təsərrüfatlar birləşərək böyük təsərrüfatlara çevrilir: "Orada torpağı az olan fermerlərə banklar kredit vermir. Deyirlər ki, gedin, birləşib böyük təsərrüfat yaradın. Azərbaycanda da çoxlu sayda az torpağı olan təsərrüfat sahibləri çoxdur. Onların bəziləri taxıl, bəziləri qarğıdalı, bəziləri bostan bitkiləri əkir. Nəticədə bitkinin vegetasiya dövründə tozlanması pis getdiyindən məhsuldarlıq aşağı düşür. Yaxşı olardı ki, bu sahədə Avropa metodundan istifadə olunsun”.

Qeyd edək ki, hazırda kompleksin 2700 hektar əkin sahəsi var. Ancaq layihə üzrə bu rəqəm 15 min hektar olmalıdır. Mövcud texnika və aqreqatların sayı da bu rəqəmə hesablanmışdır.

Bu gün müəssisədə 230 nəfər çalışır. Ancaq bu son hədd deyil. Nəzərdə tutulub ki, müəssisə tam gücü ilə fəaliyyətə başladıqdan sonra işçilərin sayı 600 nəfərə çatdırılsın. Müəssisədə orta aylıq əməkhaqqı isə 600 manatdır. İşçilər gündə bir dəfə pulsuz yeməklə təmin olunurlar. Onların iş yerlərinə rahat gəlib getmələri üçün xüsusi avtobuslar da ayrılmışdır.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video