Alternative content

16:43 25 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Zemfiranın alim ömrü, sevgi nağılı
Zemfiranın alim ömrü, sevgi nağılı
ANA SƏHİFƏ / Mədəniyyət
01:55 09.06.2019


1945-ci ilin sentyabrı, sərin payız günüydü...

Dəhşətli savaşın qan-qadalı günləri yenicə bitmişdi...

Sonradan Bülbülün adını daşıyacaq musiqi məktəbinin 1-ci sinfinin bir az küskün, bir az narazı, amma hamısı dəcəl olan uşaqlarını güclə parta arxasında oturtmuşdular...

Elə həmin gün bir hörüklü gözəl ilk baxışdanca qəlbini ovladı...

Elə həmin gün baxışları toqquşdu, göz-gözə gəldilər...

Dalaşdılar, barışdılar, sonra yenə küsüşdülər, amma gizlətsələr də, bir-birlərinin qəlblərinin sarı simlərinə toxunduqlarını hər zaman duydular...

İllər-illəri əvəz etdi, amma bu sevgi heç zaman solmadı, elə ilk günkü təravətini, ətrini qoruyub saxladı...

Qərinələrə meydan oxuyan bu sevgi nağılı indi də - 74-cü ilində də eyni şövqlə, hərarətlə davam edir...

Adətən nağıllar "biri vardı, biri yoxdu” deyə başlayır, amma bu nağılda həm biri var, həm də o biri...

Zemfira və Anar...

Tanınmış ailənin qızı idi, məşhur ailənin gəlini oldu, şöhrətli yazıçı ilə ailə qurdu...

Amma heç zaman əhatəsindəki bu şan-şöhrət budaqlarının kölgəsində daldalanmadı, itmədi... Hər zaman öz yolu, öz izi oldu, zirvələrə doğru addımladı...

AMEA-nın həqiqi üzvü, sənətşünaslıq doktoru, professor, əməkdar incəsənət xadimi, əməkdar elm xadimi, AMEA-nın "Azərbaycan musiqisinin tarixi və nəzəriyyəsi” şöbəsinin müdiri, Bəstəkarlar İttifaqının üzvü Zemfira Səfərova ilə "Zəriflərin dünyası”nda ömür yoluna doğru xatirələr cığırıyla irəliləyirik...


Bilmirsən ki, indi tezdir, yoxsa gecikmisən...


- Qapalı insan olmuşam. Kədərimi, sevincimi, sirrimi heç kimlə bölüşmək istəməmişəm. Əlbəttə, belə "qapalı” yaşamaq da çətindir. Lakin kiminləsə bölüşəndə də özümdə bir yüngüllük hiss etməmişəm, əksinə, kiməsə öz yükümü verərkən, problemlərimi söyləyərkən onun da bu yükdən ağırlaşdığını hiss etmişəm və bundan daha artıq əzab çəkmişəm. Amma insan yaşa dolduqca onun xasiyyəti də dəyişir, elə həyata münasibəti də. İllər sonra xatirələrimi yazmağa başladım, "Ardı yaşanılır” adlı kitabım çıxdı... Düşünürdüm ki, bu ölüm-itim dünyasında kim bilir ömrünün sonu nə vaxtdır? İndi tezdir və ya artıq gecikmisən?


Sibirə sürgün edilmiş atama məktub yazırdım


Qəribədir ki, Zemfira xanım 1937-ci ildə pasportunda qeyd edildiyi kimi, Kislovodsk şəhərində deyil, Bakıda anadan olub. Anası doğum haqqında şəhadətnaməni itirdiyindən yenisini almaq üçün JEK-ə (evlər idarəsinə) müraciət edir. Oradan isə məsləhət görürlər ki, yazdığı ərizədə Kislovodsk şəhərində doğulduğunu göstərsin, çünki müharibə illərində almanlar oranın arxivini tamamilə yandırmışdılar.

Onun doğulduğu "nəhs” və dəhşətli 37-ci ilin repressiyalarının zülmündən atası görkəmli neft mühəndisi, iki dəfə Stalin mükafatı laureatı, Neft Daşlarının ilk qurucularından olan Yusif Səfərov da nəsibini almışdı...

- Atam çox ağır həyat yaşadı və cəmi 56 il ömür sürdü. Amma mənə həmişə elə gəlirdi ki, o, yaşlı ikən vəfat edib, çünki həyatı çox dolğun, gərgin, müxtəlif mürəkkəb hadisələrlə dolu idi. O, NKVD-nin zirzəmisində yatmışdı, Sibirə sürgün edilmişdi. Lakin bütün bunlar onun dəmir iradəsini sındıra bilməmişdi. Mən ona Kemerova vilayətinin ucqar kəndinə məktub yazırdım ki, bizdən nigaran qalmasın, darıxmasın...

Atam sürgündə olanda ailəmizin yaşadığı evdən çıxarılması haqqında sərəncam gəlmişdi. Bibim Səbiyə Moskvaya Baybakova teleqram vurmuş, ona bu haqda məlumat vermişdi. Yalnız bundan sonra biz öz evimizdə qala bilmişdik. Onun sürgündən qayıdıb gəldiyi gün də yadımdadır...

İndi Amerikada "Okean star” neft muzeyində ən məşhur dünya neftçiləri ilə bərabər Azərbaycandan yalnız iki nəfər neftçi - Yusif Səfərov və Ağa Qurban Əliyev ölkəmizi təmsil edir.


Üzeyir bəy "Qaragöz”ü anama ithaf etmişdi


- Böyük musiqi istedadına və gözəl səsə malik olan anam Cəvahir Firudinbəyli isə gənc yaşlarından Üzeyir bəyin xorunda oxumuş, sonralar solist kimi konsertlərdə çıxış etmişdi. Ü.Hacıbəyov "Qaragöz” mahnısını anama ithaf etmişdi. Üzeyir bəy onun istedadını və səsini xüsusi qiymətləndirir, gələcəyinə böyük ümid bəsləyirdi. Anam səhnəni buraxdıqda Üzeyir bəy buna təəssüf etmişdi. Sonralar tarzən Qurban Pirimov da mənim yanımda atamla olan söhbətində bu barədə ona demişdi və bir balaca onu məzəmmət də etmişdi ki, "yəqin sən onun oxumasına mane olursan”. Əlbəttə, atam anamın səhnədə oxumasına razı deyildi, amma mənə elə gəlir ki, əgər anam bu işdə daha inadkar olsaydı, öz istəyinə nail olardı. Lakin qisməti bu imiş. Anam özünü ailəsinə, uşaqlarına həsr etdi...

Amma onun ifa etdiyi "Uca dağlar başında”, "Üçtelli durna”, "Qaragilə” kimi xalq mahnılarının sədası indi də qulağımda səslənir. Mənə xalq musiqisinə, muğamata və xüsusilə də Üzeyir bəyin yaradıcılığına maraq və məhəbbəti anam oyadıb aşılamışdı.

Xalq mahnılarsız mən həyatımı təsəvvür edə bilmirəm. İndinin özündə də məni ən çox təsirləndirən, riqqətləndirən musiqi bizim xalq mahnılarımızdır.

Tarzən Bəhram Mansurov da gənc vaxtı anamın ifasını eşidib bəyənmişdi və biləndə ki, Cəvahir xanım mənim anamdır, bir gün akademiyaya zəng edib mənə dedi ki, "Cəvahir xanımı çoxdan axtarıram və görüşmək üçün hamınızı evimə dəvət edirəm”. Anam, Anar, Rəfael Hüseynov Bəhram müəllimgilə getdik. Orada Bəhram müəllim tarı aldı sinəsinə və çalmağa başladı. Sonra anam da qədimsayağı xallar vura-vura bir-iki mahnı oxudu. O, elə təravətlə oxuyurdu ki, elə bil heç yaşı 70-i ötməmişdi...


Anarla 74 il öncəki tanışlıq...


- 1945-ci ildə konservatoriyanın nəzdində olan xüsusi musiqi məktəbinə fortepiano sinfinə qəbul olundum.

Sentyabrın 15-də Anarın da bizim sinfə ilk gəlişini bugünkü kimi xatırlayıram. O, anası ilə gəlmişdi. Yadımdadır, anasının qolundan yapışıb onu buraxmaq istəmirdi. Hündür boylu və dolu qadın olan Nigar xala (Nigar Rəfibəyli) balaca partaya güclə yerləşib, dərsin axırınadək oğlu ilə oturdu. Anarla 10 il bir sinifdə oxuduq.

Məktəbdə ən çətin fənlərdən əvvəl tənəffüsdə Anar bizdən soruşardı ki, müəllim hansı dərsi verib? Həmin paraqrafları vərəqləyib, çıxıb çox gözəl cavab verərdi. Qızlar da hirslənib deyərdilər ki, evdə dərsi əzbərləyib gəlib, burada özünü bizə göstərir, guya bu boyda dərsi tənəffüsdə beş dəqiqə ərzində öyrənmək olar! Amma sonradan anladıq ki, onun qeyri-adi istedadı varmış... İdman dərslərində isə, xüsusilə basketbol oynayanda deyirdi: - "Gəlin belə oynayaq; - siz hamınız, mən tək”.


İtmiş şəklin illər sonra açılan sirri


- Məktəb illərində bacım Elmira ilə piano üstündə mübahisəmiz düşərdi ki, birinci kim çalacaq. Həmişə də güzəştə gedən mən olardım. Ona görə də notlarımı götürüb ya qonşumuza, ya da nənəmgilə gedərdim piano çalmağa. Çox keçmədi ki, atam "Bekker” firmalı böyük qara bir royal aldı. Artıq biz Elmira ilə ayrı-ayrı otaqlarda eyni zamanda çala bilirdik. Atam isə evə girəndə qulaqlarını tutub deyərdi: "Ev deyil ki, konservatoriyanın filialıdır!”. Elə buna görədir ki, atam qardaşım Çingizin musiqi məktəbinə getməyinə qəti etiraz etdi və o, atam kimi neftçi oldu.

Məktəbdə əlaçı idim, hamıdan yaxşı oxuyurdum. 4-cü sinifdən 10-cu sinfə qədər xüsusi əlaçı təqaüdü alırdım. Şəklim əlaçıların lövhəsində 10 il boyu asıldı. Yeddi və ya səkkizinci sinifdə idik. Lövhədə hörüklü və bantlı şəklim asılmışdı. Bir gün bu şəkil oradan yox oldu. Heç kim bilmədi ki, şəkli taxtadan kim çıxarıb. Hətta dərs-hissə müdiri Əziz müəllim oğlanları çağırıb sorğu-suala tutaraq soruşdu: "Düzünü deyin, şəkli taxtadan hansınız götürüb?”. Lakin hamı susurdu. Üstündən çox illər keçəndən sonra həyat yoldaşım Anar etiraf etdi ki, şəkli o vaxt özünə xatirə kimi götürmüşdü...

10 il əlaçı olmağıma və son imtahanlardan da 5 aldığıma görə qızıl medala təqdim edilmişdim. Amma o zaman haqsızlıqla üzləşdim. Məni medaldan kəsmək üçün nazirliyə göndərilən yazılı işlərim əla qiymətdən dördə salınmışdı. İnanmırdım ki, belə ədalətsizlik, qeyri-obyektivlik ola bilər. Çox pis oldum, günlərlə yeyib-içmədim, ağladım.


Sevgi etirafı


1962-ci ilin 27 yanvarı idi. Dağüstü parkda yerləşən "Drujba” (Dostluq) restoranında təmtəraqlı toy-büsat qurulmuşdu. Bu toyun tamadası xalq yazıçısı Süleyman Rəhimov, oxuyan isə Gülağa Məmmədov idi. Toya xeyli təbrik ünvanlanmışdı və həmin təbriklərin arasında Nazim Hikmətin də teleqramı var idi: "Cavanlara dünyada ən çətin şey olan səadət arzulayıram”.

- Məktəbi bitirdikdən sonra konservatoriyanın qarşısında Anar məni sevdiyini etiraf etdi. Bu etiraf isə həyatımı tamam dəyişdi. Sonra o, mənə ətraflı məktub yazdı və orada olan bir cümlə həmişəlik yadımda qaldı; "Mən sənə əbədi abidə ucaldacam”. Mən hələ bir müddət ona razılığımı verib "hə” demirdim, baxmayaraq ki, o da mənim xoşuma gəlirdi...

Hələ konservatoriyanı bitirməmiş elçilər gəldi və biz nişanlandıq...

Rəsul əmi (Rəsul Rza) yaradıcılığında novator olduğu kimi, həyatda da hər şeydə yenilik etmək tərəfdarı idi. Bizim toyumuza 200-dən çox qonaq dəvət edilmişdi. Hamıya da deyilmişdi ki, hədiyyəsiz gəlsinlər. Nigar xala isə bizim toyumuza "Toy” adlı şerini həsr etmişdi.

Deyirlər qısqanırsan, anasan əlbət

Oğlun bu gün toy eyləyir, səndən ayrılır.

Ürəyimdə fərəh də var, qısqanclıq da var

Körpəlikdən sinəm üstə böyütdüm onu

İndi bizə gəlin gəlir, toy-düyün gəlir,

İstədiyim, gözlədiyim gözəl gün gəlir,

Kim istəməz belə qəşəng, əziz qonağı...

Toydan az sonra biz Moskvaya oxumağa, Anar ssenari kurslarına, mən isə aspiranturaya getdim. O illər çox gənc idik, həyatımız da maraqlı keçirdi. Ekranlara buraxılmayan xarici filmlərə baxır, teatra, konsertlərə gedirdik. Bir otaqlı evimizə Bakıdan, həm də Moskvadan çoxlu qonaqlar gələrdi, onların arasında Vaqif Səmədoğlu da var idi...


Ən xoşbəxt illərim, günlərim, anlarım...


- Fikirləşəndə ki, ən xoşbəxt illərim, günlərim, anlarım nə zaman olub, əlbəttə ki, birinci növbədə övladlarımın doğulduğu vaxtı xatırlayıram. Yeni insana həyat verməkdən daha gözəl nə ola bilər? İkinci növbədə, ən xoşbəxt illərim, günlərim "yaradıcılıq balalarım” sayılan kitablarımın işıq üzü görməsidir. Bu sevincli və fərəhli anlar yaddaşda həmişəlik həkk olunur. Məndən soruşanda ki, sən xoşbəxtsən? Deyirəm nə vaxt? Həmin vaxt ola bilər xoşbəxt olum, ola bilər heç olmayım. Yəni mənim üçün xoşbəxtlik xroniki, müəyyən olunmuş hal deyil. Xoşbəxt olmaq olar bir an, bir gün, bir saat, həmişə xoşbəxt olmaq mümkün deyil!

Hər zaman Anarla bir-birimizə sevgi ilə, hörmətlə yanaşmışıq. Belə olmasa, ailəni ayaqda saxlamaq mümkün deyil! Bütün işlərimdə Anarın dəstəyini görmüşəm, eləcə də mən ona dəstək olmuşam. Amma deyim ki, yazıçının həyat yoldaşı olmaq heç də böyük xoşbəxtlik deyil, özü də Anar kimi yazıçının...

Çünki bu insanın beyni günün demək olar ki, 24 saatı məşğul olur. Hərdən zarafatla deyirəm ki, "sənin qəbul günün nə vaxtdır, gəlim qəbuluna”. Əlbəttə, bu sözlərdə şişirtmə də var, amma həqiqət də az deyil...


İki sevdiyimiz insanı eyni anda itirmişdik


- Yadımdadır, Tural anadan olanda Nigar xala mənə "Şanel 5” ətri gətirmişdi. O, nəvəsini görəndə "Nə böyük oğlandır, yanaqları da portağal rəngindədir” demişdi. Rəsul əmi də mənə onları baba, nənə etdiyim üçün təbrik məktubu yazmışdı.

40 gün uşağa ad qoymadıq. Anarın "Dədə Qorqud”la məşğul olan vaxtları idi, ona Tural adı vermək istəyirdi. Lakin biz etiraz edirdik, Anar isə o qədər Tural adını çəkmişdi ki, artıq bu ada qulağımız öyrəşdi...

Nigar xala həlim xasiyyətli, mehriban qadın idi. Bəzən deyirlər ki, Rəsul əminin dili acı olub. Amma bu diliacılıq deyildi. O, obyektiv idi, hər şeydə doğruluğu sevirdi. Üzdə insanlara gülüb, arxada bir cür danışmırdı. Doğruluğu sevdiyim üçün onun bu hərəkəti xoşuma gəlirdi.

Ailəmiz üçün 1981-ci il çox dəhşətli və ağır il oldu. Aprelin 1-də Rəsul əmi Mərdəkanda qəfildən (biləndə ki, Nigar xalanı Moskvaya xəstəxanaya aparmaq lazımdır) keçinmiş, iyulun 10-da - iki ay 10 gündən sonra isə Nigar xala uzun sürən xərçəng xəstəliyindən sonra vəfat etmişdi. Xəstəxanada Nigar xalanın yanında mən də qalırdım, ona kitab oxuyurdum. Nigar xala son aylarını yaşayırdı, özü də Rəsul əminin ölümündən xəbərsiz idi. O gərgin, əsəbi ayların dəhşəti indi də məni vahimələndirir.

Amma Anarın iradəsinə təəccüb edirdim. Həmin vaxt "Üzeyir Hacıbəyov: Uzun ömrün akkordları” filmi çəkilirdi. Evdə isə yas idi. Film də Şuşada çəkilirdi. Biz bir cümə axşamından o biri cümə axşamınadək Şuşada olurduq, sonra təyyarə ilə Bakıya yasa uçurduq.


Gənc olmasam da, bu gün də önəmli elmi layihələr üzərində işləyirəm


- Musiqiyə olan sevgim anamdan, elmə həvəs isə atamdan keçib. Bu sahələrin hər ikisi də istedad tələb edir. Əbəs deməyiblər ki, yalnız oxumaqla alim olmaq olmaz.

Azərbaycan musiqisində demək olar ki, aparıcı Üzeyirşünas aliməm. Dahi bəstəkar haqqında ilk kitabım Moskvada Qara Qarayevin ön sözü ilə çıxıb. Təvazökarlıqdan uzaq da olsa deyim ki, Q.Qarayev hər kitaba ön söz yazmazdı. Musiqişünaslıqda məxəzşünaslığın əsasını mən orta əsr risalələrini nəşr etməklə qoymuşam. İlk dəfə Səfiyəddin Urməvinin risalələrini çap etdirmişəm, Əbdülqadir Marağayinin isə musiqi əsərlərini səsləndirmişəm. Musiqişünaslıqda Elmlər Akademiyasına həqiqi üzv hələ ki, yeganə mənəm.

Rəhbərlik etdiyim şöbədə Azərbaycan musiqi tarixini hazırlayırıq. Artıq 3 cildi çapdan çıxıb. IV-V cildlərin üzərində isə gecə-gündüz çalışırıq və onların təqdimatına hazırlaşırıq.

Bütün bunlar və sadalamadığım digər işlərimin arxasında şübhəsiz ki, böyük zəhmət durur. 50-yə yaxın kitabın, monoqrafiyaların, 260-dan artıq elmi məqalənin müəllifiyəm. Bir sıra kitablarım xaricdə müxtəlif dillərdə nəşr olunub. İstəmişəm ki, hər zaman məni özümə görə qiymətləndirsinlər. Mənim üçün kimin qızı, kimin həyat yoldaşı olmaqdan daha vacib özümün kim olmağımdır... Özümdən sonra nə cür iz və irs qoyacağımdır... Bu mənim seçimim, mənim taleyimdir...


O, şeiri oxuyan zaman qüssələnmişdim...


- Anarın əsərlərinin ilk oxucusu olmuşam. Ümumiyyətlə, əsərlərimizin hələ mürəkkəbi qurumamış bir-birimizə avtoqraf yazıb bağışlamışıq. Həm klassik, həm müasir poeziyanı xoşlayıram. Anar mənə də şeir həsr edib. Evlənməyimizin 40-cı ilinə şeir yazanda Anar İstanbulda dərs deyirdi, mən isə Bakıdaydım. Sonra doktorluq dissertasiyası zamanı mənə 6 aylıq ezamiyyət verdilər və onun yanına getdim. Səhər-səhər idi, Anar dedi ki, istəyirəm sənə bir şeir oxuyum. O, şeiri oxuyan zaman çox qəhərlənmişdim...

"Zemfirama” adlanan həmin şeir "Qızıl toy”umuza qızımız Günelin hədiyyə etdiyi "50 illik nağıl” adlı albomunda da çap olunub. O, bizə daha bir sürpriz etmişdi. Şeirin mətninə Vaqif Gərayzadə mahnı bəstələmiş və onu İlqar Muradov oxumuşdu. Mahnını ilk dəfə dinləyəndə qüssələnmişdim.

Dünyayla vidalaşıb,

Ömür sərhəddin aşıb

Çəkiləndə qeybə biz

O biri dünyada da

Bir vuracaq qəlbimiz...


"Ölmək bizim üçün tezdir, hələ evimizdə işlərimiz var!”


- Çox vaxt belə sözlər eşidirsən, xüsusilə də dünya görmüş, yaşlaşmış insanlar haqqında: O, hər şeyi bilirdi, bir ölüm gününü bilmirdi. Rəsul Rza özünün "Qorxu” şeirində bu haqda belə deyir: qoca fillər ölüm günlərinin yaxınlaşdığını bilirlər. Bir neçə gün qabaq başlarını salıb aşağı nə sənə, nə mənə, xortumları yellənə-yellənə çəkilirlər meşənin tənhalığına. Uzanıb sakit gözləyirlər ölümü. Son vaxtlar mənim də qoca fil olmaq qorxusu yaman sıxır könlümü...

Son vaxtlar ölüm haqqında tez-tez düşünürəm, bilmirəm bu itkilərlə bağlıdır, yoxsa xəstəliklərlə, yaşımın artması ilə... Amma sonra həmişə başımı işlə qatıram. Lap Dədə Qorqud rəvayətlərində olduğu kimi, ölümdən qaçan Qorqud qopuzunda həyat melodiyalarını çalır ki, ölüm ona yaxın durmasın. Mən də fikirləşirəm ki, məşhur Mark Bernesin oxuduğu mahnıdakı kimi: "Ölmək bizim üçün tezdir, hələ evimizdə işlərimiz var!”. Yaşamaq üçün bunu əsas tutaraq, bu nikbin notda həyatımı davam etdirirəm.

İnsan hansı yaşda olur-olsun hər zaman arzularla yaşayır...

Bilirəm ki, əzizlərimə, Turala, Günelə, nəvələrimə, nəticələrimə, ən çox da Anara indi daha artıq lazımam...

Söhbətimizi telefonunun melodiyası - Vasif Adıgözəlovun "Şuşam” lirik musiqisinin sədaları kəsir... Zəng edən Anardır...

Zemfirasının əhvalını soruşur...

Bəlkə də onun qəhərləndiyini, qüssələndiyini hiss edib...

Beləcə, yaşanılan zəngin bir ömrün tarixçəsinə, əslində, ötəri baş vurduq, qəlb nəğməsinin notlarında gəzişdik, könül pəncərəsindən boylandıq...

Hər anı sevgi nağılına bənzəyən bir dünyaya səyahət etdik...

Nə xoşdur ki, qərinələrə meydan oxuyan bu sevgi nağılı davam edir, ardı yaşanılır...

Adətən nağıllar "biri vardı, biri yoxdu” deyə başlayır, amma bu nağılda biri də var, o biri də...

Zemfira və Anar...

Nə yaxşı ki varsınız...

Hər ikinizə uzun ömür, cansağlığı diləyirik...

Yeri gəlmişkən, sabah Zemfira xanımın günüdür, doğum günüdür...

Və əgər onun yaradıcılıq əzmi, həyat eşqi, zirvəyə gedən uğur yolu, sevgi-dayağı varsa, demək, əslində, elə hər gün Zemfira xanımın günüdür...


Yasəmən MUSAYEVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM