Alternative content

16:42 25 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sahibkarlıqdan musiqiyə...
Sahibkarlıqdan musiqiyə...
ANA SƏHİFƏ / Mədəniyyət
01:54 09.06.2019


Onlar qədim Bakının əsrarəngiz İçərişəhərinin sakinləriydilər. Gəlimli-gedimli dünyanın axarında bir-birini əvəz edən övladları var-dövlətli olsalar da, onlara ad-sanı, hörmət-izzəti qazandıran başqa zənginlikləri idi. Mülklərindən, neft quyularından, gəmilərindən, dükanlarından, meyvə və zəfəran bağlarından da çox xeyirxahlıqları ilə dillərə düşmüşdülər.

Xanlıqlar dövründə hakimiyyətin rəhbər vəzifələrində təmsil olunurdular. Hətta qohum olduqları Bakı xanı I Mirzə Məhəmməd xan Türkan kəndini Ağa Hacı Kərim bəyə (1694-1768) bağışlamışdı. Onun oğlu Ağa Hacı Mansur bəy (1731-1796) bu nəslin ən nüfuzlu, səxavətli nümayəndələrindən biri kimi tanındı. Elə bu nəslin davamçıları da Ağa Hacı Mansur bəyin xatirəsinə hörmət əlaməti olaraq adını özlərinə soyad götürdülər və Mansurbəyovlar kimi tanındılar.


Mansurbəyovlar necə Mansurov oldular


Babası və atasının mirasına sahib çıxan Ağa Hüseyn bəy (1767-1829) onların yolunu davam etdirdi, əsasən, ticarətlə məşğul oldu. O, Türkan kəndinin, Keşlə, Xilə və Abşeronun digər kəndlərində əkinçilik sahələrinin, Mərdəkan və Şüvəlanda meyvə bağlarının, mal-qara sürülərinin, at ilxısının, neft quyularının sahibiydi.

XIX əsrin əvvəllərində şimaldan gələn bəla qədim odlar diyarına yetişdi. Çar Rusiyası Azərbaycan xanlıqlarını işğal etməyə başladı. 1806-cı ildə imperiya qüvvələri Bakı xanlığının ərazilərini də zəbt etdi. Bundan sonra Mansurbəyovların da qara günləri başladı. Var-dövlətləri özlərində qalsa da, əksər səlahiyyətləri, bəylikləri əllərindən alındı. Beləcə, Mansurbəyovlar soyadı Mansurov oldu.

Ancaq həddindən artıq zəhmətsevər və bacarıqlı olan bu nəslin övladları çarizmin gətirdiyi ictimai-siyasi gərginliklərdən usanıb geri çəkilmədilər. Tezliklə Ağa Hacı Mansur bəyin nəvəsi Ağa Salah bəy (1800-1848) nəinki Rusiya, hətta uzaq ölkələrlə ticarət əlaqələri qurdu. Onun Bakı, Rusiya və İranın bir çox şəhərlərindəki dükanlarında çeşid-çeşid mallar satılırdı. Bu dükanlardan geyim, xəz, inşaat materialları, ağac, metal, məişət əşyaları, zərgərlik məmulatı, parfümeriya, bir sözlə, nə istəsən tapmaq olardı. Tacirlərin çoxundan fərqli olaraq Ağa Salah bəyin öz gəmiləri var idi. Bakıya mallar bu gəmilər vasitəsilə gətirilirdi.


Bakı şəhərinin fəxri nəsilli vətəndaşı


Ağa Salah bəyin həm də çoxlu evləri, mülkləri və torpaq sahələri var idi. Ata-babaları kimi o da həmişə yoxsullara, imkansızlara əl tuturdu. İçərişəhərdə köhnə evləri alır, sökdürüb yerində meydanlar salır, küçələri, yolları genişləndirirdi ki, faytonlar rahat hərəkət etsin. Ağa Salah bəyin bu xeyirxah işləri Bakı şəhər rəhbərliyini belə bir qərar verməyə vadar etdi: çarizm səlahiyyətlərini, bəyliyini Mansurbəyovlardan alsa da, 1840-cı ildə Ağa Salah bəyi "Bakı şəhərinin fəxri nəsilli vətəndaşı” adına layiq gördü. Bakı camaatı isə ona sevgisini, rəğbətini İçərişəhərdəki meydanların birinə onun adını verməklə bildirdi. Şəhərdə "Ağa Salah meydanı” belə yarandı.

Zamanın hökmüylə gələnlər gedirdi. Və gedənlər elə bir ad qoyurdu ki, gələnlər üzərlərinə böyük məsuliyyət götürməli olurdular. Bu, yalnız saysız-hesabsız malı-mülkü idarə etmək demək deyildi. Ağa Salah bəydən sonra onun işlərini boynuna götürən kiçik oğlu Məşədi Məlik-Məmməd bəy (1845-1909), ya da bəzilərinin qısaca söylədiyi Məşədi Məlik bəy də bunu yaxşı bilirdi.


Bakı və Abşeronda ilk muğam məclisləri...


O, üç yaşında ikən atası Ağa Salah bəy vəfat etdi. Tərbiyəsilə anası Qızxanım və əmisi Ağa Hacı Əli bəy məşğul oldular. Yazıb-oxumağı uşaq yaşlarında mədrəsədə öyrəndi. Mansurovların sahibkarlıq xüsusiyyətləri ona da keçmişdi. Odur ki, işləri davam etdirməkdə çətinlik çəkmədi. Ancaq Məşədi Məlik bəyi öz cazibəsinə salan bir başqa aləm də vardı... Gənclik illərində böyük qardaşı Məşədi İsmayıl bəylə birlikdə poeziya və musiqiyə maraq göstərdi. Məşədi Məlik bəy tarda, kamançada, cürə sazında, qarmonda və dəfdə ifa etməyi öyrəndi. On səkkiz yaşından - 1863-cü ildən isə onun İçərişəhərdəki evində muğam məclisləri quruldu. Məşədi Məlik bəy vağzalda və körpülərdə adam qoyur və onlara deyirdi: "Elə ki, gördünüz bir adam əlində musiqi aləti gəlir, onu mənim evimə gətirin”. Azərbaycanın hər yerindən, Gürcüstandan, İrandan xanəndələr, musiqi ifaçıları gəlir, aylarla Məşədi Məlik bəyin evində qalır, muğam və poeziya məclislərində iştirak edir, burada əsl sənət məktəbi keçirdilər. Onun evində səslənən musiqilərin sədası hər yana yayılırdı. Qonşuluqda yaşayan molla qəzəblə lənət yağdırırdı: "Allah sizə qənim olsun, bu evdə şeytanlar yuva salıb”. Digər qonşular mollaya gülürdülər.

Məşədi Məlik bəyin evinə, bağına gələn daimi qonaqları arasında o dövrün məşhur neft maqnatları Robert və Lüdviq Nobel qardaşları, Alfons de Rotşild, Bakının meri Stanislav Despot-Zenoviç, memarlar İosif Qoslavski və İosif Ploşko, mühəndis-polkovnik Nikolay Avqustoviç fon der None, paytaxtın əsilzadələri, zadəganları da vardı.

Məşədi Məlik bəy muğamların şöbə və guşələrini, poeziyanı, xüsusən qəzəlləri gözəl bilirdi. O, ömrünü Azərbaycan incəsənətinin, mədəniyyətinin inkişafına həsr etdi. Gənc istedadlara himayədarlıq etdi, onların peşəkar kimi formalaşmalarına bacardığı kimi yardım göstərdi.

Məşhur tarzən Sadıqcan, kamançaçı Mirzə Səttar, Seyid Mirbabayev, Hacı Hüsü, Mirzə Fərəc, Məşədi İsi, Əli Şirazi, Ağa Kərim Salik, keçəçi oğlu Məmməd, balaxanılı Əli Zühab, şamaxılı Mirzə Məmmədhəsən, şəkili Ələsgər, Ağa Səid oğlu Ağabala, Bülbülcan, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, İslam Abdullayev və başqaları onun evində qurulan musiqi məclislərində iştirak edirdilər. Məşədi Məlik bəy Bakı və Abşeronda ilk muğam məclislərinin yaradıcısı kimi Azərbaycan musiqi mədəniyyəti tarixinin yaddaşında qaldı.

Oğlu Məşədi Süleyman bəy (1872-1955) onun davamçısı oldu. Bu dəfə də nəslin varidatını idarə etmək üçün layiqli seçim edilmişdi. Qardaşları, bacısı və həyat yoldaşı öz mülkiyyətinin idarə olunmasını ona görə Məşədi Süleyman bəyə etibar etdilər ki, idarəetmədə səriştəli, savadlı, məlumatlı idi. O, ilk təhsilini mədrəsədə aldıqdan sonra rus-tatar məktəbində oxumuşdu. Fars və ərəb dillərini mükəmməl bilir, rus dilində sərbəst danışır, fransız, alman, ingilis və bir az da italyanca söhbətləşməyi bacarırdı.

Məşədi Süleyman bəy icarədar və sahibkar idi. Bir sıra neft şirkətlərinə boru kəmərlərinin çəkilişi üçün özünün, ona etibar olunmuş torpaqları icarəyə verirdi. "Vostoçnoe Tovarihestvo”, "Russkoe Neftənoe Obhestvo” (RUNO), "Russkoe Tovarihestvo "Neftğ”, "Obhestvo Born”, Tovarihestvo "Br.Mirzoevı i K”, Tovarihestvo "Aramazd”, "Russkoe Neftepromışlennoe Obhestvo”, Tovarihestvo "Br.Nobelğ”, "Vostoçnoe obhestvo Tovarnıx Skladov” və başqa şirkətlərlə müqavilələr bağlamışdı.

Məşədi Süleyman bəy atasının yalnız maddi deyil, həm də mənəvi varidatının sahibi oldu. İçərişəhərdəki evinin, Şüvəlandakı bağının qapılarını yenə ziyalılar, xanəndələr, musiqiçilər, şairlər açırdılar. Yenə muğam məclisləri qurulurdu. Çünki musiqi Məşədi Süleyman bəyin də ruhuna hopmuşdu. O da özünü muğamsız, musiqisiz təsəvvür edə bilmirdi. Məşədi Süleyman bəyi həm də mahir tarzən və muğam bilicisi kimi tanıyırdılar.

Onun başçılıq etdiyi Bakı muğam məclisləri 1935-ci ilə qədər davam etdi.

Bir sevimli məşğuliyyəti də vardı Məşədi Süleyman bəyin. Səyahət etməyi çox sevirdi. O, on bir dəfə bütün Avropanı, Şərq ölkələrini başdan-başa gəzib dolaşmışdı. Məşədi Süleyman bəy getdiyi ölkələrin mədəniyyəti ilə maraqlanır, mütləq konsert salonları və teatrlara baş çəkir, kübar məclislərində iştirak edirdi.


Azərbaycan musiqi sənətinin keşiyində


Əvvəllər maraq göstərdikləri musiqi sovet dövründə Mansurovların peşəkarcasına məşğul olduqları sənət sahəsinə çevrildi. Məşədi Süleyman bəyin kiçik qardaşı Mirzə Mansur bəy (1887-1967) Azərbaycan muğamlarının mahir bilicisi, musiqi nəzəriyyəçisi kimi tanındı, peşəkar tarzən kimi Sadıqcan məktəbinin ənənələrini davam etdirdi. Sovet hakimiyyəti illərində konservatoriyada dərs deyən Mirzə Mansur bəy tələbələrinə böyük sevgi ilə muğamları öyrədirdi. O, həm də muğam tədrisi proqramının müəlliflərindən biri oldu. Mirzə Mansur bəyin ifaçılıq ustalığını, muğamın sirlərini dərindən bilməsini Üzeyir bəy Hacıbəyli çox yüksək dəyərləndirirdi. 1930-cu illərin gənc bəstəkarları Tofiq Quliyev və Zakir Bağırov Üzeyir bəyin göstərişi ilə "Rast”, "Zabul-segah” və "Dügah” muğamlarını onun ifasında nota köçürdülər. 1940-cı ildə Mirzə Mansur Mansurovun musiqi sahəsində böyük əməyi əməkdar incəsənət xadimi fəxri adı ilə mükafatlandırıldı.

O, həm də yaxşı tar ustası kimi tanınırdı. Rekonstruksiya etdiyi 4 tardan biri Ermitaj, biri Luvr, biri də İstanbul muzeylərindədir. Dördüncüsü isə Mirzə Mansur Mansurovun şəxsi tarı idi.

Azərbaycan musiqi mədəniyyəti tarixində bir ad da var - Azərbaycanın xalq artisti tarzən Bəhram Mansurov (1911-1985). O, Məşədi Süleyman bəyin oğlu idi və digər Mansurovlar kimi İçərişəhərdə dünyaya göz açmış, boya-başa çatmışdı. Mansurovlar nəslinin musiqi yolunu Bəhram Mansurov zirvəyə apara bildi. Ömrünün 55 ilini Opera və Balet Teatrında tarzən kimi solist-konsertmeyster vəzifəsində çalışdı. UNESCO-nun Azərbaycan muğamları ilə ilk tanışlığı da 1967-ci ildə onun ifasında oldu. Sonralar UNESCO Bəhram Mansurovun ifa etdiyi Azərbaycan muğamlarını val, kaset, CD şəklində bütün dünyaya yaydı.

Məşədi Süleyman bəyin digər oğlu - Nadir (1916-1972) və Mirzə Mansurun oğlu Ənvər (1917-1941) də tarzən oldular. Ənvərin oğlu Arif Mansurov (1939-2003) isə respublikada təsərrüfatçı mütəxəssislərdən biri kimi tanındı, Nazirlər Kabinetinin aparatında çalışdı, Tikinti Materialları Nazirliyi, Ekologiya və Təbiətə Nəzarət Dövlət Komitəsinə rəhbərlik etdi. Xeyriyyəçilik əməllərini davam etdirən Arif Mansurovun Bakıya hədiyyəsi şair Əliağa Vahidin Filarmoniya bağında (sonralar İçərişəhərdə) qoyulan heykəli və Mərdəkanda Hacı Zeynalabdin Tağıyevin qəbirüstü abidə kompleksi oldu. Onun oğlu Ənvər Mansurovu (1969) Bakının məşhur "Şən və hazırcavablar” komandasının tərkibində MDB çempionu kimi tanıdılar.

Bəhram Mansurovun övladlarının üçü də - respublikanın əməkdar artisti, tarzən Elxan Mansurov (1955), xalq artisti, bəstəkar Eldar Mansurov (1952) və əməkdar mədəniyyət işçisi Aydın Mansurov (1953-2017) musiqi sənətini seçdilər. Elxan Mansurov Opera və Balet Teatrında tarzən kimi solist-konsertmeyster vəzifəsində çalışır, gənc xanəndələri muğam operalarında aparıcı partiyaların ifasına hazırlayırdı. Aydın Mansurov Asəf Zeynallı adına Musiqi Texnikumunun xor dirijorluğu şöbəsini bitirdikdən sonra bir müddət musiqi məktəblərində müəllim işlədi, sonralar kinooperator sənətinə yiyələndi və bu sahədə çalışdı. Xalq artisti, bəstəkar Eldar Mansurov klassik janrda yazılmış bir çox əsərin, kinofilmlərə və teatr tamaşalarına bəstələnmiş musiqinin müəllifidir. O, muğamların tarixi və nəzəriyyəsi haqqında elmi məqalələrlə yanaşı, bir neçə kitabın da müəllifidir.

Bakı əsilzadələrindən olan Mansurovlar öz ömür yolları ilə göstərdilər və göstərməkdədirlər ki, bu millətin nəcib, xeyirxah övladı olmaq üçün yalnız mal-pul gərək deyil. Bu dünyanın var-dövləti etibarsızdır. Faydalı işlərlə könüllərə və hafizələrə yazılanlar isə əbədidir.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM