08 Iyun 2019 00:44
1727
İQTİSADİYYAT
A- A+

260 milyard dollar sərmayə, 46,7 milyard valyuta ehtiyatı


İlham Əliyevin yeni inkişaf konsepsiyası əsasında Azərbaycanın möhkəm təməllərə əsaslanan güclü sosial-iqtisadi bazası formalaşıb


"Dünya da, bölgə də dəyişib. Dünyada, bölgədə yeni təhlükə mənbələri üzə çıxır, yeni çağırışlar meydana gəlir. Əlbəttə, biz həmişə çalışırıq və çalışmalıyıq ki, ölkəmizi mümkün olan risklərdən qoruya bilək. Son illərin təcrübəsi onu göstərir ki, biz buna müvəffəq ola bilmişik... Bu gün Azərbaycan müstəqillik yolunda inamla irəliləyir və ölkə qarşısında duran problemlər həll edilir”.

Respublika günü münasibətilə keçirilən rəsmi qəbulda son 16 ildə Azərbaycanın əldə etdiyi uğurları dəyərləndirən Prezident İlham Əliyev bu nailiyyətlərlə kifayətlənməməyi və dayanıqlı inkişafı təmin etmək üçün fəal iş görülməsinin vacibliyini söylədi. Ən önəmlisi də odur ki, ölkə qarşısında duran problemlərin həlli əsas məsələ olmalıdır.

Prezident tərəfindən istənilən problemin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilir. Reallıq da budur ki, son 16 ildə qarşıya qoyulan bütün planların həyata keçirilməsi üçün iqtisadiyyatını uğurla inkişaf etdirən, iqtisadi cəhətdən tamamilə asılılıqdan qurtulan, regionda irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı olan, dünya kosmos ailəsinin üzvünə çevrilən Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır.

Dövlət başçısının innovasiyayönümlü istehsala əsaslanan sosial-iqtisadi siyasəti, apardığı islahatlar Azərbaycan iqtisadiyyatını keyfiyyətcə yeni, daha yüksək mərhələyə çıxarıb və respublikamız dünyanın iqtisadi cəhətdən dinamik inkişaf edən ölkəsi imicini qazanıb. İqtisadi göstəricilərə nəzər yetirsək, son 16 ilin uğurlarını aydın şəkildə görə bilərik.

Bu müddət ərzində ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə, strateji valyuta ehtiyatları 27 dəfə, xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi 6 dəfə artıb. 2003-cü ildə Azərbaycanın strateji valyuta ehtiyatları 1,8 milyard dollar idisə, bu gün həmin rəqəm 46,7 milyard dollardır. İqtisadiyyatın 3 dəfə artması rekord göstəricidir. Sosial sahəyə nəzər yetirsək görərik ki, bu müddət ərzində əməkhaqqı və pensiya 10 dəfəyə yaxın artıb. 16 ildə Azərbaycan iqtisadiyyatına 260 milyard dollar sərmayə yatırılıb.

Hazırda respublikamızda qeyri-neft sektorunun inkişafı iqtisadi artımın başlıca mənbəyi kimi diqqət mərkəzində saxlanılır. Milli iqtisadiyyatın tərəqqisinə və ixracın şaxələndirilməsinə yönələn tədbirlər qeyri-neft sektorunda iqtisadi artıma müsbət təsir edir. Həmin tədbirlər sırasında son illər investisiya siyasətinin diqqət mərkəzində saxlanılması mühüm önəm daşıyır. Təkcə bu ilin birinci rübündə ölkə iqtisadiyyatına yatırılan 2,8 milyard dollarlıq sərmayənin 2 milyardının qeyri-neft sektorunun payına düşməsi bunu bir daha təsdiqləyən reallıqdır. Ümumilikdə isə bu il ölkədə kənd təsərrüfatı 3,6 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz artıb, sənaye istehsalı 4,4 faiz çoxalıb.

Dövlətin imkanları artdıqca daxili siyasətin əsas istiqamətlərindən olan sosial siyasət, eləcə də əhalinin rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlər özünü daha qabarıq şəkildə göstərməyə başlayır. Uğurlu iqtisadiyyat və dövlət başçısının yeni inkişaf konsepsiyası əsasında həyata keçirilən islahatlar nəticəsində artan büdcə daxilolmaları sosial məsələlərin həlli üçün əlavə imkanlar yaradıb.

İlin əvvəlindən Prezidentin böyük sosial islahatlar paketi çərçivəsində imzaladığı fərman və sərəncamların icrası da vətəndaş məmnunluğunun daha da artmasına xidmət edir.

Cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlara əsasən 14 kateqoriya üzrə sosial müavinətlər, 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artdı. Minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinət 50 faiz çoxaldı, şəhid ailələri, müharibə veteranlarına verilən müavinətlər artdı, 602 min 347 nəfərə problemli kreditlərin ödənilməsi prosesi yekunlaşmaq üzrədir.

Görülən işlər onu deməyə əsas verir ki, həyata keçirilən bütün islahatlar uğurlu nəticələr verməkdədir. Dövlət başçısının dediyi kimi, iqtisadi, sosial sahələrdə və bütün başqa sahələrdə islahatlar davamlı olacaq. Bütün bunlar isə xalqın rifah halının yaxşılaşdırılmasına və dövlətin qüdrətinin daha da güclənməsinə xidmət edəcək.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video