08 Iyun 2019 00:32
564
İQTİSADİYYAT
A- A+

Həyatına rahatlıq gəldi


Gənc İsmayıllı sakini işindən də razıdır, qazancından da...


Hazırda Azərbaycanın sosial siyasət konsepsiyasının əsas istiqamətlərindən biri yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin olunması, vətəndaşların ünvanlı sosial yardımdan asılılığının aradan qaldırılmasıdır. Heç şübhəsiz ki, müvafiq istiqamətdə bir çox addımlar atılır, dövlət başçısı səviyyəsində fərman və sərəncamlar imzalanır.

Həmin sənədlərdən biri 7 aprel 2016-cı ildə Prezident İlham Əliyev tərəfindən "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” imzaladığı sərəncamdır. Sözügedən sərəncam dövlət məşğulluq siyasətində keyfiyyətcə yeni bir mərhələ açmaqla özünüməşğulluq fəaliyyəti ilə işsiz və işaxtaran şəxslərin ailə bizneslərini qurmalarına, əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırmalarına, həmçinin kiçik və orta sahibkarlığın inkişafına xidmət edir.

Sərəncamın verilməsindən ötən dövr ərzində özünüməşğulluq proqramı xeyli genişlənib. Proqram 2016-2017-ci illərdə təxminən 1000 nəfər ətrafında həyata keçirilirdisə, 2018-ci ildə bu fərq kəskin dəyişməklə 7800 vətəndaşın müraciətinin qəbul olunması ilə nəticələnib. Onlardan 7200-ü müxtəlif kurslardan, proqramlardan və təlimlərdən keçərək öz biznes-planlarını müdafiə ediblər. İndiyədək 5500 nəfərdən çox insan aktivlərini alıb.

Qeyd olunan 7200 nəfərdən 1000-i əlilliyi olan şəxslər, 1000-dən çoxu məcburi köçkünlərdir. Proqram çərçivəsində olan gənclər 1200-1300 nəfərdir, xanımlar isə 1000 nəfərə yaxındır. Ümumilikdə proqramdan gözləntilər çoxdur və cari ildə özünüməşğulluq proqramının 7-8 min ailəni əhatə edəcəyi proqnozlaşdırılır. Bu da 6-7 min mikrotəsərrüfatın yaranması deməkdir.

Özünüməşğulluq proqramına müraciətlərə nəzər yetirmiş olsaq görərik ki, bunun təqribən 85 faizi heyvandarlıqla bağlıdır. Qalanı istehsalat və xidmət sahələridir. Aralarında şirniyyat sexi, gözəllik salonu, internet kafe açmaq, iaşə xidmətləri göstərmək, müxtəlif sənətkarlıq nümunələri, xalçaçılıq dəzgahları istəyənlər də var.

Respublikamızın hər yerində olduğu kimi, İsmayıllı rayonunda da özünüməşğulluq proqramından bəhrələnən insanlar var. Bunlardan biri şəhərin Günəşli qəsəbəsinin sakini Şəfaqət Teymurovdur. Dediyinə görə, atası fəhlə olduğu üçün ailənin maddi vəziyyətində çətinliklər yaşanıb. Ona görə də erkən yaşlarından ailəsinə maddi dəstək vermək üçün işləməyə qərar verib.

İsmayıllı şəhərinin Ə.Ələkbərzadə küçəsində yerləşən "Forsaj” avtoservisində yer icarəyə götürərək təkər təmiri fəaliyyəti ilə məşğul olmağa başlayıb. Şəfaqət Teymurov 2000-ci ildən bu fəaliyyətlə məşğuldur. Dediyinə görə, fəaliyyətinin ilk dövrlərində zəruri avadanlıqlar olmadığından çox işi əllə icra edib. Olan avadanlıqların köhnəliyi də ortalığa sifarişçilərin istəyinə uyğun keyfiyyətli xidmət qoymağı imkansız edib. Qazancı da gündəlik 10 manatı keçməyib. Təbii ki, bu da maddi təminatı çətinləşdirib.

Evlənməsi və iki övladının olması xərcləri daha da artırıb. 2018-ci ildə İsmayıllı Rayon Məşğulluq Mərkəzinə müraciət edib. Sənədləri, ailə vəziyyəti, iş yeri araşdırıldıqdan sonra o, kurslara cəlb olunub. Bir aylıq kurslardan sonra 4000 manat dəyərində biznes-plan hazırlayaraq təqdim edib. Nəticədə lazımi aktivlərlə təmin olunub.

O, təkər, balans aparatları, kompressor və ağırlıqqaldırıcı ilə təmin olunub. Ondan sonra Şəfaqət işinə daha böyük sevgi ilə bağlanıb. Burada müasir avadanlıqların tətbiqinə başlanması müştərilərin də sayını artırıb. Deyir ki, əvvəllər müraciətlər çox olsa belə aparatların olmaması səbəbindən müştərilər məcbur olub başqa servislərə üz tutmalı olurdular. İndiki halda vəziyyət xeyli dəyişib. Qazancı onu qane edir. Bu da ailəsinin dolanışığının xeyli yaxşılaşmasına əhəmiyyətli təsir göstərib.

Şəfaqət dövlət proqramının onun kimi çoxlu sayda gəncin həyatını dəyişdiyini deyir və ölkə rəhbərliyinə ailəsi adından minnətdarlıq edir.

Qeyd edək ki, Azərbaycanda işsizlik və yoxsulluğa qarşı təsirli fəaliyyət mexanizmləri, uğurlu sosial proqramlar, xüsusilə Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Dünyanın mötəbər təşkilatlarından biri olan Beynəlxalq Sosial Təminat Assosiasiyasının özünüməşğulluq proqramını "Yaxşı Təcrübə” xüsusi mükafatına layiq görməsi də bunu sübut edir.

Əli SƏLİMOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video