07 Iyun 2019 18:57
582
CƏMİYYƏT
A- A+

Təhlükəli qida boyası olan anilin yüksək toksiki təsirə malik sənaye zəhəridir


Bu gün dünyanın bir çox ölkəsində ilk dəfə olaraq Ümumdünya Qida Təhlükəsizliyi Günü qeyd edilir. Ötən ilin dekabrında BMT tərəfindən təsis edilən bu günün keçirilməsində məqsəd dünya əhalisinin təhlükəsiz qida ilə təminatına, o cümlədən müxtəlif kimyəvi, bakteriya, virus, parazit və toksin kimi maddələrlə çirklənmiş qidaların yaratdığı fəsadlara diqqət çəkməkdir.

Bəzən qida məhsullarının tərkibinə qatılan hər hansı bir maddə insan orqanizminə mənfi təsir edir. Onlardan biri də qida boyası anilindir.

AQTA-nın informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bir sıra inkişaf etməkdə olan ölkələrdə quş əti məhsullarının orqanoleptik göstəricilərini artırmaq məqsədilə bəzi boyaq maddələrindən istifadə edilir. Bunlara misal olaraq "Tartrazine” (E102) və "Sunset Yellow FCF” (E110) qida boyalarını göstərmək olar. Bu qida boyaları müxtəlif allergik reaksiyalar və əlavə təsirlər yaratdığı üçün Avstriya, Norveç və Finlandiyada istifadəsi qadağan edilib.

Məlumata görə, "Tartrazine” (E102) və "Sunset Yellow FCF” (E110) və s. qida boyalarının struktur quruluşunda aromatik birləşmələrdən olan anilin var. Anilin rəngsiz yaxud sarımtıl rəngli, sudan ağır, spesifik qoxusu olan mayedir. Anilindən müxtəlif dərman vasitələrinin, boyaların (dəri və taxta məhsulları boyaları) istehsalında istifadə olunur. Anilin kiçik məməlilər üçün nisbətən toksiki, insanlar üçün isə yüksək toksiki təsirə malik sənaye zəhəridir.

Gəmiricilər üzərində aparılmış tədqiqatlar göstərib ki, anilin oral, dermal və inhalyasiya vasitəsilə orqanizm tərəfindən çox yaxşı absorbsiya olunur. Avropada istehlakçılar tərəfindən anilinin birbaşa istifadəsinə dair məlumatlar yoxdur.

İnsanlar sənaye müəssisələrinin tullantıları nəticəsində hidrosfer və atmosfer vasitəsilə dolayı yolla anilinin təsirinə məruz qala bilərlər. Avropa İttifaqının risklərin qiymətləndirilməsi ilə bağlı 2007-ci il hesabatına əsasən, siçan və siçovullar üzərində in vivo olaraq aparılmış təcrübələr göstərib ki, anilin genotoksikidir. Tədqiqatlar nəticəsində anilinin insan orqanizmi üçün də kanserogen olduğu müəyyənləşib.

Bundan başqa, anilin insan orqanizminə inhalyasiya yolu ilə daxil olduğu zaman sinir sisteminə mənfi təsir edir. Qanda methemoqlobin, hemoliz və eritrositlərin degenerativ dəyişikliyə məruz qalması nəticəsində orqanizmdə oksigen çatışmazlığı yaranır. Anilin yüksək konsentrasiyalarda orqanizmdə xromosom qırılmasına və mutasiyalara səbəb olur. Həmçinin orqanizmdə dalağın böyüməsinə və elastikliyini itirərək hüceyrələrin nekrozuna gətirib çıxarır.

Avropa Qida Məhsullarının Təhlükəsizliyi Agentliyinin (EFSA) risk qiymətləndirməsi ilə əlaqədar apardığı in vitro və in vivo tədqiqatlar nəticəsində anilinin siçovulların sümük iliyinə, hüceyrə nüvəsinə mutagen təsirinin olduğu müəyyənləşdirilib. Əldə edilən nəticələr onun III kateqoriyaya aid mutagen olduğunu sübut edib. Anilin Avropa İttifaqının klassifikasiya və etiketləmə kriteriyalarına görə həm də III dərəcəli kanserogen maddə hesab olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video