Alternative content

02:29 21 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
01:50 21.06.2019 Xanım maestro
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli-mənəvi dəyərlər işığında
Milli-mənəvi dəyərlər işığında
ANA SƏHİFƏ / SİYASƏT
02:39 05.06.2019


Xalqların özünəməxsusluğunu şərtləndirən amillər sırasında onun milli-mənəvi irsi mühüm əhəmiyyət kəsb edir. Tarixən formalaşmış ənənələr, mental baxışlardan qaynaqlanan mənəvi-əxlaqi dəyərlər hər bir toplumun milliliyinin, kamillik səviyyəsinin təcəssümü, dünyada özünü təsdiq etməsi üçün ən mühüm amil hesab olunur. Təsadüfi deyil ki, milli kimliyi ifadə edən mənəvi dəyərlər xalqın ən zəngin sərvəti sayılır.

Təbii ki, hər bir xalq uzaq əsrlərə, minilliklərə istinad edən mənəvi keyfiyyətləri ilə fəxr edir. Çünki bu, onun qürur mənbəyi, fəxarət yeridir. Qədim adət-ənənələri ilə tarix boyu bəşər sivilizasiyasına mühüm töhfələr vermiş xalqımız hər zaman milli dəyərlərini, dünyaya nümunə olan yüksək əxlaqi keyfiyyətlərini qoruyub saxlamış, inkişaf etdirmişdir. Böyük sosial və tarixi hadisə olan islam dini də ümumbəşəri mənəvi dəyərləri özündə ehtiva etdiyi, insanları sülhə, əmin-amanlığa, həmrəyliyə, kamilliyə, düzgünlüyə çağırdığı üçün xalqımızın mental baxışları ilə uzlaşaraq milli-mənəvi dəyərlərimizin mühüm tərkib hissələrindən birinə çevrilib.

Qeyd etmək lazımdır ki, din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil edib və insanlar tərəfindən doğru dərk edildiyi zaman bu dəyərlərin zəmanətçisinə çevrilib. Bu baxımdan dünyanın ən kamil dinlərindən olan islam da təkcə din kimi yayılmayıb. İslamın təlqin etdiyi dəyərlər əsrlər boyu istər Şərq, istərsə də Qərb mədəniyyətinə ideya-fəlsəfi baxımdan təsir göstərən mənəvi qüvvə kimi aktual olub.

İslamdan qaynaqlanan bəşəri mənəvi dəyərlər xalqımızın keçdiyi tarixi yolda, Azərbaycan dövlətçiliyinin yaranmasında, yaşamasında və möhkəmlənməsində böyük rol oynayıb. İstər cəmiyyətin öz inkişafını nəzərdə tutan hürufilik kimi təlimlər, istərsə də Azərbaycanın siyasi yüksəlişini təmin etmiş qızılbaş hərəkatı kimi cərəyanlar məhz islamdan qaynaqlanıb, ondan ilham alıb. İslam mədəniyyəti xalqımızın mədəniyyəti ilə bir vəhdət təşkil edib. İslam fəlsəfəsi klassik və orta əsrlər ədəbiyyatımızın əsas istiqamətverici prinsiplərindən olub. XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində ölkəmizdə milli düşüncəli insanlar tərəfindən əsası qoyulan maarifçilik hərəkatının qayələrindən birini həm də islam ideyaları təşkil edib. Öz azadlığımız uğrunda apardığımız mübarizələrdə məhz islam amili mühüm rol oynamışdır. Nəticə etibarilə milli düşüncənin məhsulu olan Azərbaycan Xalq Cümhuriyyəti də müasirlik və türkçülüyü əsas götürməklə yanaşı, islam dəyərlərinə önəm verirdi.

Məlumdur ki, sovet hakimiyyətinin mövcud olduğu 70 il ərzində bütün dinlər, o cümlədən islam dini yasaq edilmişdi. Kommunist ideologiyasının mühüm tərkib hissəsi olan ateizm, Allahsızlıq təbliğatı həyata keçirilirdi.

Amma tarixin ənginliklərindən süzülüb gələn müqəddəs islami dəyərlərin insan ruhuna verdiyi mənəvi qidanın nəticəsi idi ki, islamı unutdurmaq heç kimə nəsib olmadı. Dövlət müstəqilliyimizi yenidən bərpa edəndən sonra islam dininin milli həmrəyliyimizin möhkəm olmasında nə qədər böyük rol oynadığının şahidi olduq.

Azərbaycanın inkişafının məhz dərin tarixi, mədəni və mənəvi köklərlə sıx vəhdətdə olduğunu ulu öndər Heydər Əliyev hələ sovet hakimiyyəti zamanı ölkəyə rəhbərlik edərkən nəzərə alırdı. Ulu öndər bilirdi ki, dini dəyərlərin məhv edilməsi, mental baxışların dəyişdirilməsi yönündə həyata keçirilən tədbirlər yalnız və yalnız xalqımızın mənəvi məhvinə hesablanmış məkrli siyasətdir. Xalqın mənəvi məhvi isə onun ən böyük faciəsi ola bilərdi. Siyasi fəaliyyətinin əsas hissəsi sovet dövrü ilə bağlı olan xalqımızın ümummilli lideri kommunizm ideologiyasının şüurlara yeridildiyi bir vaxtda belə qəlbində uca Allaha inam bəsləyib, islamın və xalqımızın bir-biri ilə uzlaşan mənəvi dəyərləri onun həyat amalı olub.

İslami dəyərlərə önəm verilməsi bu gün azərbaycançılıq ideologiyasının da şərtlərindən biri kimi qəbul edilib. Bu ideologiyanın müəllifi olan müasir Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyev çıxışlarının birində demişdir: "Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır. Və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir”.

Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra ölkəmizdə tarixi-mənəvi irsin, mədəniyyətin, milli mentalitetin ayrılmaz hissəsi kimi qəbul edilən islami dəyərlər yenidən canlandı. Xalqımızın onilliklər boyu ürəyində gəzdirdiyi ən müqəddəs dəyərlər cəmiyyətdə özünün layiqli yerini tutmağa başladı. İndi milli bayramlarla yanaşı, dini bayramlar da dövlət səviyyəsində qeyd olunur. Bunlar xalqımızın islamın mənəvi dəyərlərinə olan hörmət və ehtiramının göstəricisidir. Mütərəqqi milli-dini ənənələrin dirçəldilməsi cəmiyyətimizin əxlaqi-mənəvi yüksəlişində, xalqımızın bütövlüyü və birliyində misilsiz rol oynayan amillərdəndir.

İnsanlara mənəvi rahatlıq gətirən, öz iradələrini yoxlamaq imkanı verən Ramazan bayramı da Azərbaycanda dövlət səviyyəsində qeyd olunur. Prezident İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə deyilir: "Bəşər övladını xeyirxahlığa, birliyə, mənəvi kamilliyə dəvət edən, öz mahiyyəti ilə insanların ruhunu təzələyən Ramazan ayı dünya müsəlmanlarının ən əziz ayıdır. Oruc tutmaqla inanclı insanlara mənəvi-ruhi ucalığın, əxlaqi saflığın fərəhini, şəfqət, mərhəmət, həmrəylik duyğularının sevincini yaşadan Ramazan ayı ilahi hikmətlər xəzinəsi müqəddəs Qurani-Kərimin nazil olması ilə əlamətdardır. Ramazan bayramı günlərində mömin vətəndaşlarımız Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi zənginliyin üstünlüyünü yaşamaq fürsəti qazanırlar”.

Cəmiyyətimizdə mənəvi dəyərlərin yüksəldilməsi və dövlət-din münasibətləri baxımından Heydər Əliyev tərəfindən müəyyən edilən yol Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Prezident İlham Əliyev ulu öndərin əsasını qoyduğu mütərəqqi ənənələri layiqincə yaşadır, mənəvi dəyərlərin möhkəmləndirilməsinə xüsusi diqqət və qayğı ilə yanaşır. Dini mərasimlərdə, iftar mərasimində iştirak etməsi, dindarlarla mütəmadi görüşləri, müsəlman dövlətlərinin səfirlərini qəbul etməsi, ölkə vətəndaşlarına təbrik ünvanlaması dövlət başçısının mənəvi dəyərlərimizə nə qədər bağlı olmasının təcəssümüdür.

Hüquqi dövlət olan Azərbaycanda dövlət-din münasibətləri sağlam təməllər üzərində formalaşıb. İslam dəyərlərinin də daxil olduğu milli-mənəvi dəyərlər bu gün ölkəmizin yüksəlişində böyük rol oynayır. Azərbaycan tarixi ənənələrindən, ölkədəki sağlam dini mühitdən çıxış edərək dünyada islam həmrəyliyinin möhkəmləndirilməsi üçün çalışır. Eyni zamanda Azərbaycan bütün dünyada islamofobiyaya, islamın mahiyyətinin təhrif edilməsinə, onu terrorla eyniləşdirməyə qarşı ən kəskin şəkildə öz səsini ucaldan dövlətdir. Bu baxımdan respublikamızdakı multikulturalizm və tolerantlıq mühiti də islamın sülh və mərhəmət dini olduğunu təsdiq edir.

Bu gün Azərbaycanda Ramazan bayramı qeyd olunur. Evlərdə bayram süfrəsi açılır, insanlar qonaq gedir, bir-birini təbrik edirlər. Bu bayramda hər bir azərbaycanlının əsas diləyi torpaqlarımızın işğaldan azad edilməsidir. O gün isə uzaqda deyil və xalqımızın Ramazan sevincinin sədası tezliklə bütün Qarabağda eşidiləcək.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM