05 Iyun 2019 02:13
511
CƏMİYYƏT
A- A+

Qafqaz Müsəlmanları İdarəsinin sədri Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Bu barədə AZƏRTAC-a QMİ-dən məlumat verilib.

Təbrikdə deyilir ki, əzəmət və sevinci hədsiz olan bu ülvi bayram insanlara böyük səadət və fəxarət bəxş edir. Həmd-səna olsun Uca Allaha ki, Onun Rizasını qazanmaq üçün müsəlman qardaş və bacılarımız bu mübarək ay boyunca bütün ibadətlərini sonsuz ehtiram, fərəh və səylə tamamlayaraq, Ramazani-Şərifin bayram səadətinə qovuşmağa nail olublar. Qoy İslam dininə ehtiramını nümayiş etdirən, Allahın vacib hökmü olan oruc ibadətini səmimi hisslərlə başa vuran xalqımıza bu mübarək ayın fəzilət və bərəkətlərindən nəsib olsun.

Mərhəmət, savab və ülfət ayı olan Ramazan bəşər övladına dözüm, xeyirxahlıq və yardımlaşmanı təlqin edir. Bu ülvi bayram günündə qohum-əqrəba, valideynlərə baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərilməsi, dünyasını dəyişmiş yaxınların qəbirlərinin ziyarəti müstəhəb əməllərdəndir.

Allah Təbarəkə və Təalanın lütfü və mərhəməti sayəsində Ramazan bayramını qarşılayan xalqımızın ülvi arzuları Vətənimiz üçün səadət, əmin-amanlıq istəkləri ilə qovuşur. Bu əziz gündə biz Allaha dualar edirik ki, inşallah, işğal altında olan torpaqlarımızın azad edilməsini, dövlətçiliyimizin davamlı olaraq tərəqqisini, Azərbaycanın dünya birliyində mövqe və nüfuzunun daha da möhkəmlənməsini bizlərə nəsib etsin.

Bu əziz bayram günündə qədirbilən xalqımız Azərbaycanın milli-mənəvi dəyərlərinin dirçəldilməsi və inkişafında əvəzsiz xidmətləri olmuş ümummilli liderimiz Heydər Əliyevin ruhuna rəhmət oxuyur və onun layiqli davamçısı, müstəqil Azərbaycanın siyasi, iqtisadi, mədəni-mənəvi qüdrətinin təmini üçün yorulmaz səylər göstərən, dövlətçilik tariximizə yeni, qürurverici səhifələr yazan Prezident İlham Əliyev həzrətlərinə Azərbaycanın tərəqqisi, Haqq işimizin qələbəsi naminə fəaliyyətində böyük nailiyyətlər diləyirlər.

"Bir daha əziz bayram - Eydül-Fitr səadətinə yetişən bütün müsəlmanlarımızı səmimi qəlbdən təbrik edir, xeyir-dualarımı yetirirəm.

Qoy qəlbində Allah məhəbbəti yaşadan xalqımızın, inşallah, bütün ülvi arzu və niyyətləri gerçəkləşsin! Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun! Qoy Allah orucumuzun əcri olaraq Öz Lütfü sayəsində bizlərə xeyir və bərəkətini artırsın, mənəvi birliyimizi gücləndirsin! Amin!”, - deyə təbrikdə bildirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video