Alternative content

00:05 19 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
18:04 18.06.2019 Çində güclü zəlzələ
18:04 18.06.2019 Platini həbs olundu
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Uzaq, yaşıl adanın əbədi aşiqi
Uzaq, yaşıl adanın əbədi aşiqi
ANA SƏHİFƏ / Mədəniyyət
02:10 05.06.2019


"...Onun ölümündən sonra zaman, həyat dayandı sanki mənim üçün. Qarşıma bir sonsuzluq çıxdı. Dedilər, gəl, yaşa o sonsuzluqda... Əslində, mən bugünkü günlə yaşayan insan idim. Elə Vaqif özü də. Amma indi başını arxaya çevirib yaşamalısan. Onun olmadığı məkanda... Mən bir şeyi başa düşdüm ki, onun yoxluğunun gücü varlığından daha güclü imiş... İndi mənə elə gəlir, sanki iki insan arasındayam. Biri məni evdə gözləyir - həmişəki kimi. Birini də mən gözləyirəm - bilirəm, mütləq gələcək. Və bu iki insan arasında da ömrümü başa vurmalıyam...”

Gözlərim sol qolundakı saata və nişan barmağındakı üzüyə sataşır. Vaqif Səmədoğlunundu ikisi də. Əşyaların cinsi olmur axı... Onları qolundan, barmağından çıxarmır heç xanımı. Sanki onlardan güc alır. Sanki o əşyalar vasitəsilə Vaqif əlindən tutub saxlayır ki, yıxılmasın, ayaqda qalsın... Saat işləyir. Zaman dayanmadan öz axarı ilə gedir. Əqrəblər yeni vaxtı göstərir. Amma Vaqifin olmadığı vaxtı...

Təqvimdə 5 iyun 2019-cu ildir. Onun günüdür. Uzaq, yaşıl adanın sakininin... Yaşasaydı, 80 illik yubileyini qeyd edəcəkdik xalq şairi, dramaturq və publisist, əməkdar incəsənət xadimi, "Şöhrət”, "Şərəf” və "İstiqlal” ordenli Vaqif Səmədoğlunun. "Unudulmazlar” rubrikasında yazdığı şeirlərində daim yaşayan şairi anacağıq həyat yoldaşı, Səməd Vurğunun ev-muzeyinin direktoru Nüşabə Vəkilovanın xatirələrində və göz yaşlarında...

***

Təqvimdə 5 iyun 1939-cu ildir. Həmin gün Azərbaycanın görkəmli şairi Səməd Vurğunun ailəsində üçüncü övlad sevinci yaşanır. Adını Vaqif qoyurlar. 2 il əvvəl atasının yazdığı "Vaqif” dramındakı obrazın - Molla Pənah Vaqifin şərəfinə. Adı isə həm də taleyini müəyyənləşdirir. Demə, elə bu Vaqif də gələcəkdə böyük şair olacaqdı...

Vaqifə pianoda ilk notları göstərən musiqi təhsili almış anası Xavər xanım olur. Atası isə onu indiki Bülbül adına orta ixtisas musiqi məktəbinə yazdırır. Musiqi məktəbi çox nüfuzlu təhsil ocağı idi deyə tanınmış şəxslərin əksəriyyəti övladını ora yazdırırdı. S.Vurğun Yusiflə Aybənizi də bu musiqi məktəbinə qoymuşdu. Amma Vaqifdən fərqli olaraq, onların ikisi də orada axıra qədər oxumadılar.

Ədəbi-mədəni mühitdə böyüyən Vaqif uşaqlıqdan evlərində ailəsinin ünsiyyətdə olduğu və dostluq etdiyi tanınmış musiqiçiləri, yazıçıları, şairləri, rəssamları görür. Hər şeyi öyrənmək, bilmək marağı, musiqiyə, kitablara olan həvəsi onu kamil gənc kimi yetişdirir. Vaqif musiqi məktəbini əla qiymətlərlə bitirir. Mükafat olaraq filarmoniyada maestro Niyazinin rəhbərlik etdiyi simfonik orkestrlə S.Raxmaninovun 1-ci konsertini ifa edir. Elə həmin il də Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano sinfinə daxil olur. Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçəndən sonra Bakıya qayıdır və konservatoriyada fortepiano müəllimi işləyir. Paralel olaraq Azərbaycan Sovet Ensiklopediyası baş redaksiyasında incəsənət şöbəsinin müdiri olur.

8 il sonra fortepiano müəllimi kimi fəaliyyətini dayandırsa da, Vaqifin musiqi janrının bütün sahələrini professional səviyyədə mənimsəməsi, klassiklərə ehtiramı, modern cazı dərindən bilməsi və fortepianoda gözəl ifası yaradıcılığından yan keçmir və o, ömrünün sonuna kimi musiqi ilə nəfəs alır. 80-ci ilin ortalarında AzTV-də "Caz klub” verilişinin əvəzsiz aparıcısı kimi Vaqif Səmədoğlu caz musiqisinin Azərbaycanda təbliğində böyük rol oynayır.

Seçimini sonradan ədəbiyyat xeyrinə edən Vaqif Səmədoğlu 1970-ci illərin əvvəllərində C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında ssenarist, 1978-1982-ci illərdə "Yazıçı” nəşriyyatında redaktor və 1982-1985-ci illərdə kinostudiyada kinoaktyor teatrının ədəbi hissə müdiri işləyir. 1992-1994-cü illərdə Azərbaycan yazıçılarının müstəqil qəzeti olan "Oğuz eli”nin baş redaktoru olur. 80-ci illərin sonlarında Azərbaycanın müstəqilliyi uğrunda gedən Milli Azadlıq mübarizəsində fəal iştirak edir. Ölkəmiz müstəqillik qazandıqdan sonra Milli Məclisin deputatı və Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin üzvü seçilir.

"Kənarda dayanıb, o evə baxırdı...”

Nüşabə Vəkilovanın sözlərinə görə, Vaqif müəllim uşaqlıq xatirələrindən çox danışardı. Deyərdi, "uşaqlıq xatirəsi nə qədər güclüdürsə, şair də bir o qədər güclüdür. Vay o gündən uşaqlığından uzaqlaşdın, onda gərək qələmi yerə qoyasan”.

... qucağına al uşaqlığını

beş-on dəfə öp üzündən-gözündən

sonra get, get...

dönüb baxma geri

baxma, arxanda qalıb ağlaya-ağlaya

"məni də apar, məni də apar”

bağıran uşaqlığına

- İndi Səməd

Vurğunun ev-muzeyi yerləşən mənzilə 1954-cü ildə köçmüşdülər. Vaqifin 15 yaşı olanda. Amma Vaqif keçmiş Fialetov küçəsindəki evlərini çox sevirdi. Uşaqlığı və yeniyetməliyi orada keçmişdi. Həyətdə uşaqlarla futbol oynayar, velosiped sürərdilər. Bir dəfə danışmışdı ki, qonşuluqlarında Lyalya adında qız vardı. Baletlə məşğul olurdu. Həyətdə birlikdə oynayardılar. Bəlkə də hansısa arzuları varmış. 8 yaşları olanda Vaqif yayda ailəsi ilə Kislovodska gedib. Ordan qıza hədiyyə etmək üçün farfordan kiçik balerina heykəlciyi də alıb. Qayıdıblar Bakıya. Artıq dərslər də başlayır. Lakin qız hələ də gəlib çıxmır. Bir gün görür ki, həyət qapılarının qabağına çoxlu adam yığılıb. Qızın evinin qapıları da açıqdı. Vaqif onların evinə getmək istəyəndə anası Xavər xanım qoymur. Deyir, "Lyalya yoxdu artıq”. 1948-ci ildə Aşqabadda baş verən güclü zəlzələdə o qız da ölübmüş. Bu ölüm balaca Vaqifə çox pis təsir etmişdi.

Neçə dəfə getmişdik o küçəyə. Kənarda dayanıb, o evə baxırdıq. Deyirdi, gəl, gedək evə baxaq. Deyirdim, gedək. Amma nədənsə getmirdik. "Sonra gələrik”, - deyib ertələyirdi. İndi onu özümə bağışlaya bilmirəm ki, niyə onu getməyə məcbur etmədim? Ümumiyyətlə, uşaqlıq xatirələrinə Vaqif qədər ciddi yanaşan az adam tapılar. Uşaqların keçirdiyi tənhalıq hissini böyüklər anlaya bilməz. O yaşda aldığın zərbə, keçirdiyin sarsıntı insanın bəlkə də bütün gələcək həyatına öz təsirini göstərir. Çox kövrək, həssas insan idi Vaqif. Hər xırda detal belə, onu incidərdi. Amma üzə vurmurdu, içinə salırdı. Bütün haqq-hesabı içində çəkirdi. İçində danışdıqlarını da şeirə, kağıza köçürürdü.

"İndi öz xanımım mənim dayağım olub...”

Təqvimdə 1968-1972-ci illərdir. Vaqif Səmədoğlunun "Yoldan teleqram” və "Günün baxtı” adlı iki kiçik şeirlər toplusu böyük çətinliklərdən sonra qısaldılmış şəkildə, məhdud tirajla çap olunur. Onun ədəbiyyata gəlişi bir hadisəyə çevrilir. Şeirləri əl-əl gəzir, əzbərlənir, başqa dillərə tərcümə edilir. Lakin şeirləri forma, obraz və mövzu cəhətdən sovet ideologiyasıyla uzlaşmadığı, atası kimi yazmadığı üçün şair rəsmi tənqidin mühafizəkar hücumlarına məruz qalır. Bundan sonra o, yazdıqlarını üzə çıxarmamaq qərarı verir.

Şeirlərimi yazan kimi

unutmaq istəyirəm,

elə bil kağıza yox,

nəyinsə başdaşına

həkk olunur sözlərim...

Öz poetik dünyasına sadiq qalaraq yaza-yaza susmağı seçir Vaqif Səmədoğlu. "Susan şair” ifadəsi də onun ədəbi taleyinin rəmzinə çevrilir. Bu, həm də onun protesti idi. Çap olunmamaqla o, özünü sovet senzurasının təzyiqlərindən qorudu. Bir şair kimi öz ideya, fikir azadlığını qoruyub saxlaya bildi. Və nə vaxtsa yazdıqlarının üzə çıxa biləcəyi ümidinin çox cüzi olmasına baxmayaraq, sınmadan, yorulmadan, usanmadan hər gün yazdı... Zaman öz işini gördü. Təqvimlərin vərəqləri günbəgün, aybaay, ilbəil dəyişdi. Lakin o gün nəhayət, gəlib çıxdı. Düz 24 il sonra...

Təqvim 1996-cı ili göstərirdi. Həmin il Vaqif Səmədoğlunun yeni şeirlər kitabı çap olundu. Özü də həyat yoldaşı Nüşabə Vəkilovanın tərtibatı və redaktorluğu ilə.

- Vaqif Səmədoğlu öz iç dünyasında totalitar şüuru alt-üst edən, öz istiqlalını qazanan ilklərdəndi. O sübut etdi ki, şeirləri siyasi quruluşların, ictimai təsisatların, zamanın fövqündə durur. Dünyəvi və həmişəyaşardır. Unutmayaq ki, Vaqif özündən sonra məktəb yaratdı. Bir neçə nəsil gənc modernist şairlər üçün ədəbi məktəb oldu. Bu gün onu həqiqətən də sevən, poeziyasının vurğunu olan gənclər çoxdur. Mən Vaqifin tək həyat yoldaşı yox, həm də yaradıcılıq dostu oldum. "Mən burdayam, İlahi”, "Uzaq, yaşıl ada” kitabları mənim tərtibatımla işıq üzü gördü. "Bəxt üzüyü” adlı pyeslər toplusunu, onun haqqında müasirlərinin dediklərini toplayıb 70 illiyinə hazırladığım "Şair və zaman” kitabını nəşr etdirdim. Sonra onun aforizmlərini "Müdriklərlə üz-üzə” adı ilə buraxdırdım. Buna görə həmişə mənə təşəkkür edirdi. Çünki bəzən başladığı işlərə həvəsi sönürdü, yaxud çox sonraya saxlayırdı. Bu iş ləng gedirdi. Özü axşamlar dəftərlərindəki şeirləri yazı makinasında çap edirdi. Qərara gəldim ki, ona kömək edim. İlk dəfə şeirlərini kompüterdə yazmağa başlayanda gəlib gördü və çox sevindi. Qapının ağzında dayanıb gülümsündü. Dedim, "Vaqif, mən çap eləyirəm, olar?” Tez cavab verdi: "Əlbəttə, olar. Ömrüm boyu rus yazıçılarına qibtə eləmişəm ki, xanımları onlara necə dayaqdır, köməkdir, indi öz xanımım mənim dayağım olub. Bu, mənim çoxdankı arzum idi”.

"Xoşbəxt qadınam ki, yanımda Vaqif kimi şair olub”

Birlikdə yaşadıqları 20 il ərzində Nüşabə xanım Vaqif müəllimi yaradıcı insan kimi anlamağa, dəstək olmağa çalışıb. Halbuki tanış olanda nəinki yaradıcılığına bələd idi, bir şeirini belə oxumamışdı. Bircə "Bəxt üzüyü” pyesinin adını eşitmişdi, ancaq tamaşasına da baxmamışdı. Və bu fakt Vaqif Səmədoğlunun xoşuna gəlmişdi nədənsə - "Bu, lap yaxşıdı ki...” İndi o günlərə yenidən qayıdır Nüşabə xanım. İlk tanışlıqlarını dünən olmuş kimi xatırlayır gülümsəyərək.

Təqvimdə 1988-ci ildir. Nüşabə xanım iki il Əfqanıstanda tərcüməçi işləyəndən sonra Bakıya qayıdaraq, Şərqşünaslıq İnstitutunda işə başlayıb. Vaqif Səmədoğlunun əmisi oğlu Cavanşir də onlarla bir yerdə işləyir.

- Bir gün Cavanşir ədəbiyyat ensiklopediyası gətirmişdi, oturub baxırdıq. Vaqifin şəklini göstərib dedi ki, bax, mənim əmim oğludur. Dedim, tanıyıram, qardaşımla bir yerdə "Caz klub”da işləyiblər. Cavanşir dedi ki, gəl, səni onunla tanış edim, sizinki tutar. "Boş-boş danışma”, - deyib uzaqlaşdım. Arxadan səsləndi ki, onsuz da kiminləsə ailə qurmalısan da, yaxşısı budur sizi tanış edim, bir-birinizə yaraşırsınız. Mayın 2-də Cavanşir zəng elədi ki, televizorda "Bəxt üzüyü” kinosu gedir. Kinoya bax, sonra Vaqif sənə zəng eləyəcək, heç olmasa danışmağa mövzun olsun. Oturub kinoya baxdım. Kino qurtaran kimi Vaqif zəng elədi. Axşam saat 11-dən səhər saat 5-ə qədər danışdıq. O gündən zənglərimiz, söhbətlərimiz, görüşlərimiz başladı. O tarixi biz həmişə qeyd edirdik...

Bir-birlərini tanıdıqca aralarındakı sevgi də böyüməyə başlayır. Düşüncə tərzi, dünya görüşü baxımından bir-birlərini tamamladıqlarını görürlər. Beş il münasibətləri bu axarla davam edir. Ancaq evlilik məqamına çatanda ayrılırlar.

Mənə sevib ayrılmağa

Bir qadın verin...

Ürəyimdə bir ayrılıq qəribsəyib

Və bu ayrılıqdan bir şeir...

- Ayrılmağımızın əsas səbəb o idi ki, mən qəti addım atmağa ehtiyat edirdim. Vaqif anası ilə yaşayırdı, mən də ata-anamla. Yenidən sıfırdan başlamaq, evliliyə qərar vermək çətin idi. Birdən ikinci dəfə də ailə münasibətim alınmazdı... Ayrılıq həm də bir sınaqdır. Hisslər həqiqətən güclüdürsə, demək, yenidən qayıdacaqsan. Beş ildə iki dəfə belə sınaq keçdik. İkinci sınağın müddəti il yarım çəkdi. Ayrılmışdıq, amma onu fikrimdən çıxarda bilmirdim. Artıq qərara almışdım ki, xaricdə yaşayan qohumlarımızın yanına gedim. Bir gün bacımla küçədə gedərkən Vaqiflə üz-üzə gəldik. Vaqif diksindi elə bil, amma adi, köhnə tanışlar kimi "salam, necəsən”lə kifayətləndi və hərə öz yoluna davam etdi...

Təqvimdə 1994-cü ilin son günüdür. Yeni il axşamıdır. Nüşabə xanım kefsiz halda otağında uzanıb. Birdən anası otağa girir, təəccüb dolu nəzərlərlə qızına baxaraq qonağı gəldiyini deyir. "Kim?” - deyə Nüşabə xanım da eyni təəccüblə soruşur. Onun adını eşidəndə saçı-başı qarışıq özünü otaqdan dəhlizə atır. Vaqifin qapının ağzında dayandığını görür. Yaxınlaşan kimi Vaqif Nüşabəni elə anasının yanında bağrına basıb deyir: "Bunsuz burdan gedən deyiləm”. O gündən sonra ikisi də anlayır ki, daha bir-birlərindən ayrı qala bilməzlər...

Ürəyim yol çəkir bir gözə dönüb,

Yollar da tərs kimi uzanır, gülüm.

Yuxumdan hər gecə durnalar keçir,

Bilmirəm nə olub, haradan bilim?!

Belə getsə, sınar quşların səsi,

Dənizin də səsi günbəgün batar.

Yubanma, əzizim, gəl qurtar məni,

Arxadan dərd çapır, qorxuram çata...

Halıma yanan gərək səsin düşəndə yada,

Ötən günləri qoru, yaxşı bax, vermə bada...

Ayrılıq bir dəniz imiş, sən uzaq yaşıl ada...

- Sonralar mənə danışdı ki, "oturub dostlarla yeyib-içirdik, birdən elə bildim səni itirirəm, elə bu an gəlməsəm yanına itirəcəyəm səni, bəlkə də artıq itirdim deyə düşündüm və qalxıb gəldim”. Həmişə də məni ayrılmağımıza görə qınadı ki, sənə görə neçə ilimizi itirdik. Elə həmin il martın əvvəlində Xavər xanım və Aybəniz xanım bizə üzük gətirdilər. Martın 16-da isə heç kimə demədən nikah kəsdirdik. Beləcə, ailə qurduq. Evlilikdən sonra yaradıcılığı ilə nəinki tanış oldum, hətta ona bu yöndə yardım etdim. Kitabını çapa hazırlaya-hazırlaya poeziyasına baş vurdum və bütün şeiriyyətini sevdim. Hiss etdim ki, sevmək öz yerində, amma mən bu adama lazımam, mənə ehtiyacı var. Təzə evlənən vaxtlar boş-boş şeylərin üstündə küsürdük, daha çox Vaqif küsərdi. Hətta elə olub ki, qapını çırpıb gedib, düşünüb-daşınıb qayıdıb. Bir də görürdün halı dəyişib, tutulub. Öz-özümə deyirdim görəsən noldu, nə dedim. Xüsusən də təzə evlənəndə olurdu. Anlamırdım, başlayırdım özümdən şübhələnməyə. 7 ildi tanış olsaq belə, bir dam altında yaşamaq ayrı şeydi. Yavaş-yavaş başladıq bir-birimizi tanımağa, alışmağa. Onun halbahal olması əvvəl mənə qəribə gəlirdi, sonra başa düşdüm, hər şeyi özüm üçün ayırd etdim. Fikirləşdim ki, mən də onu başa düşməsəm, kim başa düşəcək? Mən də onun başını tumarlamasam, kim edəcək? Onda mən nəyə lazımam?! Sevdiyin insanı başa düşmək və hər şeyi keçmək lazımdı. Aramızda söz-söhbət olanda da ilk addımı mən atırdım. Çünki onun həyatında elə məqamlar olub ki, çox böyük tənhalıq keçirib. O hisslərini bilirdim və çalışırdım özünü tək hiss eləməsin. Hər sözümdə, hərəkətimdə ona arxa olduğumu duysun. Həmişə çalışmışam Vaqifin ürəyi nə istəyirsə, onu həyata keçirim. Həyatımda yeganə insandır ki, xətrinə dəyə, incidə bilmirdim. Nazıyla oynayırdım. Əsas o idi ki, mən bildim kimlə yaşayıram, arxamda kim var. Sən bu insan üçün yaşayırsan. Və o da öz ömrünü sənə bağışlayıb. Artıq müəyyən dövrdə hiss edirsən ki, siz bir insansız. Mənim ən böyük qələbəm onun etibarını qazanmağım idi. Həm qadın, həm dost kimi... Mənə yazılarını, əsərlərini etibar edirdi. Vaqif kimi şair və böyük şəxsiyyət ilə ömür sürdüyüm üçün xoşbəxtəm.

"Bu, birgə çıxardığımız son kitab idi”

Bu il beşinci doğum günüdür ki, Vaqifsiz qeyd edirlər. Xanımı ənənəsinə sadiq qalaraq bu il də şairin yaradıcılığına öz töhfəsini verib. Vaqif Səmədoğlu Mərkəzini təsis edib. Mərkəz xalq şairinin yaradıcılığı ilə məşğul olan şəxslərə medallar təqdim edəcək. İyunun 7-də isə Azərbaycan Dövlət Filarmoniyasında Yazıçılar Birliyinin təşkilatçılığı ilə yubiley tədbiri keçiriləcək. Maraqlıdır, bəs Vaqif Səmədoğlunun sağlığında bu günü necə qeyd edirdilər? Nüşabə xanım ona hansı hədiyyələri alırdı?

- Biz evlənməmişdən öncə Vaqif doğum günlərini xüsusi qeyd etmirdi. Ümumiyyətlə, təmtəraq adamı deyildi. Biz evlənəndən sonra başladıq evdə qeyd etməyə, yaxud hardasa gedib otururduq. Hər dəfə ona ürəyi istəyən, zövqünü oxşayan müxtəlif hədiyyələr alırdım. Bir dəfə oyuncaq maşın aldım ona. Bağışlayanda dedim, o gün olsun bu, böyük maşına çevrilsin. Həqiqətən də elə oldu. Həmin oyuncaq maşın indi də bağdadı. Bir də çalışırdım hər ad gününə bir kitab çap etdirim. 2013-cü ildə - hələ xəstəliyini bilmirdik - foto həvəskarı idi deyə fotolarından ibarət albom buraxmaq istədim. Dedi, kitab buraxmaq istəyirsənsə, qoy, deyimlərimdən ibarət kitab olsun. Tez bir zamanda aforizmlərini yığıb, "Müdriklərlə üz-üzə” kitabını buraxdım. Amma onun sevincini o qədər də yaşaya bilmədik. Çünki Vaqifin xəstəliyini bildik. Bu, birgə yaşadığımız dövrdə çıxardığımız sonuncu kitab oldu...

Ömrün son çağları

Vaxtsız ölsəm, çox yaşadı deyin.

Vaxtsız öldü, deyin, qoca ölsəm.

Bir il yatıb ölsəm, qəflətən öldü, deyin.

Uzun sürən xəstəlikdən sonra öldü, deyin,

qəflətən ölsəm...

"Pis xəstəliyi” əvvəl şairdən gizlətmək istəyir Nüşabə xanım. Amma alınmır. Çünki Vaqif müəllim xəstəliyin gedişindən nə olduğunu bilmişdi artıq. Hətta sonradan necə cərəyan edəcəyini də deyirdi. Sanki xəstəliyin ssenarisini yazırdı. Axı atası, qardaşı da eyni azara yoluxmuşdu.

- Xəstələnəndən sonra siqaret aludəçiliyi artdı. Siqaret həyatının vacib, ayrılmaz bir hissəsinə çevrildi. Tez-tez markalarını dəyişirdi. Gah siqar, gah elektron siqaret aldı. Görünür içində nəyisə söndürmək, fikrini yayındırmaq istəyirdi. Özünü siqaretlərlə aldadırdı. Hər şeyi fikrindən uzaqlaşdırmağa çalışırdı. O an adamın bağrı çatlayır. Bilirsən bunu niyə edir və əlac tapa bilmirsən. Son nəfəsinə kimi də o siqaretlərlə "oynadı”, çəkdi... Özü də nəyi hara qoyurdu gərək yerində qalaydı. Bir də görürdün ətraf köçür səliqəsizlikdən... İndi də əşyaları necə var idisə, elə də qalır. Hər şey özü qoyduğu kimidir. Hətta sonuncu dəqiqədə eynəyini çıxardı verdi. Sonra maraqlandı hara qoydum...

Son gecədir bu gün yenə,

Sabah yenə son səhər.

Son yel dolur son yelkənə,

Qayıq üzür birtəhər...

Doğulur sonuncu insan,

Sonuncu insan ölür.

Yenə son dəfə ağlayan

Son dəfə gülən olur...

Son gününü soruşuram şairin. Danışa bilmir xanımı. "Mənim üçün ən ağır mövzudu. Heç özüm də qələmə aldığım xatirələrimdə o günü yaza bilmirəm”, - deyir. Vaqifli son günün acı xatirəsi, demək, danışmaq, yazmaq istədikləri gilə-gilə yaşa çevrilib, axır gözlərindən...

... Sevgilim, mən öləndə,

Soraq sənə gələndə,

Düşmən gözü güləndə,

Ağla, olanım, ağla,

Ağla, qalanım, ağla,

Ağla, mən ölüm, ağla...

Təqvimdə 28 yanvar 2015-ci ildir. Azərbaycan poeziyasında ölüm barədə ən çox yazan şairin bu həyatda son günü... Ömür yırğalanır ölümün beşiyində... Ölüm ən sədaqətli sevgili kimi onun vüsalını gözləyir. Ölüm yetim kimi durub qapı dalında... Küçələrdə isə külək əsir...

Mən ölən gün

bir külək əsəcək küçələrdə.

Və yellədəcək

ipdən asılı,

quruyan sarı çiçəkli

bir uşaq paltarını.

Matəm bayrağıtək dalğalanacaq

uşaq paltarı

mən ölən gün...

Amansız, insafsız xəstəlik 76 yaşında şairin ömrünə son qoyur. Və o, Fəxri xiyabanda torpağa tapşırılır. Amma məzarına nə başdaşı qoyulur, nə heykəl. Bir cüt ayaqqabı qoyulur, "ayağıyalın geyib getsin...”

- Vaqifin yoxluğunu hər gün, hər saat hiss edirəm. Onu necə unutmaq olar? Vaqif bu saat bu evdədi, öz kabinetindədi, əşyalarındadı, muzeydədi, büstündədi - hər şeydə, hər yerdə Vaqif var. Onun ölümündən sonra bu muzey mənim xilasım oldu. Başladım onun sevdiyi mahnılara qulaq asmağa, şeirlərini yenidən oxumağa. Sonra keçdim dəftərlərinə, gündəliklərinə. Oxuduqca sanki təzədən tanıdım Vaqifi, o illərini onunla birlikdə yaşadım və ah çəkdim ki, niyə yanımda deyilsən, Vaqif? O, tamamilə başqa adam idi - heç kəslə müqayisə olunmaz.... Qısası, necə ki yaradıcılığında qeyri-adi idi, eləcə də bütün yaradılışı başdan-ayağa qeyri-adi olub. Yəqin belə də olmalıydı. Çünki adi düşüncə tərzi olan insan o cür yaza bilməzdi...

4 ildir Vaqifsiz yaşayır. Vaqifin yoxluğuna alışaraq yaşamağı öyrənir. Hərdən elə bil heç getməyib sevdiyi - onu yanında, evində varmış kimi hiss edir... Hərdən də yuxularına gəlir. Yuxuda görüşürlər, dərdləşirlər...

Yuxuda kimi görmüsən

bu gecə?

Gözlərində bir yalqız məzarın

kimsəsizliyi var.

Yum gözlərini,

gözlərinə baş çəkim,

bir dəstə gül qoyum gözlərinə.

Amma Vaqif Səmədoğlu tək ömür-gün yoldaşı Nüşabə xanım üçün yox, elə bizim üçün də ölməyib. Özünün də dediyi kimi, o, nə dünənin, nə bu günün, nə də sabahkı cəmiyyətin şairi deyil. Sadəcə Vaqif Səmədoğludur. Şeirləri, əsərləri ilə daim ürəyimizdə, ədəbiyyatımızda yaşayacaq uzaq, yaşıl adanın əbədi aşiqi... Sevənlərinin yaddaşında şeir kimi əzbər qalacaq şair...

Şair kimi yox,

şeir kimi ölmək istəyirəm...

Oxunmaq arzusuyla yaşayıram

əvvəldən axıra

kimi oxunmaq...

Əzbər qalmaq istəyirəm

kiminsə yadında!

Vaqif Səmədoğlunun ən böyük əsəri isə elə onu "işıqdan zülmətə çıxaran”, "taleyinin bəxt üzüyü”, sevgilisi Nüşabə xanımdır. Vaqifin olmadığı vaxtı qoluna taxdığı saatla hər an xatırlayan, iki zaman ayrıcında yaşayan yarı... Şairlə birlikdə yaşadığı müddətdə özü də söz sərrafına çevrilən, Vaqifinə "Xatirə” yazan gözüyaşlı qadın...

Dayandı vaxt, dayandı baxt...

Dünya kiçildi, yadlaşdı ətraf...

İndi gəl yaşa, ümidsiz, inamsız,

bu sıxılmış məkanda.

Üzünü arxaya,

dünənə çevirmiş məhəbbətinlə.

İki zaman ayrıcında vurnuxa-vurnuxa:

keçmiş və indiki...

Dünəni bu gün yaşamaq...

Yaşamaq, yaşatmaq...

Sənin yoxluğundan bir Sən toxumaq.

Sənin xatirələrindən, yazılarından, əşyalarından...

Bugünümün ən sadiq, ən etibarlı həmdəmlərindən...

Xəyalə MURADLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM