05 Iyun 2019 02:00
965
Təhsil
A- A+

Oksford Nizami Gəncəvi Mərkəzinin İdarə Heyəti Şurasının birinci iclası olub


Bu il mayın 30-da əlamətdar hadisə baş verib - Oksford Universitetinin Şərqşünaslıq fakültəsində Azərbaycanın, Qafqazın və Mərkəzi Asiyanın öyrənilməsi üzrə Oksford Nizami Gəncəvi Mərkəzinin İdarə Heyəti Şurasının birinci iclası olub.

Məlum olduğu kimi, Azərbaycanın dahi şair-mütəfəkkirinin adını daşıyan mərkəz 2013-cü ildə dünyanın ən qocaman və nüfuzlu universitetlərindən biri olan Oksford Universitetinin strukturunda Azərbaycanın, Qafqazın və Mərkəzi Asiyanın tarixinin, dillərinin və mədəniyyətlərinin öyrənilməsi məqsədilə yaradılıb və Azərbaycan, onun tarixi-mədəni irsi üçün xüsusi akademik əhəmiyyət kəsb edir.

Xatırladaq ki, düz bir il bundan əvvəl, 2018-ci il mayın 23-də Klarendon kollecində Oksford Universitetinin vitse-kansleri, professor Luiz Riçardson və professor Nərgiz Paşayeva tərəfindən imzalanmış sazişə əsasən, Oksford Universitetində onun ayrılmaz tərkib hissəsi kimi Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi daimi əsasda fəaliyyətə başlayıb. "Əsrin kontraktı” adlanan, mədəni, elmi və humanitar miqyaslı mühüm tarixi hadisə olan bu saziş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmişdi.

Həyata keçirilməsindən əvvəl çox böyük iş aparılmış Nizami Gəncəvi adına Mərkəzin İdarə Heyəti Şurasının birinci iclası da AXC-nin növbəti ildönümünə, onun sönməz ideallarına həsr edilib.

İclasda Mərkəzin İdarə Heyəti Şurasının üzvlərinin təsdiq edilməsi barədə çox mühüm qərar qəbul olunub. Şuraya aşağıdakı şəxslər daxil edilib:

Edmund Xersiq - Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun professoru, mərkəzin yaradıldığı ilk gündən etibarən onun daimi fəaliyyətinin təmin edilməsi üçün böyük səy göstərib;

Aleksandr Morrison - Oksford Universitetinin Humanitar Elmlər Şöbəsi Şurasının nümayəndəsi, universitetin Yeni Kollecinin elmi tədqiqatçısı, qlobal, imperiya, intellektual, siyasi və hərbi tarix üzrə mütəxəssis;

Professor Kristofer Ceri - Oksford Universitetinin Sosial Elmlər Şöbəsi Şurasının nümayəndəsi, Oksford qlobal və regional tədqiqatlar məktəbində Rusiya və Şərqi Avropa araşdırmaları üzrə direktor, Oksford Universitetinin Müqəddəs Antoni Kollecinin dekanı;

Azərbaycanın və Qafqazın öyrənilməsi üzrə Britaniya Fondu tərəfindən nominasiya edilmiş və Oksford Universitetinin Humanitar Elmlər Şöbəsi Şurası tərəfindən təyin olunmuş professor Nərgiz Paşayeva - M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti və professor Robert Qliv - Ekseter Universitetinin (Böyük Britaniya) Ərəb və İslam Tədqiqatları İnstitutunda ərəb tədqiqatları məsələləri ilə məşğul olan mütəxəssis;

Şərqşünaslıq fakültəsinin Şurası tərəfindən nominasiya edilmiş iki üzv - Oksford Universitetinin Xəlili Elmi-Tədqiqat Mərkəzinin nümayəndəsi, İslam numizmatikası üzrə mühazirəçi Lyuk Tredvel və Oksford Universitetinin Brasenos Kollecinin elmi tədqiqatçısı, Azərbaycanın qədim Bərdə şəhərinin son antik və ilk islam dövrlərini tədqiq edən Bərdə arxeoloji ekspedisiyasının qrup rəhbəri doktor Pol Vordvors.

İclasın gündəliyinə bir sıra elmi layihələrin müzakirəsi daxil idi. Məsələn, 2021-ci ilin yayında Kral Coğrafiya Cəmiyyətində açılması planlaşdırılan, Odlar Yurduna həsr edilmiş möhtəşəm "İpək və Odlar Yurduna səyahət: Britaniya ilə Azərbaycanın görüşləri (1561-1918)” sərgisinin hazırlanması və təşkili. Daha bir layihə - professor Mir-Ənsari tərəfindən azərbaycanlı həmkarları ilə əməkdaşlıqda Nizami Gəncəvinin bütün dünya kitabxanalarında saxlanılan əlyazmalarının Toplu Kataloqunun tərtib edilməsi. Bu layihənin həyata keçirilməsinə təqribən 18 ay vaxt lazım gələcək. İclasda Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun kitabxanasına Nizami Gəncəvinin adının verilməsi (bu məsələ yuxarıda adıçəkilən 2018-ci il 23 may tarixli sazişdə də öz əksini tapıb), Oksford Universitetinin Şərqşünaslıq fakültəsində Azərbaycan dilinin tədrisi və bir sıra başqa aktual məsələlər müzakirə edilib.

Elmi Mərkəzin İdarə Heyəti Şurasının birinci iclasında Bərdədə aparılan, nəticələri Oksford Universitetinin alimlərinin hesabatlarında və məqalələrində əksini tapmış arxeoloji tədqiqatlarla bağlı məsələlər də müzakirə olunub. 2020-ci ildə "Brepols” nəşriyyatında "İslam dünyası sərhədində şəhər həyatı: Eramızın beşinci əsrindən sonra Bərdə və Arran əyaləti” adlı kitabın çap edilməsi, Bakıda və Oksfordda Bərdə arxeologiyasına aid dördillik işə həsr edilmiş iki seminarın (iki mərhələdə) keçirilməsi gözlənilir.

Qafqaz və Mərkəzi Asiya üçün Oksford Seminarının (TOSCCA) dəstəyi ilə konfrans və "dəyirmi masa”ların keçirilməsi, bir qayda olaraq, Oksforddan və kənardan tələbə və alimlərin geniş auditoriyasını cəlb edir. Nizami Gəncəvi adına Mərkəz (ONGC) tərəfindən dəvət olunmuş elmi əməkdaşların rezidentlər statusu ilə universitetin elmi həyatında iştirak etmək imkanı olmasından ötrü onlar üçün təqaüdlər də nəzərdə tutulub. Seçim komitəsi müraciətlərin aşağıdakı meyarlara uyğun olmasını nəzərdən keçirəcək:

planlaşdırılan tədqiqatın keyfiyyəti və onun Oksfordun tədqiqat resurslarına uyğunluğu;

planlaşdırılan tədqiqatın aparılması üçün namizədin ixtisas səviyyəsi və təcrübəsi;

nəzərdə tutulan tədqiqatın ONGC-nin məqsədlərinə nail olmağa potensial töhfəsi.

Dəvət olunmuş elmi əməkdaşların səfəri başa çatandan sonra onlar təqaüd proqramı müddətində məşğul olduqları iş haqqında hesabat təqdim etməli olacaqlar.

Nizami Gəncəvi Mərkəzinin fəaliyyətində tərcümə sahəsinə aid məsələlər mühüm yer tutur. Bununla əlaqədar 2016-cı ildə nəşr edilmiş Yevgeni Bertelsin "The Great Azerbaijani Poet: Nizami Ganjavi: Life, Work and Times” kitabını xatırlatmaq lazımdır. Bundan əlavə, tərcümələr və nəşrlər barədə bir sıra təkliflər daxil olub. Məsələn, Aləm Nuriyevin 2009-cu ildə rus dilində nəşr edilmiş kitabı (Alem Nuriyev, "Crafts of Caucasian Albania”).

Mərkəzin İdarə Heyəti Şurasının üzvləri üç ildə bir dəfə seçilir. Qeyd edək ki, akademik Nərgiz Paşayeva Oksford Universiteti Elmi Mərkəzinin rəhbərliyinə (Management Board) daxil edilmiş ilk azərbaycanlı alimdir.

Bu tədbir barədə daha geniş məlumat Azərbaycanın, Qafqazın və Mərkəzi Asiyanın öyrənilməsi üzrə Oksford Nizami Gəncəvi Mərkəzinin İdarə Heyəti Şurasının birinci iclasının protokolunun hazırlanması başa çatandan sonra təqdim ediləcək.

AZƏRTAC

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video